Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:53

«Toyota Land Cruiser» 200-ün gömrük əhvalatı


Toyota Land Cruiser 200
Toyota Land Cruiser 200
-
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00
Direct-ə keçid


Ötən ilin istehsalı olan avtomobil gömrük idarəsindən buraxılmır. Sumqayıt sakini Elman Əliyev AzadlıqRadiosuna deyir ki, Toyota Land Cruiser 200 markalı avtomobili şəxsi istifadəsi üçün 2014-cü il aprelin 8-də Dubaydan gətirib, ancaq hələ də gömrükdən keçirə bilmir.

Bu il yanvarın 15-də Nazirlər Kabineti Avro-4 standartına uyğun avtomobillərin ölkəyə buraxılmasına dair qərar verib. Paralel olaraq AZS 636 2012 dövlət standartı qəbul olunub. Hər bir avtomobilin mənşə ölkəsi və buraxılış ilinə uyğun olaraq standartı təyin olunur.

Azərbaycan 2010-cu ildən Avro-2, bu il aprelin 1-dən Azərbaycan Avro-4 standartına keçib. Qərar insan həyatı və sağlamlığının, ətraf mühitin qorunması, atmosferə buraxılan zərərli maddələrin qarşısının alınması ilə izah olunub.

Aprelin 1-dən istehsal müddəti 2005-ci ilə qədər olan avtomobillər daha ölkəyə buraxılmır. Avropa Birliyi ölkələrinin istehsalı üçün 2005, ABŞ istehsalı üçün 2004, Yaponiya, Çin istehsalı üçün 2011, Koreya istehsalı üçün 2006, Türkiyə istehsalı üçün isə 2009-cu ildən yuxarı hədd müəyyənləşdirilib.

“DEYİRLƏR DUBAYDAN GƏLDİYİ ÜÇÜN AVRO-2-DİR”

Elman Əliyev deyir ki, 2011-ci ildən sonra buraxılan yapon avtomobilləri Avro-4 sayılsa da, onun 2013-cü ilin noyabrında buraxılmış avtomobili ölkəyə buraxılmır:

“Ayın 8-dən avtonəqliyyatda gömrük idarəsinin işçiləri oyun oynayırlar. Bir-birinin üstünə yollayırlar. Deyirlər ki, maşın Dubaydan gəldiyi üçün Avro-2 standartına uyğundur. Mən də sual verirəm ki, “bunu hansı əsasla deyirsiz, hardan götürmüsünüz? Hansı cədvəl, dövlət standartı var ki, xəbərim yoxdur?”

Elman Əliyevi gömrüyün sertifikatlaşdırma idarəsində laboratoriyaya göndəriblər. Ancaq idarədən maşına sertifikat verməkdən imtina olunub.

“Deyir, “yox, qardaş, bizdə ehtimallar var ki, Dubaydan gətirilən maşınların 90 faizi Avro-2-dir”. Deyirəm “dövlət orqanı ehtimal deyil, normativ sənəd əsasında işləyir. O sənədlərə uyğun da sertifikatımı verin”.

AVRO-0 STANDARTI


Gömrük idarəsinin Pərviz adlı laboratoriya əməkdaşı həmin avtomobilin Avro-4 standartına uyğununun hələ istehsal olunmadığını deyir:

“Yaponiyanın 27 ölkədə 58 zavodu var. Dubay üçün buraxdığı maşınları bir ekoloji norma, Avropa üçün buraxdıqlarını digər norma, daha müasir standartla istehsal edir. Ancaq həmin modelin Avro-4-ü hələ buraxılmayıb. Yaponiyanın Şərqi Asiya, Dubay üçün buraxdığı maşınlar Avro-0-dır. Hətta deyə bilərik ki, bu maşın Avro-0 standartıdır”.

Gömrük idarəsinin əməkdaşı avtomobilin ölkəyə buraxılmayacağını bildirir. Elman Əliyev isə Toyota şirkətinə də sorğu göndərdiyini, sənədləri topladıqdan sonra məhkəməyə müraciət edəcəyini deyir:

TÖVSİYƏ XARAKTERLİ


“AZS 636 2012 dövlət standartı atmosferə buraxılan karbon qazının miqdarını müəyyənləşdirir. Dövlət Standartlaşdırma Komitəsi də araşdırma apararaq müəyyənləşdirib ki, Yaponiya istehsalı olan 2011-ci il istehsallı bütün avtomobillər bu standarta cavab verir. Mənə deyirlər ki, bu, tövsiyə xarakterlidir”.

İnternet mənbələrində Toyota Land Cruiser 200-ün Avro-4 standartına uyğunluğu barədə informasiya tapa bilmədik.

İqtisadçılar daha çox şəhər kənarında, təbiətin qoynunda istifadə olunan Toyota tipli avtomobillərdə istehsalçının ekoloji standarta elə də ciddi əhəmiyyət vermədiyini bildirirlər. Ancaq müşahidəçilər idxalına icazə verilən avtomobillər barədə istehlakçıların detallı bilgiləndirilməsini vacib sayır.
XS
SM
MD
LG