Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Südsüz, kombinezonsuz, çəkməsiz Azərbaycan neftçisi


Foto: Arxiv
Foto: Arxiv

-
Bakı, sən ucalt neft buruqlarını,
Bəzə hər yanı sərvətinlə.
Hər bir bakılının vurur ürəyi
Sənin saf məhəbbətinlə.
Dalğalıdır hər tərəf,
Görünmür neftdən iz.
Biz onu su altından
Taparıq, şübhəsiz.

Xəzər neftçisinin nəğməsidir bu. Əsrlər boyu şəninə çox nəğmələr yazılıb. Gecə-gündüz, min-bir əziyyətlə çıxardığı «qara qızıl» dünyanı bəzəyib.

Bəs bu qızıl onun özünü ağ günə çıxara bilibmi? Aldığı əməkhaqqından savayı qazancı nə olub? Azərbaycan neftindən milyardlar qazanan şirkətlərin sıravi neftçi, cəmiyyət qarşısında hansı öhdəlikləri var və onları necə qarşılayır?

SÜD, KOMBİNEZON, ÇƏKMƏ

«Bizə zərərli iş şəraitinə görə süd verilmir, kombinezon, çəkmə tapılmır» - Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) idarələrindən birində çalışan, adının çəkilməsini istəməyən bir fəhlə belə deyir. Dediyinə görə, Əmək Məcəlləsinin əmək şəraitinin təmini bölümü tam yerinə yetirilmir:

Gözlə
Embed

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid

Xüsusi reportajlar - 28.01.2014

Canlı efir
«Əmək müqaviləsində yazılıb ki, zərərli iş şəraitinə görə işçilərə süd verilməlidir. Ancaq verilmir. İşçinin təhlükəsizliyinin təminatı üçün fərdi mühafizə vasitələri vaxtlı-vaxtında verilmir. Adi iş çəkməsini 2-3 ildir ala bilməyənlər var. Kombinezon çətin tapılır. Bir dəfə baş mühəndisə müraciət olunub ki, yemək vaxtı işçilərə vaqonda yer çatışmır. O da qayıdıb ki, «dizlərinin üstündə yesinlər». Bu dərəcədə sayğısızlıq var işçiyə qarşı. İşçilər ezamiyyətə göndərilir, ancaq ezamiyyə xərcləri şəffaf göstərilmir. Bu xərclərin ödənməsi barədə işçilərə bütün hesabatlar göstərilmir. Məsələn, Mingəçevirə göndərilən işçinin ezam olunduğu yer Yevlax rayonu göstərilir. Ezamiyyə də işçini tənbeh metodlarından biridir. Ezamiyyətə göndərilməyən işçi öz iş yerində cüzi- ən çoxu 400-500 manat alır. Ezamiyyə xərcləri ilə birlikdə maaşı 700-800 manata çatır. Öz haqlarını tələb edən işçi ezamiyyətə göndərilmir, ömrü boyu 300 manat alır, axırda bezib ərizəsini yazır».


Bu giley-güzarı edən neftçi işdən çıxarılma qorxusundan adının çəkilməsini istəmir. Deyir, işdən qovulmaq nədir, «strateji sirri yaydığına» görə şirkətin qoçuları onu yaxşıca əzişdirə də bilər...

GÜNDƏ 3 DƏFƏ İSTİ YEMƏK

«Dənizdə növbə metodu ilə işləyən işçilər gündə 3 dəfə isti yeməklə təmin olunur. Eyni zamanda dəniz obyektlərində işləyən neftçilərin içməli su təminatının yaxşılaşdırılması üçün «Günəşli» yatağının 13 saylı Dərin Dəniz Özülündə dəniz suyunu içməli və ümumi istifadə suyuna çevirən «Tərs Osmoz Membran Sistemi» quraşdırılıb». - bunu ARDNŞ-in saytında oxuyuruq.

Xəzər dənizində neft platforması
Xəzər dənizində neft platforması


Şirkət işçilərin sosial rifahının qayğısına qaldığını qeyd edir:


«ARDNŞ üzrə 6000-dən çox neftçi ailəsi mənzil növbəsinə dayanıb. Onlardan 400-ə yaxını 20 ildən artıq, 2800-ü isə 10 ildən artıqdır ki, mənzil növbəsi gözləyir. Sosial ədalət prinsipinə riayət edilməsi məqsədilə ARDNŞ üzrə mənzil növbəsinə götürülmüş işçilərin mənzil uçotu və bölgüsü mərkəzləşdirilmiş qaydada aparılır. Mənzil növbəsində dayanmış işçilərin mənzillə təmin edilmələri məqsədilə Lökbatan qəsəbəsində 10 və 40 mənzilli, Qara Qarayev prospektində isə 85 mənzilli 17-mərtəbəli yeni yaşayış binasının tikintisi başa çatmışdır. Mənzil növbəsində dayanan 6000-dən artıq neftçi ailəsinin qısa müddətdə mənzillə təmin olunması üçün bütün imkanlardan istifadə edilir».


EVİNİZİ ÖZ HESABINIZA SÖKÜN

...Neftli ərazilərin təmizlənməsi proqramı adıyla evindən-eşiyindən didərgin düşənlər barədə illərdir eşidirik. ARDNŞ-in arqumentləri haqlı görünür, neftli ərazidə yaşamaq təhlükəli və sağlamlığa ziyandır. Ancaq evləri uçurulanları narazı salan illər öncə tikintini yerli bələdiyyə, icra hakimiyyətinin razılığı ilə aparmalarıdır.

Ən son iddia Balaxanı sakinlərinə qarşı qaldırılıb. Sakinlərin bir qrupundan məhkəmə tələb edir ki, neftli ərazidə tikdikləri evləri öz hesablarına söksünlər. Hacı Soltan küçəsi, 23 ünvanında yaşayan Mətanət Abdinova deyir ki, Balaxanının bir neçə küçəsində yaşayan onlarla ailəyə məhkəmədən oxşar bildiriş gəlib:

Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

«1914, 1924-cü illərdən orada məskən salan ailələr var. Deyirlər o vaxt orada heç buruqlar da olmayıb. Bizdə kupça yoxdur, bələdiyyənin verdiyi torpaq sahəsinin sənədidir. Hamını çağırıblar. Məhkəmənin qərarı gəlib ki, «neftli torpaqda tikmisiniz, öz hesabınıza da sökün». Deyirlər 7 minə yaxın məktub gəlib. Tikəndə hamının icazəsini almışıq. Bələdiyyədən, neft şirkətindən, polisdən də gəlmişdilər. Şirinlik istədilər, biz də verdik, tikdik evi, 2008-ci ildə köçdük. Mənim evimdən təxminən 20 metr aralıda buruq var. Ancaq bəzi həyətlərdə buruq var. Bir evi təmir edəndə neft də çıxmışdı».


İddiaçı ARDNŞ-in «AzNeft» İstehsalat Birliyidir. Sabunçu rayon Məhkəməsinin ötən ilin oktyabrında çıxardığı qətnamədə deyilir ki, «Azneft» 1963-cü ildə «Balaxanıneft»ə neft-qaz əməliyyatları üçün sənayetəyinatlı torpaq sahələri ayırıb. Cavabdeh (Mətanət Abdinova) isə həmin sahədə özbaşına tikinti aparıb.

SOCAR-ın yeni Baş ofisinin layihəsi
SOCAR-ın yeni Baş ofisinin layihəsi

YENİ BAŞ OFİSİN TİKİNTİSİ – SOSİAL MƏSULİYYƏT?

«Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələr zamanı yerli əhalinin hüquqlarının təminatı üçün hansı yumşaldıcı tədbirlər həyata keçirilir?».

​AzadlıqRadiosunun bu sualını şirkət «qeyri-müəyyən və konkret olmadığı» üçün cavablandırmayıb.

Yerli icmalarla iş hər bir şirkətin sosial məsuliyyətidir. Belə ki, bütün şirkətlər insan haqlarına hörmət etməyə birbaşa məsuliyyət daşıyırlar. Bundan başqa, Korporativ Sosial Məsuliyyətə (KSM) biznes etikası, işçilərin sosial müdafiəsi (əmək hüquqları, ədalətli maaşları, əməyin təhlükəsizliyi), ətraf mühitə münasibət, təbii sərvətlərdən təhlükəsiz və səmərəli istifadə, hökumətlə və yerli icmalarla iş (sosial və mədəni inkişaf proqramları) daxildir.

Bəs ARDNŞ-də sosial məsuliyyət necə anlaşılır? Şirkətin saytındakı bu bölümdə ilk və tək informasiya şirkətin yeni baş ofisinin tikintisiylə bağlıdır. 2010-cu ildə binanın təməli qoyulub, ilkin olaraq 235.4 milyon ABŞ dolları dəyərləndirilib.

​Humanitar proqramları sırasında şirkət Ağdam rayonu ərazisində yerləşən «Dördyol 1, 2» və «Təzəkənd» qəsəbələrində məcburi köçkün ailələrinə bayram günlərində ərzaq yardımı göstərildiyini vurğulayır. Bu qəsəbələrdəki uşaq bağçaları yer örtükləri, xalçalar, televizorlar, qızdırıcı radiatorlar, idman geyimləri və digər ləvazimatlar ilə təchiz olunub. Bundan başqa ARDNŞ 15 minə yaxın məcburi köçkün ailəsinə də qayğı göstərir. Onlardan 3000 nəfərə yaxını şirkətin müəssisələrində müvafiq işlə təmin olunub.

İNSAN HAQLARI BİZNESİN İŞİDİRMİ?

Vaxtilə xarici korporasiyaların Çin hökumətini internet senzurası texnologiyası ilə təmin etməsini beynəlxalq hüquq müdafiə təşkilatları pisləyib. Ancaq Nigeriyada neft sənayesi yüz minlərlə insanın hüququnu pozub, neft şirkətlərindən buna görə hesab soran olmayıb.

Foto: Arxiv
Foto: Arxiv

«İnsan haqları biznesin işi deyil». Bu, uzun müddət üçüncü dünya ölkələrində işləyən transmilli şirkətlərin rəhbər prinsipi olub. Onlar daha çox mənfəət qazanmaq üçün avtoritar rejimlərlə işləyiblər. Ancaq getdikcə neft şirkətlərinə təzyiq göstərilib ki, bu prinsipdən əl çəksinlər. Beynəlxalq hüquq-müdafiə təşkilatları daha çox neft şirkətlərinin biznes mədəniyyəti və davranışının dəyişməsini istəyib. 1995-ci ildə «Amnesty International» və «Human Rights Watch» nəhəng konqlomeratlara qarşı bir kampaniya başladıblar. Onlar əksər xarici neft şirkətlərinin insan haqları pozuntularına göz yumduğunu bildirirdi. «Human Rights Watch» hazırladığı hesabatda neft şirkətlərinin mənəvi prinsipləri nəzərə almadan işlədiyi ölkələrin qara siyahısına Qafqazı da daxil edib.

2011-ci ildə isə BMT Biznes Fəaliyyəti və İnsan Haqlarına dair Rəhbər Prinsipləri təsdiqləyib. Bu prinsiplərin hədəfi biznes fəaliyyətinin insan haqlarına mənfi təsirini önləməkdir.

TÜRKİYƏDƏ QAZANCIN 20 FAİZİ CƏMİYYƏTƏ QAYTARILIR

«Korporativ sosial məsuliyyət anlayışını respublikaya elə xarici neft şirkətləri gətirib». Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Elməddin Hacılı bu fikirdədir. Yəni, neft şirkətləri ilə müqavilələrdə göstərilir ki, onlar əldə etdikləri gəlirin bir hissəsini yenidən cəmiyyətə qaytarırlar:

Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid


«Bildiyim qədərilə ilk illərdə xarici neft şirkətləri korporativ məsuliyyətə əməl edirdilər. Məsələn, BP şirkəti bioloji müxtəlifliklə bağlı 6 müsabiqə həyata keçirib. Sonuncu 2007-ci ildə olub. Digər transmilli korporasiyalar da elə fəaliyyət göstərir. Görünür, 2006-cı ildən sonra, neft axını azalandan bu sahəyə maraq azalıb. Türkiyədə həmin korporasiyalar əldə etdikləri gəlirin 20 faizini yenidən cəmiyyətə qaytarırlar. Məsələn, təhsil layihələri, yaxud PKK terroruyla bağlı layihələrə dəstək göstərirlər. Qısamüddətli deyil, daha çox uzunmüddətli strateji layihələrə diqqət ayırırlar. Ötən il Azərbaycanda «Korporativ Sosial Məsuliyyət Haqqında Xartiya» hazırlandı. Ancaq bu xartiyanın icra mexanizmləri barədə heç bir məlumatımız yoxdur. Şirkətlər təklif edirdi ki, vətəndaş cəmiyyətinə ayrılan layihələrə müəyyən vergi güzəştləri tətbiq olunsun. Bu, xartiyada da əksini tapmışdı».


BP AZERBAIJAN

BP şirkətində 2012-ci ildə İşgüzar Fəaliyyət və İnsan Hüquqları siyasəti hazırlanıb və 2013-cü ilin martından həyata keçirilir. Bu siyasət BP-də işləyən hər bir işçiyə şamil edilir.

«BP Azərbaycan» şirkətinin Əlaqələr üzrə meneceri Tamam Bayatlı deyir ki, bu rəhbər prinsiplərdən əvvəl də şirkət işəgötürmə zamanı insan haqlarına dair beynəlxalq konvensiyalara daim əməl edib. BMT-nin rəhbər prinsipləri, yeni olmasına baxmayaraq, artıq BP-nin bir çox mövcud daxili qaydalarının, xüsusilə də davranış kodeksi, dəyərləri və əməliyyatlarla bağlı bir çox tələblərinin əsasını təşkil edir:

Gözlə

No media source currently available

0:00 0:04:04 0:00
Direct-ə keçid

«Azərbaycan hökuməti ilə imzalanmış İkitərəfli Təhlükəsizlik Protokolunun (İTP) tarixi isə daha qədimdir. Bizim boru kəmərlərimizi və digər obyektlərimizi mühafizə edən qurumlar arasında əməkdaşlığımızı tənzimləyir. Bu o deməkdir ki, bizim obyektləri mühafizə edən təhlükəsizlik qurumları qoruduqları obyektlərin yerləşdiyi sahələrdə yaşayan əhaliylə münasibətlərdə insan hüquqlarını qorumaq üzrə Könüllü Prinsiplərə tam əməl etmək öhdəliyi götürüblər.
Tamam Bayatlı
Tamam Bayatlı
Bu vaxtadək BP-nin əməliyyatçısı olduğu obyektlərin mühafizəsi ilə bağlı olaraq İBKTİ tərəfindən güc tətbiq edilməsinə dair ittiham halları qeydə alınmayıb. İTP-dən irəli gələn 2012-ci ildə hazırlanmış prosedurlar hal-hazırda daxili hüquqi ekspertizadan keçirilir».


4 MİLYON DOLLARLIQ SOSİAL LAYİHƏLƏR

2013-cü ilin 10 ayı ərzində hansı QHT-lərə hansı layihələr verilib? seçim necə aparılıb, hansı qrantlar təqdim olunub? Şirkət hansı sosial və humanitar layihələr həyata keçirib?

BP bildirir ki, davamlı inkişaf təşəbbüsləri və sosial layihələr çərçivəsində təqribən 15 QHT vasitəsilə hər il milyonlara dollarlıq layihələr həyata keçirir. Yalnız ötən ilin 9 ayı ərzində QHT-lər vasitəsilə təqribən 2 milyon dollarlıq sosial layihələri olub. Tamam Bayatlı şirkətin sosial layihələrinin əhatə dairəsinin, miqyasının daha da artdığını deyir:

Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid

«Ötən il yalnız Azərbaycanda biz sosial layihələrə 4 milyon dollardan artıq pul xərcləmişik ki, bu da ötən illərdən az deyil. «Şahdəniz 2» mərhələsiylə bağlı yekun investisiya qərarı veriləndən sonra sosial layihələrin həcmi də daha da artacaq. 2012-ci ildə Olimpiya oyunlarıyla əlaqədar həm Milli, həm də Paralimpiya Komitələrinə dəstək verdik. Təhsil sahəsinə xüsusi önəm veririk. Qafqaz Universiteti ilə çoxmilyonluq tərəfdaşlıq layihəsi həyata keçiririk. Universitetdə 2 yeni fakültə açmışıq, çoxmilyon dollarlıq laboratoyar bağışlamışıq. Görünür, bütün bu layihələr elə mexanizmlə həyata keçirilir ki, cəmiyyət də, media da artıq buna alışıb və qeyri-adi baxmır. Elə bu ilin yanvarında iki layihə həyata keçirdik- İncəsənət və Tarix muzeylərinə pulsuz girişə sponsorluq etdik. Bu kampaniyalar çox böyük rezonans doğurub».

«Bos Shelf» şirkətində neftçilərin tətili
«Bos Shelf» şirkətində neftçilərin tətili

STATOIL APSHERON A.S.

«Statoil Azərbaycan» şirkətinin prezidenti Tangi Kosmao AzadlıqRadiosunun sorğusuna cavabında bildirir ki, «Statoil» BP-nin həyata keçirdiyi bütün Korporativ Sosial Cavabdehlik proqramlarını maliyyələşdirir. 2003-cü ildən «Statoil» Azərbaycanda EİTİ-nin (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) prosesinin iştirakçısıdır. QHT-lərlə əməkdaşlıq EİTİ üzrə QHT Koalisiyası ilə əməkdaşlıq yolu ilə həyata keçirilir.

AzadlıqRadiosu bir neçə ay öncə «Exxon Mobil» və «Bos Shelf» şirkətlərinə də sorğu göndərərək ölkə layihələrindən ümumi qazancları, sosial layihələri, QHT-lərlə əməkdaşlıq üzrə məlumat istəyib. «Exxon Mobil» sorğunu cavablandırmayıb.

«BOS SHELF»İN «MƏRHƏMƏT» FONDU

«Bos Shelf» şirkətinin Həmkarlar İttifaqının sədri Allahyar Əyyubov şirkətin özəl qurum olaraq həyata keçirdiyi sosial layihələrdən danışır:

Gözlə

No media source currently available

0:00 0:04:56 0:00
Direct-ə keçid

«Məsələn, işçilərimizin yaşadığı Sahil qəsəbəsində uşaqların idmanla məşğul olması üçün idman klubunu təmir etdirmişik. Öz işçilərimizin uşaqları üçün ödənişi də biz edirik. Bundan başqa «Mərhəmət» fondumuz var. Buraya yığılan vəsait ya konkret müraciətlər əsasında yardım məqsədilə ayrılır, ya da uşaq evinə yönəldirik. Bakıdakı Yaşıllar Evinə də həmin vəsaitdən pay ayırırıq. Əməyin təhlükəsizliyi istiqamətində də şirkətin çox ciddi proqramı var. Hər bir işçi əməyin təhlükəsizliyi kurslarına cəlb olunur, onlardan sınaq imtahanları götürülür. Hər gün işə başlamazdan məcburi şəkildə «Toolbox»- günün təhlükəsizlik alətləri ilə tanış olurlar. Xüsusi ayaqqabılar, baş geyimi- dəbilqə, eynək, əlcəklə təmin olunurlar. Bütün işçilərin tibbi və həyat sığortası var. Şəhid ailələri, Qarabağ qazilərinə yardımlar edirik».

Əli Məsimli
Əli Məsimli

100 MİLYONLUQ EKOLOGİYA 15 MİLYONA NECƏ ENDİ?

İri neft şirkətlərinin sosial layihələri, işçilərin hüquqlarına dair öhdəlikləri, ekologiyaya vurduqları ziyan zaman-zaman bəzi deputatların da toxunduğu məsələ olub. 2007-ci ilin martında Milli Məclis Zığ və Hövsan neft yataqlarına dair sazişi təsdiqləyəndə, bəzi deputatlar bu məsələni qaldırıblar. Həmin saziş ARDNŞ, «Russneft Abşeron Investments Limited» və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında bağlanıb. Deputat İlyas İsmayılov bildirib ki, həmin mədənlərlə bağlı 2001-ci ildə «Lukoil» şirkəti ilə müqavilə bağlanıb, ancaq «Lukoil» ekoloji problemlərin həllini öz üzərinə götürmədiyinə görə 2005-ci ilin dekabrında bu müqavilə ləğv olunub. Deputat Əli Məsimli də ekologiyadan danışıb:


««Lukoil»la bağlanan sazişdə vəsaitin çox hissəsinin ekologiyaya yönəldilməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, sazişin əhatə dairəsində çox ciddi ekoloji problemlər var. Birdən-birə ekologiyaya ayrılan vəsait 100 milyon dollardan haradasa 10-15 milyon dollara enirsə, həmin vəsait hesabına orada olan ekoloji problemləri həll eləmək mümkün olacaqmı, yoxsa burada həmin problemlər qalmaqda davam edəcək?».


EKOLOJİ CƏRİMƏLƏR

Ötən il ətraf mühitə vurduğu ziyana görə hansı neft şirkətləri cərimələnib? AzadlıqRadiosu bu sualı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlayıb. Nazirlik bildirib ki, 2013-cü ildə ARDNŞ-in müəssisələrinə 93 min manatdan çox, «Bue Caspian» şirkətinin nümayəndəliyinə 10 min,

Neft tankerində yanğın.
Neft tankerində yanğın.

«Petrolium Servis» şirkətinə 4 min, «Sokar AQŞ»yə 2 min manatdan artıq, «AzFEN» birgə müəssisəsinə 2 min 500 yüz manat, «Bosh Shelf» Şirkətinə 3 min manata yaxın maliyyə vəsaiti tətbiq edilib və ödənilib.

«Azəri», «Çıraq», «Şahdəniz» və «Günəşli» yataqlarının birgə işlənməsi və karbohidrogen hasilatının pay bölgüsü haqqında Sazişin operatoru olan «BP Azərbaycan» şirkətindən Nazirliyə daxil olmuş hesabat xarakterli məlumatlar əsasında ətraf mühitə atılan tullantılarla bağlı 627 min manat maliyyə vəsaiti hesablanıb və prosedur qaydalara uyğun olaraq ödənilməsi həyata keçiriləcək».

MƏMUR BİZNESMENLƏR VƏ KSM

Azərbaycanda korporativ sosial məsuliyyətin ilkin dövrü 19-cu əsrin sonlarına – Bakıda neft bumuyla eyni vaxtda təsadüf edir. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Ağamusa Nağıyev kimi neft maqnatları xeyriyyəçiliyi də unutmayıblar. İqtisadi və Sosial İnkişaf Mərkəzi ötən il apardığı tədqiqatda üzə çıxarıb ki, bu anlayış Azərbaycan üçün yenidir. Mərkəzin əməkdaşı Tural Abbasov deyir ki, ölkədə korporativ sosial məsuliyyətin durumu elə də ürəkaçan deyil:

Gözlə

No media source currently available

0:00 0:06:35 0:00
Direct-ə keçid

«Digər keçmiş sovet ölkələri kimi Azərbaycanda da KSM-in tarixi, bazası yoxdur. Sovet dövründə biznes ideyası olmadığı kimi, KSM ideyası da olmayıb. Sovetlər dağılandan sonra da Azərbaycanda biznesin mərkəzdən idarə olunması, monopoliyalar KMS-in inkişafına mənfi təsir göstərib. ARDNŞ, Mərkəzi Bank, müxtəlif banklar, BP kimi iri neft şirkətləri KSM ilə məşğul olur, ancaq bu, kütləvi deyil. Səbəblər qanunvericiliyin olmamasıdır. Maarifləndirmə aşağı səviyyədədir. Stimulverici tədbirlər görülə- vergi güzəştləri tətbiq oluna bilər və s. Dövlət məmurlarının biznesdə iştirakı çox böyük problemdir. Belə məmur müvafiq qanunun qəbulunu istəməyəcək».

Pənah Hüseyn
Pənah Hüseyn

NEFT QANUNUNUN YOXLUĞU

Azərbaycanda «Neft haqqında» Qanunun olmaması da neft işçilərinin hüquqlarının təminatı baxımından çatışmazlıq kimi vurğulanır. 2009-cu ildə Milli Məclis «Abşeron» Dəniz Blokuna dair sazişi təsdiqləyəndə, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Azərbaycan qanunvericiliyinin niyə hasilatın pay bölgüsü sazişlərini tam nizamlamamasını sual edib. Parlamentin sədr müavini Valeh Ələsgərov belə cavab verib ki, kontrakt Milli Məclisdə qəbul olunursa, bu, xüsusi qanun olur:


«Hüquqşünaslar təsdiq edə bilərlər ki, hər bir xüsusi qanunun müddəaları, şərtləri ümumi qanunun müddəaları və şərtlərindən üstündür».


Azərbaycan Xalq Partiyasının üzvü Pənah Hüseynin fikrincə, Konstitusiya və referendum haqqındakı aktlar istisna olmaqla, heç bir qanun hasilatın pay bölgüsü sazişlərinə təsir etmir:

Gözlə

No media source currently available

0:00 0:01:31 0:00
Direct-ə keçid

«Neft qanunvericiliyinin olmaması həm dövlətin, həm vətəndaşların marağına ciddi ziyan vurdu. Məsələn, hazırda «Bahar» neft yatağından işçilərin kütləvi şəkildə çıxarılması baş verir. Çünki burada işçilərin hüquqlarının yerli qanunvericiliklə müdafiəsi olduqca çətindir. Çünki bu müqavilələr Azərbaycan qanunvericiliyinin üstünə qoyulan sənədlərdir. Eləcə də dağ-mədən, metal, qızıl yataqlarının istismarıyla bağlı insanların kütləvi köçürülmələri baş verdi. Onların mülkiyyət, yaşama hüquqları ciddi şəkildə tapdanırdı. Belə bir qanunvericiliyin olmaması əmək hüquqlarının, digər hüquqların ciddi pozulmasına şərait yaradır. 1994-cü il müqaviləsindən başlayaraq bu tip müqavilələrin bağlanması üçün əsas o gətirilir ki, Azərbaycan qanunvericiliyi müasir standartlara cavab vermir».


BALAXANI SAKİNİNİN EVSİZLİK QORXUSU

Balaxanıda 19-cu əsrin 70-ci illərində ilk dəfə mexaniki vurma üsullu quyu qazılır. Üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərir. Beş il ərzində Balaxanıda onlarla belə güclü neft quyusu qazılır, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular burada mədənlər salıblar. 20-ci əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri, mədənləri, karxanaları işləyir.

Bu gün isə Balaxanı sakini Mətanət Abdinovanın gecələr yuxusunu ərşə çəkən bir gün evsiz qalmaq qorxusudur. Ona kompensasiya veriləcəyini söyləyiblər. Ancaq:


«Kasıb adamam, birtəhər pul düzəldib o evi tikmişdim. Deyiblər ki, sökəndə sizə kompensasiya verəcəklər. Nə qədər verəcəklər? O pula harda torpaq, ya ev ala biləcəyəm?».
XS
SM
MD
LG