Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:45

Aliq Nağıoğlu. O va-ar?


Aliq Nağıoğlu
Aliq Nağıoğlu
-

Mən öz dilimizdə, o erməni dilində danışsa da bir-birimizi yaxşı anlayırıq.

O, gəldiyi səmtə yeriyir, mən geri addımlayıram. Ancaq ürəyim əsir, elə bilirəm məni aldadır, bu saat çönüb kürəyimi alışdıracaq...



Son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilir.


Aliq Nağıoğlu


O VA-AR?!

(Hekayə)


Otaqda ikisi idi. Hərdən ordan-burdan söhbət salsalar da, bir-birini yaxşı tanımırdılar. İndi münasib fürsət yaranmışdı.

- Sən cəbhədə nəçi idin?

- “Sadko” sürürdüm, pexotaya ərzaq, silah-sursat və başqa şeylər daşıyırdım...

- Onda sən pexotada qulluq edibsən?

- Hə də.

- İdmançı olduğum üçün məni kəşfiyyata yazdılar... İlyarımdı tərxis olmuşam, hələ avaralanıram. Burada mənə həm yaxşıdı, həm də kədərlidi... Eşitmişəm sənin də başın oynuyub. Keçib gedər, bir az səbr elə. Canımızı oda atdıq, ölümlə üz-üzə qaldıq, kişi kimi vuruşduq, bəziləri qırmızı bilet alıb yayındı. İndi lazımsız olmuşuq, lazımsız olmaq üzücüdür...

-...

- Niyə susursan? Bəlkə düz danışmıram? A-a, bağışla sənin başın... Gəl sənə öz başıma gələnləri, bura düşməyimin səbəbini danışım... Qəribə işlər olur həyatda...

- Noolar, danış.

- Deməli, belə. Bəlkə çəkməyə bir şeyin olar?

- Mən çəkən deyiləm.

- Mən də ordudan qayıdandan sonra tərgizmişdim, amma hərdən özümçün mırt eləyirəm. Demək, növbəti kəşfiyyat tapşırığından qayıdarkən çiskində azıb yoldaşlarımdan ayrı düşdüm. Səhərə yaxın dağlarda qatı duman olur. Əlimdə avtomat dilxor halda qalın meşənin içi ilə gedirəm, özüm də bilmirəm hara. Açıq talaya çatanda görürəm ki, bir az aralıda erməni əsgəri vurnuxur. Lap sütülün biri, üst- başı tərtəmiz, yaraşıqlı, boylu-buxunlu, kəsəsi builki molodoy. Qəfil qarşılaşmadan ikimiz də bir-birimizin üzünə baxıb duruxuruq. O, gülümsünüb əlini yelləyir ki, arxayın olum, yəni atmayacaq; hərdən səngərdə də hər iki tərəf belə işarələr edir axı. Şübhəsiz mən də özümə gəlib əlimi tərpədirəm. Sonra ehtiyatla, çəkinə-çəkinə üz-üzə addımlayırıq, avtomatları hərə öz yanına qoyub göy otun üstündə otururuq. O, öz çantasını açır, dəsmal çıxarıb sərir, dədəm gəl, ordan nələr boşaltmır: çörək, şokolad, pendir, suxarı, alma, flyaqasında da erməni konyakı. Əli ilə, sanki göstərir ki, çəkinmə ye. Mən də bir gündür acam, ye ki, yeyəsən, o isə yemir, durub mənə tamaşa edir. Sonra öz veşmeşokumu açıb içindəkiləri təmiz yerə boşaldıram: patronlardan başqa bir şey yoxdur. Kəşfiyyatdan qayıdıb azanın nəyi olar? Ona yaxından diqqətlə baxıram, eynən mənimtək çox cavandır. O, bizim dili onsuz da bilmir, ona görə soruşuram:

-“Dığa, hardan gəlib çıxmısan, kim səni,- əlimlə torpağı göstərirəm,- bura çağırdı? “ O isə cavabında deyir:

-“Məcburi gedişdir, əgər imtina etsəydim, özümüzünkülər məni öldürəcəkdi, axı müharibədir”.

-İtin balasıdır yalan deyən, inanırsan inan, inanmırsan özün bilərsən, hər şeyi başa düşürəm. Həm də beynimdən ani olaraq keçir ki, yəni mən kəşfiyyata gedib gəldikcə ermənicə öyrəndim? Ac olduğundan basıb hər nə varsa, yeyirəm. Erməni əsgəri dəsmalı çırpıb səliqə ilə qatlayıb çantasına qoydu. Qalxıb gedəndə mənə öz dilində dedi:

-“Mən atmayacağam ha”.

-Babalar goru, söylədiklərini adım kimi düppədüz başa düşürəm. Odur ki, ürəklə ona deyirəm:

-”Sən də çəkinib eləmə, getginən, mən əclaf deyiləm”.

Mən öz dilimizdə, o erməni dilində danışsa da bir-birimizi yaxşı anlayırıq.

O, gəldiyi səmtə yeriyir, mən geri addımlayıram. Ancaq ürəyim əsir, elə bilirəm məni aldadır, bu saat çönüb kürəyimi alışdıracaq: bu da sənə düşmən çörəyinin duzu. Zorla gedirəm, nəşəli başımda onun məni arxadan gülləbaran eləməsi, mənim qollarımı yana açıb huşsuz yerə sərilməyim canlanır. Bu dəm beynim qızır, gözlərim ayaqlarımın altını görmür, artıq dözə bilmirəm və kəskin şəkildə çönüb avtomat darağını onun kürəyinə boşaldıram. O kinolardakı kimi ağır-ağır yerə gəlir. Çantası çiynindən düşür, yo-ox, əvvəl dəlik-deşik olmuş çantası, sonra da özü yavaş-yavaş yıxılır... Filmlərdə görmüsən də... Nöş çorta getmisən, sən canın heç siqaretin yoxdur? Ciyərim yanır...

-Öldürdün?

-Bə nədi. Bura lap zəhləmi töküb, girib-çıxırlar, fısxırdırlar, tüstü iyindən burnumun içi gicişir. Belə yerdə gərək çəkəsən-zəhəri zəhərlə çıxardasan. Hə-ə, harda qaldım?

-Yıxılan yerdə.

-Kimin?

-Erməni əsgərin.

-Demək, belə, yıxılandan sonra inandım ki, bədbəxt dığa yalan demirmiş, mənə atəş açmayacaqmış. Ona görə nə qədər gec deyil bu lənətə gəlmiş yerdən qaçıb uzaqlaşmaq lazımdı. Ancaq özün-özündən, öz vicdanından hara qaçacaqsan? Bu hadisənin vahiməli xofu məni kabustək izləyir. Sən işə bax, indi sap-sağlam, canlı adam kimi hər gecə yuxuma girir, qapıda durub mənə baxır, eynən sənin kimi. Mən ona:

-“İtil, cəhənnəm ol”,-deyə acıqlanıram, o isə halını pozmadan gülümsünür. Sonra ermənicə cavab verir, mən dediklərini başa düşürəm, hə deyir:

-“Mən səndən inciməmişəm ki qardaş!”

Və gülümsəməkdə davam edir. Mən cinlənib özümdən çıxıram:

-“Nəyə gəlmisən, mən axı səni öldürdüm?”

-“Elə belə gəldim, dedim bir az söhbət edək”.

-“Ay zırrama, axı sən ölübsən?”

-“Hə-ə, başqaları üçün ölmüşəm, amma səninçün sağam”.

-“Bəs belə de, gərək məni bağışlayasan, əsəblərim tamam korşalıb, həm də o zaman beynimdən keçdi ki, sizinkilərə etibar yoxdur, ləngisəm, sən məni cəhənnəmə vasil edəcəksən”.

O isə hələ də uşaqtək sadəlövhcəsinə gülümsünür, yaxına gəlib dəmir çarpayıda oturub deyir:

-“Unut getsin, mən səndən inciməmişəm ki, bizdə hər şey yaxşı”. Demə, “yaxşı” onlarda da elə yaxşıdı. Çıxıb gedir. Dedim bir daha gəlməz, lakin hər gecə gəlməkdə davam edir, biz ordan-burdan danışırıq. Və mən get-gedə belə hərəkətlərimlə hamını bezdirdiyimdən, elə bildilər dəli olmuşam, başım oynayıb, ona görə məni psixiatrik xəstəxanaya gətirdilər. Düz altı aydır burda müalicə alıram. O da gəlməkdə davam edir. Mənə doğma, məhrəm adam kimidir. Özümüzünkülərdən ayırmıram. Tədricən bir çox şeyə öyrəşirlər. Artıq ona öyrəşmişəm. Gecikəndə yerimə qor dolur, bayılıram. Bizim çoxsaylı söhbətlərimizdən hətta kitab yazmaq olar. Lənətə gəlmiş müharibədən kimlərəsə xatirə, kimlərəsə ad-san, kimlərəsə maddi ehtiyac qalır... Necə düşünürsən, müalicə olunuram, dərman qəbul edirəm, günlərin birində, lənət sənə kor şeytan, yəni gecələrin birində, o, yox olsa, mənimlə nə olacaq? Sözün düzü, mən onsuz öz həyatımı təsəvvür edə bilmirəm. Onsuz yaşamaq mənimçün it əzabıdır. Hələ gözləyirəm. Gözləməksə ağırdı. Belə baxanda adam ölümün yoxluğuna inanır. Nə fikrə gedibsən? Yoxsa yatmısan?

-Yoox, fikirləşirəm.

-Hə-ə, əgər sirr deyilsə, nə barədə fikirləşirsən?

-O lənətə gəlmiş va-ar, yoxsa yox?!
XS
SM
MD
LG