Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Prokurorluq Xədicə İsmayılın elektron poçtuna baxış keçirmək istəyir


Xədicə İsmayıl
Xədicə İsmayıl
-
AzadlıqRadiosunun müxbiri Xədicə İsmayıl fevralın 21-də yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

«HAFİZ PAŞAYEVLƏ MƏN KİFAYƏT QƏDƏR MƏŞHURUQ»

Xədicə İsmayıl AzadlıqRadiosuna deyib ki, müstəntiqlər yenə də «Art Garden» restoranındakı görüşlə bağlı suallar veriblər:

«Onlardan soruşdum ki, niyə restorandakı görüş sizi belə maraqlandırır? Niyə vəkilimlə dünən yediyim nahar deyil, bu görüş sizi maraqlandırır? Müstəntiq belə bir ifadə işlətdi ki, xarici kəşfiyyat orqanları əməkdaşları ilə görüşdə onlara dövlət sirri verməyinizin buna aidiyyəti olmasını sual edirsiniz? Mən də soruşdum ki, həmin şəxslərin xarici xüsusi xidmət orqanlarının əməkdaşları, kəşfiyyatçı olduğunu haradan bilirsiniz? Qanunu pozmuş olursunuz. Həmin şəxslər Senatın işçiləridir. Bir də dedim ki, məndə dövlət sirri nə gəzir, deyin, məndə də olsun, hələ ki, yoxumdur.

Müstəntiq öz ifadəsini protokola salmadı. Məndən soruşdular ki, niyə məhz sizi seçiblər söhbət üçün? Mən də dedim ki, bu sual mənə ünvanlamalı deyil. Məsələn, həmin şəxslərin mənə dediyinə görə, Diplomatik Akademiyada da olmuşdular. Hafiz Paşayev barədə çox müsbət fikirlər söyləyirdilər. Heç ağlıma gəlmədi onlardan soruşum ki, niyə Hafiz Paşayevlə görüşmüsünüz? Yaxud niyə mənimlə görüşürsüz? Çünki Hafiz Paşayev də, mən də kifayət qədər məşhur adamlarıq, ona görə bu, bizdə sual doğurmur».

Xədicə İsmayıla deputat Ceyhun Osmanlının istintaqa təqdim etdiyi səsyazisi ilə bağlı sual verilməyib. html İstintaqda hələ ki, həmin audioya istinad olunmur. Ancaq fevralın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin yaxınlığında dayanan jurnalistlər Ceyhun Osmanlıya bənzər bir şəxsin idarəyə girdiyinin şahidi olublar.

«SƏNƏDİ MƏNƏ RAMİN NAĞIYEV ÖTÜRÜB»

Jurnalist bugünkü sualların ancaq «Art Garden» restoranındakı görüş barədə olduğunu deyir:

«Axırda mən soruşdum ki, siz cinayət işini həmin o sənədlə bağlı başlamısınız. Bəs bu barədə daha heç nə soruşmaq istəmirsiz? Onda soruşdular ki, sənədi sizə kim verib? Mən də dedim ki, bunu mənə MTN-nin keçmiş müstəntiqi Ramin Nağıyev verib. Hazırda Fransada yaşayır, «facebook» səhifəsində də sənədi e-mail ünvanıma göndərdiyini təsdiqləyib».

Xədicə İsmayıl fevralın 25-də saat 10:30-da yenidən ifadə verəcək. Ondan xahiş olunub ki, kompüteri ilə gəlsin, e-mail ünvanına baxış keçiriləcək.

Jurnalist fevralın 17-də öz «facebook» səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Faktla bağlı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə iş açılıb. Həmin sənəd 2011-ci ilin oktyabrında «facebook»da «Mustafa Kozlu» profilindən də yayılıb. Bu məlumatı yayan şəxs o vaxt məsələ ilə bağlı cinayət işi açıldığını və MTN arxivində çalışan iki nəfərin işdən çıxarıldığını qeyd edir.

Xədicə İsmayıl prezident ailəsinin biznesi haqda araşdırmalar dərc edəndən sonra dəfələrlə təzyiqlərə məruz qalıb.

«ABŞ Senatının iki əməkdaşının kəşfiyyat fəaliyyəti ilə məşğul olması fikri o qədər absurd, gülünc və saxtadır ki, bu iddiaları cavablamaqla onları şərəfləndirmək istəməzdim».

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar«casus məsələsi»nin ABŞ-Azərbaycan münasibətlərinə təsiri barədə jurnalistlərin sualını cavablandırarkən belə deyib və daha sonra əlavə edib:«Ancaq onu düşünə bilərəm ki, bu cür açıq-aşkar saxta iddiaları yayanlar, sadəcə, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq istəyirlər. Buna imkan verməməliyik».
XS
SM
MD
LG