Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:40

Müsavat AXCP ilə müttəfiqlik sazişi bağlamaq istəyir


İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
-
Milli Şurada gələcək fəaliyyətinə yenidən baxan Müsavat qurumdakı qüvvələrlə ikitərəfli görüşlərə start verib. İlk görüş dekabrın 13-də AXCP ilə keçirilib. Hər iki tərəfin yetkililəri bir araya gələrək, bağlı qapılar arxasında müzakirələrə başlayıblar.

Bəzi siyasi ekspertlər bu partiyalar arasında görüşün Milli Şuranın gələcək taleyinə də ciddi təsir göstərəcəyini düşünür.

«FƏXRİ SƏDRLİK» MƏSƏLƏSİ

«Fəxri sədrlik» çəkişməsi bəzi Müsavat funksionerlərini açıq bəyanatlara vadar edib.

Müsavat başqanı İsa Qəmbər Milli Şuranın sonuncu sessiyasında keçmiş sədr Rüstəm İbrahimbəyovun qurumun fəxri sədrliyə gətirilməyinə qarşı çıxaraq bildirib ki, «başqa dövlətin vətəndaşının sədr, həmsədr və ya fəxri sədr olduğu Milli Şurada olmaq Müsavat partiyası üçün məqbul deyil». Müsavat başqanı bu halda partiyasının Milli Şuranı tərk edəcəyini dilə gətirmişdi.

Bu, prezident seçkilərində əsas müxalif düşərgəsini və bir çox ziyalını birləşdirən Milli Şurada Müsavatla digər üzvlər arasında yaranmış ilk fikir ayrılığı deyil. İlk ciddi «qarşıdurma» vahid namizəd məsələsində qabardı. Prezident seçkilərinə öz namizədi ilə qatılacağını deyən Müsavatın Milli Şura üzvü olandan sonra da namizədini geri çağırmaması narazılığı körükləndirdi. Amma Müsavat «vahid namizəd» dəqiqləşdirilərsə, öz namizədini seçki marafonundan geri çəkəcəyini də bildirirdi.

«SİYASİ QAZANC NƏ OLACAQ?»

Seçkidən sonra Milli Şuranın gələcək taleyi dartışılarkən, ikinci narazılıq dalğası boy göstərdi. Bu qurumda həmsədrlik institutunun yaradılması, az əvvəl prezidentliyə vahid namizəd Cəmil Həsənlinin və sədr Rüstəm İbrahimbəyovun quruma birgə rəhbərlik etməsi təklifini bir çox Müsavat funksioneri təpki ilə qarşıladı. Rüstəm İbrahimbəyov tərəfdarları daha sonra onun sədrlikdən istefa ərizəsini «təzyiq altında» yazdığını iddia etdilər.
Milli Şuranın 18 avqust mitinqi
Milli Şuranın 18 avqust mitinqi

Fiaskoya uğrayan «həmsədrlik» təklifindən sonra Milli Şura üzvlərinin əksəriyyəti Rüstəm İbrahimbəyovun qurumun fəxri sədr olması haqqında AXCP sədri Əli Kərimlinin təşəbbüsünü dəstəklədi. Bu, bəzi Müsavat yetkililərini o dərəcədə narazı saldı ki, onlar qurumu tərk etmək hədəsini dilə gətirdilər.

Düzdür, Müsavatın heç də bütün funksionerləri «fəxri sədr» kürsüsünü süngü ilə qarşılamadı. Məsələn, Müsavat başqanının müşaviri Səxavət Əlisoy Trend-ə açıqlamasında belə demişdi:

«Fəxri sədr heç bir siyasi status deyil, yəni fəxri sədr olmaq siyasətə müdaxilə etmək demək deyil. Lap Rüstəm İbrahimbəyovu fəxri sədrlikdən də, Milli Şuradan da çıxaraq, sonra nə olacaq? Siyasi qazancımız nə olacaq?».

«MÜSAVATIN BİRLİYİ TƏRK ETMƏSİ ARZULANAN HAL DEYİL»

EL Hərəkatının moderator.az-a açıqlama verən həmtəsisçisi, Milli Şura üzvü Eldəniz Quliyev Müsavatın qurumu tərk etməsini arzuolunmaz saymışdı:

«Müsavat nüfuzlu bir partiyadır, biz birgə hədəflərə daha tez çata bilərdik. Bu partiyanın birliyimizi tərk etməsi arzuolunan hal deyil».

EL-in təmsilçisi əks variantı da gözardı etməyərək demişdi:
Eldar Namazov və Eldəniz Quliyev
Eldar Namazov və Eldəniz Quliyev

«Müsavat gedərsə, bu, Milli Şuraya zərbə olar, amma faciə də deyil. Bizim hədəflərimiz, strategiyamız, əqidəmiz məlumdur. Öz yolumuzu getməyə davam edəcəyik. Əsas odur ki, yolun sonunda işıq görsənir və biz o işığa doğru gedirik».

Müsavat və AXCP liderlərinin bugünkü görüşü ərəfəsində Milli Şuranı Lalə Şövkət və Liberal partiyası tərk etsə və Rəsul Quliyev şura üzvlüyündən xaric edilsə də, qurumun taleyi bu dərəcədə sual doğurmamışdı.

MÜTTƏFİQLİK SAZİŞİ OLACAQ?

Müsavat Partiyası qurumda qalıb-qalmayacağını Milli Şuranın dekabrın 15-də keçirəcəyi mitinqdən sonra açıqlayacağını bildirib. Milli Şurada təmsil olunan qüvvələrlə ikitərəfli danışıqlar da məhz son qərarın dəqiqləşdirilməsini hədəfləyib. İlk görüş son qərardan 2 gün öncə AXCP ilə gerçəkləşdirilib.

Müsavat başqanı İsa Qəmbər görüşdən sonra jurnalistlərə bildirib ki, Xalq Cəbhəsi rəhbərliyi ilə ölkədəki ictimai-siyasi durumu, Azərbaycanın avrointeqrasiya perspektivlərini müzakirə ediblər. Görüşdə Milli Şura və İctimai Palatanın gələcəyindən də söhbət gedib.

İsa Qəmbərin sözlərinə görə, onlar AXCP və Müsavat Partiyası arasında müttəfiqlik sazişi bağlanmasını təklif ediblər.
Əli Kərimli
Əli Kərimli
O, «fəxri sədr»liklə bağlı mövqelərinin mətbuatda getdiyini bildirib.

AXCP sədri Əli Kərimli iki partiya arasında məsləhətləşmələri pozitiv saydığını və müttəfiqlik sazişi məsələsinə növbəti görüşlərdə qərar verəcəklərini söyləyib. AXCP lideri Müsavat Partiyasının Milli Şurada qalıb fəaliyyət göstərməsini daha doğru saydıqlarını da bildirib:

«Milli Şura ilə davam etmək lazımdır. Biz Müsavat Partiyasını bu şurada görürük və hesab edirik ki, onlar Milli Şurada qalmalıdırlar. Biz Milli Şuranın demokratik qüvvələrin əsas koalisiyası kimi fəaliyyət göstərməsini istəyirik. Musavat Partiyası ilə bizim ikitərəfli münasibətlərimiz də var. Bugünkü görüşdə biz partiya rəhbərinin nəzərinə çatdırdıq ki, Milli Şura ilə bağlı son qərarlarını verən zaman onu da nəzərə alsınlar ki, Xalq Cəbhəsi Müsavatın Milli Şurada qalmasını istəyir».

Milli Şurayla bağlı olayları rəqib düşərgə də diqqətlə izləyir.

YAP FUNKSİONERİ: «ORTAYA TƏQDİRƏLAYİQ NƏTİCƏ QOYA BİLMİRLƏR...»

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə AXCP-Müsavat funksionerlərinin ikitərəfli görüşünü öz Facebook səhifəsində şərh edib.
Aydın Mirzəzadə
Aydın Mirzəzadə

Aydın Mirzəzadənin fikrincə, Müsavat seçkidən sonra Milli Şuradan maksimum siyasi qazanc götürməyə çalışır:

«Onsuz da, şura prezident seçkilərində heç bir uğur qazana bilmədi. İndi də ortaya təqdirəlayiq nəticə qoya bilmirlər. Onların namizədi ümumi səslərin cəmi beş faizini toplaya bildi. Seçkidən sonra isə şura üzvü olan keçmiş müttəfiqlər bir-birinin ardınca o qurumu tərk etməyə başladılar».

YAP funksioneri yazır ki, Müsavat Partiyası yaranmış vəziyyətdən istifadə edərək qalan siyasi qüvvələri öz çətiri altına toplamağa çalışır:

«İndiki ikitərəfli danışıqlar yalnız həmin partiyaları Müsavata tabe etmək məqsədi daşıyır. Belə hiss edilir ki, Müsavat Partiyası artıq Milli Şuranı tərk etmək ərəfəsindədir. Çünki qalan partiyalar heç də onların liderliyini qəbul etmək fikrində deyillər».
Aydın Mirzəzadənin fikrincə, müsavatçılar danışıqların sonunda istədiklərinin alınmadığını görüb keçmiş müttəfiqlərini birliyi pozmaqda suçlayaraq şuranı tərk edəcəklər:

«Bu cür hal birinci dəfə baş vermir. Müsavat Partiyası seçkidən sonra özü yaratdığı birlikləri çox asanlıqla tərk edir. Biz dəfələrlə belə məqamın şahidi olmuşuq».
XS
SM
MD
LG