Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:36

Naxçıvanda sürücü Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırıb


Foto: Arxiv
Foto: Arxiv
-
Fevralın 11-də Naxçıvan şəhər sakini, 41 yaşlı Hüseyn Məmmədov muxtar respublika Daxili İşlər Nazirliyinin qarşısında özünü yandırıb.

Bu haqda AzadlıqRadiosuna Məmmədovun qardaşı və yerli sakinlər məlumat verib.

«SAĞ OLSUN NAZİR ƏHMƏD MÜƏLLİM, BÜTÜN XƏRCLƏRİ ÇƏKİR»

Hüseyn Məmmədovun qardaşı Ramiq Məmmədov da deyilənləri təsdiq edir. O bildirir ki, qardaşı DİN-in qarşısında özünü yandırdıqdan sonra xəstəxanaya yerləşdirilib:

«Sifət təmiz yanıb, pis gündədir. Deyilənə görə, 4-cü dərəcəli yanıqdır. Ayaqları da yanıb. Özünü nazirliyin qarşısında yandırıb. Səbəbini bilmirik. Danışmır da ki, özündən soruşaq niyə yandırıb? Sağ olsun nazir Əhməd müəllim, özü bütün xərcləri çəkir. Deyib ki, əlimdən gələni edəcəyəm. Biz kasıb adamlarıq. Pulumuz çatmazdı. Biz də bilmək istəyirik ki, buna səbəb kim olub? İşsiz adam idi. Bizə lazımdı ki, bilək günahkar kimdir, gedək lazımi yerlərə şikayət edək. Maraqlı məsələdir ki, niyə DİN-in qarşısında baş verib?».

Qardaşının dediyinə görə, Hüseyn Məmmədov hazırda Naxçıvan Dəri Zöhrəvi Xəstəxanasında müalicə olunur.

«AVTOMOBİLİNDƏN TAKSİ KİMİ İSTİFADƏ ETMƏK İSTƏYİRDİ, AMMA...»

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şahidlərdən birinin bildirdiyinə görə isə, Hüseyn Məmmədov DİN-də mübahisə etdikdən sonra özünü yandırıb:

«Hüseyn neçə vaxtdır iş tapa bilmirdi. Məcbur olub şəxsi avtomobilindən taksi kimi istifadə etmək istəyirdi, amma buna da polislər imkan vermirdi. Deyirdilər ki, get «Lifan» al, DYP-də göy nömrə al sonra. Onun da pulu yox idi. Bir neçə dəfə nazirin qəbulunda olmuşdu. Fevralın 12-də bir də getdi nazirliyə. Çıxdı, üzərinə benzin tökdü, özünü yandırdı».

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə Hüseyn Məmmədovun özünü yandırması və onlara yönəlik iddiaları rədd etdilər.

Nazirliyin Məmmədov soyadlı əməkdaşı:

«Burada belə bir hadisə baş verməyib».

Naxçıvan Dəri Zöhrəvi Xəstəxanasından isə suallarımıza cavab verən olmadı.
XS
SM
MD
LG