Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:57

«Putin-in Krımdakı hərbi addımları Rusiyanın Qarabağ diplomatiyasındakı roluna zərbə vurur»


Richard D Kauzlarich
Richard D Kauzlarich
-
Azadlıq Radiosu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich-dən (1994-1997) Kremlin Ukraynadakı son addımlarının Cənubi Qafqaza necə təsir edə biləcəyini soruşub.

Azadlıq Radiosu: Sizcə, Ukrayna hadisələrindən sonra Qərb Rusiya və ATƏT-in Minsk qrupu ilə bağlı nələr etməlidir?

Richard Kauzlarich: Qərb Rusiya qoşunlarının Krıma yeridilməsi və Rusiyanın Krımın birtərəfli şəkildə Ukraynadan ayrılmasına dəstək verməsinə sərt cavab verməlidir. ABŞ və Avropa Birliyinin bu məsələdə əməkdaşlığı və birliyi həmin cavabın effektiv olması üçün mühümdür. İndiki şəriatdə Rusiya ilə hansı məsələlərdə əməkdaşlığın münasib olub-olmaması məsələsinə gəldikdə, məncə, yenidən baxılası məsələlərdən biri də Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu olmalıdır. 2008-ci ildə Gürcüstanda olduğu kimi, indi Ukraynada da Rusiya birtərəfli şəkildə hərbi müdaxilə yolunu seçib – həmsərhəd olduğu regionlarla bağlı məsələlərdə beynəlxalq diplomatik əməkdaşlığı seçmək əvəzinə. Bu belə bir məsələni aktuallaşdırır ki, Rusiya ATƏT-in Minsk qrupunda müsbət rol oynaya bilərmi? Axı Rusiya nəinki ABŞ və AB-nin Ukrayna məsələsində əməkdaşlıq təkliflərini rədd edib, hətta ATƏT-in orada müşahidə missiyası yerinə yetirməsinin qarşısını alıb.

Azadlıq Radiosu: Bu məsələdə Azərbaycan üçün daha nələr narahatlıq mənbəyi sayıla bilər?

Richard Kauzlarich: Azərbaycan ötən payızda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq təşəbbüsünə qoşulmaq niyyətini açıq bəyan etmək imkanını əldən verdi. Bu “neytral” mövqeyi onu Avrasiya Birliyinə qoşulmaqla bağlı Rusiyadan edilən təzyiqlər qarşısında daha da zəiflətdi.

Bundan əlavə son günlərdə Putin Rusiyanın Krıma hərbi müdaxiləsi üçün bir sıra prinsiplər elan edib. Onun mətbuat konfransında dediyi sözlərdən biri də o oldu ki, yalnız regionun öz əhalisi öz gələcəyini müəyyən etmək haqqına malikdir.

Azadlıq Radiosu: Əgər Krımdakı referendum keçirilərsə və onun nəticələri əsasında – yalnız Krımda yaşayanlar səs verə bilər – Krımdakı hakimiyyət ya müstəqilliyini elan edərsə, ya da Rusiyaya birləşmək istəyini bildirərsə, onda nə baş verəcək? Bu, Dağlıq Qarabağ üçün necə bir president olacaq?

Richard Kauzlarich: Rusiya bununla bir nümunə göstərir ki, Dağlıq Qarabağdakı hakimiyyət də öz referendumunu keçirə, ya müstəqil ola, ya da Ermənistana birləşə bilər.
XS
SM
MD
LG