Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:44

Naxçıvan həqiqətləri [Video]


-


AzadlıqRadiosunun əməkdaşı Yafəz Əkrəmoğlu yenidən hədə mesajı alıb. «İşdən Sonra» verilişində onun özü, jurnalist Elman Abbasov və hüquq müdafiəçisi Məlahət Nəsibova bu məsələ barədə danışıblar.

Yafəz Əkrəmoğlu Naxçıvan büdcəsini araşdırdıqdan sonra hədələrin yenidən başladığını deyir:

«Dəfələrlə hədələnmişəm. Naxçıvan büdcəsi ilə bağlı araşdırma apardım. Bundan sonra «facebook»da mənim əleyhimə «Yafəz Əkrəmoğlu kimdir?» adlı qrup yaradıldı. Həmin səhifədə bir elan paylaşıldı. Elana görə, onların tələbinə əməl etməsəm, vaxt tamam olandan sonra məni aradan götürmək üçün plan quracaqlar. Lütfkarlıq edib düşünmək üçün mənə 10 gün vaxt da veriblər. Əsas istədikləri insan haqlarının ən çox pozulduğu, dünyadan təcrid etməyə çalışdıqları Naxçıvan haqqında tənqidi yazıların təcili dayandırılmasıdır».

Jurnalist hüquq mühafizə orqanlarına müraciət edib:

«Hüquq-mühafizə orqanları bu məsələyə heç bir reaksiya göstərmədi. Hədələnməyim ilə bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət etmişəm ki, məni hədələyən şəxslər tapılaraq məsuliyyətə cəlb edilsin. Təhlükəsizliyim təmin edilsin».

Elman Abbasov hüquq-mühafizə orqanlarının məsələyə biganəliyini belə izah edir:

«Naxçıvandan tənqid yazanlar hər zaman hədələnib. Son təzyiq forması isə daha maraqlıdır. Necə olur ki, artıq neçə gündür jurnalisti təhdid edirlər, ancaq hüquq-mühafizə orqanları buna reaksiya vermir. Bu məsələ təsdiqləyir ki, onların özünün baş verənlərdən xəbəri var».

Məlahət Nəsibova bu hədələri ciddi qəbul etmədiyini deyir:

«Jurnalistin hədələnməsi çox mənfi haldır. Ancaq bu cür hədələri heç vaxt ciddi qəbul etməmişəm. Bu cür hədələr son illər artıb. Bir il əvvəl mənim haqqımda da «facebook»da hədə olmuşdu, ölümlə təhdid edilmişdim».

Hüquq müdafiəçisi hesab edir ki, hədələrin məqsədi insanları bu bölgədən təcrid etməkdir:

«Bu hədələrin məqsədi Naxçıvan həqiqətlərini yayanları sarsıtmaq, susdurmaq, bu bölgədən uzaqlaşdırmaq, təcrid etməkdir. Bu yolla başqa insanlarda da qorxu yaratmaq istəyirlər. Əslində bu cür hədələrin nəticəsində indiyədək sözünü demək qabiliyyətində olan insanlar susmağa, Naxçıvanı tərk etməyə məcbur olublar. İnsanlar Naxçıvana istirahətə gəlməyə belə qorxurlar. Ancaq bu hədələr bizi geri çəkdirməməlidir. Çünki bizim fəaliyyətimizin effekti olmasaydı, biz özümüz geri çəkilərdik. Bizim işıqlandırdığımız hər hansı problemə münasibət göstərməyə, həll etməyə məcbur olurlar. Bundan sonra da fəaliyyətimizi davam etdirməliyik».
XS
SM
MD
LG