Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:34

O xəlbir gözümün qabağından çəkilmir...


Natiq Məmmədli
Natiq Məmmədli
-

- Ay oğul, gənclər axı diribaş olurlar. Sən zəmanə uşağı deyilsən, adam da hər yazılana inanar, özü də harda. Universitetlər o cür elanları hər il verirlər. Əslində o yerlər boş deyil, hərəsinin öz yiyəsi var. Sadəcə o vəzifələr formal da olsa, müsabiqəylə olmalıdı...


Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Natiq Məmmədli


XƏLBİR

(avtobioqrafik etüdlər)


Kösöv kimi qaralmış yoğun əlləriylə xəlbiri silkələdikcə adamın ağlından nələr keçmirdi, nələr?

Alayarımçıq uşaqlığımda ilişib qalmış bozbulanıq xatirələrin sırasında nənəmin dəyirmanlıq buğda artlamasının nədənsə ayrı yeri, ayrı çəkisi vardı.

Axır vaxtlar, illah da bir-birinin ardınca uğursuzluqlarım artdıqca, həyatdan küsüb özümə qapandıqca nənəmin xəlbiri hərlənib-fırlanıb gözümün qabağında dayanır.

Hər dəfə sevinə-sevinə bir işin qulpundan yapışmağa cəhd edərkən, bəli, məhz cəhd edərkən (çünki hələ cəhddən qabağa getməyə şansım olmayıb) növbəti məyusluğa tuş gəlirəm, ümidlərim, gələcək haqqında təsəvvürlərim çilik-çilik olur.

Və hər dəfə eyni hissləri yaşadıqca, yəni gözükölgəli gəzib-dolanmağın acısını daddıqca, onsuz da həyatın dibində çabalayan ruhum bir az da sarsılır, bir az da sınır, bir az da əzilir. Həmişə də xəlbir gözümün qabağından çəkilmir.

Heç uşaq olanda ağlıma gəlməzdi ki, yaşa dolduqca, nənəmin yoğun, qaralmış oduna oxşayan əlləri arasında silkələnən xəlbiri belə tez-tez xatırlayacam.

Yenə də bardaş qurub səssizcə oturmuşam, buğdanın tozu, zir-zibili burnuma dolub, üst-başımı batırmasın deyə, eləcə aralıdan onun əllərinin hərəkətinə və daha çox da xəlbirin necə dəqiq işləməsinə heyranlıqla tamaşa edirəm.

Nənəm başını qaldırmadan aram-aram əllərini silkələdikcə, sarı dənlik buğdalar xəlbirin gözündən süzülüb tökülür, taxılın canına daraşmış sarmaşıq çöpü, çayır kökü, qoyun qığı, qanqal yarpağı, ot-ələf ayırtlanıb üstə qalır, nə qədər silkələnsələr də, sıyrılıb aşağı düşə bilmirlər.

Nənəm onları kənara çırpır, heç toyuq-cücənin qabağına da atmırdı. Dəyirmanlıq buğdanı səhmana salandan sonra kənarda qalaqlanmış zir-zibili torbalayıb dönə-dönə tapşırardı ki, bunu evdən aralı çay aşağı axıtmaq lazımdı, gərək yerə-yurda düşməsin, «kökü kəsilsin bunların» - deyərdi.

Bir Allah bilir ki, çay aşağı nə qədər sarmaşıq çöpü, çayır kökü, qoyun qığı, qanqal yarpağı, ot-ələf axıtmışam…

Mənə görə nənəmin xəlbiri qiyamətdəki qıl körpüsünə oxşayırdı, heç vaxt günahkara yol verməzdi, heç vaxt nadürüstü gözündən keçirməzdi. Bir dəfə xəlbiri balaca əllərimin arasına aldım, yumşaq barmaqlarımla onun yan-yörəsini sığallaya-sığallaya silkələməyə çalışdım, nə qədər qara qılçıq, çör-çöp varıydısa, hamısı buğdaya qarışıb axmağa başladı. İnana bilmirdim.

«Bu nədi, xəlbirin gözü genəlib?»

«Yox, gözünə bir şey olmayıb, gərək mənim kimi silkələyəsən» - nənəm dedi – «xəlbiri özbaşına qoysan çörəyimizin içinə qanqal da qarışar, sarmaşıq da…»

Bir daha cəhd eləmədim, yenə də aralıda bardaş qurub tozlu-torpaqlı ələnmə prosesinə tamaşa edə-edə düşünməyə başladım, doğrudan da xəlbir özbaşına heç nəymiş, gərək onu silkələyən əllər olaydı – kösöv kimi qaralmış yoğun əllər…

İndi mən nənəmin yanında qoyub gəldiyim uşaqlıqdan sürətlə uzaqlaşdıqca elə bil xəlbirə daha da yaxınlaşırdım. Nədənsə içimdə bir inam var ki, həmən xəlbirin gözündən sıyrılıb düşməyincə, özümə yer tapa bilməyəcəm.

İndi həyatımın elə məqamıdır ki, ya dənlik buğda kimi dəyirmanlıq olmalı, ya da sarı sarmaşaq çöpü, lap elə qoyun qığı kimi kənara itələnib həyatın dibində küllənməliyəm.

Ələnmə yaxşı şeydi: adamın ələndikcə özünə inamı artır, başqalarından fərqləndiyinin, daha lazımlı, daha bacarıqlı olduğunun fərqində olursan; deməli ömrü hədər yerə yaşamamısan, filan qədər kitabı nahaq yerə oxumamısan, gözünün nurunu hədər yerə əritməmisən, deməli sən lazımlı adamsan, sən onların axtardığı adamsan. Ələnmə yaxşı şeydi, ələyən olsa…

İnternetdə iş elanını görən kimi diqqətimi cəlb elədi. Yeni yaradılmış Fondda çoxlu vakansiyalar elan olunmuşdu. Mənə uyğunu ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi idi. Həm yiyələndiyim ixtisasa uyğun gəlirdi, həm də cürbəcür insanlarla işləmək, əlaqələr qurmaq həvəsi canımda da var idi.

Məktəbdə də, universitetdə də o qədər ünsiyyətcil idim ki, inanmazdım kiminsə mənim qədər dostu-tanışı olaydı. Xoşbəxtlikdən müsabiqənin şərtləri də mənim boyuma biçilmiş kimiydi: kollektivdə işləmək bacarığı, ünsiyyətcil, xoşrəftar olmaq, mətbuat üçün açıqlamalar hazırlamaq, maarifləndirici iş aparmaq, Fondun informasiya təminatını həyata keçirmək – aman Allah, bunlar ki, mənim əlimdə su içimlikdi.

Bekara çatışmayan rus, ingilis dillərdə sərbəst danışmaq vərdişi idi ki, hərçənd onun da öhdəsindən gələ bilərdim, onsuz da rus dilini ana dilimiz kimi öyrədiblər, qalırdı ingilis, onun da qrammatikasından başım çıxırdı, üçcə ay kifayət idi ki, «excellent» olum. Təki siz mənə meydan verin göstərim hünərimi… Bütün qaydalara uyğun hazırladığım, dönə-dönə yoxlayıb gözdən keçirdiyim CV-mi deyilən ünvana yolladım.

Etiraf edim ki, çox həyəcanlı idim. Bu mənim birinci cəhdim, qazanacağım halda birinci işim olacaqdı. İki günə məktubuma cavab verilməsi, gələn həftənin bazar ertəsi müsahibəyə dəvət etmələri ürəyimi dağa döndərdi. Bilmirəm sonralar bu hissi təkrar yaşadım yoxsa yox, amma çox qəribə hiss idi, bir az qürurlanmağa oxşayırdı, bir az lovğalığa, bir az ərköyünlüyə, hərəsindən bir az idi…

Fondda məni lap köhnə tanışlar kimi qarşıladılar. Sualedici zirək nəzərlərini bir an belə sifətimdən yayındırmayan balaca boylu, uzağı məndən bir-iki bayram böyük görünən gənc oğlan CV-mi qarşısına qoyub təbəssümlə, mən deyərdim bəlkə də heyranlıqla mənə baxırdı. Müsahibəyə məndən başqa heç kimin dəvət edilmədiyinə qəti əmin olandan sonra özümə inamım bir az da artdı, bir az da ürəkləndim. Bir işə bax, kənarda gör nə qədər CV yığılıb, onların arasından ancaq məni çağırıblar, böyük uğurdu, sağ olsunlar, yaşasın nənəmin xəlbiri!

- Xarakterinizdə nə çatışmır?

- Üzr istəyirəm…

- Nə çatışmır, hansı çatışmayan cəhətləriniz var?

Gülərüz, balacaboy oğlanın düz gözlərimin içinə baxaraq müsahibəyə çatışmazlıqlarımdan başlamasını, sözün düzü, gözləmirdim, bir az hürkdüm də. Mənim yerimə özünüzü qoyun, gözləmədiyiniz halda, lap elə küçəylə gedərkən, tanımadığınız birisi qəflətən çatışmayan cəhətləriniz barədə soruşsa, nə cavab verərsiniz? Axı mənim bütün çatışan cəhətlərimin hamısı CV-də yazıldığı halda, bu niyə çatışmayan tərəflərimlə maraqlanır? Təcrübəsiz idim, eh… sonralar bu sualları o qədər eşitdim; o qədər yağlı-yapalaq cavablar verdim ki… Lap sonralar anladım ki, sən demə, bu, müsabiqədə iştirak etmək istəyənlər üçün psixoloji testfason bir şey imiş. Mənə qalsaydı lazımsız, avara bir şey idi… Nə isə…

- Vallah, çatışmayan cəhətlərim haqqında… bilmirəm… heç fikirləşməmişəm… hə, fikirləşməmişəm bu haqda.

- Deməli, özünüzü yaxşı tanımırsınız, özünüzü kəşf etməmisiniz?

- Özümü kəşf?..

- Məsələn, xudbin deyilsiniz ki?

- Yox, yox nə danışırsınız? Mən kiməsə yuxarıdan aşağı baxmağı qəbul etmirəm. Düzgün deyil bu.

- Şöhrətpərəstsiniz?

- Yox, nə danışırınız! Lovğalanmaq üçün heç bir əsasım yoxdu? Universiteti təzə qurtarmışam… Neyləmişəm ki, şöhrətpərəst olam.

- Qızlara münasibətiniz necədir, məsələn, ofisdə mini yubkalı qızları görəndə ilkin reaksiyanız necə ola bilər?

- Yaxşı.

- Yəni, şorgözsünüz?

- Üzr istəyirəm, deyəsən fikrimi düz çatdıra bilmədim axı. Qətiyyən o mənada demədim. Geyinirlər, özləri bilər… Axı mənə nə var onlardan.

- Deməli, qızlara qarşı biganəsiniz. Başa düşürəm, amma narahat olmayın, öz aramızda qalacaq, mən insanların hisslərinə hörmətlə yanaşıram.

- Yenə məni düz başa düşmədiniz.

- Ona görə ki, siz fikrinizi düz izah edə bilmirsiniz. Axı necə ola bilər, bu yaşa çatmısınız bircə dəfə də özünüzü müşahidə etməmisiniz ki, hansı zəif cəhətləriniz var. Bu haqda heç düşünməmisiniz də?

- Yox.

- Əzizim, bayaqdan mənim bütün suallarıma «yox» cavabını verirsiniz. Bu müsabiqədi, sizin rəqibləriniz də var, hər şeyə yox demək sizə üstünlük qazandırmaz.

-…

- Susmaq lazım deyil, bircə bunu eləməyin. Əgər bütün cavablarınız «yox»dursa, onda belə nəticəyə gəlmək olar ki, siz sadəlövhsünüz.

- Bəli, bəli.

- Şükür, axır ki, müsbət cavab ala bildim.

Müsahibə bir neçə dəqiqə də davam elədi. Bu vaxtda neçə dəfə ölüb-dirildiyimi indi xatırlamaq istəmirəm. Gülərüz oğlan sanki gözümün içinə baxa-baxa, kirpiklərini belə, qırpmadan yağlı boya ilə mənim psixoloji portretimi çəkirdi. Necə alınmışdı, xoşlarına gələcəkdimi, deyə bilmirəm, amma mənim heç ürəyimcə deyildi; təsəvvür edirdim o portretdən baxan gözlərdə hansı ifadə donub qalıb – xudbinlikdən, şöhrətpərəstlikdən, şorgözlükdən uzaq, bir sözlə dünyadan xəbərsiz, yonulmamış kəndli balasının sadəlövh baxışları. Yaxşı olardı ki, mənim portretim bu vaxta kimi ədalətinə, düzlüyünə inandığım nənəmin xəlbirinin fonunda, ya da elə içində çəkiləydi. Boğazım xəlbirin gözündə ilişib qalıb, ayaqlarım havada yellənə-yellənə ləngər vurur, nənəm yoğun, kişiyana əlləriylə xəlbiri nə qədər silkələsə də, mən dəyirmanlıq buğdaların yanına düşə bilmirdim ki, bilmirdim…

- Haralısan? - gülərüz oğlan bu sualı birbaşa vermədi, necə deyərlər bir az aralıdan gəldi. Əvvəlcə danışığımın, sonra da suyumun ona şirin gəldiyini söylədi. Sonra torpağı sevdiyini, vətənin o başı, bu başı olmadığını dedi. Sonra hamımızın soydaş, yurddaş, sirdaş olduğumuzu dedi, yerliçiliyə nifrət elədiyini söylədi. Lap sonra… lap sonra «haralısan» dedi. Guya elə-belə soruşur, söz gəlişi…

- Ümidqovandanam.

- Hardan? Hə, o Ümid Piri olan kənddən… Yox, mən bunu elə-belə soruşdum ha, ürəyinə başqa şey gəlməsin. Haralı olmağımızın nə dəxli var, hamımız bir vətənin övladı deyilikmi?

- Hə, əlbəttə elədi – nəhayət ki, müsahibə boyu ikinci dəfə müsbət nəsə dedim. Əslindəysə, elə deyildi. Biz bir vətənin yox, paralel vətənlərin övladlarıydıq. Danışdığımız eyni dil də, qulaq asdığımız eyni bayatılar da fərqli vətənlərin, fərqli dünyaların avazı idi. Adam öz elində, obasında, doğmalarının arasında təklənəndə, özgələşəndə vətən də özü boyda yük olub şəllənir belinə, bilmirsən, onu sevəsən, ya tullayasan, ya da sevə-sevə tullayasan. Bütün bunları mən o zamanlar bilmirdim… Bunları mənə müsahibələr, müsabiqələr öyrətdi… Hələ ağzım isti yerdəydi, hələ bitib-tükənməz müsahibələrimin siftəsini edirdim. Sonradan anladım ki, bu, çoxbilmişlikdən boyu çıxmayan, sürtülmüş sifətinin tülkülüyünü gizlədərək ona riyakarcasına təbəssüm maskası taxan adam üçün bayaqdan danışdıqlarımız boş şey imiş, əsas «haralısan» testindən keçmək idi. İtsən, qurdsan, xudbinsən, şöhrətpərəstsən, şorgözsən, qanmazsan, səfehsən, hər nə zibilsən, bircə «haralısan» testindən keç. Əsas məsələ qaranlıq orta əsrlərdən qalan feodalizmin XXI əsrdə mutasiya olunmuş eybəcər standartlarına cavab verməkdir, qalanı vətənin boynuna. Belə qalanı cəhənnəmə ki…

Müsahibənin sonunda mənə dedi ki, hər şey qaydasındadı, özümüz əlaqə saxlayacağıq. Ay saxladılar ha… Elə bu sətirləri yaza-yaza hələ də qulağım telefonda qalıb…

Mən uğursuzluqlarımdan çox şey öyrənmişəm, ən vacibi isə alternativ planlar cızmaq vərdişidi. Görünür, mənim kimi əli boşa çıxan babalarımız havayı yerdən deməyiblər – «tutar qatıq, tutmaz ayran»… tələbə yoldaşlarımdan biri təzə açılmış televiziyada bir xeyli vakansiya olduğunu söyləmişdi. Qərara gəldim ki, üz tutum televiziyaya. Düzünü deyim heç vaxt təsəvvür eləməzdim ki, nə zamansa mən televiziya adamı olaram. Yaxşı ki, həmin zaman heç vaxt gəlmədi. İnanıram, daha doğrusu, adım kimi əminəm ki, hörmətli tamaşaçılar bundan heç nə itirməyiblər. Sifəti ekranı tutan bambılı, itoynadan, arvad boşayan, ər axtaran, xurafatı təbliğ edən televiziya proqramlarının o qədər istedadlı, vayşüvən aparıcıları var ki… Onların yanında mənim kimi sirindən-sifətindən ciddilik, gözlərindən sadəlövhlük yağan, bir sözlə tipik ziyalı formatlı adam qara şalvarda ağ yamaq kimi görsənərdi. Hələ nəzərə alsaq ki, axır vaxtlar sadəlövh gözlərimə eynək də taxıram, biabırçılıq, eynək yox, fərsizliyin simvolu.

Heç gözləmədiyim halda televiziyanın direktoru özü məni qəbul elədi. Elə ilk baxışdaca sözlə izahı çətin olan xoş bir təəssürat yaratdı.

Onun haqqında danışanda sözlərdən ona görə ehtiyatla istifadə edirəm ki, sadəcə olaraq inanmağım gəlmirdi.

Məgər indiki zamanlarda təmiz adamların, düz adamların nəsli kəsilib qurtarmayıb. Ağzını açıb qışqırmaq istəyirsən, gözünə düz adam sataşır, məcbur olub onun xətrinə səsini içində boğursan; hər şeyə tüpürüb dünyanın başına bir qara daş qolaylamaq istəyirsən, görürsən ki, qabağında bir yaxşı adam dayanıb, əlin boşalır, daş yerə düşür, atmağa ürək eləmirsən ki, onun başına dəyə bilər. Bir sözlə, mənim yaxşı adamlara nə qədər çox hörmətim olsa da, düşünürəm ki, onlar bizim cəmiyyətdə heç də yaxşı funksiya yerinə yetirmirlər, ümumiyyətlə onların bu torpaqda, bu diyarda, bu yerlərdə, belə götürsək bu dünyada nə itləri azıb axı? Gözü yalnız mərdimazarlara öyrəşənlər yaxşı adam görən kimi çaşırlar.

Bax, həmin o televiziyanın müdiri də adamı çaşdıran yaxşı adamlar fəsiləsinə daxil idi.

Mənimlə çox qısa, sentimental olsa da, deyim ki, lap elə ata-bala kimi söhbət elədi: özünün tələbəlik illərini xatırlatdı, universiteti qurtaran ili eləcə mənim kimi iş axtarmağından, hələ ilk məhəbbətindən də danışdı.

Mənə elə gəldi ki, o, mənim məsum sifətimdə özünün aşağısı otuz il bundan əvvəlki halını görürdü, çox istiqanlı, vəzifəsinə uyuşmayan bir səmimiyyətlə danışırdı. Elə istəyirdim ki, belə bir adamla birgə işləyim, hər gün məni yanına çağıra, tapşırıqlar verə, aradabir də gözucu məni süzüb otuz il əvvəl itirdiyi illərin dadını çıxara. Qısa söhbətimizdən sonra müavinini yanına çağırdı, dərhal studiyaya yollanmağımızı, bir-iki sınaq çəkilişləri etməyimizi tapşırdı. Sonra da sanki işə qəbul edirmiş kimi əlimi sıxdı.

Ah studiyanın işıqları!.. Ah kameralar!.. Nədədir sizin cazibəniz? Niyə hamı sizin qabağınıza keçən kimi süniləşir, özünü yaddan çıxarır? Niyə hamı sizi görən kimi soyunur? Bu qədər bərbərxanalar, moda evləri, gözəllik salonları hamısı sizin üçün işləyir; dəvə dabanına oxşayan silikon dodaqlar, bərəldilmiş linzalı gözlər, kəsdirilib yuxarı dikəldilmiş burunlar, şişirdilmiş sinələr hamısı sizin üçündü; geydirmə dərmanların, paraşokun, pampersin, molpedin gurultulu reklamları hamısı sizə görədi. Nədir bu görməmişliyin səbəbi? Mən qanmıram, qana bilmirəm. Elə peşəkar «televizyonşik» olan müavin də görünür, mənim qanmazlığımı göydə tutmuşdu, studiyaya girən kimi yüngülcə, amma ciddi iradlarla başladı.

- Sən televiziyada işləyəcəksən, eləmi?

- Hə, məsləhət olsa – fonddakı müsahibədən artıq ilk dərsimi almışdım, bütün suallara yalnız «hə» deyə cavab verəcəkdim, «yox»a lənət.

- İlk çəkiliş məsuliyyətli işdi, bəlkə saç düzümünü dəyişəsən?

- Necə?

- Nə bilim, bir az müasir formada, xətrinə dəyməsin, indi belə dəb deyil.

- Heç düşünməmişəm bu barədə.

- Qəribə oğlansan, necə yəni düşünməmisən? İndi kimdi saçını arxaya darayan, lap «politbüronun» üzvlərinə oxşayırsan. Mütləq saç düzümünü dəyişmək lazımdı, bir də kreativ olsun deyə yüngül saqqal buraxmağın pis olmazdı.

- Bağışlayın, nə olsun deyə?

- Nəysə… Kamera estetik gözəlliyi sevir.

«Ah, keşkə o kamera mənim içimdəki gözəlliyi də göstərə biləydi…», - özümə qapanmağa müavinin kişiyə xas olmayan incə barmaqlarını qarnımda gəzdirməyi imkan vermədi. Elə bildim nəsə üstümü təmizləyir, televiziyaya gələndə lavaşarası dönəri ayaqüstü elə təpişdirmişdim ki, dedim yəqin nəsə üstümə sıçrayıb.

- Bu nədi, deyəsən, qarnın çıxır axı? Yox, olmaz, qəti olmaz. Kamera qabağında şişman qarın, özü də bu yaşda, olmaz əzizim, bu gündən çörək yeməyi tərgit. Özünü gərək bu işə həsr edəsən, başa düşürsənmi?

- Axı mən ciddi veriliş aparmaq istəyirəm.

- Sözə bax də, məgər biz sənə qeyri-ciddi iş təklif edirik, harda yazılıb ciddi söhbətləri ancaq qarnı yoğun adamlar danışmalıdı?

Yaxşı olardı ki, cavab verəydim «bəs harda yazılıb ki, ciddi verilişləri, əndirəbadi saç düzümündə, saqqallı, dizi cırıq cins geymiş gədələr aparmalıdı» - təbii ki, mən bunları öz ürəyimdə dedim, müavinin sualı qaşısında sadəcə başımı aşağı salmaqla kifayətləndim.

- Gəl belə danışaq, dediklərimi elə, sabah gəl. Bir abzaslıq da nəsə mətn hazırla, «stəndap» eləyək.

- Nə eləyək?

- Oy da! İki-üç cümlə nəsə kameranın qabağında əzbərdən deyərsən, amma intonasiya ilə, məlahətlə, şeir kimi yox.

- Nə barədə danışmağı məsləhət görürsünüz?

- Nə bilim, mövzu seçimində azadsan, özün də gəncsən, məsələn, elə kreativ gənclik haqqında danışa bilərsən, ya da ki… ya da ki… qurbağalar barəsində… Hə, nə gözünü döyürsən, sənə qəribə gəlməsin, öyrən gör dünyada ekoloji tarazlığın pozulması qurbağalara necə təsir göstərir? İqlim dəyişmələri qurbağaların kökünün kəsilməsinə səbəb olmayacaq ki? Bax belə, sabah görüşərik.

Müavindən ayrılan kimi arxama baxmadan televiziyanı tərk elədim, yarıyolda yadıma düşdü ki, Şəxsiyyət vəsiqəmi buraxılış məntəqəsində unutmuşam. Yenidən geriyə qayıdıb onu götürməli oldum. Bir az da yubansaydım elə şəxsiyyətimi də unudacaqdım… Çox məyus olmuşdum… Bu da təbii idi… Əvvəldə demişdim axı mənim uğursuzluqlarım bitib-tükənmir. Qəti əmin idim ki, heç vaxt saqqal saxlamayacam. Qəti əmin idim ki, heç vaxt çörəkdən imtina etməyəcəm. Mənim bacardığım ən asan iş müavinin dediyi kimi, «stəndap» üçün bir abzaslıq nəsə hazırlamaq idi. Bax bu, doğrudan mənlik idi, bir abzas nədi, lap bir neçə səhifə, istəyirsən publisistik, istəyirsən bədii boyalı, istəyirsən rəsmi üslubda, necə desən yazım.

Düzdü, bizim dildə təzə dəbə mindirilən «kreativ» sözünü gənclərin qabağına qoşub nəsə yazsaydım çətin ki efirə verən olardı, elə salamatı qurbağalardı. Ekoloji tarazlığın pozulması, ozon layının deşilməsi, Şimal buzlaqlarının əriməsi, «istixana effekti» yaradan zəhərli buxar qazlarının yığını, bunların hamısı qurbağalara yaman pis təsir göstərir. Onların halına yanmaq üçün qurbağa olmaq lazım deyil ki… Belə getsə göllərimiz, gölməçələrimiz qurultu üzünə həsrət qalacaq, qulaqlarımız səhərə kimi gecənin ağır sakitliyinə dağ çəkən ritmik qurultuları hardan eşidəcək?

Belə getsə qurbağa qurultusuna da müğənnilərin ansamblsız ifası kimi, fonoqramda qulaq asacağıq. Dəhşətin miqyasını təsəvvür edirsinizmi? Dünyamız əldən gedir! Qurbağa qurultusu bu məmləkətin, bu planetin üstündən əskik olmasın! Afərin mənə, bütün bunları kameranın qabağında desəydim, gözəl «stəndap» alınardı. Amma mən bunların heç birini demədim, sadəcə qırıla-qırıla qalmışdım – gör dünyanın harasındayıq, ay Allah, hər tinində boynubükük bənövşə kimi bir dərdin göyərdiyi vaxtlar televiziyalar qurbağalara yas tutur. Sonra deyirlər, bizə baxan yoxdu. Qəribəydi ki, bəs məni çaşdıran o yaxşı adam, o yaxşı direktor qurbağa gölməçəsində necə duruş gətirə bilmişdi. Əvvəl elə zənn eləmişdim ki, onun da xəlbiri var, düzü əyridən, kişini nakişidən seçə bilir. Yenə də əvvəlki qənaətimin üstündə qalıram, onun bəlkə də xəlbiri var, amma əminəm ki, həmən xəlbiri silkələmək üçün nənəminki kimi kösöv təki qaralmış yoğun əlləri yox idi.

Demişdim axı, hər dəfə oxum daşa dəyəndə uydurduğum «alternativ planlar» nəzəriyyəsi köməyimə çatır, bu dəfə də elə oldu. Yeni iş elanı ilə lap təsadüfən tanış oldum. Təsadüflər yaxşı şeydi, bəzən adamın həyatını da dəyişə bilir. Boş yerdən deməyiblər ki, təsadüflərdən zərurət doğur. Mən də rastlaşdığım bu xoş təsadüfdən zərurəti doğuzdurmaq üçün dərhal hərəkətə keçdim. Metronun «İnşaatçılar» stansiyasının qabağında mer-meyvə satanların yanından ötəndə pomidor yeşiklərinin altına sərilmiş məmləkətin ən yekə qəzetinin böyük bir səhifəsində iri qara şriftlərlə yazılmış «vakansiya» sözü az qala gözümə girəcəkdi.

Əvvəl mən də sizin kimi düşündüm, çox güman qəzetin köhnə nömrəsiydi, amma necə oldusa pomidorların arasından ayın tarixi gözümə sataşdı. Nə köhnə, canım, qəttəzə qəzetdi. Nə başınızı ağrıdım pomidorlar satılıb qurtarana qədər gözlədim, sonra satıcının kənara tulladığı yeşikdən ədəb-ərkanla elan olan səhifəni götürdüm. İnsafən satıcı bir söz demədi, əksinə mənim də meyvə alış-verişiylə məşğul olduğumu zənn edib, içində bir alverçi həmrəyliyi baş qaldırdı, dedi ki, qəzet lazımdırsa, münasib qiymətə neçə kilo istəyirsənsə təşkil edə bilərəm.

Səmimiyyətlə təşəkkür etdim, mənə lazım olan bircə səhifəydi, onu da götürmüşdüm. Yolda gedə-gedə beynimdə atüstü fikirlər boy göstərməyə başladı, görünür, biz dünyanın yeganə məmləkətiyik ki, bizdə qəzetləri dənəylə yox, kiloyla alırlar, belə götürəndə lap əcəb edirlər, bəlkə də düz eləmirlər, mənə nə.

Vakansiya oxuduğum universitetdəki iş yerləri barədə idi; müsabiqə bütün fakültələri əhatə etmişdi, o qədər iş var idi ki – dekandan tutmuş kafedra müdirinəcən, professor, dosent, baş müəllim, elə-belə müəllim, laborant… Heç bilməzdim ki, mənim əziz universitetimdə, anam doğma «alma materim»də bu qədər boş iş yerləri var. Mən də özümü dağa-daşa salmışam, nə bilim ictimaiyyətlə əlaqələr, ay nə bilim televiziyada saqqal davası, gül kimi universitetim dura-dura axı nə üçün qapılara düşmüşəm. Dərs demək, hətta mühazirə oxumaq, biliklərini, bacarıqlarını millətin təravətli, çiçəyi burnunda balalarına öyrətməkdən gözəl nə ola bilər? Bu, millətə xidmət deyil, bəs nədi? Deyim sizə ki, mən çox tələbkar müəllim olacam, kiməsə day-daylıq eləməkdi, tələbədən rüşvət almaqdı bunların heç birini yaxın buraxmayacam, qoy hamı bilsin ki, mənim vicdanımı satın almaq olmaz. Bir daha iş elanlarına nəzər saldım, nə gizlədim ürəyimdən dekan olmaq keçdi, dərhal da bu fikrimdən daşındım. Bilirsiniz, adam nəyəsə iddia edəndə gərək ona mənəvi haqqının çatıb-çatmadığını yaxşı-yaxşı götür-qoy eləsin.

Tutaq ki, sənədlərimi verdim dekanlığa, müsabiqəni də qazandım, bəs sonrası… Kafedra müdiri necə? Yox, o, inzibati vəzifədi, professor olmaq üçünsə of… nə boyda ömür lazımdı. Ən yaxşısı müəllimlikdi, həm mənəvi haqqım çatır, həm də savadım.

Universitetin qabağında sevimli müəllimlərimdən birini görəndə gözlərimə işıq gəldi; hal-əhval tutduq, Suriyadakı qırğınlardan, Misirdəki gərginlikdən, Tunisdəki göysatandan, Liviyadakı əziyyətlərdən, dolların kursunun düşməsindən, neftin qiymətinin enməsindən danışdıqca danışdıq.

Yaxşı ki, neftin qiyməti bir az özümüzə baxmağa körpü saldı; müəllimim dolanışıqdan, güzərandan, işindən, gücündən, banklardan götürdüyü kreditlərin üst-üstə yığılan faizlərinin altında belinin bükülməsindən, vəziyyətdən çıxmaq üçün altı aylıq nəvəsinə sünnət toyu eləmək planlarından danışdıqca danışdı. Nəhayət, daxili və xarici siyasətin bütün incələmələrini verdikdən sonra söhbəti əlimdəki elana yönləndirə bildim. Bu, onu çox təəccübləndirdi, lap çox…

- Nə!? Müəllim olmaq istəyirsən?

- Bəli, məsləhətiniz nədi?

- Mirzə Şəfi Vazehlə Axundovun dialoqunu yadına sala bilərsən? Molla olmaq istəyən Fətəliyə Vazeh nə deyir?

- Hə, xatırladım.

- Ay sağ ol, bax mənim də məsləhətim Vazehin məsləhətinə oxşayacaq – səndəmi məğmun olmaq istəyirsən? Bir də kim deyir ki, universitetdə boş müəllim yeri var?

- Qəzetdə vakansiya elanı verilib də…

- Ay oğul, gənclər axı diribaş olurlar. Sən zəmanə uşağı deyilsən, adam da hər yazılana inanar, özü də harda. Universitetlər o cür elanları hər il verirlər. Əslində o yerlər boş deyil, hərəsinin öz yiyəsi var. Sadəcə o vəzifələr formal da olsa, müsabiqəylə olmalıdı. Necə deyim, hərə öz yerinə beş ildən bir təzədən seçilir. Özü də seçilir sözü dırnaqda yazılır.

Artıq suala ehtiyac duymadım, müəllimimlə danışdıqca doğma universitetimə baxırdım, onun doğmalığı duman qatı kimi çəkilirdi, indi o mənə suyu qurumuş dəyirmanı xatırladırdı. Ələyi ələnmiş, xəlbiri göydə fırlanan dəyirmanı… Yenə də xəlbir… Nənəmin xəlbiri ilə o göydə fırlanan xəlbir arasında elə yerlə göy qədər fərq varıydı… elə fərqlər ki, müqayisə eləmək belə, günah olardı. Nənəmin zəhmətdən yoğunlaşmış, kişiyana əlləri ilə silkələdiyi xəlbirin gözündən ancaq təmiz, sarı şirmayı buğda keçə bilərdi. Həmin buğdadan yoğurulmuş çörəyi biz ləzzətlə, iştahla yeyərdik.

Qolumuza güc, ürəyimizə təpər verərdi həmin çörək. Bəs nə üçün zamanın xəlbirindən bərəkətli buğda yox, ancaq sarmaşıq çöpü, çayır kökü, qoyun qığı, qanqal yarpağı düşür. Məgər bu zir-zibildən çörək bişirmək olarmı? Dəhşətlisi o idi ki, mənim «alternativ planlar» nəzəriyyəm artıq tükənirdi, alternativlərim ard-arda qeybə çəkilirdi. Təsəllim odu ki, həmən o göydə fırlanan xəlbiri silkələmək, özü də yaxşı-yaxşı silkələmək üçün nənəmin əllərinə oxşayan kösöv kimi qaralmış yoğun əllər lazım idi. Yoxsa, yaşamaq çətin olacaqdı… Bəlkə heç yaşamadıq da…

Yanvar, 2014
XS
SM
MD
LG