Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Polis: «Mən heç kəsin üzünə dura bilmərəm»


İsmayıllı - 25 yanvar 2013
İsmayıllı - 25 yanvar 2013
-
Yanvarın 15-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi davam edib.

İsmayıllı rayon polis şöbəsinin əməkdaşı Fərəc Əzizov ilkin istintaqdakı ifadəsindən boyun qaçırıb.

O, məhkəməyə ifadəsində İsmayıllı hadisələri zamanı müttəhimlərdən heç birini orada görmədiyini bildirib. İlkin istintaq materiallarında isə F. Əzizovun REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun adamları iğtişaşlara sövq etdiyini gördüyü deyilirdi.

F.Əzizov istintaqa verdiyi ifadəni oxumadığını, sadəcə, ona verilən mətni imzaladığını söyləyib.

Hakim və prokuror çoxsaylı sualla üz tutsalar da, F.Əzizov müttəhimlərin əleyhinə ifadə verməyən F. Əzizov deyib ki, «mən heç kəsin üzünə dura bilmərəm».

«QARŞIDURMA BUNDAN SONRA BAŞLADI»

Çevik Polis Alayının İsmayıllı rayonunda olan əməkdaşı Elvin Nəsirov ifadəsində bildirib ki, küçədəki adamları su şırnaqları ilə sulamayınca sakitlik idi: «Qarşıdurma bundan sonra başladı».

Onun bu ifadəsindən sonra hakim və dövlət ittihamçısı belə olmadığını söyləyiblər. Elvin Nəsirovsa buna «mən olanı deyirəm» – deyə reaksiya verib.

Daha sonra mülki şəxslərdən 5 zərərçəkən çıxış edib. Onların arasında «Çıraq» otelinin qarışıqlıqlarda avtomobillərinə və əmlaklarına ziyan dəyən əməkdaşları da olub. Zərərçəkənlər müttəhimlərə qarşı heç bir iradlarının olmadığını bildiriblər.

Məhkəmə yanvarın 21-də davam edəcək.

Müttəhimlər kürsüsündə 18 nəfər əyləşib. Onların arasında REAL hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Qalan 16 nəfər İsmayıllı sakinləridir.

Onlar 2013-cü il yanvarın 23-24-də kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham olunurlar.
XS
SM
MD
LG