Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:34

«Yol üstündə yazılan» kitab mənzil başına çatdı


M.Ə. Rəsulzadə
M.Ə. Rəsulzadə
-
«Mən M.Ə.Rəsulzadənin 1920-ci ildə etdiyi vəsiyyəti yerinə yetirdim. «Çağımızın Siyavuşu»nu çağdaş türkcəyə uyğunlaşdırdım».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına araşdırıcı Yadigar Türkel söyləyib.
Onun dediyinə görə, Rəsulzadə bu vəsiyyətini əlyazmanın əvvəlində dilə gətirib:

«Rəsulzadə Əli Əhmədoğlu imzasıyla əsərdə yazır: Alçaq yağının əlindən bir yana çıxaraq amaca qulluq etmək üçün getdiyimiz yol üstündə yazılmış bu kitabı uyğun olursa, özüm yazdırıb yayımladacağam. Ancaq... mən bunu çap etdirəməzsəm, bu əlyazmanı əməyimi boşa çıxarmayıb onun yazılmasına, çapına özünüzün yardımçı olmanız üçün buraxdım. Yazılmasında bacardıqca gözəlliyinə, doğruluğuna çalışılmalıdır. Böyük amac yardımçınız, parlaq ideal işığınız olsun!».

Yadigar bəyin dediyinə görə, o, Xaliq Bahadırla birlikdə bu vəsiyyəti «bacardıqca gözəlliyinə, doğruluğuna» əməl etməklə gerçəkləşdirib.

Bu iki şəxs indiyədək M.Ə.Rəsulzadənin «Azərbaycan şairi Nizami» (2008 «Milli birlik (2009), «Panturanizm» (2012), «Qafqaz türkləri» (2012), «İran türkləri» (2013), eləcə də Əlimərdan bəy Topçubaşının «Azərbaycan cümhuriyyətinin yaradılması» əsərini (2013) çağdaş türkcəyə uyğunlaşdırıb nəşr etdiriblər.

Yadigar bəy kitabları özünün onsuz da az maaşından kəsib çap etdirib.

Xatırladaq ki, bu əsər Əmin bəyin öz dediyi kimi, «yolüstündə» yazılıb.
1920-ci ildə bolşevik istilasından sonra Lahıcda gizlənən Rəsulzadə qaldığı evin kitabxanasında Firdovsinin «Şahnamə»sini görür və onu təkrar oxumağa başlayır.
Gizlənmə olayı bu şöhrətli dastanı başqa yöndən qavramağa səbəb olur:

«Doğunun bu böyük romantik əsəri o çağlar çox duyğulu olan ruhumu sardı»--yazır Rəsulzadə əsərin ilk çapında:

«Düşdüyümüz darlığı, keçirdiyimiz sıxıntılarla dolu yaşamı şairanə bir biçimdə, başdan-başa yaşadan, nə hekayələr, nə dastanlar, nə tiplər, nə fəlsəfələr vardı».
Qısası, Lahıcdaca--hər an tutulmaq qorxusu yaşayan Əmin bəy «Əsrimizin Siyavuşu»nu yazmağa girişir.
M.Ə.Rəsulzadənin Lahıcda qaldığı ev
M.Ə.Rəsulzadənin Lahıcda qaldığı ev

Əlyazmanın üzünü çıxarır. Birini özündə saxlayır, o birini lahıclı kəndliyə verir. Onu ancaq bir açar sözü söyləyənə verməyi xahiş edir.

«BOLŞEVİK ÇƏMBƏRİNİ YARIB...»

Bolşeviklər Rəsulzadəni tutanda, üstündəki əlyazmanı da məhv edirlər.
1922-ci ildə Türkiyəyə keçəndən sonra Əmin bəy Lahıcda qalan yeganə əlyazmanın xiffətini çəkir.

Dostlar ona «təzədən yaz» deyirlər. Amma o, «o vaxtkı ruh halini» bir daha yaşaya bilməyəcəyini bildirir.

Lahıclı kəndli əlyazmanı qoruyub saxlayır və günlərin birində kənddə Rəsulzadənin ona dediyi açar sözü söyləyən bir adama təslim edir...
Əsər dostların köməyi ilə, Əmin bəy özü demiş, «bolşevik çəmbərini yarıb» İstanbula çatır.

Hədsiz sevinən Əmin bəy əsəri 1923-cü ildə İstanbulda çap etdirir.
Əsərin adı—«Əsrimizin Siyavuşu» Azərbaycandır. Əmin bəy Azərbaycanı—cəmi ikicə illik istiqlalına qovuşmuş sevgili Vətənini Firdovsinin ədalətli qəhrəmanına bənzədib. Elə o üzdən də, Əmin bəy o məşhur sözlərini bu əsərdə -- əsrimizin Siyavuşunun böyümüş oğluna deyir:

«Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, Müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!»

Bizlər istiqlal tariximizin çağırışı kimi səslənən bu əvəzsiz sözləri eşitdiyimizə görə adını bilmədiyimiz o lahıclı kəndliyə sonsuzadək minnətdar olmalıyıq.
Rəsulzadə özü şəxsən minnətdar olmağa macal tapa bilməsə də...

Və təbii ki, əsəri yazan müəllif bu minnətdarlığın ən başında durur.

Bu paydan Rəsulzadəni heç unutmayan, onun yazdıqlarını çağdaş türkcəyə çevirən və ayda 50 manat nəşriyyata ödəməklə çap etdirən Yadigar Türkelə də düşür.
XS
SM
MD
LG