Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:03

Özünü yandıran Füzuli sakininin şikayətinə baxılmır


Dünyamin Adıgözəlov
Dünyamin Adıgözəlov
-
Dünyamin Adıgözəlov bu ilin yanvarında Füzuli rayon Polis İdarəsinin qarşısında özünü yandırmışdı. Zərərçəkmiş deyir ki, özünü yandırmasına səbəb idarənin rəis müavini Rahim Musayevin onun xeyli pulunu mənimsəməsi olub. Dünyamin Adıgözəlovun sözlərinə görə, 2012-ci ildə 3 min 500 manat borcu olduğundan Ağdam sakini Zahid Quliyev adlı şəxs ondan polisə şikayət edib. Füzuli rayon Polis İdarəsində razılığa gəlinib ki, soğan yığımı vaxtı məhsulu satılacaq və Zahid Quliyevə olan borc qaytarılacaq. Dünyamin Adıgözəlov deyir ki, məhsul yetişəndən sonra idarə rəisinin müavini Dilağarda kəndindəki əkin sahəsinə gəlib və Zahid Quliyevin borcunu qaytarmaq adı ilə onun 30 min manatlıq soğanını mənimsəyib. Rəis müavini borc sahibinin 3 min 500 manatını da qaytarmayıb:

«DEDİM ÖZÜMÜ YANDIRACAĞAM, MƏNİ QOVDU KABİNETİNDƏN...»

« Rahim Musayev məhsul vaxtı gəldi sahəyə, dedi ki, yığım zamanı bura gəlmə, mən özüm məhsulu satdırıb Zahidin pulunu verdirəcəyəm. Rahim müəllim 30 min manatlıq məhsulumu satdı, Zahidin pulunu da qaytarmadı. Mən öz məhsulumun pulunu ondan almaq üçün bir neçə orqana müraciət etsəm də, heç bir xeyri olmadı. Axırda bir də getdim polis şöbəsinə və Rahim Musayevdən öz pulumu istədim, – vermədi. Dedim özümü yandıracağam, məni qovdu kabinetindən... Mən də çıxdım, idarənin önündə özümü yandırdım».

«MÜSTƏNTİQ PAQON YOLDAŞINI ƏLƏ VERMİR»

Dünyamin Adıgözəlov deyir ki, vəziyyəti ağır olduğundan onu Bakıya gətiriblər. Daha sonra özünüöldürmə həddinə çatdırma maddəsi ilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində cinayət işi açıblar:

«Mən polis mayoru Rahim Musayevdən şikayətçiyəm. Bir ilə yaxındır ki, istintaq gedir, hələ bir şey yoxdur ortada. Müstəntiq Emil Qəhrəmanov məni göndərdi psixiatriya xəstəxanasına. Həkimlər də baxdı. Psixi xəstə olmamağımla bağlı arayış verdilər. İndi Emil Qəhrəmanov bizimlə maraqlanmır. O özü qəsdən aparmır bu işi. Paqon yoldaşını ələ vermir. Mən özümün 30 min manatımı istəyirəm. Rahim Musayev öz səlahiyyətindən istifadə edib mənimsəyib mənim pullarımı».

Dünyamin Adıgözəlov
Dünyamin Adıgözəlov
«MƏNİ İNTİHARA SÖVQ EDƏN POLİS HƏLƏ DƏ ÖZ VƏZİFƏSİNDƏDİR»

Dünyamin Adıgözəlov deyir ki, hələ də xəstəxanada müalicə olunur. Onun sözlərinə görə, xeyli xərc çəksələr də, yanıqlar ucbatından əlinin biri hələ də işləmir:

«Atam DİN-ə şikayətə getmişdi. Orada dedilər ki, biz lazım olsa, əlinin işləməsi üçün onu xaricə də göndərərik. Məni yazdılar DİN-in hospitalına. Bütün bunları bizim səsimiz kəsmək üçün edirdilər. Ora yanıq xəstəxanası olmadığından, bir aydan sonra təkrar göndərdilər 5 saylı xəstəxanaya. Səsimi kəsmək üçün bunu etmişdilər. Məni intihara sövq edən polis hələ də öz vəzifəsindədir».

Məsələyə münasibət öyrənmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsinin müstəntiqi Emil Qəhrəmanovla əlaqə saxladıq. Müstəntiq Dünyamin Adıgözəlovun onun haqqında səsləndirdiyi ittihamların cəfəngiyat olduğunu bildirdi.

«HANSI POLİS ƏKİN SAHƏSİNDƏ OTURUB SOĞAN SATDIRAR?»

Füzuli rayon Polis İdarəsi rəisinin müavini Rahim Mirzəyev də ona qarşı ittihamlarla razılaşmır:

«Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində mənimlə də bağlı iş gedir. Bu adamlar şər-böhtan danışandır. Ağdam sakini ilə şərikli soğan əkiblər. Sonradan aralarında mübahisə yaranıb, polisə düşüblər. İstintaq dövründə barışıblar. Zahidlə aralarında pul söhbəti varmış. Məhkəmə də qərar çıxarıb ki, Dünyamin 3 min 500 manatı Zahidə qaytarmalıdır. Ona görə də gəldi mənim kabinetimə, dedim, get bu məsələni məhkəmə yolu ilə həll et. Sonra da çıxıb polis idarəsinin qarşısında özünü yandırıb. Hansı polis gedib soğan sahəsində oturub vətəndaşın soğanını satdırar? Qanun qanundur. Cəzam olsa, verəcəklər».

İntihara cəhd göstərən Dünyamin Adıgözəlov cəhdini təkrarlayacağını deyir:

«Belə qərara gəlmişəm ki, bu dəfə Prezident Aparatının qarşısında özümü yandıram. Mənim işimə düz baxmırlar. Bu dəfə Baş Prokurorluqdan da şikayətçiyəm».
XS
SM
MD
LG