Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:32

“Şahdağ” Qış-Yay Turizm Kompleksi və müflis olan ətraf kəndlilər…


arxiv foto
arxiv foto
-
“Getmişəm, kanata da minmişəm. Keçən il bir dövrəsi 5 manat idi, bu il 6 manatdır. Kasıblar üçün baha, pullular üçünsə çox-çox ucuzdur”.

Qusarın Aladaş kəndinin sakini olan Ələmşah dayı kəndin bir addımlığındakı “Şahdağ”ı kənardan seyr etməklə kifayətlənir. Deyir, bura cibinə güvənənlərin istirahət yeridir. Kasıblar yaxın düşə bilmir.

Aladaşlılar deyirlər ki, bu kompleksdə əylənmək tək-tük kəndlinin yadına düşür. Çoxu isə “Şahdağ”dakı əyləncədən çox bu əyləncəyə qurban getmiş torpaqlarının, mal-heyvanlarının, bir sözlə, ruzi-bərəkətlərinin xiffətini çəkirlər.

ƏLDƏN ÇIXAN HEKTARLARLA ƏKİN, ÖRÜŞ SAHƏLƏRI…

İkinci ildir ki, Qusarda yerli və xarici turistlərə xidmət göstərən “Şahdağ” Qış-Yay Turizm Kompleksi fəaliyyət göstərir. Bura gələnlər əyləndikləri məkanın ətraf kəndlilərlə mübahisəli olmasından xəbərsizdilər. Kəndlilər kompleks tikintisi zamanı əllərindən alınmış torpaqları geri tələb edirlər. 80 kəndli məhkəməyə üz tutub. Bu barədə az sonra onların vəkili Anar Qasımlı danışacaq.

Şahid Kiçikbəyov
Şahid Kiçikbəyov
​“Şahdağ” turizm kompleksi yaxınlıqdakı Aladaş və Kuzun sakinlərinin həyatına hansı dəyişiklikləri gətirdi? Aladaşlı Şahid Kiçikbəyovun sözlərinə görə, 3-4 ildir ki, bu kənddə çox ailələr çörəksiz qalıb:

“Mal saxlaya bilmirik, əkin əkməyə yer qalmayıb. Hamısı əlimizdən alınıb. Əvvəllər açıq sahələr idi, mal-qaranı çölə buraxırdıq. İndi ağaclar əkiblər, mal-qaranı çölə buraxmağa icazə vermirlər ki, ağacları yeyərlər. Nə qədər əkin sahələrimiz əlimizdən çıxdı”.

GÖZ QARŞISINDA GÖZƏLLİK, DİLDƏ GİLEY-GÜZAR…

Kəndlilər deyir ki, mal-qara otarmağa yer qalmadığından hamısını satmalı olublar. Beləliklə də, əkinçilik və heyvandarlıqla məşğul olan, əkib yetişdirdiklərini və mal-heyvandan aldıqları qatığı-südü bazarlara çəkən kəndlilər işsiz qalıblar. Bir də deyir, vaxtilə torpaqlar əllərindən alınanda onlara vəd olunub ki, kompleks fəaliyyətə başlayanda orada işlə təmin olunacaqlar:

“Kəndin cavanları işsiz-gücsüz o başa gedirlər, bu başa gəlirlər. Hər şey əlimizdən çıxıb, kompleksdə də iş vermirlər. Şəxsən mən 1 ildir gedib gəlirəm, deyirlər get o sənədi gətir, get bu sənədi gətir. Lazımsız sənədlər istəyirlər, axırda da işə götürmürlər. Bakıdan, ordan-burdan gələnləri işə götürürlər, bizi yox.

- Torpaqları alanda kompensasiya vermədilər?

- Yox… Şəxsən məni evimdən də çıxardıb gətirib burda bir ev tikdilər. Dedilər kompensasiya verəcəyik, hər şeylə təmin edəcəyik. Elə ki evdən çıxdım, dedilər xoş getdin. Heç nə də vermədilər. 4 divar tikdilər, üstünü də örtüb çıxıb getdilər. Prezidentə neçə dəfə şikayət məktubu yazandan sonra, gəlib ala-yarımçıq təmir etdilər”.

Kəndlilər tez-tez kəndin bir hissəsinə yığışıb dağın başındakı turizm kompleksinə tamaşa edirlər. Gözlərinin qarşısında möhtəşəm əyləncə mənzərəsi, dillərində giley-güzar…

VERTOLYOTLAR GETDİ, TRAKTORLAR GƏLDİ…

Şirinbala Hacıverdiyev
Şirinbala Hacıverdiyev
Kuzunda da eyni vəziyyətdir. Kənd sakini Şirinbala Hacıverdiyev deyir ki, torpaqların əldən çıxması kəndlilərin durumunu iflic edib:

“Örüşlərimizi, zəmilərimizi əlimizdən aldılar. Kolxoz, sovxoz vaxtı əsasən kartofçuluqla məşğul olurduq. Heydər Əliyevin vaxtında bizə pay torpaqları verildi. Hər ailəyə 3-4 hektar torpaq sahəsi düşdü. 2006-cı ildən əvvəllər vertolyotlar gəlib-getdi. Səbəbini bilmədik. Bir də eşitdik ki, burada tikintilər gedəcək. 1 ildən sonra vertolyotlar getdi, traktorlar gəldi. Başladılar torpaqlarımızı qazımağa. Maraqlandıq ki, nə məsələdir, dedilər idman kompleksi tikiləcək. Bir gəlib soruşan olmadı ki, axı bu torpaqlar kimindir? Başladılar torpaqlarımızı zəbt etməyə”.

Kənd sakini deyir ki, əl-ayağa düşüb torpaqlarında gedən işləri dayandırmaq istəyəndə, onlara kompensasiya təklif olunub – hər sotuna 24 manat. Torpaq sahibləri razılaşmayıb, məhkəməyə üz tutublar.

Kuzun kəndinin narazı sakinlərinin vəkili Anar Qasımlı deyir ki, rəsmi qurumlara Kompleksin tikintisinin düşdüyü torpaq üçün nə qədər kompensasiya ödənməsi barədə sorğular göndərib.

Qurumlar vəkilə rəqəm açıqlamayıblar, ümumi cavablar verməklə kifayətləniblər:
“Əsas bizim öyrənmək istədiyimiz odur ki, dövlət həmin torpaqların hər sotuna nə qədər pul ayırıb. Bunu biləndən sonra adamlar ödənilən məbləğlə razılaşmasalar, məsələni məhkəmələrdə həll etməli olacaqlar”.

“KOMMERSİYA LAYİHƏSI OLDUĞU ÜÇÜN…”

Şahdağ İstirahət Kompleksi
Şahdağ İstirahət Kompleksi
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev mülkiyyətçilərə kompensasiya ödənilmədən torpaqlarda tikinti aparılmasını adamların mülkiyyət hüquqlarının pozulması hesab edir. Deyir ki, qanunvericiliyə əsasən, istənilən turizm obyektinin tikintisi dövlət ehtiyacları kateqoriyasına aid edilmir. Bu, kommersiya xarakterli layihədir:

“Sotuna 24 manat ödənilməsi biabırçı faktdır. Sotu 24 manata hətta dağlıq yerlərdə də torpaq yoxdur. Bu, dövlətin vətəndaşa qarşı münasibətində özbaşınalıqdır. Qiymət birtərəfli qaydada “sotuna 24 manat verirəm” formasında deyil, bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Tərəflərdən biri razı deyilsə, məhkəməyə müraciət etməlidir. Bütün bunlar başa çatmamış o ərazilərdə tikintinin başlanması, ora prezidentin gəlməsi, Kompleksin işə düşməsi dövlətin vətəndaşa hörmətsiz yanaşmasıdır”.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri indiyədək keçirilən məhkəmə iclaslarında bildiriblər ki, kənd sakinlərindən torpaqlar normativ qiymətlər əsasında alınıb.

“Şahdağ” Qış-Yay Turizm Kompleksi turizm sahəsində ən iri layihələrdən hesab olunur. Kompleks 2045 hektardan artıq sahəni əhatə edir. Tikintisinin 4 mərhələdə, 8-10 ilə başa çatdırılması planlaşdırılır. İnşaat işlərini yerli və xarici şirkətlər həyata keçirir.

Kompleksin inşasına qoyulan investisiyanın həcmi 2 mlrd. avro təşkil edir. Azərbaycan dövləti 400 mln. avro ayırır, qalan vəsaiti özəl investorlar yatırmalıdırlar.
XS
SM
MD
LG