Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

İsmayıllı hadisələri ilə bağlı məhkəmədə müttəhimlərlə hakim arasında narazılıq yaranıb


İsmayıllıda məhkəmə
İsmayıllıda məhkəmə
-
Yanvarın 29-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunan 18 nəfərin məhkəməsi davam edib.

Vəkillərdən Fuad Ağayevlə Xalid Bağırov prosesdə iştirak edə bilmədikləri üçün hakim fasilə edib. Fasilədən sonra digər vəkillər deyib ki, müttəhimlər hamısı eyni maddə ilə ittiham olunur, qanun buna yol verdiyi üçün digər vəkillərlə müqavilə bağlayıb prosesi davam etdirmək olar. Ancaq hakim buna etiraz edib.

Daha sonra hakim məhkəmə prosesinin 17.00-a qədər təxirə salınmasını təklif edib. Bu da müttəhimlərin, onların valideynlərinin və vəkillərin etirazına səbəb olub.

“BUNUN ADI İNSANLARI İNCİTMƏKDİR”

Müttəhimlər deyib ki, axşama məhkəmə prosesi təyin etməyin bir adı var – insanları incitmək.

Buna görə REAL hərəkatının rəhbəri İlqar Məmmədovla hakim Rəşid Hüseynov arasında mübahisə olub. İlqar Məmmədov deyib “görünür, yuxarıdan sizə prosesi pozmaqla bağlı zəng olub. Bununla siz insanları incidirsiniz. Keçən dəfə Xalid Məmmədovun bu gün iştirak etməyəcəyinə razılıq vermişdiniz, bu gün nə səbəbə razılığı pozursunuz, insanlara sayğısızlıq göstərirsiniz?”

Müsavat başqanının müavini Tofiq Yaqublu da deyib ki, mənim vəkilim digər müttəhimləri müdafiə edə bilər, buna görə məhkəməni təxirə salmağa dəyməz.
Uzun müzakirələrdən sonra məhkəmə prosesi fevralın 3-ə qədər təxirə salınıb.
İsmayıllı hadisələri 2013-cü il yanvarın 23-də baş verib. “Çıraq” otelinin iki işçisi yerli sakinləri təhqir edəndən sonra hadisələr qızışıb. Oteli yandırılıb. İğtişaşlar yanvarın 24-də daxili qoşunların İsmayıllıya gəlməsindən sonra yatırılıb. Bundan sonra 18 nəfər həbs olunub.

Onlar kütləvi iğtişaşların təşkili və iştirakında, hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

İsmayıllı hadisələri ilə bağlı məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb.
XS
SM
MD
LG