Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Nida-çıların məhkəmədə dedikləri "Son söz"ün mətni


Arxiv fotosu: NİDA-çıların məhkəməsi zamanı binanın qarşısına toplaşan gənclər.
Arxiv fotosu: NİDA-çıların məhkəməsi zamanı binanın qarşısına toplaşan gənclər.
-


Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsində
Bəxtiyar Səməndər oğlu Quliyevin, Şahin İbrahim oğlu Novruzlunun,
Məhəmməd Rasim oğlu Əzizovun, Rəşad Zeynalabdin oğlu Həsənovun,
Rəşadət Fikrət oğlu Axundovun, Üzeyir Məhəmməd oğlu Məmmədlinin,
Zaur Araz oğlu Qurbanlının, İlkin Bakir oğlu Rüstəmzadənin

SON SÖZ

Hörmətli Məhkəmə,
Hörmətli proses iştirakçıları,

Biz-təqsirləndirilən şəxslər olaraq, bu məhkəmədə deyəcəyimiz son sözü hamımızın adından bir nəfərin səsləndirməsinə qərar vermişik. Bunun səbəbi odur ki, iqtidar bizi fərd olaraq yox, fəalı olduğumuz “Nida” Vətəndaş Hərəkatını hədəf seçib və represiyaya məruz qoyub. Siz bizim bu son sözümüzü həm bu 8 Nidaçının, həm də azadlıqda yaxud həbsdə olan digər bütün nidaçıların sözü kimi qəbul edə bilərsiniz.
Adətən, Son sözdə təqsirləndirilən şəxslər məhkəmədən mərhəmət umurlar, bəzən peşmançılıqlarını ifadə edirlər. Bizim mərhəmətə ehtiyacımız yoxdur, nədən isə peşman da deyilik, onsuz da peşmançılıq çəkiləsi bir iş görməmişik. Bu qondarma işə baxan məhkəmədən də ədalət gözləmirik, çünki o, qanunu ali tutmağa, sərbəst və ədalətli qərar qəbul etməyə qadir deyil.

Məhkəmə prosesi boyunca izah etdiyimiz həqiqətlərlə, dindirilən şahidlərin ifadələri ilə, digər sübutlarla müdafiə tərəfinin yüksək səviyyəli çıxışları ilə bu cinayət işinin boş, mənasız bir səfsətə olduğu qeyd-şərtsiz sübut edildi. Həbslərin başladığı ilk günlərdə Məmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu fiziki zor və işgəncələrə məruz qoyulub başdan ayağa iftira olan mətnləri imzalamağa və sonradan onları əzbərləyib kamera qarşısında təkrarlamağa məcbur ediləndə, televiziya kanalları dərhal və təkrar-təkrar MTN-in onlara ötürdüyü görüntüləri nümayiş etdirəndə, iqtidarın sözçüləri, deputatlar şərhlər verəndə Nidaya qarşı linç kampaniyasının təşkil edildiyi aydın görünürdü.
Prezident İlham Əliyev 2013-cü il iyunun 7-də YAP-ın qurultayında, yəni hələ istintaq getdiyi dövrdə, barəmizdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda, bizi cinayətkar adlandıranda isə Nidaya qarşı repressiyaların siyasi sifariş olduğuna şübhə qalmadı. Bu çıxış, əslində, bizim taleyimizlə bağlı verilən qərar idi. İstintaq sonrakı fəaliyyətində bu qərarın icrasından kənara çıxa bilməzdi.

Belə bir vəziyyətdə dövlət ittihamını müdafiə edən prokurorun da, siz hakimlərin də kifayət qədər ciddi və çıxılmaz vəziyyətdə olduğunuzun fərqindəyik. Sizin bu məhkəmədəki işiniz də bir notarius kimi bu siyasi sifarişi təsdiqləməkdən ibarətdir. Hətta hüquq və vicdan başqa qərar tələb etsə belə, siz bu sifarişdən kənara çıxmağa cəsarət edə bilməzsiniz. Onu da qeyd etməliyik ki, hazırki məhkəmə prosesində bu rejimin qurbanları təkcə biz deyilik. Çünki bu sifarişli və qurama cinayət işinə sizin hakim və prokuror kimi təyin edilməyiniz sizi də qurbana çevirib. Əslində, biz bu qəfəsdə, siz isə azadlıqda-hamımız özü boyda qəfəsə çevrilmiş Azərbaycanda girov və qurban həyatı yaşayırıq. Ona görə də sizdən məcbur edildiyinizdən artıq bir şey tələb etmək bizim üçün də çətindir. Dustaq dustağa necə kömək edə bilər ki? Fərqimiz yalnız ondan ibarətdir ki, biz bütün bu gerçəklikləri görürük, anlayırıq, lakin qəbul etmirik və “Nida” olaraq məqsədimiz də belə haqsızlıqlara yer olmayan cəmiyyətdir.
Biz bu Son sözümüzdə cinayət işinin detallarına çox da girmək fikrində deyilik. Çünki özümüzə də aydındır ki, hətta qurama cinayət işi belə çox süni, arqumentsiz və ifşa edilmiş şəkildədir. Ancaq yenə də, ümumi şəkildə olsa da, bəzi məsələlərə toxunacağıq.

İttiham tərəfi iddia edir ki, bizi 2013-cü il 10 mart aksiyasına görə tutub. Bu, qismən həqiqətdir. Niyə qismən və niyə həqiqət? Və niyə biz buna görə peşman olmalı deyilik?
Başlayaq birinci sualdan. İttiham tərəfi dolayısı ilə etiraf edir ki, bizi ictimai fəaliyyətimizə və “Nida”Vətəndaş Hərəkatının aktivliyinə görə həbs ediblər. Lakin bu, yalnız 10 mart aktivliyi deyildir. “Nida” yaranandan ətrafında aktiv, dəyərli gəncləri birləşdirməyə başlayıb. Hakimiyyət onda da bizim əleyhimizə idi. Çünki bu rejim xalqı mağmın, hərəkətsiz, rəzil, dəyərsiz kölələrə çevirmək istədiyindən, aktiv və dəyərli, fərqli düşünən insanlara düşmən kəsilib. Gənclik isə dinamik inkişafa, qeyri-statikliyə, hərəki fəallığa can atır. Bu rejim buna görə gənclərə düşməndir. Ona görə də rejimin guya bizə cinayət törətdiyimizə görə düşmən kəsildiyini düşünmək kökündən səhvdir. Tam əksinə. Biz cinayət törətsəydik, bu rejimin dostu olardıq. Çünki özləri cinayətkar mahiyyətlidir.

10 mart və ondan əvvəlki aksiyalar çox əhəmiyyətlidir. Bu aksiyalar cəmiyyətdəki özbaşınalığı, dərəbəyliyi və məmur mənəmliyini çılpaqlığı ilə ortaya qoyduğuna görə, rejimin mahiyyətini açdığına görə iqtidar üçün xoşagəlməz idi. Ona görə də 10 mart aksiyası bəhanədir. Əsil səbəb bizim hüquqazidd olmayan, dinc və davamlı mübarizəmiz və çirkinliklərlə barışmazlığımızdır. Bizi buna görə tutublar. Məqsədləri həm intiqam almaq, həm də bizi durdurmaqdır.

Bunlar başa düşmürlər ki, ümumiyyətlə, cəmiyyətdə vətəndaşların zorakılığa meyllənməsinin əlamətləri müşahidə olunursa, bunun birinci səbəbkarı hakimiyyətdir. Hakimiyyət elə bir qanunsuzluq mühiti yaradıb ki, vətəndaşlar aqressivləşir və qisas almaq istəyir. Biz bunun qarşısının alınması üçün bir hərəkat olaraq, qeyri-zorakı mübarizənin təbliği üçün əlimizdən gələni etmişik. Məhz qeyri-zorakılığın zorakılıqdan daha uğurlu mübarizə üsulu olduğunu dünya təcrübəsindən misallarla göstərmişik.
Bütün bunlara baxmayaraq, bizi utanmayaraq zorakılıqda ittiham edirlər. Bu, sözün əsl mənasında iyrəncilikdir. Ona görədir ki, əleyhimizə qondarılan cinayət işi avtoritar rejimlər tarixindəki ən gülünc cinayət təqibləri sırasında öz yerini alıb artıq.
Həbs edilmiş ilk 3 nəfərin MTN-də hansı işgəncələr və zülmə məruz qoyulduğunu bu məhkəmədə iştirak edən hər kəs aydın şəkildə gördü. Ancaq, təəssüf ki, bu isgəncələrin araşdırılması üçün, məhkəmə tərəfindən ən xırda addım belə atılmadı. Məhkəmə prosesindəki araşdırmalar əleyhimizə yönələn ittihamların kökünə qoyulan sübutların məhkəmə baxışından çıxarılması üçün yetərli əsaslar versə də, müvafiq qərar qəbul edilmədi. Təbii ki, belə qərarı yalnız azad və ədalətli məhkəmə çıxara bilərdi, siz yox.
İttiham tərəfinin bu məhkəmədə ifadəsinə güvəndiyi əsas şahid, hətta ilk baxışda narkotik vasitələrə mübtəla olduğu və psixoloji problemlərdən əziyyət çəkdiyi aşkar görünən, əqli qüsuru olduğu sənədsiz-sübutsuz anlaşılan Anar Abbasovun məhkəmədə verdiyi zidiyyət abidəsi sayılmalı ifadəni hər kəs xatırlayır. “Venesiya” kafesini təsvir edə bilməyən, “NIDA” sözünün mənasını bilməyən, ittiham tərəfinin, guya, o görüşdə iştirak etdiyini iddia etdiyi 9 nəfərin yox, qəfəsdə oturmuş 8 nəfəri görüş iştirakçısı kimi göstərən və bu şəxslərin heç birini adı-soyadı ilə xatırlamayan və “Venesiya” və “ Nida” barədə ağzına və ağlına gələn digər şeyləri danışan bu şahid əslində bu işdə bizim təqsirsizliyimizin ən böyük və ən mötəbər sübutu oldu.
Bu iqtidar bizi xarici dairələrlə işbirliyində ittiham edir. Təsəvvür edin, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməsindən tutmuş 15-16 oktyabr 2003-cü il hadisələri və Elmar Hüseynov, Ziya Bünyadov, Rafiq Tağı kimi onlarla dəyərli insanımızın qətli daxil olmaqla çoxsaylı hadisələrdə xalqına qarşı silah qaldıran, əli öz xalqının qanına batan bu iqtidar bizi zorakılıqda ittiham edir. Bu, taleyin ironiyasıdır.

Azərbaycanın marağını xarici ölkələrə satan, hakimiyyətini qorumaq üçün hər cür rola girən YAP iqtidarından fərqli olaraq, biz-nidaçılar heç vaxt nə rus-“KQB” köləsi olmuşuq, nə ABŞ və Avropa neft maqnatlarının dollar-avrosuna biət etmişik, nə İran mollalarının əmmaməsinin, nə də Türkiyə nurçularının “badem bıyık”larının altından keçmişik. Nidaçılar öz gəncliyini, həyatını gözünü qırpmadan öz milləti uğrunda qurban etməyi bacaran fədailərdir. Bizə verdikləri bu ittihamlar isə özlərinin pasportudur.
Xarici dairələr mövzusuna toxunmuşkən, MTN-in əməliyyat zamanı Şahin Novruzlunun atasından taladığı 94000 Azn-in cinayət vəsaiti kimi təqdim edilməsinə münasibət bildirək. Məhkəmədə şahidlər bu vəsaitin Şahinin ailəsinə məxsus olduğunu kifayət qədər sübut etdi. Bir haşiyəyə çıxacağıq. 1980-ci il 12 sentyabr hərbi çevrilişində Türkiyədə hakimiyyətə gələn hərbi xunta öz xislətinə uyğun olaraq Erdal Ereni edam etdi. 100 ilə yaxın yaşı olan Türkiyə kimi böyük bir cümhuriyyət Erdal Eren ləkəsini hələ də alnından silə bilmir. O hadisədən 33 il sonra Azərbaycandakı YAP xuntası Erdal Erenin həmyaşıdı olan Şahini ittiham edir və öz alverçi xislətinə uyğun olaraq, Şahinin atasının pulunu oğurlayır. Hərbçilər edam edir, Yap-çılar isə həmişəki kimi, pul oğurlayırlar, sərvət mənimsəyirlər.

İqtidarlar gəldi-gedərdir, amma əmin olun ki, məhz Şahinin həbsi və ailəsinin, o cümlədən bibisinin min bir zəhmətlə qazandığı pulunun bu cür həyasızlıqla talanması hər zaman Azərbaycanın çiyni üzərində “Demokl qılıncı” kimi asılacaq və biz dövlət və millət olaraq bu hadisənin xəcalətini çəkəcəyik.

Bizdən 2 nəfərimizin üzərinə xuliqanlıq ittihamı da qoyulub. Adi rəqsə görə. Halbuki, bu rəqsdə heç xırda xuliqanlıq əlamətləri də yoxdur, nəinki cinayət əlamətləri. Bu, verdiyimiz vəsatətlərdə və müdafiə tərəfinin çıxışlarında sübut olunub. Ona görə də “Son söz”ümüzdə hüquqi məsələlərdən yox, əsil səbəblərdən danışırıq. Bu maddənin işə əlavə olunması bizi cəmiyyətə “əxlaqsız” kimi təqdim etmək məqsədi güdür. Məhz bu niyyətlə mənəviyyatını itirən “Lider TV”-də açıq nümayiş etdirilən gizli pornoqrafik çəkilişləri şərh etmiş birinin dili ilə biz 8 təqsirləndirilən şəxsin, guya, hər birimizin o rəqsdə iştirak etdiyimiz barədə rişxənd edilərək yalan informasiya verilib. Amma bunların ucuz və mənasız səylərinə baxmayaraq, rəqs əxlaqsızlıq adlandırılmaz. Əxlaqsızlıq deputat mandatını oğurlamaqdır, satmaqdır, seçkini saxtalaşdırmaqdır, xalqın son tikəsini də ağzından alıb ölkəni talamaqdır, oliqarx olmaqdır. Bu əxlaqsızlığa qarşı mübarizə aparmaq isə ən əxlaqlı, ən şərəfli, ən namuslu işdir.

Bizim məhkəmə hər detalı ilə bu hakimiyyəti ifşa etdi, onun mahiyyətini, xislətini açıb ortaya qoydu. Yuxarıda qeyd etdiyimiz “şahid” Anar Abbasova diqqət edin. Anar Abbasov Əliyevlər rejiminin son 21 ildə yetişdirmək istədiyi yeni insan tipi-zombilərin nümayəndəsidir. Bu “yeni azərbaycanlı” qorxaq və gözükölgəli olmalı, mənəviyyatına köləlik və məddahlıq hakim kəsilməli, yalanla yaşamalı, öz mənafeyi naminə hətta öz qardaşını da lazımi məqamda şərləməyi bacarmalı, rüşvətlə dolanmalı və dolandırmalı, ən adi haqsızlığa belə etiraz etməyə cürət etməməli, yaltaqlığı, ikiüzlülüyü həyat kredosuna çevirməlidir. 21 ildə bu iqtidar belə “yeni azərbaycanlı”ların yetişdirilməsində xeyli uğura nail olub. “Nida” Vətəndaş Hərəkatı bu siyasətin tam qələbəsinə mane olmağa, müqavimət göstərməyə çalışıb. Bizim və digər üzvlərimizin davamlı həbsimiz, bizə münasibətdə açıq nümayiş etdirilən hiddət və qıcıq da onu göstərir ki, bu siyasəti iflasa dogru yönəldə bilmişik. Bizə müqavimətimizivə dəyanətimizi, mövqeyimizdən dönməzliyimizi, bu iqtidarın yanında olmağın məziyyətlərinə uymayaraq həqiqətin tərəfində durmağımızı başqa yolla qarşılaya bilmirlər.

Başa düşmürlər ki, bir yerdə pislik varsa, hətta bütün insanlar üzünü tərs tərəfə çevirsə belə, insanlığı olan hər kəs bu pisliyin üzərinə getməlidir. Biz azad insan olduğumuza görə bu pisliyə, əxlaqsızlığa, ümumiyyətlə, hakimiyyətin mənfi əməllərinə göz yummuruq, yalnız haqlı gücə boyun əyirik. Cümhuriyyətçilik ənənəsi başqasının despotik iradəsi qarşısında müdafiəsiz olaraq yaşamağı böyük pislik olaraq görür. Çünki köləlik özünün ən pis nəticəsi olan yaltaqlıq və səfillik ruhu yaradır. Biz cümhuriyyətçilər isə təhlükəli olsa belə, azadlığı kölə rahatlığına dəyişmirik!

Ona görə də bu rejimin polis və digər güc strukturlarının zorakı və vəhşi əməllərini “qanuna xidmət”, bizim konstitusion azadlığımız olan sərbəst toplaşmağımızı kütləvi iğtişaş, dinc mübarizəmizi zorakılıq adlandırması, bizi şərləyib həbsə atması bizi qorxutmur və öz mövqeyimizdən çəkindirmir. Bizim təməl prinsiplərimizin aydınlığı, onlara sadiqliyimiz, radikalizmi, zorakılığı, mənəviyyatsızlığı qətiyyətlə rədd etməyimizdir ki, həbsimizdən keçən bir il ərzində sıralarımıza yüzlərlə yeni həmfikirlərimiz üzv olub.
Biz əvvəldə qeyd etdiyimiz kimi, bu məhkəmədə formal olaraq iştirak edirik. Bu saxta cinayət işində məhkəmədən istədiyimiz bəraət də müəyyən mənada formal xarakter daşıyır. Çünki əminik ki, bizə bəraəti bu məhkəmə yox, xalqımız və tarix verəcək. Məhkəmdə iştirakımızın və Son söz söyləməyimizin bir səbəbi də var. Biz məhkəmə sistemini dövlətin əsası, cəmiyyətin ədalətliliyinin qarantı kimi dəyərləndiririk. Məhkəmə sözündəki əzəmətə və qürura hörmətlə yanaşırıq. Ona görə də işimizə baxan məhkəmənin bu kriteriyalardan uzaq olmasına baxmayaraq, hakim və məhkəmə adına hörmət edərək formal prosedurlara tabe oluruq, onları gözləməyə səy göstəririk.
Əsil Son söz isə hələ deyilməyib. Son sözü gec-tez həbsdəki 10 nidaçının və bizim azadlıqdakı mübarizə dostlarımız olan nidaçıların ön cərgəsində durduğumuz millət deyəcək.

Qədim yunan filosofu Sokratı gənclərin fikrini bulandırmaqda ittiham edib məhkəmə qarşısına çıxarırlar. O, ölkəni tərk edə bilərdi, yaxud susmaq, fikirlərini yaymamaq təklifini qəbul edə bilərdi. Əks halda edam ediləcəyini bilirdi. Sokrat məhkəmədə həqiqəti öz azadlığına və canına qurban verməyəcəyini bəyan edib ölümü seçdi. Biz də nə azadlıqda, nə də həbsdə həqiqəti heç bir şeyə satmadıq, satmayacağıq da.
Biz tək deyilik. Əqidəli ziyalılarımız və ictimai xadimlərimiz - “Real”ın sədri İlqar Məmmədov, “Müsavat” başqanının müavini Tofiq Yaqublu, Yadigar Sadıqov, Qurban Məmmədov, Anar Məmmədli, Azərbaycandakı mömin kəsimin cövhəri Taleh Bağırzadə, şərlənən gənc dostlarımız Əbdül Əbilov, Ömər Məmmədov, Elsevər Mürsəlli, Rəşad Ramazanlı, jurnalistlər Rauf Mirqədirov, Pərviz Həşimli və daha onlarla vicdan məhbusu və siyasi məhbuslar bu gün məhz həqiqət naminə şərlənərək həbsdə saxlanılır. Bu iqtidar anlamalıdır ki, hətta ölkədə bir nəfər vicdanlı adam qalsa belə, onların bu mənfur antixalq siyasətinə qarşı müqaviməti davam etdirəcək, sonda isə qələbə yalanın yox, məhz həqiqətin qisməti olacaq.

Korrupsiya üzrə analoqu olmayan “inkişaf”a nail olsaq da, bilirik ki, hakimlərin və prokurorluq işçilərinin seçimi üzrə imtahanlar çox çətin olur. Ona görə də hakim və prokurorlarımız, adətən, müəyyən hüquqi savada malik olurlar. Hazırda qarşımızda olan məhkəmə heyətinin və dövlət ittihamçısının da yüksək savada malik olduqlıarna şübhə etmirik. Bu həm də ondan görünür ki, bizi Azərbaycanın ən güclü vəkilləri müdafiə edir və onların qarşısına məhz sizi seçib çıxardıblar, bu absurd ittihamları müdafiə etməyin siyasi sifarişini məhz sizə veriblər.

Hüququn ali məqsədi ədalətdir. Siz də ədaləti peşəkarcasına müəyyən etmək ixtisasına yiyələnmisiniz. Bu ittihamların puç olduğunu görməyə bilməzsiniz və əminik ki, buna şübhə etmirsiniz. Ona görə də bizim barəmizdə ittiham hökmünü çox çətinliklə verəcəksiniz. Çünki savadlı insanların peşə ləyaqətindən və insanlıqdan irəli gələn vicdanlarının məhkəməsi bu cür məhkəmədən daha ağırdır. Buna baxmayaraq, rahatlıq vicdana üstün gələcək və siz ittiham hökmünü oxuyacaqsınız. Bu səbəbdən sizdən nəsə xahiş etmirik. Əksinə, vicdanınızı bir az sakitləşdirmək, sizə təsəlli vermək üçün bildiririk ki, barəmizdə verəcəyiniz hökmlə ömrümüzdən alacağınız illər heçə getmir, Azərbaycanın azadlığı üçün sərmayə olaraq yatırılır. Yəni siz də anti-qəhrəman kimi olsa da, bu ölkə üçün nələrsə edirsiniz.

Biz bu yola başlayanda azadlıq kapitalı olacağımızı nəzərə almışıq.İndi biz ünvanımıza atılan böhtanlara, düşünmədiyimiz və törətmədiyimiz əməllərə görə peşman ola bilərikmi?!

Bir daha bəyan edirik-əminik və sizləri də əmin edirik ki, biz üzvü olduğumuz xalqa, sakini olduğumuz əraziyə azadlıq istədiyimizə, azadlığın, demokratiyanın hüququn aliliyinin, ən yüksək dəyərə malik olmasının insan və vətəndaş hüquq və azadlıqların hörmətin bu ölkədə təmin olunması üçün fəaliyyət göstərdiyimizə görə tutulmuşuq və bununla fəxr edirik.

Dostlardan, yoldaşlardan, xüsusən də valideynlərimizdən xahiş edirik ki, ağır hökmə hazırlıqlı olsunlar, isterik qarşılamasınlar, qarğışa, təhqirə yol verməsinlər. Bu zalda əcnəbilərdən başqa hər kəs qurbandır, bir qurbanın o biri qurbanı qarğaması isə əhəmiyyətsiz və mənasızdır.

Bizim müdafiəmizdə iştirak edən hər kəsə, o cümlədən əqidə yoldaşlarımıza, həmişə bizimlə olan ailə üzvlərimizə, balaca Araza, bizi fədakarcasına müdafiə edən vəkillərimizə təşəkkür edirik. Eləcə də hüquqlarımızın bərpası uğrunda çalışan, narahat olan yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, partiyalara və digər qurumlara, xarici dövlətlərə və onların səfirliklərinə minnətdarıq. Yarım ildir, bizim məhkəmə iclaslarımızda iştirak edən xarici səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinə həm də ona görə təşəkkür edirik ki, onlar bizim də müdafiə etdiyimiz Qərb dəyərlərinin neftə, geostrategiyaya görə merkantil maraqlardan yox, azadlıq və ədalətdən ibarət olduğunu sübut etdilər. Əziyyətlərinə və diqqətlərinə görə jurnalistlərimizə borcluyuq. Çox sağ olsunlar.
Sonda buradan çöldəki mübariz nidaçılara səslənmək istəyirik. Sovet dövründə 7 üzvü olan, anti-sovet fəaliyyəti ilə məşğul olduğu üçün 7 üzvü də həbs edilən “İldırım” təşkilatının üzvü İsmixan Rəhimov hökm oxunduqdan sonra maşına mindirilərkən, dönüb yaxınlarına demişdi: “Biz gedirik, amma qayıdacağıq”.

İsmixan müəllimin bu sözlərini indi biz sizə ayrı formada çatdırırıq: Biz heç bir yerə getmirik, qayıtmayacağıq da. Çünki biz onsuz da varıq, burdayıq, sizinləyik. Həbsdə 10 nidaçı olsa da, azadlıqda olan sizlər bizi əvəz edirsiniz. Bu mübarizəni həm də bizim yerimizə daha prinsipial, daha ardıcıl aparın. Heç zaman şərə təslim olmayın! Alnınızı dik, iradənizi möhkəm tutun!

Rədd olsun diktatura və despotizm!

Yaşasın zülmə və haqsızlığa boyun əyməyən bütün insanlar!
Rəşadət Axundov,
Rəşad Həsənov,
Üzeyir Məmmədli,
Zaur Qurbanlı,
İlkin Rüstəmzadə,
Bəxyiyar Quliyev,
Şahin Novruzlu,
Məmməd Əzizov.
XS
SM
MD
LG