Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Spikerdən mollalara tövsiyə: «Ayələri Azərbaycan dilində oxuyun»


-
“PSİXOLOJİ XİDMƏT HAQQINDA” QANUN QƏBUL EDİLMƏLİDİR”

Millət vəkili Musa Quliyev “Psixoloji xidmət haqqında” qanun qəbul edilməsini təklif edib.

Deputat bildirib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur və adamlar azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər.

“Gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır. Bunun qarşısını almaq üçün“Psixoloji xidmət haqqında” qanun qəbul olumalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa bizim komissiya bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik”.

Spiker Oqtay Əsədov deyib ki, deputatın qaldırdığı məsələ çox aktualdır:

“Amma indi bu məsələni qanun halına salmaq üçün yetərincə iş görməliyik. Elə ən ciddi çətinliklərdən biri bizdə istənilən qədər psixoloqun olmaması ilə bağlıdır”.

***

“MİNİMUM ƏMƏKHAQQINA YENİDƏN BAXILMALIDIR”

Deputat Fərəc Quliyev müzakirələr zamanı Qarabağ müharibəsi əlilləri ilə yeni bir təşkilat yaradılmasını təklif edib. Onun fikirincə, müxtəlif təşkilatlarda birləşən əlillərdən bəziləri təşkilatdan öz məqsədləri üçün istifadə edirlər.

“Onların birləşdiyi təşkilatlar var, amma hesab edirəm ki, yeni müstəqil bir qurum yaradılmalıdır ki, onlardan heç kim öz məqsədləri üçün istifadə edə bilməsin”.

O, yanacağın qiymətinin artırılmasından sonra ərzaq məhsullarının qiymətində bahalaşma olduğunu bildirib. Deputat təklif edib ki, bu bahalaşma ilə bağlı minimum əməkhaqqının qaldırılmasına yenidən baxılmalıdır.

***

“AYƏLƏRİ AZƏRBAYCAN DİLİNDƏ OXUYUN”

Yaz sessiyasının gündəliyindəki məsələlərin müzakirəsi zamanı spiker Oqtay Əsədov yas mərasimlərində də Qurani-Kərimdən olan ayələrin Azərbaycan dilində oxunmasının məqsədəuyğun olduğunu bildirib.

Onun fikrincə, belədə insanlar duaların mahiyyətini daha yaxşı anlayarlar:

“Dinimizin əsas kitabı Qurani-Kərimdir. Bu kitab Azərbaycan dilinə tam tərcümə olunub. Ərəb dilində dua oxunanda onu çox adam anlamır. Bu məsələyə də diqqət yetirmək lazımdır. Əgər bu kəlamlar bizə lazımdırsa, qoy, öz dilimizdə deyək ki, hamısı başa düşsün. Məclislərdə oxunan Qurani-Kərimdən ayələr öz dilimizdə oxunsa, daha yaxşı olar”.

***

İŞ PLANI QƏBUL EDİLDİ

Milli Məclis yaz sessiyasının qanunvericilik iş planını müzakirə edərək qəbul edib.
İş planı haqqında məlumat verən spiker Oqtay Əsədov bildirib ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib.

Onun sözlərinə görə, yaz sessiyası müddətində deputatlar Rəqabət Məcəlləsini, Reklam haqqında, Dəniz limanları, Hərbi qulluqçuların statusu haqqında, Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında, Elm haqqında qanun layihələrini müzakirə edəcəklər.

Spiker onu da əlavə edib ki, deputatlar eyni zamanda Kənd təsərrüfatı kooperasiyası haqqında, Yaşıllıqların mühafizəsi haqqında, Akkreditasiya haqqında qanun layihələrini, bundan əlavə olaraq bir sıra qanunlara əlavə və dəyişikliklər, o cümlədən təşəbbüs qaydasında daxil olan qanun layihələrini müzakirə edəcəklər.

***

“BU, AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİKDİR”


Deputat İqbal Ağazadə Azərbaycan dövlət qurumlarında, idarə və təşkilatlarında Azərbaycan dilinə əməl olunmaması ilə bağlı narahatlığını ifadə edib:

“Əksər dövlət orqanlarında hamı rus dilində danışır, məmurların bir çoxu da öz aralarında rus dilində danışırlar. Azərbaycan dilində danışmaq bir şərt olmalıdır. Hər kəs bununla razılaşmalıdır ki, rus dilini bilməyənləri bəzi orqanlarda işə götürmürlər.
Bu isə Azərbaycan dilinə hörmətsizlikdir. Azərbaycanın rəsmi dili Azərbaycan dilidir”.

Spiker Oqtay Əsədov deputatın fikirlərininin bəzi məqamları ilə razılaşmadığını bildirib:

“İqbal bəy, siz baxın, Milli Məclisdə bütün blanklar Azərbaycan dilində yazılıb. Bu bütün orqanlarda belədir” – dedi.

Sabir Rüstəmxanlı da çıxışında dil probleminə toxunub. O bildirib ki, milli kimliyimiz bəzən hədəfə çevrilir. İqtidar qəzetləri tənqid edəndə bəzi şəxslərin soyadını –“ov”la yazırlar. Bu yolverilməzdir. Məsələn Zahid Oruc çıxış elədi. Bilinmir ki, ad Zahid-dir, yoxsa Oruc.

Oqtay Əsədov isə Sabir Rüstəmxanlının fikirlərinə reaksiya verib. Spiker deyib ki, bu qəbul olunmuş soyaddır.

“AZƏRBAYCANIN UĞURU BİR SIRA DÖVLƏTLƏRİ NARAHAT EDİR”

Milli Məclisin yaz sessiyasının ilk iclas günündə çıxış edən millət vəkili Siyavuş Novruzov Azərbvaycanın siyasi və iqtisadi uğurlarına bəzi ölkələrin qısqanclıqla yanaşdığını deyib:

“Görünür ki, bu uğur bir sıra dövlətləri narahat edir. Bəzi təşkilatlar Azərbaycanda terror aksiyası keçirəcəyini bildirir. Belə anlaşılır ki, hansısa dövlətlər Azərbaycanda sabitliyin olmasında maraqlı deyil. Həmin dövlətlər müxtəlif təşkilatların arxasında dayanır”.

Siyavuş Novruzov çıxışında qəzet satışı ilə bağlı məqama da toxundu. Bakıda köşklərin yığılmadığını, birinin digəri ilə əvəzləndiyini bildirdi:

“Kimin qəzeti satılmırsa, bu, həmin qəzet çıxaranların problemləridir. Qəzeti elə çıxarsınlar ki, oxuyan olsun, sata bilsinlər. Daha bunun günahını başqalarında axtarmasınlar

***
Parlamentin Hesablayıcı Komissiyası müəyyən edilib.

Milli Məclis üzvləri Milli Məclisin Hesablayıcı komissiyasının tərkibini müəyyən edib. Beləliklə də, adı çəkilən komissiyanın tərkibinə deputatlardan Qüdrət Həsənquliyev, İsa Həbibbəyli, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

***
Milli Məclisin bugünkü iclasında ilk çıxış edən deputat Zahid Oruc Suriyada döyüşən azərbacanlılarla bağlı təcili addım atılması və bu insanlara qarşı sərt tədbirlər görülməsini istəyib. Onun sözlərinə görə, bu işi təşkil edən qüvvələr dünya legionerləri kimi müxtəlif ölkələrdən döyüşçüləri yığırlar. Zahid Oruc bu şəxslərin Azərbaycana qayıtdıqdan sonra da Suriyada törətdiklərini davam edəcəklərindən narahatlığını bildirdi:

“Orada döyüşənlər guya Suriya azadlıq ordusu adı altında Bəşər Əsədə qarşı vuruşurlar. Onlar terror qruplarının içindədirlər, Azərbaycana dönsələr bu şəbəkə sonra da işləyəcək. Azərbaycan dövləti heç vaxt terrora dəstək verməyib. Amma indi orada döyüşənlər fərdi olaraq öz ailələrinə ziyan vurmurlar. Həm də terrorçu kimi Azərbaycanın adına ziyan verirlər”.

Milli Məclis üzvü Baş rprokurorluğa müraciət edərək Suriyadakı döyüşlərdə iştirak edən insanlara qarşı cinayət işi qaldırılmasını istədi:

“Günü bu gün o insanlara qarşı baş prokurorluq cinayət işi açmalıdır. Bilsinlər ki, onlar Azərbaycana qəhrəman kimi dönməyəcəklər. Orada gördükləri vəhşilikləri burada tətbiq edə bilməyəcəklər. Mən bu insanlara güzəşt mövqeyi, humanist mövqeyindən yanaşılmasını yolverilməz sayıram. Bu məsələyə məhz qanuni cəhətdən münasibət bildirilməsini xahiş edirəm”.

Spiker Oqtay Əsədov Suriyada vuruşanların hamısını terrorçu adlandırmağı düzgün hesab etmədiyini bildirdi:

“Onlar muzdlu əsgərlərdir. İnsanların ora getməsinin qarşısını almaq həqiqətən çətindir, bilinmir haradan hara gedirlər”.

Deputat Adil Əliyev də əlavə edib ki, Azərbaycanın 20 faiz torpaqları işğal altında olduğu halda ölkə vətəndaşalrının Suriyaya döyüşməyə getməsi yol verilməzdir:

“Suriyaya gedənlərin Azərbaycana dönüşünün qarşısı alınmalıdır. Onların hamısı vətəndaşlıqdan çıxarılmalıdır”.
XS
SM
MD
LG