Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:06

Mixaylo tək deyilmiş?


Tahir Əliyev
Tahir Əliyev

-

«O döyüşlərdə Mixaylo tək olmayıb, orada 100-ə yaxın azərbaycanlı olub».


Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 2008-ci ildə çəkilən «Təxəllüsü: Mixaylo» filminin rejissoru Tahir Əliyev söylədi.

«ANCAQ GÖRDÜYÜMÜ VƏ EŞİTDİYİMİ ÇƏKƏCƏYƏM»

Onun sözlərinə görə, indiyədək Mixaylo haqqında bir neçə sənədli film çəkilsə də, məsələyə tamam başqa yöndən yanaşılıb:


«Biz Sloveniyaya səfər etdik. 10 gün orda qaldıq və filmi çəkdik. Amma və lakin mən bütləşdirilmiş bir şəxsin üzərində qurulmuş film yox, geniş anlam daşıyan bir film çəkmək istədim. Bu portret filmi olduğu üçün əsas Mixaylonun üzərində dayandıq. Amma bu filmdən sonra qarşıma məqsəd qoydum ki, bundan sonra yalnız gördüyümü və eşitdiyimi çəkəcəyəm. Elə bu üzdən də ardınca «Unudulmuş partizan»«IX korpus» filmlərini çəkdik».


100 AZƏRBAYCANLI...

Tahir Əliyev bu məsələdə bir şeyi unutmamağın gərəkdiyini söylədi:


«Mehdi Hüseynzadə haqqında sənədli film çəkdiyimə və bu filmlə, aşağı-yuxarı, 10-15 ölkə gəzdiyimə, festivallarda mükafat qazandığıma baxmayaraq, bir şeyi etiraf etməyə borcluyam. Mixaylo tək olmayıb, orada 100-ə yaxın azərbaycanlı olub...».


«UZAQ SAHİLLƏRDƏ» KİM VAR-KİM YOX?

Tahir Əliyev o illərin tarixinə qısa bir nəzər saldı:


«O illərdə Türküstan diviziyası olub, başında da İsrafil bəy İsrafilbəyov durub (1893-1945. Cümhuriyyət ordusunun polkovniki. Gəncə üsyanının təşkilatçılarındandır. Üsyanın yatırılmasından sonra Türkiyədə, Ərəbistanda, Misirdə yaşayıb, 1923-cü ildən müqavilə əsasında Polşa silahlı qüvvələrində xidmət edib. Polkovnikin «Azərbaycan ordusu haqqında xatirələr»i var. M.Ə. Rəsulzadənin təklifi ilə 1923-cü ilin əvvəllərində qələmə alınıb -S.İ.). O diviziyanı Şimali İtaliya ərazisinə göndəriblər – Balkanlarda olan partizanlarla, özəlliklə IX korpusa qarşı mübarizə aparmaq üçün. Türküstan diviziyasının tərkibində də Mehdi Hüseynzadə, Cavad Həkimli, Mirdamət Seyidov, Firudin Hüseynov və b. olublar. Mehdinin cəbhə yoldaşlarından bəziləri son vaxtlaradək sağ idi. Amma onları «Uzaq sahillərdə» filmində göstərməyiblər. Bilirsiniz ki, Mehdi Hüseynzadənin adının məşhurlaşmasında o filmin böyük rolu olub. Bax, orda Ələsgər Ələkbərovun oynadığı komandir obrazı Cavad Həkimlinin obrazıdır. Hətta gəncəli Mikayıl Qulubəyovun obrazı da var. Mikayıl Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitiribmiş...
Mehdi Hüseynzadə
Mehdi Hüseynzadə
Sonra orada «İvan Russki» ləqəbli Mirdamət Seyidovun obrazı var. Odur ki, bütün hadisələri təkcə Mehdinin üzərində qurmaqla razılaşmadım və sonrakı filmləri çəkdim».


«MİLLƏT NƏ VAXTSA ÖZ QƏHRƏMANLIĞINI GÖSTƏRMƏLİDİR!»

Rejissorun fikrincə, o müharibədə Azərbaycan xalqı nə qədər itirdisə, bir o qədər də qazandı:


«Bu millət haradasa öz qəhrəmanlığını göstərməlidir, ya yox? Bizim 128 nəfər Sovet İttifaqı Qəhrəmanımız var. Təsəvvür edin ki, 2-ci Dünya Müharibəsi olmayıb. Onlar kim idilər? Kasıb uşaqlardı. Kənddən, dağdan düşüb müharibədə qəhrəmanlıq etdilər. Əgər müharibə olmasaydı, İsrafil Məmmədov zavodda briqadir işləyərdi...».


«TƏXƏLLÜSÜ: MİXAYLO»

Aparıcının: «Amma müharibə olmasaydı, əvəzində İsrafil Məmmədov, Mehdi Hüseynzadə sağ olardı, yaşayardı, axı» iradına rejissor belə cavab verdi:

«Ona qalsa, canavar da yaşayır... Nə vaxtsa qəhrəmanlığını göstərməlisən. Odur ki, mənim fikrimcə, bu müharibə tarix baxımından Azərbaycan xalqına böyük xeyir verdi. Nə qədər qəhrəmanlarımız ortaya çıxdı. Xalqın ruhu yüksəldi. Mehdi Hüseynzadə də o insanlardandı. Həm də, Mehdi orda olan azərbaycanlılardan daha çox seçilirdi –erudisiyası ilə, igidliyinə görə».


LEGİONÇULARIN TALEYİ

Tahir Əliyev faşistlərə əsir düşəndən sonra legionda qulluq edən azərbaycanlıların taleyinə yandı:

Mirdamət Seyidov
Mirdamət Seyidov


«Türküstan diviziyasında olan azərbaycanlılar 1944-cü ildə İsrafil bəy İsrafilbəyovun komandanlığı altında Şimali İtaliyaya yollananda, artıq başa düşürdülər ki, müharibə uduzulub... Ona görə də, təzədən qaçıb almanlara qarşı mübarizə aparmağa başladılar. Həm də, o partizanların sovetlərə aidiyyəti yox idi – onlar Balkan partizanları idilər. Bu baxımdan azərbaycanlıların həyatı çox acınacaqlı həyat idi, amma maraqlı idi...».


İKİNCİ FİLM – «UNUDULMUŞ PARTİZAN» KİMDİR?

Tahir Əliyev ikinci filmin qəhrəmanından da ürək ağrısı ilə danışır:


««Unudulmuş partizan» filmi «İvan Russki» ləqəbli Mirdamət Seyidova həsr olunub. O, Mehdi Hüseynzadə ilə birgə döyüşmüşdü. İlk dəfə Mehdi ilə 1942-ci ildə Avstriyada görüşüb. Bizə söhbətində də bunu dedi ki, həbs düşərgəsindəydik, bir də baxdıq ki, Mehdini gətirdilər... Mehdi barədə çox yaxşı sözlər deyir. Deyir, çox istedadlı adam idi. Hətta onun rəssamlığının hesabına çörək üzü gördük – deyir. O, Mehdi ilə birgə İtaliya cəbhəsinə də gedib. İtaliyan professor Mariya Rossinin bir kitabı var. Orada yazır ki, 1944-cü ildə Triest yaxınlığında yerləşən Opkino şəhərindəki kinoteatrı iki azərbaycanlı – «İvan Russki» ləqəbli Mirdamət Seyidov və «Mixaylo» ləqəbli Mehdi Hüseynzadə partlatdı. Mirdamət Seyidovun özü də kinoteatrın partladılmasının təfərrüatlarını filmdə bizə danışır».


SLOVENLƏR FİLMƏ BAXIB AĞLADILAR...

Tahir Əliyev filmi 3 ilə çəkdiklərini dedi:


«Mirdamət Seyidovu bütün fəsillərdə çəkdik. O, həyatının bütün anlarını bizimlə bölüşdü. Təəssüf ki, özü filmi görmədi. Film hazır olanda, o, 2 ay idi ki, dünyasını dəyişmişdi. Slovenlər filmə baxanda, göz yaşlarını saxlaya bilmədilər və məndən xahiş etdilər ki, bu filmi bir də Sloveniyada göstərməyim.
Mehdi Hüseynzadə
Mehdi Hüseynzadə
Çünki onun son illəri çox acınacaqlı keçdi və bizim filmdə bu açıq-aydın hiss olunurdu. Marina Rossi filmə baxandan sonra dedi ki, yadımdadır, 1970-ci illərdə Mirdamət Seyidov İtaliyaya gələndə, italyan qadınlar diz çöküb onun əllərindən öpürdülər... Ömrünün sonlarında o, tam unudulmuşdu və filmi o üzdən belə adlandırdıq...».


İSRAFİL BƏY İSRAFİLBƏYOV

Tahir bəyin fikrincə, 1941-45-ci illər müharibəsinin 3 qəhrəmanı var:


«Mən ən böyük azərbaycanlı İsrafil bəy İsrafilbəyovu sayıram. 162-ci milli diviziyanın komandiri olub. Təəssüflər ki, onu 1945-ci ildə Nargində «Vətənə xəyanət»də suçlayıb güllələdilər. Halbuki o, heç sovet vətəndaşı olmayıb. O, Cümhuriyyət Ordusunun polkovniki idi. 1944-cü ildə onu tutub gətirdilər və Nargində güllələdilər».


FƏTƏLİBƏYLİ – DÜDƏNGİNSKİ VƏ... CAVAD HƏKİMLİ

Tahir Əliyev gerçək qəhrəman saydığı ikinci nəfərin də adını çəkdi:


«İkinci Abo bəy Düdənginskidir. Onu sizə tanıtmağa ehtiyac yoxdur. Abo bəy Azərbaycan müstəqilliyinin mücahidlərindən, həm də AzadlıqRadiosunun ilk baş redaktoru olub. Üçüncüsü Cavad Həkimlidir. Söhbət icraçıdan getmir. Bir yerə bomba qoyub partlatmağı min adam bacara bilər. Söhbət bu işi təşkil edəndən gedir. Cavad Həkimli bu işi quranlardan idi. «IX korpus» filmi sloven dilinə də tərcümə olunub, orada da göstərilib. Həmin filmdə «Ruska çeta»da vuruşan azərbaycanlıların hamısı – Cavad Həkimli, Mikayıl Qulubəyov, Firudin Hüseynov, Canbaxış Canbaxşıyev, Əsəd Qurbanov, Rza Orucov və b. haqqında söhbət açılır. Filmdə Cavad Həkimlinin sağlığında çəkilən bir fraqment də var».
XS
SM
MD
LG