Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:52

««Quran» azərbaycanca oxunsa, insanları aldatmaq çətin olacaq»


Fərid Abdullah və Sayman Aruz (sağda) proqramdan sonra.
Fərid Abdullah və Sayman Aruz (sağda) proqramdan sonra.
-

"Fərid Abdullah

- Əgər 14-15 əsrdir Quran ərəbcə oxunmasaydı, bu dəqiqə tamam param-parça olmuşdu, təhrifə uğramışdı. Kim mane olur ki, ilahiyyatçı çıxsın oxuduğu surənin mənasını da desin...

Sayman Aruz

- Mən əksinə düşünürəm ki, Quranın tərcüməsi onun hörmətinin yüksəlməsinə gətirib çıxarar. Sadəcə, burda din adı altında mağaza açan adamlar başa düşürlər ki, Quran tərcümə olunub oxunandan sonra bu ruhaniyə, axunda ehtiyac olmayacaq...


Parlamentin sədri Oqtay Əsədov «Quran» mətninin, duaların Azərbaycan dilində oxunmasının vacibliyini vurğulayıb. O bildirib ki, belə mətnlər ərəb dilində oxunanda insanların 80 faizi bunu başa düşmür.

Buna münasibətini bildirən Şeyxülislam Allahşükür Paşazadə isə «Quran»ın azərbaycanca oxunmasının müzakirə etməyin belə yanlış olduğunu bildirib.

Bəs ölkə yazarları, ilahiyyatçıları bu haqda nə düşünür?

Bu haqda «Pen Klub»da yazarlar Sayman Aruz, Dilqəm Əhməd, ilahiyyatçı, bloqqer Fərid Abdullah və ilahiyyatçı Elşad Miri danışırlar.


Sayman Aruz.

- Mən Oqtay bəyin sözünə və təklifinə qatılıram, Azərbaycan ictimaiyyəti nəyi başa düşməli olduğunu, nəyə inanmalı olduğunu bilməlidir. Quran da bizim müqəddəs kitabımız kimi tərcümə olunmalıdır. Bizim kütlə onu öz ana dilində oxuyub, öz bildiyi kimi də başa düşməlidir. Əlbəttə, sonralar müəyyən söz-söhbətlər də yaranacaq, biri belə başa düşəcək, biri başqa cür və bu çox yaxşı bir haldır, çünki bu prosesin nəticəsində xalq dini baxımdan formalaşa biləcək, dini savadı yüksələcək, həm də xalqın həm ürəyinə, həm cibinə girən müəyyən “din xadimləri”nin qarşısı alınacaq. Bilirsiniz, din elə bir böyük sahədir ki, ondan sui-istifadə etmək olur. İnsan doğulanda da, öləndə də, evlənəndə də din xadimlərinə müraciət edirlər, din xadimləri də birbaşa, yaxud dolayı yollarla öz istədikləri ideologiyanı, informasiyanı din adı altında xalqa ötürüb, o xalqı istədikləri kimi tərbiyə etməyə çalışırlar.

Səadət A.

- Yəni ayələr Azərbaycan dilində olanda din xadimləri istədiklərini edə bilməyəcəklərmi?

Sayman A.

- Mənə elə gəlir o halda insanları aldatmaq daha çətin olacaq. Quranda da var ki, insanla Allah arasında vasitə yoxdur və insana ən yaxın olan elə Allahdır. İnsan özü hər an allahla təmasa keçə bilər. Biz “Kitabi Dədə-Qorqud”u necə başa düşürüksə, ərəblər də Quranı elə başa düşə bilirlər. Ancaq qeyri-ərəblərin bu kitabı başa düşməsi üçün tərcümələr olmalıdır və xalq oxuyub görməlidir ki, nəyə inanır, nəyi müqəddəs bilir, ən azından inandığı kitabı, inandığı ayələri və cümlələri öz ana dilində qavraya bilməlidir.

Səadət A.

- Fərid bəy, siz necə düşünürsünüz, ibadət ana dilində olmalıdırmı, namaz ana dilində qılınmalıdırmı? (ardı aşağıda)

Fərid Abdullah və Sayman Aruz
Fərid Abdullah və Sayman Aruz


Fərid A.

- Hər bir işə başlamazdan əvvəl ona ad qoymaq lazımdır. Bütün işlərdə, eləcə də ibadətdə, niyyət hər şeydən əvvəl gəlir. Əgər niyyət olmasa, o əməl hər nə qədər də gözəl olsa puça çıxır. İndi Quranın Azərbaycan dilində olmasına, bunun müzakirəsinə bir ad qoymaq lazımdır. Bu, maarifləndirici bir işdir, yoxsa şou xarakterlidir? Tutaq ki, bu, ürək yanğısından doğub və istəyirlər ki, xalq maariflənsin, məgər indiyədək bu barədə bir problem olubmu ki, camaat etirazını bildirsin.

Səadət A.

- Camaat bildirmir, amma Cəlil Məmmədquluzadə yazır ki, “dirilərimizlə rusca, ölülərimizlə ərəbcə danışırıq”. Adətən belə problemləri mütəfəkkirlər qaldırır.

Fərid A.

- İslam dininin əbədi yaşamasının səbəbi məhz bəzi kriteriyalardır. Qardaşımız bayaq “Dədə- Qorqud”u misal gətirdi. Məgər indi “Dədə-Qorqud” var, yox, orijinaldan oxusaq heç nə anlamayacağıq, onu yaşadanlar olmasa tezliklə unudulacaq. İndiki gənc nəsil deyir ki, mənə “Dədə-Qorqud” lazım deyil. İndiyədək Quranın yaşaması və təhriflərdən uzaq qalmasının səbəbi məhz ərəb dilidir. Təəssüf edirəm ki, indi Quranın meydanı o qədər daralıb ki, ancaq yas məclisləri ilə məhdudlaşır. Gəlin görək üç, dörd, beş saat çəkən yas məclisində Quran neçə dəqiqə oxunur, cəmi 15 dəqiqə. Mübahisə bu on beş dəqiqənin üstündədir. Yerdə qalanları isə ilahiyyatçılar, din xadimləri onsuz da insanlara çatdırırlar. Şərt o deyil ki, ərəb dili yığışdırılmalıdır. Bu dəqiqə ingilis dili bəşəri dilə çevrilib. Bəzən ziyalılar sosial şəbəkələrdə ingiliscə status yazırlar və mən bunu başa düşmürəm. İndi mən etiraz etməliyəm ki, bunu azərbaycanca yaz, mən başa düşüm? İngilis dili necə demokratik insanların dilidir, ərəb dili də müsəlmanların ümumi dilidir.

Səadət A.

- Adətən yas məclislərində, dini bayramlarda, yaxud qəbirləri ziyarət edəndə 10-15 dəqiqəlik ərəbcə dualar oxunur ki, bu zaman insanlar darıxır, çünki heç nə anlamırlar ordan. Olmazmıydı ki, bu ayələri azərbaycanca deyəydilər, bəlkə o 10-15 dəqiqədə nə isə anlayardıq. (ardı aşağıda)

Səadət Akifqızı
Səadət Akifqızı


Fərid A.

- Gəlin, səmimi danışaq, o 15 dəqiqədən kənarda qalan zamanda yazıq ruhanı çənə döyür, danışır, məgər ona qulaq asan var? Xeyr, öz ana dilimizdə danışır. Deyir, ay camaat oğurluq etməyin, haram yeməyin. Ona heç kəs qulaq asmır. Bilirsiniz, savadlı ruhanilərə qarşı ziyalı təbəqə repressiya edir. Mənim ilahiyyat sahəsində ali təhsilim var, ancaq bir yerdə otururam, mənə deyirlər filan molla belə söz dedi, sən də mollasan və.s.

Sayman A.

- Mənə elə gəlir ki, siyasi baxımdan müstəqillik dövründə yaşayan insanlar, mədəni, ictimai baxımdan da müstəqil olmalıdır. İstiqlal bu xalqa tam mənada verilməlidir. Milli somvollarla dini simvollar ayrılmalı, paralel hərəkət etməlidir. Bizdə ümmətləşmə prosesi başlayıb. Biz nə dində olsaq da, azərbaycanlıyıq, deməli, millətləşmə prosesinə güc verməliyik. Necə ki, Amerika öz imperiyasını genişləndirmək üçün ideologiyaya ehtiyac duyurdu, beləliklə demokratiyaya üz tutdu, necə ki, sovetlər sosializm ideologiyasını yaydılar, ərəb xalqı da bu vasitədən istifadə edib öz imperiyasını qurdu. Təəssüf edirəm ki, öz gəlir yerlərini, divarlarını həmin ərəb ideologiyası ilə quran insanlar hələ də bu ideologiyanı xalqın əleyhinə silah kimi istifadə edirlər. Bizim xalqın problemi “Dədə-Qorqud”u başa düşməmək və oxumamaqdır. O dövrdə qanunlar, anayasa, cinayət məcəlləsi yox idi və Quran bu kitabları əvəz edirdi.

Fərid bəy deyir ki, ruhani on beş dəqiqə ərəbcə oxuyur və sonra başlayır insanlara izah etməyə ki, oğurluq etmə, yalan danışma. Məgər bu xalqın şüuru o qədər zəifdir ki, bilmir oğurluq eləsin, ya eləməsin? Ruhaninin bu hərəkəti onu göstərir ki, ictimaiyyətdə qanunlar düz işləmir. Qanun işləyən yerdə haqqını bilən insan niyə oğlurluq eləsin ki? Məgər bizim xalqın səviyyəsi o qədər aşağıdır ki, bir ruhani gəlsin ona uşaq kimi nəsihət versin?

Fərid A.

- Ərəb dili əslində zəngin bir dildir. Biz burda ərəb dilinin, mədəniyyətinin yayılması, yayılmamasını müzakirə etmirik. Baxın “Ölülər”i yazan Mirzə Cəlildən, Mirzə Ələkbər Sabirdən tutmuş Füzuliyə, Nəsimiyə qədər heç birinin dinlə problemi olmayıb. Baxın əsərlərinə, bunlar dini təhsil alıblar, ərəb dilini, fars dilini və həm də türk dilini mükəmməl biliblər, şeirlərində hər üç dildən olan sözləri sinonim kimi istifadə ediblər. Biz nə üçün öz mədəniyyətimizdən imtina edək, bu gün dindən imtina elə, sabah “Dədə-Qorqud”dan imtina elə, o biri gün muğamdan imtina elə, bunun sonu nə olacaq?

Səadət A.

- Fərid bəy, Quran azərbaycanca oxunsa, bu, mədəniyyətdən imtina etməkmi deməkdir?

Fərid A.

- Onsuz da azərbaycanca oxunur. Biri də var o tamam ərəbcə oxunmasın. Məsəlçün, “Allahu Əkbər” sözü var, biri deyəcək, allah böyükdür, biri deyəcək allah ən böyükdür görün nə qədər ixtilaf yaranacaq. Hər bir insan özünə görə aydınlaşdıracaq. Ərəb dili müsəlmanlar arasında ümumi mötədilliyi qoruyub saxlayır. Hər kəs də öz dilində Quranı əxz eləsin, kim mane olar onlara? Amma orijinala toxunmaq olmaz. Baxın islama görə, İncil və Tövrat insan əlindən keçdiyi üçün hesab olunur ki, onlar təhrifə uğrayıblar. Əgər 14-15 əsrdir Quran ərəbcə oxunmasaydı, bu dəqiqə tamam param-parça olmuşdu, təhrifə uğramışdı. Kim mane olur ki, ilahiyyatçı çıxsın oxuduğu surənin mənasını da desin. Bu bir ritual, bir vacibətdir ki, Quran insanların yaddaşından silinməsin. Ərəb dili öz zəmanəsində çox əhatəli, geniş bir dil olub, orda elə sözlər var ki, Azərbaycan dilində qarşılığını tapa bilməzsiniz.

Sayman A.

- Mən əksinə düşünürəm ki, Quranın tərcüməsi onun hörmətinin yüksəlməsinə gətirib çıxarar. Sadəcə, burda din adı altında mağaza açan adamlar başa düşürlər ki, Quran tərcümə olunub oxunandan sonra bu ruhaniyə, axunda ehtiyac olmayacaq, məcburdular libaslarını soyunub gedib evdə oturalar. Məncə bu ərəb imperiyası bir yerdə çökməlidir, nə qədər olar axı başqasına xidmət edəsən.

Səadət A.

- İndi telefon xəttində başqa bir yazar Dilqəm Əhməddir. Dilqəm bəy, siz bir yazı yazmışdınız Türkiyə təcrübəsini xatırlatmışdınız. Türkiyədə Quranın, azanın türkcə oxunması niyə baş tutmadı? (ardı aşağıda)

Dilqəm Əhməd
Dilqəm Əhməd


Dilqəm Əhməd

- Oncəliklə gəlin məsələyə ordan başlayaq ki, biri var bizim arzu və istəklərimiz, biri də var İslam dininin tələbləri. Məsələn, çoxluq belə düşünür ki, İslam dini 1400 ildir öz orijinallığını məhz ərəb dilinə görə qoruyub və bu günləri də bütün dünyada Quranın eyni formada oxunması məhz ərəb dilinə görədir. Orda səslənir ki, qoy yaslarımızda Quran Azərbaycan dilində oxunsun, amma əgər bu gün rəhmətə gedən Azərbaycan türkü ərəbin qaydası ilə dəfn olunur, kəfənə bükülür, ərəbin qibləsinə qoyulursa, ərəbin qaydasıyla üzünə torpaq atılırsa onda bir ziddiyyət yaranır. Ya bütün yas adətlərini dəyişdirmək lazımdır ki, orda ərəb adəti qalmasın, ya da qalırsa ərəb qaydaları qalmalıdır. Məsələn, bildiyimə görə bizdə filosof Asif Ata dəfn olunan zaman onu ərəb qaydası ilə yox, qədim türk adəti ilə dəfn etmişdilər, bu zaman yerli camaat ayağa qalxmış, etiraz etmişdilər deyə, onun qəbrinin yerini dəyişdirməli olmuşdular.

Türkiyə məsələsinə gəldikdə isə deyim ki, Osmanlı xilafəti devirldikdən sonra Türkiyədə layik dəyərlər ön plana çıxdı, Atatürk müəyyən inkilablar həyata keçirdikdən sonra, növbəti mərhələdə ortaya dini dəyərlər gəldi. İlk dəfə 1931-ci ildə namaz və azan türk dilinə ən uyğun şəkildə çevrildi, müxtəlif tərcümələr təqdim olundu, onların içindən biri seçilərək götürüldü. Türkcə azan qəbul olunandan sonra bu qanunla məcburi xarakter aldı, bütün məscidlərə rəsmi şəkildə göndərildi, bu qanuna əməl etməyənlər cəzalandırılırdı. Təbii ki, buna qarşı çıxanlar oldu, çünki 600 illik Osmanlı ənənələri pozulmuşdu. İsmət İnönünün vaxtında bu proses daha da gücləndi. Lakin, bu, Türkiyədə tutmadı. 18-20 il ərzində qüvvədə olsa də, 1950-ci ildə Demokrat Partiyası hakimiyyətə gələn kimi yenidən rəsmi qanunla əvvəlki şəkildə bərpa olundu. Bu bərpa olunan zaman insanlar o qədər sevinmişdi ki, insanlar qurban kəsmiş, bayram keçirmiş, hətta MHP də bu qanuna qarşı çıxmamışdı. Altmışıncı illərdə bu yenidən gündəmə gəlsə də ona dəstək verilmədi.

Fərid A.

- Dilqəm bəy ölülərimizin ərəbin qaydasıyla basdırılması, ərəbin qaydasıyla dəfnindən danışdı, axı xristianlar da eyni qaydayla basdırırlar, onlardadamı ərəbin qaydası ilə basdırılır? Baxın, Azərbaycana xristianlıqdan tutmuş, zərdüştilikdən tutmuş hər cür din gəlib, niyə insanlar onlardan deyil, islamdan yapışıblar? Baxın türklərə, bunları məcbur edirlər Quranı öz ana dilində oxu, həbs edirlər, qorxudurlar. Xalq imtina etmir, niyə? Bunu araşdıran varmı? Bütün imperialist qüvvələr bunları dinindən imtina etməyə çağırır, niyə imtina etmirlər? Nə olur olsun, xalq öz dinindən çəkinmir. Bizdə ruhani, mollanı ələ salırlar, hansı univerisitetdən, hansı akademik gedib o qara camaatla oturub söhbət etməyə razı olar? Kim özünə sığışdırar bunu? Amma bu ələ salınan molla gedib camaatla oturur danışır. Bu, illərlə insanların canına işləyib, əminəm ki, yenə də məclislərdə camaat ərəbcə oxuyacaq, yenə də namaz ərəbcə qılınacaq. Bu müzakirə mövzusu deyil, xalq öz seçimini edib.

Sayman A.

- Xeyr, elə deyil, gəlin xalqın adından danışmayaq. Fərid bəy elə bilir ki, biz deyirik, gəlin Qurandan, namazdan imtina edək, belə söhbət etmədik. Burda məqsəd odur ki, xalq maariflənsin, xalq Quranı öz dilində oxuyub anlasın.

Fərid A.

- Necə elə deyil axı, deyirlər dindarsansa burda yaşama, hicabını taxma, camaata deyirlər dinini yaşamaq istəyirsənsə, get İranda yaşa. Nəyə görə biri pirsinqlə gəzə bilir, amma hicabla gəzə bilmir, dindarlar ələ salınır, bu yığışdırılsın. Bu dəqiqə dindarları ərəb kəşfiyyatçısı adlandırırlar.

Sayman A.

- Elə deyil, Azərbaycan dünyəvi bir ölkədir, bizim xalq inkişaf etmək, irəli getmək, geniş meydanlara sahib olmaq istəyir. Ancaq əslində sizin dediyiniz o imperialist qüvvələr istəyirlər, din yerində qalsın, xalq millətləşə bilməsin, sizin istədiyiniz qüvvələr o kütləni aparıb axırda hansısa mollanın hakimiyyəti altında köləliyə salır. Biz istəyirik, xalq maariflənsin, İslamı da yaxşı bilsin, Quranı da yaxşı oxusun, xalq mollayla yox, alimlə otursun, axı xalqın ehtiyacı yoxdur ki, 1400 il əvvəlki şəriət qanunlarından danışan bir mollayla otursun. Dünya icitmaiyyəti inkişaf edir, Azərbaycan ictimaiyyəti də dünyayla birlikdə inkişaf etmək istəyir, bizim mollaya yox, Quranı yaxşı təfsir edib, camaata çatdıran yaxşı dini alimlərə ehtiyacımız var. Bunlar nədən qorxurlar ki, Quranın Azərbaycan dilində tərcümə olunmasını istəmirlər, nəyin ifşa olunmasından qorxurlar, nəyin açılmasından qorxurlar. İnsanlar indi Qurandan qorxurlar, cəhənnəmdən, halaldan-haramdan qorxurlar, insanlar bilmədikləri, tanımadıqları şeylərdən qorxurlar. Bizim Quranın qarşısında sualsız-kəlamsız əyilən köləyə yox, Quranı təfsir edib aydınlaşdıra bilən bir alimə ehtiyacımız var.

Debatı tam izlə
XS
SM
MD
LG