Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:35

Dədəyə və dədəlik konsepsiyasının hökmlərinə gücümüz çatmaz...


İradə Musayeva
İradə Musayeva
-

Bütün tarixi saxtalaşdırmaların kökünü, düz gedişatın sındığı, əyildiyi nöqtəni Dədəmizlə bağladı, əlaqələndirdi Orxan Fikrətoğlu...

Dədəyə və dədəlik konsepsiyasının hökmlərinə gücümüz çatmaz... Amma özümüzə, içimizə, içimizi söküb yenidən yığmağa ümid var...



Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


İradə Musayeva


ÖLÜ MƏTNİN ÖLÜ HƏRFLƏRİ


Şəxsən tanımadığım, ancaq tənqidçi şəxsiyyətinə və istedadına dərin hörmət bəslədiyim Elnarə Tofiqqızının əziz xatirəsinə ithaf edirəm. “Oxu zalı”ndakı roman müzakirələrində onun özünəməxsus baxış tərzi, üslubu var idi... Oxucuları və həmkarları hər dəfə onun mövqeyinin boşluğuna düşəndə Elnarəni anacaq...


Qədim Şərq, o cümlədən Azərbaycan fəlsəfi fikir tarixində mürəkkəb, dərin və qlobal ideyalar üzərində bərqərar olan, Allahın insanı yer üzünə sual işarəsi kimi atdığı (özünü düzəldəcək, yoxsa yox), zamanın gedişatını çözməyə çalışan, insanlığın və nəfsin xilası yollarını arayan sufizmin qanunları, müddəaları və artıq əsrlərdir ki, dünyaya fəlsəfi düşüncələr ixrac edən nümayəndələri haqqında tarix, ədəbi-estetik və dini-ideoloji məlumatlar, demək olar ki, kifayət qədərdir.

İnsanın kamilləşib Allaha doğru irəliləməsi ideyası sufizmin ana xəttidir. Klassik ədəbiyyatda Sührəverdinin İşraqiyyə (nur) fəlsəfəsi də Həllac Mənsur, Eynəlqüzzət eşqi, sevgisi qədər ilahidir.

Bu fəlsəfədə insanlar günahkar və rəzil deyillər, işıqlı, nurlu, üz-gözləri hikmətlə dolu varlıqlardır. Nəsiminin tanıdığı - Allahı vücudunda gəzdirən, Allahla vəhdətdə olan insandan danışırlar sufilər...

İnsanlara qarşı xeyir, mərhəmət, sevgi və qayğı təlqin edən sufi düşüncə tərzi zamanımızda artıq arxaikləşmiş, tarixin dərin qatlarında qalmış və sanki dövrünü keçmiş anlam kimi qəbul edilir.

“Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlbinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. (“Ali-İmran “surəsi, 103-cü ayə)

Orxan Fikrətoğlu “Ölü mətn” əsərinin girişində yazır: "Roman post-sufi janrına aid ilk romandır. Toplum itki verə-verə yox olmaqdansa, əksinə, romanın sonunda var olur və bütün ideoloji eqrodağlardan keçə-keçə nifrət etməyi deyil, əksinə, sevməyi öyrənir. Müəllifin bu romanda zamana və dünyaya təklif etdiyi xilas ideyası - sufi sevgisidir”.

Yazıçı sevgisiz yaşanan hər bir hadisənin sonda ölümə məhkum olduğunu əsər boyu sübut etməyə çalışır.

Əsərdə “Ölü mətn”in müəllifi olan gənc oğlan (oğlanın başı üstdə qəribə bir halə vardı. Bu halə ustada nədənsə “yox” deməyə qoymurdu...) əsərini əski əlifba ilə papirus kağızlarına yazıb.

Hətta kağızların arasında uçuşan qara kəpənəklər də köhnə, qədim, ölü, unudulmuş, toz basmış, yaddan çıxmış bir əlyazma assosiasiyasını tamamlayır.

O.Fikrətoğlu inamla ədəbiyyatın insanı dəyişə biləcəyi ideyasını təlqin edir. “Dinlər, fəlsəfələr köhnəlib... Bu daşlaşmış həqiqətlər içində yeniləşən ancaq bədii mətn olmalıydı...”

Bioloji cəhətdən də yeniləşən insanla köhnəlmiş qanunlar, adət-ənənələr, çaşqın vəziyyətlər girdabından məhz bədii mətnlərin - ədəbiyyatın çıxaracağına ümidini itirməyən müəllif insanı “yarımçıq cümlə” adlandırır. “Bitmiş fikir” deyil – deyir...

Kitabın ilk səhifələrindəcə günümüzün narahat, düşünən, məişətdə və siyasətdə eşələnən, mənasızlaşmış insanının bir az fəlsəfi görünən, əslində sadə, adi və faktlara söykənən fikirləri ilə rastlaşırıq. Özünü cəmiyyətin cəmliyindən dartıb çıxarmağa çalışan “estet, ziyalı” qəhrəmana kinayəli ittihamlar ünvanlanır: “Estetəm, ziyalıyam” deyib, qırağa çəkilmə... Bu kütlə adlandırdığını sevə bilmirsən... Elə bilirsən dünyanı fatehlər idarə edirlər? Yanılırsan. Dünyanı həmişə kütlə idarə edib. Bütün fatehləri kütlə devirib və ya taxta qaldırıb. Kütlə xaosdur. Amma məntiqi var. Kütlə- pozğun qadın kimidir. Ancaq güclüylə yatağa girir”.

Bəli, güclülərin, gücün “aldığı”, “əyləndiyi “kütlənin içərisində özünü hiss edəndə sıxılırsan. Görəsən, Orxan Fikrətoğlunun arif oxucusu bu sıxıntını varlığında hiss etdimi? - Güclüyə ram olmuş pozğun qadına bənzər küt kütlənin nümayəndəsi olduğu üçün...

Balıqçı Qulu, kəndli və barmen adi, ancaq hər birinin həyat fəlsəfəsi olan obrazlar kimi verilir. Balıqçı Qulu kəndliyə deyir: “Sənin üçün balıq balıqdır... Mən isə balığı insanlaşdırıb, onun həyatına məna verirəm... Özüm kimi ona bəxt, tale, axirət əzabı yazıram...” Barmen isə verdiyi sözə görə göz qırpmadan özünü öldürür. Əski əlifba ilə yazılmış “Ölü mətn”dəki fikir və düşüncələr, təsvirlər, hadisələr də köhnəlib, ölübmü? İki əsrdir əski əlifba ilə heç nə yazılmır. (“O əlifbanın enerjisi, sözlərinin çəkisi mövcud deyil. Bu düşüncəyə aid bir çox sözlər ölüb”).

“Ölü mətn”i cavan bir oğlan yazıb – yeni dövrün yeni düşüncə sahibi... Bəs niyə geriyə, köhnəyə qayıdır? Əski, köhnə , “enerjisini itirmiş” əlifba ilə “post sufi” düşüncələr “Ölü mətn”də bizə həyatımızda inqilab yarada biləcək ideyalar diktə edə bilərmi?

Romanın baş qəhrəmanı Ustad tələbələrə bütlər haqqında məlumat verir – bütün inkişaflara mane olan, insanların içərisində, daxilində gəzdirdiyi və tabe olduğu bütlərdən. “Bütləriniz sizi, siz də onları sevirsiniz. Çünki onları bir vaxt özünüz yaratmısınız. Seçim qarşısında qalanda siz mütləq içinizdəki doğma heyvani hissləri ədalətdən üstün tutacaqsınız”.

Orxan Fikrətoğlu əsərinin süjetini tarix, zaman, din, hakimiyyət və formasiyalar müxtəlifliyi fövqündə cıza bilib. Bu günə tarixdən, tarixə bu gündən baxmağı bacarıb. Bəşəri həqiqət, Yaradanla insanın çoxdan pozulmuş müqaviləsinin maddələrindən və onların arasına girmiş şeytanın “haqlı, “ədalətli” oyunlarından nəzəri, quru, fəlsəfi dillə deyil, bədii, obrazlı, tale mətnləri və ya mətn taleləri fonunda (Ustad, Kamil, Şeyx, İbrahim bəy, Kürən İsmayıl, Asmik, Alməmməd kişi, Kiçik xan, Nübar xanım, Ərtoğrul, Nazlı İbad qızı, Səməd, Şamil, Qasım, Avdı kişi, Ağakərim, Fatmanın qizi Könül, Emil, Vəliş, Matvey, Samir, Zabit, Şəhla və başqa insanların həyat hekayələri əsasında) danışır.

Bu əsərdə günahlar, qanlar, qətllər, qatillər, zülm və zillət var. Amma qəribədir, hamı – romanın bütün qəhrəmanları bu çirkaba bürünmüş dünya adlı qəm otağından əli-ayağı quru, günahsız və şad-xürrəm çıxır. Ölümə gedənlər, haqsız tutulanlar, zülmə şərlə tabe edilənlər belə öz “mətn”lərindən (talelərindən) razıdırlar. Şükür edə-edə, sevinə-sevinə “mətnin” dktəsini icra edir, yaşayırlar...
Dədə Qorqudun xəyali rəsmi
Dədə Qorqudun xəyali rəsmi

Müəllif Azərbaycan xalqının taleyini – mətnini onun tarix boyu qarşılaşdığı ictimai-siyasi hadisələrə istinadən çözür, xatırladır. Bu xatırlatmada Dədə Qorqud zamanı, XX əsrin əvvəlləri, rus istilası, müstəqillik dövrü xaosu və nəhayət “görünməyən dünya hakimiyyəti” (masonluq – İ.M.) idarəetməsinin fəsadları var:

“Mən görünməyən dünya hökuməti yaratdım. Allahın sizin üçün yaratdığı nemətləri ancaq öz sevdiklərimə bağışladım. Suyun, çörəyin, havanın yiyələrini doğurdum. Mən əxlaqsızlığı yaratdım və dünyada onları güc etdim. Onlar gücləndikcə mən də gücləndim”.

Ustad romanda təsvir olunan bütün qəhrəmanların yanındadır. Kimin əhvalatını dinləyiriksə, onun mətnindən ustad da çıxır. Hətta Vəlişin də... “İçimizdə bir həkim də yoxdur ki, gülləni Vəlişin ayağından çıxara. Oxumuşumuz ustaddır. O da qəribə-qərbə sözlər danışır. Srağagün mənə deyir ki, siz, əslində, heç yoxsunuz, siz bir mətnin adsız qəhrəmanlarısınız”.

O.Fikrətoğlunun bədii mətnində dünyaya və ölümə qlobal yanaşma ənənəviliyinə yeni çalarlar artırıldığını gördük.

“Bizim mətnimiz”... Mətnə düzəlişlər, müdaxilə, redaktə etmək olar. Proloq yazmaq mümkün olmasa da, epiloqun nikbinliyinə təsir etmək mümkünmüş...

“Ölü mətn”i oxumaq üçün onun əlifbasını öyrənmək lazımdır. Ancaq o əlifbanın içində gizlənmiş mənanı, ölü həqiqəti anlamaq çətindir. “Mən o mətni lap əvvəldən yaşamalıyam”- deyir qəhrəman. İnsanın yaranması məqamından başlanır mətn. Bu elin mətnini isə onun kahini Dədə yazır. El adamları bir kəlmə, bir söz imiş, yığışıb cümlə ola bilmirmişlər. Hər şeyi korlayan isə yerdən qəflətən peyda olan bircə hərf olub. Nifrəti, kini yerin altında gizlicə böyütdüyü “başçı Dədə” ni də həmin o şeytansifət gəlmə “hərf” qoyur ortaya. “Elə bir peşmançılıq çökdü.

Dədənin sonrakı danışığı eli lap silkələdi. Dədə elin fahişəsi qırx oynaşlı Qısırca yengəyə “Elin anası” adını verdi və onu müqəddəs elan etdi. Bu gündən Qısırca elin məşvərət şurasında da iştirak edəcəkdi. Bu xəbər ən çox Xanı sarsıtdı. Amma Xan elin ruhani mərtəbəsinin nüfuzdan düşəcəyindən çəkinib Dədəyə bir söz demədi”.

Elə çaxnaşma, qaynaşma düşdü. Fitnə-fəsad, əxlaqsızlıq, yalan, hiylə, ədalətsizlik baş alıb getdi. Pozğun bir el, pozğun bir cəmiyyət modeli yaratmaq lazım idi. Bunun ən asan yolunu Dədə tapmışdı. Dədə hamını ac və dinməz dayanmağa öyrətmişdi...

Eli əməkdən, zəhmətdən, halal yolla yaşamaqdan uzaqlaşdırmaq lazım idi. Dədə bu işin özülünü belə qoydu: “Qazançı Dağının ətəklərində elin mal-qarasını otaran Qaraca çoban... Məni diqqətlə dinlə... Və sözlərimə düşünmədən əməl et. Elin bütün mal-qarasını, qoyun sürülərini və at ilxılarını iri çöl qayığından dərəyə tök... El daha qoyun saxlamasın. Bu gündən yemək də yeməyin. Hamı ac qalmalıdır. Ölənə qədər dinməz oturun. Qeybdən belə deyiblər. Şuluq salmayın. Aşağı düşüb atamızı yandırarlar”.

Artıq dərin düşünə bilməyən , düşünən kimi yuxulayan el igidləri qərara gəlir ki, Dədənin “ağzı elə-belə tərpənsin”, xalqa sözü özləri desin. Bu “xalqa söz demək” səlahiyyətini isə o gəlmə şeytansifət Hərfə tapşırırlar. O, sevinə-sevinə dedi: "Siz Dədəliyi mənə həvalə edin. Və məndən müti... dinc... xoşqılıq və gülərüz bir xalq tələb edin... Bir də qeybi neynirsiz e eşidib? Siz artıq yerdə yaşayırsınız. Buranın isə öz qanunları var”.
Orxan Fikrətoğlu Azadlıq Radiosunun "Pen klub" proqramında
Orxan Fikrətoğlu Azadlıq Radiosunun "Pen klub" proqramında

Bəli, ağlaya-ağlaya gülməli sözlər danışan, gülə-gülə ağlamalı söhbətlər edən, elin dərdinə gülən, sevincinə ağlayan, ziyanlı, xalq, el üçün təhlükə mənbəyi olan Dədə elin göylə (Allahla – İ.M.) əlaqəsini kəsdi. (“Bir yerin də ki, göylə, qeyblə əlaqəsi yoxdur, o yerdə heç vaxt ədalət olmaz...”)

Yerin üstündə yox, sanki dibində yaşayan xalqın malı -dövləti, sərvəti də talanmağa başlandı. Dədə əsirləri açıb buraxmış, onları müqəddəs elan etmişdi. Elin silahlarını, qılıncını, qalxanını dənizə atdırmış, döyüşməyi onlara yasaq etmişdi.

Elin qanını el içində axıdana hədiyyə, dərəcə, mükafat verirdi, ağıllı, ziyalı insanları, alimləri yerlə yeksan etmişdi. Bu eldə ancaq Dədəyə ram olanlar yaxşı yaşayardı. Heç kəs gələcək üçün düşünmürdü. “Dədə eli hər səhər qorxudurdu. Sözlərimə əməl etməsəniz, qeybdən söz yox, daş gələcək... Öz gözünüzdən düşün, Özünüzə nifrət edin. Sizdən pisi, eyiblisi yoxdur. Ozünüzdən utanın...”

O.Fikrətoğlunu roman yazmağa, insanlara sufi sevgisi aşılamağa sövq edən də elə əsərin ideyasının ana xəttini təşkil edən xalqın, millətin coşduqca coşan öz-özünə nifrət duyğularını məhv etmək cəhdidir. (“Nə olsun ki, Qeybi bilən Dədəmizi öldürdülər... Yaddaşım diridi ki... Mən bu yaddaşı mətnlə yazacağam... Mətnin adını da “Ölü mətn” qoyacağam... Qoy sonrakılar göydən ayrı yaşamasın... Bilsin ki, biz oradan gəlmişik... buralar bizə qürbətdir...”

Sevgini, yaxşılığı, işğı, göylə əlaqəni bərpa etmək lazımdır. Bu mümkün olmasa hətta, bizi süstləşdirən, öldürən, qaraldan, keyləşdirən nifrət, paxıllıq hisslərini belə yaxşılığa, sevgiyə çevirməliyik. Sevgi selinə bürünüb yenidən doğulmaq, özünü yenidən yaratmaq fəlsəfəsinə, elminə vaqif olmalıyıq. Bütün pisliklərə xeyirxahlıqla cavab verən İbrahim bəyin Kürən İsmayıla münasibətindəki işığı izləmək, onun ötürücülüyünü davam etdirmək gərəkir.

Roman oxucuya çox əsərləri xatırlatdı (“Faust”, “Demon”, “İblis”, “Qətl günü”, “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” və s.). Fikir və söz köhnə ola bilər, səs təzə idi... Mənə - bu günün və min illərin insanına, oxucusuna o – min illərin və bu günün Orxan Fikrətoğlusu bu günün və min illərin sözünü, məlum həqiqətini yeni intonasiya ilə , həm də məqamımıza uyğun tərzdə - ibrət ola biləcək, düşündürəcək şəkildə çatdırdı.

Yüz illərin o tayında qalmış yolun – sufi yolunun başına çıxsaq xilas ola bilərikmi? Nifrət bizi tükətdi, bəlkə sevgi ilə böyümək mümkündür?

Manilik təriqətinə görə, dünya və insana Nur və Zülmətin, Xeyir və Şərin, Allah və Şeytanın mübarizəsi xasdır. Başlıca məqsəd Nuru Zülmətdən, Xeyiri Şərdən azad etməkdir... Bu qovğa içimizdən başlanır- mətnimizin məzmunundan... Fərdi və milli məzmunumuzdan...

Orxan Fikrətoğlu çıxışlarının birində romanı haqqında deyir ki, əski əlifbada qalmış böyük mədəniyyətimizi, fəlsəfə tariximizi, dil tariximizi, düşüncəmizi o əski əlifbanın içindən açıram... Bütün tarixi saxtalaşdırmaların kökünü, düz gedişatın sındığı, əyildiyi nöqtəni Dədəmizlə bağladı, əlaqələndirdi Orxan Fikrətoğlu... Dədəyə və dədəlik konsepsiyasının hökmlərinə gücümüz çatmaz... Amma özümüzə, içimizə, içimizi söküb yenidən yığmağa ümid var. Bu ümidin işığı ilə Xeyirə üz tutaq. Ölü mətnin ölü hərfləri xəcilliyindən özümüzü xilas edək...
XS
SM
MD
LG