Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

Cəmil Ünal: «Rəsulzadə yalnız müxalifətin lideri deyil!»


Cəmil Ünal
Cəmil Ünal
-
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirlərində iştirak etmək üçün Müsavat Partiyasının dəvəti ilə Azərbaycana gəlib. Hələ 1954-cü ildə-- M. Ə. Rəsulzadənin sağlığında Dərnəyə qatılan Cəmil bəy AzadlıqRadiosunun «İz» proqramının da qonağı olub. Onunla müsahibənin davamını sizə təqdim edirik.

--Cəmil bəy, son vaxtlar Əmin bəyin məzarının Bakıya-Azərbaycana köçürülməsi gündəmdədir—media səviyyəsində. Mənə maralıdır, Azərbaycan Kültür Dərnəyi bu barədə nə fikirdədir?

--Vallah, onu sizdən soruşmaq lazımdır-iqtidar olaraq, Azərbaycan olaraq. Məhəmməd Əmin Rəsulzadəyə münasibətiniz dəyişdimi? Rəsulzadəni fikirləriylə, inanclarıyla içinizə sindirə bildinizmi? Onun məzarını bura gətirmək istəyən iqtidar hansı statusla buraya gətirməyi düşünür?... Əvvəla, Məclis toplanmalı, onun dövlət başqanlığı, dövlət quruculuğu bir qanunla təsbit edilməlidir. Hələ bir ona gərəkli dəyəri verin... Onun doğulduğu evi ticarət yapıb kirayə vermənizə gərək yoxdur! O, sizin keçmişinizdir. Lütfən, heç olmasa adına bir muzey açın... Yəni Rəsulzadə yalnız müxalifətin lideri deyil! Azərbaycanın şərəfli keçmişidir. Keçmişini bilməyənin gələcəyi olmaz! O dönəmin insanları sizə üzünüzü qızardacaq, utandıracaq heç bir şey buraxmamışlar. Onun üçün də iqtidarın, iqtidarı əlində tutanların Rəsulzadə haqqında səmimi fikirlərini, düşüncələrini bilmək istəyirik. Təbii ki, hörmətli İlham Əliyev bəyin bir qapı aralaması yaxşılığa işarətdir (Rəsulzadənin 130 illiyi ilə bağlı prezident sərəncamı nəzərdə tutulur - S.İ.). Demək ki, zaman-zaman bunalan insanlar, bunalan iqtidarlar sarılacaq bir dayanaq axtarırlar... Zənn edirəm ki, bundan sonra da Rəsulzadə fikri Azərbaycanın gələcəyində önəmli rol oynayacaq bir fikir axını olacaq.

--Cəmil bəy, sizə elə gəlmirmi ki, Əmin bəyin məzarı Bakıya gətirilsə dərnəyiniz sanki yetim qalacaq?

--Əlbəttə ki! Vəfatından 59 il keçib... Asan deyil. Onun Ankaradakı anıtı Azərbaycan-Türkiyə arasında bir körpüdür. Amma bir insanın Vətəni doğulduğu torpaqlardır... Onun üçün də, əgər öz torpağında rahat edəcəksə, rahat ediləcəksə, əlbəttə ki, düşünmək olar. Amma yenə deyirəm, asan deyil. Sizin Rəsulzadəyə, Müsavata, müsavatçılara necə baxmağınızdan asılıdır. Keçmişdə--1920-ci ildən sonra da müsavatçılar ən böyük təqibə məruz qalan zümrə oldu. Rusların da təşviqi ilə Türkiyədə o dövrdə 3 mərkəz açılmışdı. Biri Qarsda, biri Trabzonda, biri Samsunda. Bu mərkəzlər ticarət attaşeliyi şəklində fəaliyyət göstərirdilər. Amma əsl hədəfləri müsavatçıları təqib idi... O dövrdə Azərbaycanda bir çox partiya vardı. Amma müsavatçılar kimi heç biri zülm görmədi. Niyə? Çünki Azərbaycanın, Bakının bolşevikləşdirilməsinə əngəl o partiya idi... Daşnaklara qarşı mücadilə verən «Difai» təşkilatının da yeri Müsavatdı. Onun üçün də, o zehniyyət gərək olanı yapdı. İndi hansı zehniyyət var ki, bolşeviklərin ovaxtkı hərəkətini bizə xatırladır?...

--Son illər Əmin bəylə bağlı Azərbaycanda, eləcə də xaricdə araşdırmalar genişlənib, kitablar çıxır, məqalələr dərc olunur. Əmin bəyin araşdırıcılarının sayı da artmaqdadır. Ancaq bizi Əmin bəyin həm də həyatının bilinməyən yönləri ilgiləndirir. Özəl həyatında O, necə bir insan idi? Həmkarları onu necə xatırlayır? Yaddaşlarda necə qalıb? Siz Onu canlı görən barmaqla sayılacaq az insanlardansız. Əmin bəyin həyatını, mücadiləsini sizin dilinizdən eşitmək istərdik...
M.Ə.Rəsulzadənin Ankarada qəbri
M.Ə.Rəsulzadənin Ankarada qəbri

--Vallah, Rəsulzadə davası üçün ailəsini belə qurban verəcək ruha sahib insan idi... Əlbəttə ki, 1920-dən ta 1955-ə qədər Avropanın hər yerində--Amerika daxil, Türkiyə daxil—Azərbaycan davası üçün çalmadığı qapı qalmamışdı... İstər-istəməz, əlbəttə ki, ürəyində ailəsi vardı. Beşiyində buraxdığı körpəsi vardı... Amma dövlət adamı, ziyalı, sizin dilinizlə desək, bütün bunlara dözən insandır! O, dözdü! Bəlkə üzdən bunu hiss etdirmədi, içində yandı və davası uğuruna da o yaşantılarını içinə sindirdi. Mənim deyəcəyim bu...

--Dərnəyiniz 130 illik yubileyi necə qeyd edəcək?

--Bir neçə gün öncə Azərbaycandan bir televiziya gəlmişdi. Bir neçə saat bərabər olduq. Arkadaşlar onları Məhəmməd Əmin Rəsulzadə bəyin məzarına apardılar. Bu əsnada Azərbaycanın Türkiyədəki səfirliyinin təmsilçiləri də ora gəliblər. Onların da hazırlıqları varmış. Mən də Bakıya gələndə arkadaşlardan rica etdim, söylədim, bir neçə universitetdə və məzarı başında böyük toplantılar keçirsinlər. Əgər səfirlik də bu toplantılara qatılsa, bizim üçün də şərəf olar. Çünki onların da keçmişidir bu. 6-7 il əvvəl biz Rəsulzadə bəyin anıtını yenidən düzəltdik. Hətta o zaman hörmətli İlham Əliyev bəyə bir məktub yazmışdım. Yazmışdım ki, Xanım əfəndi ilə bərabər gəlin. Bu, sizin şərəfli tarixinizdir. Gəlin, bu anıtın açılışını siz edin.

--Gəldilərmi?

--Yardımçılarından gələnlər oldu... Və Rəsulzadənin məzarı başında biz iqtidarla müxalifəti birləşdirdik. Azərbaycanda yan-yana gələ bilməyən iqtidarla müxalifət Rəsulzadə sayəsində, onun məzarı başında yan-yana gəldilər. Anıtı bərabər açdıq. Ardından da minlərin qatıldığı toplantı keçirdik. Onlar da qatıldılar, gərək olan sayğı da göstərildi. Rəsulzadənin qəbrindən, məzarından qorxmamaq lazımdır! Əbülfəz Elçibəydən başqa Azərbaycan dövlət yetkililərindən heç biri məzarın üstünə gəlməyib...

--Azərbaycanın dövlət başçısı tez-tez Türkiyədə olur. Ötən ilin sonlarında hətta Xanımı ilə getmişdi. Rəsulzadənin məzarını ziyarət etmədilərmi?

--Xeyr, xeyr, xeyr! Elçibəy ayrı, onun yolunda gedən dövlət adamıydı. Elçibəydən sonra Azərbaycanı idarə edənlərdən heç kimsə Məhəmməd Əmin Rəsulzadə bəyin qəbrini ziyarətə gəlməyib. Biz oranı saxladıq. Sizə bir əhvalat danışım. 1992-ci ildə Elçibəy İstanbula gələndə, böyük türkçü Zeki Velidi Toqan bəyin qəbrini ziyarət etmək istədi. Valilik daxil, bir çox yerə müraciət etdik, məzarı iki günə güclə tapdıq. Azərbaycan Kültür Dərnəyi və Rəsulzadə davasına inananlar olmasaydı, onun qəbrini də siz zorla tapardınız... Onun üçün də, dövlət böyükləri gəldiyi zaman Azərbaycan dövlətinin qurucusu, ilk dövlət başqanı olan Rəsulzadənin məzarını ziyarət etməkdən niyə çəkinirlər? Onun fikrinin onlara bir zərəri olmayıb, həyatlarında bunlara zərər verməyib. Sizə bir dövlət qurmuş. Günahı bumu? İnşallah, bundan sonra Rəsulzadəyə xidmət edənlər çoxalar və o yol Azərbaycanı daha yüksək mərtəbələrə götürər.

-- Cəmil bəy, AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib. İstərdim o sualları siz də cavablayasınız. 1-ci sual beləydi: Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

--Rəsulzadənin bir fikrini xatırlatmaq istərdim. O deyirdi: İnsanlara hürriyyət! Millətlərə istiqlal! Azərbaycan xalqına hürriyyət!--demir, Azərbaycana istiqlal!--demir. «İnsanlara hürriyyət, millətlərə istiqlal»—deyir. O halda Rəsulzadənin anlayışı insanlığa xidmətdir. Yəni hürriyyət və istiqlal insanların və millətlərin doğuşdan haqqıdır.
M.Ə.Rəsulzadənin dəfni - Ankara, 1955
M.Ə.Rəsulzadənin dəfni - Ankara, 1955
Hürriyyəti, istiqlalı olmayan bir cəmiyyətin və fərdin insan kimi yaşaması mümkün deyil. 100 il əvvəl Rəsulzadə dünya üçün bu sözləri söyləyib. Bu, bizə yetər. Amma insanların hürriyyət içərisində yaşaya bilməsi, millətlərin istiqlalını əldə edə bilməsi üçün demokratik hüquqi şərtlərin olması da lazımdır. Demokratik adlanıb da, totalitar ölkələrdə nə hürriyyət olar, nə istiqlal! Rəsulzadə özünə bağlı, milli mədəniyyətinə sahib, kökü Azərbaycandan olan, amma zehniyyəti, düşüncəsi və beyni ilə Qərbyönümlü bir dövlət adamı idi. Məhəmməd Əmin Rəsulzadəni yaradan elə Məhəmməd Əmin Rəsulzadədir! Özünü yeniləmiş, Müsavatı və müsavatçılığı, qurduğu dövləti yeniləmişdi. Kökü Azərbaycana, amma demokratiyaya bağlı, demokratik seçim sistemini hədəf alan bir dövlət nizamını ortaya qoymuşdu. Biz o günə gəlməyi arzu edirik. Mənim fikrimcə, Rəsulzadə dünyaya açılan, məzlum millətlərə hürriyyəti və istiqlalı haqq görən bir dövlət adamıdır. Bu yol sizə yetər!

--Onda sorğunun 2-ci sualını səsləndirirəm: Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?

– Vallah, ən gözəl söz əlbəttə ki, Azərbaycanın istiqlalıdır, istiqlal günündə onun qoynunda gətirdiyi üçrəngli bayrağın göylərə çəkilməsini görməmiz ola bilərdi. Zatən 1953-cü ildə-- Azərbaycan Milli Mərkəzinin son toplantılarında öngördüyü hədəflərdən birisi də istər bayrağın, istər Müsavatın istiqlal sonrası Azərbaycana qayıtmasıydı... Demək ki, onun diləkləri az-çox gerçəkləşib. Amma üzüntüsü... bir dövlət adamı düşünün, məzarı başqa bir ölkədə... Bir parlament başqanı düşünün - məzarı başqa bir ölkədə, bir baş nazir düşünün—Tiflisdə qətl edilmiş, bir baş nazir düşünün—Nəsib bəyi deyirəm—məzarı belə yox... Bu faciələr yaşanıb. Torpağı bu qədər parçalanan ikinci bir ölkə yoxdur! Azərbaycan torpaqlarında iki erməni dövləti qurulub. Torpağı olmayan millətin istiqlalı da olmaz! 1828-ci ildə Türkmənçay anlaşması ilə ermənilərə verilən torpaqlar 29 min kv.km olub. 1920-ci illərdə verilən Zəngəzur 7 min 500 kv.km-dir. Son işğal edilən Qarabağ 17 min kv. km-dir. Bunları cəm etsəniz, 53-54 min kv. km torpaq erməni işğalı altındadır. Zənn edirəm ki, Rəsulzadənin üzüləcəyi ən böyük nöqtə də bu torpaq itkiləri olardı...

–Cəmil bəy, mən təşəkkür edirəm Bakıya gəldiyiniz, bu böyük yubileydə bizi tək qoymadığınız üçün. Müsahibəyə görə də sağ olun.

--AzadlıqRadiosu dinləyicilərinin hamısına sayğılarımı bildirirəm. Və Azərbaycan xalqına da «Gələcək onlarındır, gözəl günlər onlarındır, belə söyləməmizə rəğmən ürəyimiz onlarla bərabərdir» deyirəm.
XS
SM
MD
LG