Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:49

ARDNŞ-nin BƏYANATI


-

“Global Witness” təşkilatının yaydığı “Azerbaijan Anonymous” məqaləsinə dair ARDNŞ-nin BƏYANATI

13 Dekabr 2013

ARDNŞ-nin fəaliyyətinə dair ''Global Witness'' təşkilatı tərəfindən 10 dekabr 2013-cü il tarixdə nəşr edilmiş ''Azerbaijan Anonymous'' adlı hesabatda (bundan sonra “Hesabat”) biznes-partnyorların seçilməsi ilə bağlı əks olunan bəyanatları mahiyyətcə ARDNŞ-nin dünyada artan nüfuzuna xələl gətirməyə cəhd kimi qiymətləndiririk. Bu “Hesabat”da “obyekt” olaraq törəmə və ya əlaqəli şirkətlər qrupu ilə ARDNŞ arasında olan münasibətlər seçilmişdir. Qeyd etmək istəyirik ki, hər hansı tədqiqatın keyfiyyətli və tam olması üçün, inkişaf etmiş tədqiqat alətlərini və dəqiq məlumatlar bazasına malik olan effektiv metodikanın seçilməsi zəruridir. Aşağıda qeyd edilənlərə əsasən, “Global Witness” təşkilatının Bəyanatı öz qeyri-dəqiq məlumat bazasına əsaslanır və istifadə olunmuş məlumatların bir hissəsi təhrif edilmiş, digər hissəsi isə köhnəlmişdir.

ARDNŞ bütün növ hasilat və emal layihələri ilə məşğul olan şaquli inteqrasiya olunmuş şirkətdir: neft və qaz yataqlarının hasilatı, neftin, qazın və qaz kondensatının istehsalı, emalı və daşınması, neftin və neft-kimya məhsullarının daxili və xarici bazarlarda marketinqi və təbii qazın Azərbaycanda və Azərbaycandan kənarda təchizatı ilə məşğuldur. ARDNŞ, regionun və dünyanın iri neft və qaz şirkətlərdən biri olaraq Azərbaycanda və onun hüdudlarından kənarda öz layihələrini həyata keçirərkən geniş işgüzar əhatəyə malik olan partnyorlarla əməkdaşlıq edir. Bu zaman həyata keçirilən layihələrin həcmindən asılı olaraq, ARDNŞ-nin partnyorları bir qayda olaraq iri şirkətlər və ya holdinq qrupları olur. Bu təcrübə ARDNŞ ilə müqayisə oluna biləcək digər şirkətlər üçün də səciyyəvidir. Bununla yanaşı, müasir praktikada biznesin həyata keçirilməsində ticarət, istehsalat və digər risklərin qarşısını almaq üçün ayrı-ayrı layihələrdə ixtisaslaşmış şirkətlərin təsis olunması tələb olunur. ARDNŞ-nin əməkdaşlıq etdiyi şirkətlərin sayının çoxluğu bununla izah olunur. Qeyd etmək istəyirik ki, bu cür diversifikasiyalı yanaşma strukturuna müxtəlif ölkələrdə təsis olunmuş şirkətləri özündə birləşdirən dünyanın bir çox iri neft şirkətlərində də rast gəlinir. Bütün bu yuxarıda qeyd olunanlar, ARDNŞ-nin əməkdaşlıq etdiyi şirkətlərin sayı ilə bağlı məsələyə aydınlıq gətirilməsinə xidmət edir. İndi isə, ARDNŞ-nin müxtəlif layihələrinin həyata keçirilməsi zamanı biznes partnyorlarının seçilməsi ilə bağlı keyfiyyət məsələlərini nəzərinizə çatdırmaq istərdik.

2007-ci ildən başlayaraq ARDNŞ özünün ticarət fəaliyyətini genişləndirmək barədə qərar qəbul etmişdir. Bu vaxta qədər xam neft həcmləri müxtəlif yerlərdə yerləşən terminallardan FOB şərtləri üzrə beynəlxalq treydinq və təchizat şirkətləri vasitəsilə satılmışdır. Bu praktika istifadə olunan dövrdə Azərbaycan nefti brend markalı neftdən daha aşağı qiymətə satılırdı. 2008-ci ildə ARDNŞ Azərbaycan neftinin marketinqi üzərində nəzarəti əla almağa və bu xam neft həcmlərini birbaşa son istifadəçilərə, xüsusilə də Avropa, Asiya və Amerika üzrə çatdırmağa dair qərar qəbul etdi. Bununla da şirkət Azərbaycanın xam neft ixracının dəyərini artırmış və ARDNŞ qrupu üçün əlavə imkanlar qazanılmışdır. Treydinq əməliyyatlarının daha da genişlənməsi və diversifikasiya edilməsi məqsədilə ARDNŞ dünyanın treydinq mərkəzlərində, o cümlədən Cenevrə, Sinqapur, Vyetnam, Dubay, Lagos, Nyu-York, Qahirə və İstanbulda ofislər əldə etmişdir. Layihənin başlanğıc xarakterini və riskləri əvvəlcədən hesablamaq üzrə hazırlığın olmaması səbəbindən, biz geniş təcrübələrini və daha əlverişli kommersiya şərtləri üzrə maliyyələşdirmə təqdim edə biləcək tərəfdaşlar cəlb etməli idik. Bu sahədə uğurlu nəticələr əldə etmək üçün ARDNŞ-nin qarşısında Azərbaycan neftinin dünya bazarında kotirovka oluna bilən brendinin əldə olunması, bazara nüfuz edə bilən, peşəkar treydinq şirkətinin və onun dünya üzrə şəbəkəsinin yaradılması, lazım olan bank maliyyəşmələrinin və peşəkar mütəxəssislərin cəlb olunması kimi vəzifələr dururdu. ARDNŞ tərəfindən bu məqsədlə cəlb olunmuş təkliflər müvafiq qaydada təhlil edildikdən sonra biznes sahəsində uğurlu təcrübəsi olan və hələ 2000-ci illərin əvvələrindən ARDNŞ ilə əməkdaşlıq edən azərbaycanlı iş adamı Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi.

Belə ki, ARDNŞ-nin ilk treydinq şirkəti olan SOCAR Trading şirkəti (birgə müəssisə) təsis edildi və Anar Əliyevin təşəbbüsü ilə Lukoyl şirkətində rəhbər vəzifədə işləmiş və zəngin təcrübəyə malik Valeriy Qolovuşkin onun rəhbərliyinə gətirildi. Qısa bir zaman çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycan nefti dünya birjalarına ilk dəfə olaraq birbaşa öz brendi altında çıxarıldı. Məlum olduğu kimi, uzun illər hər hansı mövcud brend qiymətlərdən aşağı satılan Azərbaycan nefti bugün Brent markalı neftdən üstün qiymətə və ən yüksək premyalarla satılır. Bu tərəfdaşlığın daha bir əhəmiyyəti ondan ibarət olmuşdur ki, SOCAR Trading təkcə Azərbaycan neftinin deyil, digər ölkələrin neftinin satışı üzrə də ixtisaslaşmışdır. Bu isə əlavə mənbələr hesabına gəlirlərin artırılmasına xidmət etmişdir. Yuxarıda qeyd edilən tərəfdaşların maliyyə yardımı və təqdim etdiyi aktivlər hesabına SOCAR Trading şirkətinin neft bazarları olan dünyanın müxtəlif ölkələrində ixtisaslaşmış şəbəkəsi fəaliyyət göstərir. Beləliklə, bu sahədə ixtisaslaşmış beynəlxalq nüfuzlu şirkətlər üçün kifayət qədər riskli hesab edilən belə bir birgə müəssisənin yaradılması sonradan böyük uğurla nəticələndi. Buna baxmayaraq, onlarla əvvəlcədən əldə olunmuş razılığa əsasən uzun müddət (5 il) layihədən hər hansı divident ödənilməmiş və bundan sonra birgə müəssisənin səhmləri ARDNŞ-yə ötürülmüşdür. Hal-hazırda ARDNŞ geniş təcrübəyə və böyük şəbəkəyə malik olan nüfuzlu treydinq şirkətinə tam nəzarəti həyata keçirir. ARDNŞ bu partnyorlarla əldə etdiyi uğurlu nəticələri yüksək qiymətləndirir, digər layihələrində də qarşılıqlı, sərfəli şərtlər daxilində əməkdaşlığını davam etdirir.

“Hesabat”da əks etdirilmiş sxemə gəldikdə isə, qeyd etməliyik ki, hər bir beynəlxalq kommersiya şirkəti öz layihələrini həyata keçirmək üçün səmərəli maliyyə sxemləri qurur və onun əsasında fəaliyyətini həyata keçirir. Bu hal öz fəaliyyətini səmərəli sxemlərlə qurmağı qarşısına məqsəd qoymuş ARDNŞ üçün də istisna deyildir. Həmin “Hesabat”a görə ARDNŞ guya öz neftini özünə satır. Əslində isə reallıq ondan ibarətdir ki, ARDNŞ neftinin dünya bazarına çıxarılmasını təmin edən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi nefti ARDNŞ-nin 100%-lik müəssisəsi olan SOCAR Overseas LLC (DİFC) (BƏƏ) şirkətinə satır ki, o da öz növbəsində Azərbaycan neftinin dünya bazarına çatdırılması üçün marketinq razılaşmalarına uyğun olaraq yenə ARDNŞ-nin 100%-lik müəssisəsi olan SOCAR Tradingə ötürür ki, bununla da şirkət neftin satışı üzərində qiymət nəzarətini həyata keçirə bilir. Həmin bu maliyyə-vergi sxemi müvafiq xarici vergi orqanları ilə razılaşdırılmış və özünün müsbət rəyini almışdır. Bu sxemdə BƏƏ-də yaradılmış törəmə müəssisənin iştirakı sxem vasitəsilə xarici banklarda akreditivin açılması üçün nəzərdə tutulan xərclərin azaldılmasına xidmət edir. Xarici ölkədən (BƏƏ) Azəri Light markalı xam neftin ixracı zamanı isə tətbiq edilə bilən verginin sıfıra endirilməsi aparılan bu əməliyyatlarda milyonlarla dollar vəsaitə qənaət edilməsinə gətirib çıxarır ki, bu da sonda dövlət büdcəsinə daha çox vəsaitin toplanması ilə nəticələnir. Lakin ''Global Witness'' təşkilatı məntiqlə düşünülmüş bu sxemin mahiyyətini açmaq istəməmiş, ARDNŞ-nin “öz neftini özünə satması” kimi qələmə vermiş, bununla da ARDNŞ-nin işgüzar nüfuzuna zərər vuran yanlış məlumatlar yaymışdır.

ARDNŞ-nin azərbaycanlı iş adamları ilə birgə əməkdaşlığına gəldikdə isə, qeyd etmək lazımdır ki, son illər ərzində nəinki Azərbaycan vətəndaşı Anar Əliyev, eləcə də yüzlərlə digər Azərbaycan vətəndaşının təsisçisi olduğu şirkətlərlə biznes əlaqələri qurulmuş, yerli biznesin dəstəklənməsinə xidmət edən ciddi səylər göstərilmişdir və gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır. Əslində ARDNŞ bir çox milli neft şirkətləri kimi Dövlət tərəfindən Azərbaycan mallarının və xidmətlələrindən səmərəli istifadə üzrə məsul edilmişdir. ARDNŞ bununla da həm Azərbaycanda, həm də ölkədən kənarda azərbaycanlı iş adamlarının biznes fəaliyyətinin dəstəklənməsinin ölkənin strateji maraqlarına uyğun olduğunu hesab edir. Son illərdə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və bu kimi digər iri layihələr çərçivəsində yerinə yetirilən və milyardlarla dəyəri olan layihələrin əksər hissəsinin ölkədə həyata keçirilməsi, ölkəmizdə yaradılan texnopark layihələrində də yerli biznesin mütləq iştirak prinsipi elə bu məqsədə xidmət edir.

ARDNŞ-nin fəaliyyətinə dair “Hesabat”da əksini tapmış maliyyə məlumatlarına gəlincə, bildirmək istəyirik ki, biz onları mahiyətcə əsassız, qeyri-düzgün və etibarsız hesab edirik. Dünyanın ən tanınmış və sayılan audit şirkətlərindən olan “Ernst & Young” şirkəti hər il “Beynəlxalq Maliyyə Hesabatları Standartına” (BMHS) uyğun olaraq, ARDNŞ-nin konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparır. Ardıcıl 5 il ərzində ARDNŞ “Ernst & Young” şirkətinin şəffaf rəyini alır. Qeyd edilməlidir ki, ARDNŞ-nin bütün fəaliyyəti şəffaflıq prinsipinə əsaslanır və şirkətin fəaliyyətinə dair geniş və dolğun məlumatlar ARDNŞ-nin internet səhifəsində “İllik hesabat” formasında əks etdirilir. Əlavə olaraq, Azərbaycan Respublikası Hasilat Sənayesinin Şəffaflığı Təşəbbüsünün (HSŞT) işçi qrupunun yaradıcı üzvlərindən biridir və bununla da ARDNŞ-nin hesabatları müfəssəl yoxlamaya məruz qalır. Yaradılmaya dair Anlaşma Memorandumunun imzalanması günündən ARDNŞ HSŞT-nin çərçivəsində vətəndaş cəmiyyəti ilə daha da böyük şəffaflıq və sosial məsuliyyət naminə aktiv əməkdaşlıq edir. Son iki ildə ARDNŞ xarici bazarlarda 1,5 milyard məbləğində Avrobondlar buraxmışdır. Buraxılış ilə əlaqədar ARDNŞ “Fitch”, “Standard & Poor” kimi nüfuzlu reytinq agentliklərindən müsbət qiymətləndirmə əldə etmiş, “Moody's Investors Service” kredit reytinq agentliyi ARDNŞ-yə möhkəm maliyyə vəziyyətini əks etdirən “Ba1” sabit reytinqini vermişdir. Biz həmçinin bizim fəaliyyətimizə nəzarət edən beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edirik və fəaliyyətimizi şəffaf şəkildə qururuq. Bütün digər məlumatlar bizim veb-səhifəmizdən açıq şəkildə əldə oluna bilər http://new.socar.az/socar/en/home

ARDNŞ özünün bütün əməliyyatlarını və qərarlarını Azərbaycan Respublikasının qanunlarına və tanınmış beynəlxalq şirkətlərin ən qabaqcıl təcrübələri əsasında hazırlanmış ARDNŞ-nin daxili qərarlarına və prosedurlarına uyğun olaraq həyata keçirir və qəbul edir. ARDNŞ-nin beynəlxalq şirkətə çevrilməsi zamanı özünün fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutmaqla yanaşı, beynəlxalq səviyyədə qəbul edilmiş standartların tətbiq edilməsi da artıq bir norma halını almışdır. Belə hallardan biri də şirkətin fəaliyyəti prosesində şəffaflığın artırılması məqsədilə ARDNŞ-nin 10 avqust 2012-ci il tarixli 108 nömrəli əmri ilə təsdiq olunmuş Korrupsiya ilə mübarizə və şəffaflığın artırılmasına dair standartların qəbulu olmuşdur. Bu standartlar artıq 01 yanvar 2013-cü il tarixindən ARDNŞ-də tətbiq edilir və bu standartların tələblərinə də ciddi əməl olunur. ARDNŞ-nin əsas məqsədi bütün tərəfdaşları, o cümlədən Azərbaycandan olan tərəfdaşları ilə səmərəli dəyərin əldə edilməsi prinsipinə uyğun olaraq işləməkdir. ARDNŞ-nin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılmasına dair standartlar çərçivəsində qəbul etdiyi standartlardan biri də SOCARSS-008.2012 standartıdır (Satınalma əməliyyatları zamanı Qarşı-tərəflərin yoxlanılması) ki, bu standart sənəd ARDNŞ tərəfindən imzalanan sövdələşmələrin iqtisadi təhlükəsizliyini təmin etmək və korrupsiya risklərini minimuma endirmək, ARDNŞ ilə mülki-hüquqi münasibətlərin qurulması planlaşdırılan mal, iş və ya xidmətlərin təchizatçılarının (bundan sonra “Qarşı-tərəf”) etibarlılığı, maliyyə vəziyyətlərinin sabitliyi və müsbət işgüzar nüfuzlarının mütləq yoxlanılmasını, bundan əlavə, ARDNŞ-dən xeyriyyə, sosial və sponsor yardımını alanların və bu məqsəd üçün cəlb olunan vasitəçilərinin işgüzar nüfuzlarının və korrupsiyaya dözülməzliyinin yoxlanılmasını, ARDNŞ tərəfindən təqdim olunan pul vəsaitlərinin, mülkiyyətin və/və ya mülkiyyət hüquqlarının onlar tərəfdən qanunsuz və qeyri-etik məqsədlər üçün istifadə edilməyəcəyini müəyyən edir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bildiririk ki, “Global Witness” təşkilatının “Hesabat”ında qeyd etdiyi bütün müqavilələr və biznes layihələri yuxarıda qeyd edilən standartların tələblərinə cavab verilməsi baxımından müvafiq seçimlərdən keçirilmişdir. ARDNŞ-nin 24 may 2013-cü il tarixində “Global Witness” təşkilatına ünvanlanmış məktubunda da qeyd edilir ki, yerli şirkətlərin inkişaf etdirilməsi və yerli sahibkarlar üçün əlverişli şəraitin yaradılması Azərbaycan Respublikasının qanunlarında əks olunmuşdur və milli prioritetdir. Yerli şirkətlərə bu xüsusi diqqəti nəzərə alaraq, qanunlara və qaydalara uyğun olaraq, ARDNŞ əməliyyatların səmərəliliyi və effektivliyini təmin edə bilən bütün növ şirkətləri, Azərbaycanda və Azərbaycandan kənarda Azərbaycan mənşəli sahibkarlar tərəfindən yaradılan şirkətlər daxil olmaqla, əməkdaşlığa cəlb edir. Təcrübə göstərir ki, bu kimi əməkdaşlıq ARDNŞ-nın həyata keçirdiyi layihələrinin səmərəliyini və gəlirliyini artırmağa, həmin gəlirlərin Azərbaycanda qalmasına, o cümlədən bəzi layihələrin yaratdığı zərərlərin mənfəətə çevrilməsinə imkan yaradır. Hesabatın əsasını təşkil edən ritorikanın ARDNŞ-nin artan nüfüzuna mənfi şəkildə təsir etməkdən ibarət olması aşkardır. Həmin “Hesabat”da qeyd olunan məlumatlar məhz ARDNŞ-nin özü tərəfindən beynəlxalq, nüfuzlu audit şirkətlərinə hər il təqdim edilir və bu məlumatlar da qanunvericiliyə, beynəlxalq audit normalarına, anti-korrupsiya prinsiplərinə, eləcə də ARDNŞ-nin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılmasına dair standartlar çərçivəsində yoxlanılır. Bununla da, əgər hər hansı bir qanun pozuntusu aşkar olunsaydı, ARDNŞ-yə şəffaf yekun hesabatlar təqdim edilməzdi. Bu hesabatlar müxtəlif mənbələrdə, eləcə də ARDNŞ-nin rəsmi internet səhifəsində də mütəmadi olaraq yerləşdirilmişdir. Bunun bariz sübutu odur ki, ''Global Witness'' təşkilatı bu “Hesabat”ı yaymadan öncə qeyd edilən məlumatlarla bağlı hələ bir neçə ay öncə 3 may 2013-cü il tarixli məktubla ARDNŞ-yə müraciət etmişdir. ARDNŞ də öz növbəsində 24 may 2013-cü il tarixli, 01/MX-89YN nömrəli cavab məktubu ilə bu suallara cavab vermişdir. Lakin ''Global Witness'' ARDNŞ-nin təfərrüatlı cavablarını nəzərə almadan doğrudan da qərəzli olduğunu büruzə verdi. Əslində, “Global Witness” təşkilatı özü də etiraf etmişdir ki, ARDNŞ fəaliyyətini qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirmişdir və bu zaman hər hansı qanun pozuntusuna yol verməmişdir. Bununla yanaşı, qeyd etmək istəyirik ki, ARDNŞ-nin bağlanmış bəzi müqavilələr, hətta, Azərbaycan Respublikasının qanunvericilik orqanı olan Milli Məclis tərəfindən təsdiq olunur və bundan sonra qanuni qüvvəyə minir.

Belə ki, Azərbaycan xalqı üçün böyük gəlirlər gətirən və dinamik olaraq həyata keçirilən neft strategiyasının kontekstində “Global Witness” təşkilatı ARDNŞ-nin həyata keçirdiyi layihələrin perspektivliyi və ARDNŞ-nin tərəfdaşlarının potensialı haqqında topladığı məlumatları belə obyektiv olaraq analiz edə bilməmişdir. Bununla yanaşı, “Global Witness” təşkilatının məlumat toplama metodikası da ciddi qəbul edilə bilməz. Belə ki, qeyd olunan təşkilatın məlumat toplama üsulu ondan ibarət olub ki, veb-məkanda hansısa söz axtarışa verilsin və əldə olunmuş məlumatın həqiqiliyi yoxlanılmadan məlumat yayımlansın. Qeyd olunmalıdır ki, veb-səhifədə dərc olunmuş məlumatlar həqiqətə uyğun deyildir. Belə ki, bu gün bütünlüklə ARDNŞ-yə məxsus olan Kulevi terminalının benefisiar sahibləri arasında heç vaxt “Hesabat”da qeyd olunan şəxsə məxsus olan şirkətlər olmamışdır. Digər hallarda isə səhifədə ictimaiyyəti çaşdıran köhnəlmiş məlumatlar dərc edilmişdir. Belə ki, “Hesabat”da ARDNŞ-nin payı olduğu iddia edilən şirkətlərin bir çoxunun əslində uzun müddətdir ki, artıq tək səhmdarı ARDNŞ-dir.

ARDNŞ şəffaflıq prinsiplərinə sadiq qalaraq həmişə ictimaiyyətlə açıq dialoqu dəstəkləmiş və fəaliyyəti ilə bağlı ünvanlanan bütün sualların cavablandırılmasına hazır olmasını nümayiş etdirmişdir. Belə ki, 24 may 2013-cü il tarixində “Global Witness” tərəfindən ARDNŞ-yə ünvanlanmış sorğudakı təşkilatı maraqlandıran bütün suallara cavab verilmişdir. Biz sağlam düşüncə ilə fikirləşirdik ki, konstruktiv dialoq vasitəsilə “Global Witness” təşkilatının maraqlandığı bütün suallara aydınlıq gətirmişik. Lakin, təxminən 7 aylıq sükutdan sonra “Global Witness” təşkilatı aşkar şəkildə ARDNŞ tərəfindən təmin edilmiş məlumatları nəzərə almadan “Hesabat” yayımladı.

ARDNŞ-nin Avropaya alternativ qaz təchizatı sistemini yaratmaq məqsədi daşıyan Cənub Qaz Dəhlizinə aid kompleks layihələrinin, o cümlədən TANAP, TAP və Avropaya qaz satışı üzrə razılaşmaların imzalanmasında əldə olunmuş mühüm nailiyyətləri bəzi qüvvələri hiddətləndirmiş və “Şahdəniz - 2” layihəsi üzrə 17 dekabrda planlaşdırılan Yekun Sərmayə qərarına təsir göstərmək niyyəti ilə ARDNŞ-nin nüfuzunu gözdən salmaq və çirkaba bulamaq cəhdləri daha da artmışdir. Lakin biz bildiririk ki, belə çirkin niyyətlərə qarşı beynəlxalq təcrübənin və hüquq praktikasının mütərəqqi imkanlarından yararlanaraq mübarizə aparmağa hazırıq.

ARDNŞ bununla bəyan edir ki, ''Global Witness'' təşkilatının yaydığı bu “Hesabat” qeyri-obyektiv, məqsədli şəkildə ARDNŞ-nin artan işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığından həmin təşkilatın bu hərəkətini pisləyir. Şirkət öz əməliyyatlarında şəffaflığı təmin etmək üzrə qərarlı olduğunu bir daha bəyan edir. Bununla yanaşı, ARDNŞ işgüzar nüfuzunun müdafiəsi üçün hüquq prinsiplərinə uyğun olaraq ''Global Witness'' təşkilatına qarşı zəruri hüquqi tədbirlər görmək, o cümlədən məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır.
XS
SM
MD
LG