Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

Günel Mövlud. Əkrəm Əylisli Nobel alsa...


Günel Mövlud
Günel Mövlud
-

Əkrəm müəllim, mən deyərdim ki, siz hətta müqəddəs insansınız. Bir az da qabağa gedərək, deyə bilərəm ki, siz peyğəmbər, Tanrısınız. Ədəbiyyat peyğəmbəri, ədəbiyyat Allahı!..


Günel Mövlud


ƏKRƏM ƏYLİSLİ NOBEL ALSA


Əkrəm Əylisli Nobel mükafatını alandan sonra, onunla barışmaq, yaxınlaşmaq və Əylislinin Nobelçi şöhrətindən yararlanmaq uğrunda başlayacaq cəhdlərin ədəbi təsviri…


Hörmətli Əkrəm müəllim!

Siz məni tanıyırsınız.

O vaxtlar siz çox gənc olsanız da, artıq məşhur yazıçı idiniz. Mənsə təzə-təzə yazmağa başlayan, ədəbiyyatda ilk kövrək addımlarını güclə atan bir gənc qələm adamı.

Bir gün təsadüfən tədbirlərin birində siz mənimlə rastlaşdınız. Mən utana-utana sizə yaxınlaşdım. Şeir yazdığımı dedim. Sonra əllərim əsə-əsə cibimdən şeirlərimi yazmış olduğum kağızları çıxarıb, sizə uzatdım. Siz kağızları məndən alıb saymazyana köynəyinizin döş cibinə qoydunuz. Və məndən uzaqlaşdınız.

Bir həftədən sonra sizdən mənə zəng gəldi. O gün, mənim həyatımın ən xoşbəxt günü idi. Siz mənə şeirlərimi oxuduğunuzu, bəyəndiyinizi, mənim böyük şair olduğumu dediniz.

Sonra bizim ünsiyyətimiz, daha sonra dostluğumuz, daha-daha sonra isə sevgimiz yarandı. Bəli, «sevgimiz» deyirəm, çünki mən doğrudan da sizi sevirdim. Mən həmişə sizi ülvi, pak, təmiz bir qardaş sevgisi ilə sevmişəm. Əgər mən qadın olsaydım, yəqin ki, bu dünyada sizdən başqa heç bir kişini sevməzdim.

Deyəsən, mövzudan çox kənara çıxdım. Romantik hisslərə qapıldım. Olan şeydi. Bağışlayın, axı mən sizə tamam başqa şeyləri demək istəyirdim.

Siz Azərbaycan xalqının ən böyük yazıçısı, mütəfəkkiri və mədəniyyət xadimisiniz. Yazdığınız yüzlərlə hekayə, roman, povest, etdiyiniz tərcümələr, gəzdiyiniz ölkələr, keçirdiyiniz görüşlər, etdiyiniz televiziya və radio çıxışları mənim fikrimi sübut edə bilər.

Sizin yazıçı kimi gerçəkliyi duyma qabiliyyətiniz, bədii təfəkkürünüz, özünəməxsus üslubunuz, qeyri-adi təsvirləriniz, olduqca poetik diliniz böyük yazıçı, Azərbaycanın ən böyük yazıçısı olduğunuzu təsdiqləyir. Bəli, siz böyük yazıçısınız. Mən hətta deyərdim ki, siz dünyanın ən böyük yazıçısısınız.

Əsərlərinizin dağ başından axıb gələn şəlalələr kimi axarlı və təmiz dili, yağışdan sonra gələn torpaq qoxusu kimi rayihəli və gerçək təsvirləriniz, ulu, qədim, uca, ali xalqımızın əvəzsiz və bənzərsiz folklorundan, el bayatılarımızdan, sayaçı sözlərimizdən, əmək nəğmələrimizdən, holavarlardan, qoşma və gəraylılarımızdan, dodaqdəyməz və dildönməzlərimizdən, həmçinin, qımqımılarımızdan əxz etdiyiniz, milli, natural üslubunuz sizin eyni zamanda həm də xalqına, obasına, elinə, kökünə, soyuna necə bağlı yazıçı, qələm adamı olduğunuzdan xəbər verir.

Siz qələminizlə daima ulu xalqımızın, ağsaqqal və ağbirçəklərimizin, namuslu oğul və qızlarımızın xidmətində dayanmış, xalqını rəngarəng, ecazkar boyalarla tərənnüm etmişsiniz. Lazım gələndə qələminizi süngüyə çevirərək, xalqımızın keşiyində dayanmış, yağı düşmənin müqəddəs elimizə bir xətər yetirməyinə izn verməmişsiniz.

Ölkəmizin ən çətin günlərində, ən ağrılı illərində, ən faciəvi dönəmində sizin hər romanınız bir orduya çevrilərək, xalqımızın mənəvi dünyasını xaricdən əsən qara yellərdən qorumuş, yadelli düşmənlərin atdıqları zəhərli güllələrə qarşı bir zireh, bir qalxan olmuş və xalqımızı qorumuşdur.

Bir tanrı şahiddir ki, mən bir yazar, bir qələm adamı, söz adamı, şeir-sənət adamı kimi həmişə sizin oxucunuz olmuş, sizi sevmiş, dəstəkləmiş, təqdir etmiş və pərəstiş etmişəm. Bəli, mən şişirtmirəm. Siz doğrudan da pərəstişə, əsl pərəstişə layiq yazıçı, qələm adamı, sənətkarsınız.

Hətta, bir neçə il əvvəl, ölkədə guya sizin yazdığınız «Daş yuxular» əsəri qalmaqala səbəb olanda, sizə qarşı amansız təqiblər, insafsız təzyiqlər, dəhşətli repressiyalar başlayanda, mən sizin tərəfinizdə olmuşam.

Hətta müxtəlif təzyiqlərə məruz qalıb, sizin Şairlər İttifaqının fəxri üzvlüyündən məhrum edilməyiniz məsələsini müzakirəyə çıxarmışam.
Əkrəm Əylisli
Əkrəm Əylisli

Mətbuata açıqlamalarımda mən sizi, daha doğrusu, guya sizin yazdığınız ermənipərəst romanı lənətləməyə məcbur olmuşam. Televiziyada, radioda, qəzetlərdə alovlu çıxışlar edərək, sizi «xalq düşməni» adlandırmışam. Onlarla şairin adından ölkə prezidentinə məktub yazıb, sizin bütün titullardan, təqaüdlərdən, mümkünsə evinizdən belə məhrum edilməyinizi təklif etmişəm.

Amma ürəyimdə həmişə sizin yanınızda olmuş, sizi dəstəkləmiş və bilmişəm ki, bu romanı əslində siz yazmamısınız.

Bu romanı ölkəmizin inkişafını gözü götürməyən, hər fürsətdə erməni dəyirmanına su tökən, əcnəbi donorlardan pul alıb, vətənini, millətini, ölkəsini söyən, bəlkə də damarlarında erməni qanı axan, adlarını çəkmək belə məndə ikrah doğuran Seymur Baycan, Günel Mövlud, Əli Əkbər kimi adanı «yazar» qoyub, əslində cızmaqaraları ilə insanların zəhləsini tökən, ürəyini bulandıran manqurt beyinli adamlardan biri yazmışdır.

Həmişə bilmişəm ki, onlar bu romanı yazaraq, sizin yaşlı və kövrək qəlbinizin yumşaqlığından, gənclərə qayğı göstərməyi özünə borc bilən su kimi pak əxlaqınızdan və nahayət, üzüyumşaqlığınızdan istifadə edərək, romanı sizin imzanızla çap etdirmişlər.

Bəli, mən mətbuatda siz və guya «sizin romanınız» barədə sərt fikirlər səsləndirməli, sizi lənətləməli, hətta qulağınızı kəsməyə hazırlaşan bir partiya sədrinə dəstək verməli olsam da, qəlbimdə, ürəyimdə həmişə sizin tərəfinizdə olmuşam.

Çünki, bayaq dediyim kimi, mən həmişə sizi sevmişəm. Sizi böyük, nəhəng yazıçı hesab etmişəm. Siz nəinki böyük, ən böyük yazıçı, siz həm də dahisiniz. Mən deyərdim ki, siz hətta müqəddəs insansınız. Bir az da qabağa gedərək, deyə bilərəm ki, siz peyğəmbər, Tanrısınız. Ədəbiyyat peyğəmbəri, ədəbiyyat Allahı!

Hazırda bu məktuba imza atmağa hazır onlarla xalq yazıçısı, xalq şairi, xalq artistləri var, amma mən sizə olan sevgimi, heyranlığımı, pərəstişimi heç kimlə bölüşmək istəmədim. Əminəm ki, siz bir qələm adamı, bir yazıçı, bir mütəfəkkir olaraq, məni anlayacaq, başa düşəcək və bağışlayacaqsınız. Çünki mən dünyada bağışlamağı bacaran yalnız iki nəhəng tanıyıram. Onlardan biri Tanrı, biri isə sizsiniz…

Böyük hörmət, ehtiram, sevgi və pərəstiş hissi ilə:
Fikrət Rzayev, xalq şairi, Azərbaycan Şairlər İttifaqının sədri


Email: F.rza@gmail.com
Facebook: Fikret Rza
Telefon: (050) 2222222
Ünvan: Bakı şəhəri, Xaqani 33


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
XS
SM
MD
LG