Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Günel Mövlud. İsanın əzabları


Günel Mövlud
Günel Mövlud
-

Sənə yaşamağa imkan verməyəcəklər. Səni təhqir edəcəklər. Səni həyatından bezdirəcəklər.

Sənin valideynlərini, qohumlarını, dostlarını sənə qarşı qoyacaqlar. Səni intihar edənə qədər rahat buraxmayacaqlar...



Günel Mövlud


İSANIN ƏZABLARI


Bu gün bir gənc özünü asdı. 20 yaşlı, üzügülər, şən, savadlı, ləyaqətli bir gənc.

Amma bütün bu keyfiyyətləri onu xilas edə bilmədi. Fərqli yarandığı, ya da fərqli həyat tərzi seçdiyi üçün böyük bir insan kütləsi ona düşmənçilik, müharibə elan elədi.

İsa homoseksual idi, bunu etiraf edirdi. Bundan utanmırdı.

Bu isə bizimki kimi bir xalqın bağışlaya, həzm eləyə, sayğı göstərə biləcəyi bir şey deyildi.

Mən İsaya edilənləri, deyilənləri, təzyiqləri, təhqirləri təsəvvür edirəm. Oğlunun, qızının bir az fərqli geyinməyini, bir az fərqli görünməyini, evə bir-iki saat gec gəlməyini belə həzm edə bilməyən valideynlərin ölkəsidi bu.

Əynində dizi cırıq şalvar, qulağında sırğa, saçını uzun gördüyü üçün bir gənc oğlanı aşağılayan, təhqir edən, danlamağı özünə borc bilən insanların ölkəsidi.

Özlərinə oxşamayan, onlar kimi görünməyən yaşıdlarını məhəllədə lağa qoyan, fitə basan, dalanda tutub döyən, arxasınca olmazın təhqirlər yağdıran «məhəllə cayılları»nın ölkəsidi bura.

20 yaşlı bir gəncin dözə biləcəyi, davam gətirəcəyi şeylər deyil bunlar. Çıxış yolunu intiharda görmək onun bəlkə də yeganə xilas yolu idi.
İsa Şahmarlı
İsa Şahmarlı

Amma İsanın intihar etmək həddinə çatdırılmağının səbəbi onun sadəcə homoseksual olması deyildi. Hamı qəşəng bilir ki, ölkədə minlərlə homoseksual var.

Otellərin qabağında paqonlularla əlbir işləyən, şou-biznesin gündəmində qalan, toylarda tamadalıq eləyən minlərlə homoseksual var.

Onlara heç kim heç nə demir. Onları həvəslə toylara çağırırlar. Yaxşı pul ödəyirlər. Gözəl evlərdə yaşadıb, bahalı maşınlara mindirirlər. O adamlar bu ölkədə çox rahat, rifah içində, bir damcı da təzyiqə məruz qalmadan yaşayırlar.

Çünki onlar özlərini bu xalqın mentalitetinə uyğunlaşdırıblar. Onlar camaatın arasında, efirdə, müsahibələrdə, toylarda mentalitetdən, milli-mənəvi dəyərlərdən, muğamdan, tar-kamandan, Qarabağ atlarından, Nizamidən, Fizulidən danışırlar. Lazım gələndə polislə işbirliyinə girirlər. Lazım gələndə prezidentin seçkiqabağı təbliğatında iştirak edirlər.

Azərbaycanda əgər sən bu qəbildən homoseksualsansa, buyur, keç yuxarı başa. Sənə heç kim heç nə deyə bilməz. Amma sən homoseksual olduğunu açıq etiraf edirsənsə, sən polisə işləmirsənsə, sən mentaliteti tərifləmirsənsə, sən muğamı, tar-kamanı, Qarabağ atlarını, Şirvan xalçalarını, türkçülüyü təbliğ etmirsənsə, məscidə getmirsənsə, bir sözlə saxta, yalançı olmaq, ikili həyat yaşamaq istəmirsənsə, sən bu xalqın düşmənisən.

Sənə yaşamağa imkan verməyəcəklər. Səni təhqir edəcəklər. Səni həyatından bezdirəcəklər. Sənin valideynlərini, qohumlarını, dostlarını sənə qarşı qoyacaqlar. Səni intihar edənə qədər rahat buraxmayacaqlar.

Səninsə cəmi 20 yaşın var. Sən azadsan. Müsbət enerji ilə dolusan. Sən təmizsən. Sən saxta, yalançı olmaq istəmirsən. Sən özün seçdiyin, doğru bildiyin həyatını yaşamaq istəyirsən. Amma bu ölkə sənin rənglərini qəbul edə biləcək ölkə deyil.

Bəli, Tanrı səni yaratdığı kimi sevə bilər. Amma bu xalq səni Tanrının yaratdığı kimi sevə bilməz.

Sənin bircə günahın var.

Səhv ölkədə doğulmusan.

Ruhun şad olsun!
XS
SM
MD
LG