Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Xədicə İsmayıl istintaqa təkrar ifadə verib [Yenilənib]


Xədicə İsmayıl istintaqa təkrar ifadə verib
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Xədicə İsmayıl istintaqa təkrar ifadə verib

-
AzadliqRadiosunun əməkdaşı Xədicə İsmayıl prezident ailəsininin ictimaiyyətdən gizli biznesi haqda araşdırmalar dərc edəndən sonra dəfərlərlə təhqir, böhtan və şantaj kampaniyalarına məruz qalıb. Ona qarşı Azərbaycan hakimiyyətinə rəğbəti ilə seçilən mediada növbəti belə hücum dalğası ilə eyni vaxtda prokurorluq da Xədicə İsmayılı istintintaqa çəkir. Bu yazıda fevralın 18-də prokurorluqda olan Xədicə İsmayılın başına gələnlər haqda məlumatlar yerləşdirlib. Yazı daim yeniləndiyindən redaksiyaya daxil olan xəbərlər xronoloji ardıcıllıqla dərc olunub.
20 00

Milli Məclisin iqtidaryönlü deputatı Millət vəkili Ceyhun Osmanlı Xədicə İsmayılın gizli səs yazısını fevralın 19-da prokurorluq orqanlarına təqdim edib.

APA-nın xəbərinə görə, millət vəkili bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu prokurorluq orqanlarına təqdim edib.

C. Osmanlı “Facebook” səhifəsində yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz “Facebook” səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә”.

Millət vəkili daha sonra belə bir sonluq yazıb: “Vәtәnә xәyanәt bağışlanılmır!!!”. C. Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.

Ceyhun Osmanlı niyə jurnalistin səsini yazmaq qərarına gəldiyinin səbəbini açıqlamayıb.

Azərbaycan Konstitusiyasına görə, şəxsin razılığı olmadan onun səsini yazmaq, şəklini çəkmək qadağandır.

Xədicə İsmayıl da bu məlumata öz Facebook səhifəsindəki postlarda reaksiya verib:

"Qapıpusanların parlamentdə oturduğu ölkədə yaşayırıq, dostlar. İşimiz çətindir".

"Milli Məclisin üzvü açıq şəkildə deyir ki, mənim şəxsi həyatımı güdüb. Onlarda utanan sifət yoxdur!"

Amma jurnalist həm də gizli çəkilişin deputat tərəfindən aparılmasına şübhə edib. Yazıb ki, C.Osmanlı həmin restorana gələndə onun Senatdan gəlmiş qonaqlarla söhbəti bitirmiş, ona görə Ceyhun Osmanlının həmin videonu öz telefonuna çəkməsi mümkün deyildi. "O yalan deyir" - deyə jurnalist qeyd edib və videonun çəkilərək deputata verildiyinə işarə edib.
15:00

Fevralın 19-da Bakıda Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 2-ci dəfə ifadə verərkən Xədicə İsmayılı vəkil Elton Quliyev müşayiət edib. Jurnalist şahid qismində dindirilmək üçün istintaqa çağrılıb.

Xədicə İsmayılın AzadlıqRadiosuna bildirdiyinə görə, müstəntiq təkrar ifadə zamanı da ondan facebook-da yaydığı məlumatı kimdən alması ilə maraqlanıb:

“Müstəntiq yenə də israrla məndən soruşdu ki, fevralın 17-də facebook profilimdə yaydığım məlumatı kimdən almışam. Dedim ki, KİV haqqında qanuna görə, öz mənbələrimi qorumaq və açıqlamamaq hüququm var. Bununla bağlı müstəntiqlə bir az mübahisəmiz oldu. Müstəntiqin tonu bir balaca israr çərçivələrini aşırdı. Belə anladım ki, məndən məlumat mənbəmi açıqlamamı istəyirlər, amma mən bu məlumatı verməməkdə israrlıyam”.

“SİRR SAXLAMAQ ADƏTİM YOXDUR”

Xədicə İsmayıldan başqa yerə getməmək haqqında iltizam alınıb:

“Mənə deyildi ki, Bakı şəhərini tərk edərəmsə, bu barədə istintaqı əvvəlcədən xəbərdar etməliyəm. Bundan əlavə mənə həm də istintaq sirrini yaymamaqla bağlı da xəbərdarlıq edildi. Mən də sifahi şəkildə onlara dedim ki, mənə heç bir istintaq sirri verməsinlər. Çünki peşə, həm də xasiyyət etibarilə sirr saxlamaq adətim yoxdur. Müstəntiqdən bunu da soruşdum ki, onlar yayılan sənədin həqiqiliyini təsdiqləyiblərmi və həmin kağızda adı keçən adamlarla bağlı Milli Təhlükəsizlik Nazirliyindən kimisə dindiriblərmi? Suallarıma heç bir cavab ala bilmədim. Cinayət işinin başlanması barədə qərarı mənə göstərdilər. Həmin qərarda Cinayət Məcəlləsinin sözügedən bəndinə niyə istinad olunduğu və məlumat yayılarsa, ağır nəticələr verəcəyi əsaslandırılmır. Sözügedən məlumatın sənəd olub-olmaması da qeyd edilmir. Sadəcə göstərilir ki, cinayət işi dövlət sirrinin yayılması ilə bağlıdır. Bilmirəm biz bunu necə şərh etməliyik. Amma cinayət işi açılırsa, bu o deməkdirmi ki, prokurorluq orqanları dövlət sirrinin yayıldığını təsbit ediblər və söhbət həqiqi sənəddən gedir? Bax bu məsələ hələ də açıq qalır”.

Xədicə İsmayılın sözlərinə görə, o, həmin sənədin ondan öncə – 2011-ci ildə facebookda yayılması məsələsinin araşdırılıb-araşdırlmadığını müstəntiqdən bir daha soruşub:

“Bildirdim ki, məndən əvvəl həmin məlumat 2011-ci ildə facebookda Mustafa Kozlu profilində yayılıb. İstintaqı dəvət etdim ki, bu məsələni də araşdırsınlar. Fevralın 20-də məni yenidən istintaqa çağırıblar və istintaqa kömək məqsədi ilə Mustafa Kozlunun profilinin şəkillərini təqdim edəcəm. 2011-ci ildə həmin sənəd facebookda yayılanda mən hələ o sənədi almamışdım, mənə elə bir sənəd göndərilməmişdi. Bir də 2011-ci ildə yayılan həmin sənəddə adlar olduğu kimi saxlanılsa da mən payladığımda adları pozmuşdum ki, heç kimi adı görünməsin”.

“CİNAYƏT İŞİ XƏDİCƏ İSMAYILLA BAĞLI DEYİL”

Xədicə İsmayılın vəkili Elton Quliyev AzadlıqRadiosuna bu işlə bağlı hüquq müstəvisindən araşdırma predmeti görmədiyini bildirib və daha sonra fikrini belə bitirib:

“Hər halda bu proses başlanıb. Hansı dayanacağa qədər gedəcəyiksə, birgə gedəcəyik”.

Vəkil sözlərinə bunu da əlavə edib ki, cinayət işi Xədicə İsmayılla bağlı deyil, sənədin ictimailəşdirilməsi fakrı üzrə başlanıb:

“Bu məlumat artıq bir dəfə – 3 il əvvəl yayılıb. Ona görə, dövlət sirri sayılsa belə 3 il öncə yayıldığından, sirrini elə o vaxt itirib. Bu səbəbdən məlumatın 2-ci dəfə yayılmasını cinayət yuridiksiyasında araşdırmağa ehtiyac yoxdur”.

Xədicə İsmayıl fevralın 20-də yenidən istintaqa dəvət edilib.

Xədicə İsmayıl fevralın 17-də öz «Facebook» səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin iş üzrə şahid qismində dindirilməsi üçün Xədicə İsmayıl istintaqa dəvət edilib.
19 fevral, 11:40

Fevralın 19-da AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl şahid qismində ifadə vermək üçün vəkil Elton Quliyevlə birlikdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gedib.

Bir qrup ictimai fəal və jurnalist idarənin qarşısına yığışıb.

Xədicə İsmayıl dünən axşam istintaqa şahid kimi ifadə vermişdi. Dindirmənin bu gün davam etdirilməsi qərara alınmışdı.

23:30

AzadAvropa/ AzadlıqRadiosu şirkətlər qurpunun prezidenti Kevin Klose Xədicə İsmayıla qarşı Azərbaycanda baş verən təzyiqləri pisləyib. "Hökəmətpərəst media tərəfindən dissidentlərin və müstəqil söz sahiblərinin şpionajda ittiham olunması Sovet dövründə geniş yayımış bir hadisə idi. Təəssüf ki, keçmiş Sovet ölkələrində biz hələ də belə halları görürük. Xədicə İsmayıla qarşı sonuncu ittihamlar cəfəng olmaqla yanaşı, həm də təhlükəlidirlər" - deyə Klose bildirib. O əmindir ki, bu ittihamlar siyasi motiv daşıyır və jurnalistin təqib olunması məqsədilə uydurulub.

21:30

Dindirilmə iş saatı bitdiyindən başa çatdı. Dindirilmə fevralın 19-da davam edəcək.

Xədicə İsmayılova:

«Bildirdim ki, bu materialı daha öncə 2011-ci ildə başqa bir «Facebook» istifadəçisi yayıb. Material mənə ötürülməmişdən əvvəl yayılıb. İstintaq səylərini bundan sonra həmin istiqamətdə davam etdirsin. Əsas məsələ odur ki, mənə cinayət işinin açılması ilə bağlı qərarı göstərmədilər. Bilmədim ki, iş nəyin əsasında açılıb. Söhbət dövlət sirrinin yayılmasından gedirsə, bu, yalnız sənəd həqiqi olduğu təqdirdə baş verə bilər. Cinayət işinin istintaqı zamanı daha çox məlumat əldə edəcəyik. Onda məlum olacaq ki, həmin sənəd həqiqidir, yoxsa yox. Həqiqidirsə, onda MTN-in insanların həyatını pusub sonra onları şantaj etməsi ilə bağlı ayrıca cinayət barədə danışmalı olacağıq».

Xədicə İsmayıl dindirilmə zamanı ona təzyiq etməyə çalışdıqlarını dedi:

«Hərdən bir mənə təzyiq göstərməyə çalışırdılar ki, bildiyim məlumatları gizli saxlamağa haqqım yoxdur. Məlumatı mənə verən şəxsin adını açıqlamadım. Onlara KİV haqqında qanunu xatırlatdım. Məni dindirən müstəntiqin hərdən bir səbri daşırdı. Başa düşürəm, iş günün sonudur, yorulub. Ancaq mənə təzyiq göstərmək də o qədər də asan iş deyil».
20:00

Jurnalist Xədicə İsmayıl hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir. Onu vəkil Rəşid Hacılı müşayiət edir.

12:00

AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayıl prokurorluğa çağırılıb. Jurnaslitin dediyinə görə, fevralın 18-də ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindən müstəntiq ona zəng edərək cinayət işi açıldığını bildirib, onu şahid qismində dindirilməyə dəvət edib.

«Müstəntiq dövlət sirini təşkil edən sənədin yayılmasına görə cinayət işinin açıldığını dedi. Söhbət mənim bir neçə gün əvvəl sosial şəbəkədə yaydığımdan gedir. Mən heç onun sənəd olduğunu da yazmamışdım. Dedim ki, onda onun sənəd olduğunu təsdiq edirsiniz? Müstəntiq cavab verdi ki, gələrsiniz bu barədə söhbət edərik». - deyə Xədicə İsmayıl telefon söhbəti haqda bildirib və tələb edib ki, qanunvericiliyə görə, prokurorluq yazılı çağırış göndərməllidir.

Bu söhbətdən sonra Xədicə İsmayılın ünvanına göndəriş daxil olub. Xədicə İmsayıl deyir:

«Çağırışda saat 16:00-da Azadlıq Prospekti 22-də olmağımı istəyirlər. Ardınca müstəntiq zəng eləyib. Dedim ki, indi çatdıra bilmərəm. Vəkillə müqavilə bağlamalıyam, efirə çıxmalıyam. Hətta bütün bu işlər həll olmuş olsaydı belə, fiziki olaraq, gəlib ora çatmağım mümkün deyil. Sabaha vaxt təyin edin, gəlim.
Müstəntiq məni hədələməyə başladı. Vəkillərlə danışdım. Dedilər ki, buna hüquqları yoxdur».

Xədicə ismayıl saat 18:30-da prokurorluğa gedəcəyini bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, cağırış MTN-nin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladırıq ki, cinayət işi Azərbaycan mətbuatında Xədicə İsmayılovaya qarşı aparılan kampaniya ilə eyni vaxta təsadüf edir. Haqqın.az, ANS və hökumətin nəzarətində olan digər mediada Xədicə İsmayılovanın Amerika kəşfiyyatçılarına məlumat ötürməsi iddia olunur.

Xədicə İsmayıl və ABŞ-ın Azərbaycandakı səfirliyi mətbutdakı iddiaları cəfəngiyyat adlandırıblar.

Xədicə İsmayıla qarşı təzqyiqlər bir neçı il əvvəl, onun Azərbaycan prezidentinin ailəsinin ictimaiyyətdən gizli olan biznesi haqda araşdırmalarından sonra başlayıb.

Xədicə İsmayıl fevralın 17-də öz «Facebook» səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir:

«Mən bu kağız parçasının həqiqiliyini yoxlamaq imkanım olmadığından onu sənəd adlandırmamışam. Prokurorluq dövlət sirrinin yayılması ilə bağlı cinayət işi açıb. Belə çıxır ki, prokurorluq bunu sənəd hesab edir. Bu sənəd həqiqidirsə və mən dövlət sirrini yaymışamsa, deməli, MTN həqiqətən də bu işlə məşğul olub - müxalifət nümayəndəsini videoya çəkib, şantajla onu əməkdaşlığa cəlb edib».
XS
SM
MD
LG