Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

1 milyon dolları götürsən, axmaqsan, yoxsa götürməsən?


Mani Haghighi
Mani Haghighi
-

Müəllimsən, çörəyin daşdan çıxır?

Maaşın 200 dollardı, 200 də evdə şagird hazırlamaqla qazanırsan?

Yolla getdiyin yerdə qarşında tanımadığın bir adam peyda olur və ayaqlarının altına içində çox yox, yarımca milyon manat olan kisə atır.

Yəni ömrü böyu qazana biləcəyindən qat-qat artıq.

Götürsən axmaqsan, yoxsa götürməsən?

Asan sual deyil, bir az düşün...

Hələ bu nədi ki, tanınmış İran rejissoru Mani Haghighi son fimində ("Modest reception" - "Təvazökarca qarşılanma") bundan da çətin sual qoyur (ardı aşağıda)

Filmin treyleri

Uzun illərin nəzir-niyazından sonra Allah-təala sənə bir qız uşağı bəxş edir, amma ertəsi gün uşaq tələf olur.

Dağın ətəyində çala qazmaq üçün buz bağlamış torpağa külüng çalırsan. Bu vaxt bir adam maşınını yol qırağında saxlayıb təklif edir ki, uşağın cəsədini ona satasan. Deyir ki, onsuz da cansız meyiti qurd-quş yeyəcək. "Cəsədin hər kiloqramına bir kisə pul verirəm". Cumub külüngü onun alnının ortasına çalmaq, səsini birdəfəlik kəsmək istəyirsən. Cibindən tapança çıxarır. Dayanırsan. Geri çəkilirsən. Amma qəzəbin soyumayıb. Təklifini bir də təkrarlayır. Kisədən pul dəstələrini çıxarıb gözünün qabağında başlayır tonqala atmağa. Yalnız yuxunda gördüyün qədər pulu... "Bax yandıracam ha, hamısını, götürürsən?"

Götürərsən, ya yox?

Mani Haghighi-nin filmi, əslində, Şərq ölkələrində çox geniş yayılan pul paylamaq "mədəniyyəti" haqdadır. Şeyxdi, əmirdi, ya da prezident, əyri, ya düz yolla altına milyardlar yığır, yeni iş yerləri açmaq, insanlara pul qazanmaq imkanı yaratmaq əvəzinə başlayır öz səxavətini nümayiş etdirmək üçün kasıba, yetimə, şikəstə, qocaya, qətliam qurbanlarına, intihar edənlərin ailələrinə dəstə-dəstə pul yollamağa. Varlığa nə darlıq. Neftin-qazın pulu başından tökülür. Payladığı pullara görə də gündə yüz yol canına dua edirlər. Televizorda baxıb ləzzət alır...

Pulu alanlar ələ baxımlılığa, tənbəlliyə öyrənir, pulu aparıb onlara çatdıran məmurlarsa oğurluğa... Və əsrlərlə belə davam edir...

Mani Haghighi ötən həftə Praqada idi. İran filmləri festivalında.

"Təvazökarca qarşılanma" filmində yaşlı bir qohumlarının vəsiyyətini yerinə yetirən cütlük öz "Lexus"larında dağları dolaşıb qarşılarına çıxanlara nəzir adıyla kisə-kisə pul paylayırlar.

Onların reaksiyasını smartfona çəkirlər...

Amma pul paylamaq səlahiyyəti bir neçə saatın içində onların psixilogiyasını elə korlayır ki...

"Bio oko" kinoteatrının qəribə zalı, içəridəki adi stullarla yanaşı kötüklər, çimərlik kresloları, hətta ikioturacaqlı qədimi maşın da - bir məqamda tam yaddan çıxır, gördüklərindən şöka düşüb gözünü ekrandan çəkə bilmirsən.

Rejissor alqışlarla qarşılandı. Filmə baxışdan sonra tamaşaçıların ona sual vermək imkanı yarandı.

Fürsətdən istifadə edib bir sual da mən verdim - zala pulsuz buraxılmış Praqa Film Məktəbinin tələbələrindən biri kimi.

Filmin ssenarisi, daha doğrusu ideyanın hardan gəlməsi haqda soruşdum.

Düşünürdüm ki, bəzi səhnələr yalnız hansısa məşhur romanlardan, hekayələrdən götürülə bilər. Əlbəttə İran kinosunun səviyyəsini düzgün qiymətləndirməmək ucbatından.

Mani Haghighi filmin həm rejissorudur, həm baş rolu ifa edir, həm də ssenarini (Amir Reza Koohestani ilə birlikdə) yazıb.

Sən demə, bir dəfə, İranda tez-tez baş verən zəlzələlərin birinin dağıtdığı bölgədən keçərkən düşünüblər ki, görəsən, həmin insanları necə ovuda, onlara necə kömək edə bilərlər? Bəlkə ciblərində nə var, çıxarıb versinlər? Bəlkə bank hesabalarını boşaldıb onların arasında bölsünlər? Amma bunun həmin adamlara nə dərəcədə köməyi dəyəcək, problemləri həll olunacaqmı?

Bir də ssenarini yazarkən Mani Haghighi-nin köməyinə fransız sosioloqu Marcel Mauss-un "Hədiyyə" kitabı gəlib.

45 yaşlı Haghighi Amerikada təhsil alıb, Guelph Universitetində fəlsəfə, Trent Universitetində incəsənət üzrə magistr dərəcəsi alıb.

Kinoteatrdakı sual-cavab zamanı İran rejiminin əleyhinə bir kəlmə də demədi, "mən filmlərlə kimisə ittiham edən rejissorlardan deyiləm" söylədi.

Amma həm də demək istədiyini filmiylə deyir. İran cəmiyyətinin də yoluxduğu ciddi bir mərəz haqda səviyyəli film ortaya qoyub. Özü də şəriət senzurasının olduğu ölkədə çəkib həmin filmi.

Yüksək pilotaj...

Görəsən, bizim rejissorların da arasında sosiologiya ilə, fəlsəfə ilə maraqlananlar çoxdur?

Filmdə qızının meyitini basdırmaq istəyən ata tanımadığı adamın ona təklif etdiyi milyonları götürürmü?

Baxmağa dəyər...
XS
SM
MD
LG