Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

NİDA-çı gənc: «Mən sənə «Molotov kokteyli» verən adamam…»


Zaur Qurbanlı
Zaur Qurbanlı
-
“10 mart aksiyası qanuni və hüquqi aksiya olub”.

Bunu məhkəmədəki çıxışında həbsdəki NİDA üzvü Zaur Qurbanlı deyib.

Yanvarın 9-da NİDA-çıların işi üzrə məhkəmə davam edib. Bu dəfə təqsirləndirilən qismində iki nəfər – Zaur Qurbanlı və İlkin Rüstəmzadə ifadə verib.

Zaur Qurbanlı daha öncəki yoldaşları kimi ilkin ifadə verməkdən imtina edib və addımını belə əsaslandırıb:

“İttihamların mahiyyəti bizə aydın deyil. Hansı cinayəti törətməyim və törədə biləcəyim də mənə aydın deyil. Özümü təqsirli bilmədiyim üçün ifadə vermirəm”.

Ardından Zaur Qurbanlının istintaqa verdiyi ifadələri elan olunub. İstintaq müddətində iki dəfə ifadəsi alınmaq üçün dindirilən Zaur Qurbanlı ona ünvanlanan sualları cavablandırmaqdan və ifadə verməkdən imtina edib və ittihamla bağlı sübutların təqdim edilməsini, müvafiq üzləşdirilmələr edilməsini tələb edib.

İfadələri elan olunandan sonra vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıb.

“MƏN BU ADAMLARLA FƏXR EDİRƏM”

Prokuror ona 10 mart “Əsgər ölümlərinə son!” aksiyası ilə bağlı suallar ünvanlayıb. Zaur Qurbanlı cavabında bu aksiyada NİDA-nın təşkilatçılıq etmədiyini bildirib:

“10 mart aksiyası qanuni və hüquqi aksiyadır. Qanunla qadağan edilmiş yerlərdə toplaşmamışıq. Biz toplaşmaq hüququmuzdan istifadə edirdik. Lakin meydanda cinayətkar rejimin qeyri-bərabər qüvvələrini gördük. Həbs olunan yoldaşlarıma gəldikdə, onu deyə bilərəm ki, kimsə həmin aksiyada “Molotov” atsaydı əminəm ki, onlar hökuməti müdafiə edərdi. Mən bu adamlarla fəxr edirəm”.

Daha sonra dövlət ittihamçısı 10 mart “Əsgər ölümlərinə son!” aksiyasının səbəbləri barədə soruşub. Zaur Qurbanlı cavabında orduda özbaşınalıqların olduğunu, əsgər ölümlərinin getdikcə çoxaldığını bildirdi. Prokurorun “Əlində bu faktlar hardandır?” sualını Zaur Qurbanlı belə cavablandırıb:

“Bu orduyla nəinki Qarabağı, heç bircə kəndi də azad etmək olmaz. Özüm də əsgər olmuşam. Orda olan ləyaqəti alçaldan hərəkətləri görmüşəm. Keyfiyyətsiz qidalar, natəmiz yataq, köhnə paltarlar verirlər əsgərlərə. Azərbaycan silah alan ölkələr üzrə 13-cü yerdədir. Ancaq bizim silahlarımız 50-60-ci illərin silahları idi. Bu açıq-aşkar orduya ayrılan pulların yeyilməsi, korrupsiya faktıdır. Bunlara dur demək lazımdır”.

Həbs olunan digər yoldaşlarla tanışlığa gəldikdə Zaur Qurbanlı bildirib ki, Şahin Novruzlu ilə tanış olmalarının qəribə əhvalatı olub:

“Təcridxanada gördüm bir oğlan dayanıb. Soruşdum, dedilər, Şahin Novruzludur. Getdim yanına. Soruşdum ki, məni tanıyırsan? Dedi tanımıram. Dedim ki, necə yəni tanımırsan? Axı mən sənə “Molotov kokteyli”ni verən adamam… İttihamlar bunu deyir… gülməlidir”.

Zaur Qurbanlının ardından İlkin Rüstəmzadənin işinə baxılıb. O da ittihamın mahiyyətinin özünə aydın olmadığını, özünü təqsirkar bilmədiyini əsas gətirərək ifadə verməkdən imtina edib. İstintaq müddətində İlkin Rüstəmzadə iki dəfə şahid, iki dəfə təqsirləndirilən şəxs qismində dindirilib.

“HƏBSİM MÜSTƏSNA HƏYASIZLIQDIR”

İfadəsi elan olunduqdan sonra İlkin Rüstəmzadə prokuror və vəkillərin suallarını cavablandırıb. Suallar, əsasən, onun “event”ini yaratdığı aksiyalar və “Harlem Shake” haqqında olub.

“Molotov kokteyli” verməyim və ya almağımla bağlı heç bir sübut yoxdur. Mən hər şeyi qanun çərçivəsində edirdim. Məni bu ittihamla həbs etmək müstəsna həyasızlıqdır. “Harlem Shake”ə gəldikdə, mitinq iştirakçısını əxlaqsız ittihamla tutmağın özü də əxlaqsızlıqdır. Azadlıq meydanı illərdir müxalifətin üzünə bağlıdır. İkinci böyük yer Fəvvarələr meydanıdır. Orada xaricilər də mitinq edib, flaşmoblar keçiriblər. Onlara “gözün üstə qaşın var” deyən də olmayıb”.

Məhkəmə yanvarın 15-də davam edəcək.

Yanvarın 12-si Zaur Qurbanlının doğum günüdür. Hakim məhkəmə zalında gənc nidaçını bu münasibətlə təbrik edib.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları kütləvi iğtişaşlar təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı narkotik vasitələri qanunsuz əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

*****
Yanvarın 9-da Bakı Ağır Cinayətlər məhkəməsində “NİDA" Vətəndaş Hərəkatının üzlərinin məhkəmə prosesi keçirilir.

Məhkəmədə hakim Cavid Hüseynovun halı pisləşib. Prosesə ara verilib. 15 dəqiqədən sonra hakim zala qayıdıb, hazırda proses davam edir.

Məlumatı "Yeni Müsavat" qəzeti yayıb.
XS
SM
MD
LG