Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:33

Barış


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.



Hədiyyə Şəfaqət


BARIŞ


-1-

20..-ci ilin sonlarına doğru çoxdan bəri davam edən millətlərarası münaqişə həll olundu. Böyük dövlətlərin başçıları bir araya gəlib illərdən bəri qan davası, torpaq davası edən iki kiçik dövlətin başçılarının barış müqaviləsinə şahidlik etdilər. Hər kəs dərindən nəfəs aldı, əsas da kiçiklərin dava-dalaşından boğaza yığılıb (bəlkə də qazandıqlarını qazanıb) onları barışdırmağa girişən böyük dövlətlərin.

Müharibə növbəti dəfə başa çatdı...

-2-

20..-ci ilin ilk günlərində bütün dünyaya yayılan xəbər Səmədin ürəyində təlatüm yaratdı. İllər öncə şəhərdən bir qədər uzaqda tikilib təhvil verilən qaçqın şəhərciyindəki mənzilinin divarlarına, tavan-döşəməsinə başqa nəzərlərlə baxmağa başladı. Özgə kimi. Onun Vətəni orda idi, o uzaq dağ kəndində. Və ora qayıdacaqdı.

Xəbəri eşitdiyi günün gecəsi səhərəcən ağladı. Anası iki ay əvvəl dünyasını dəyişmişdi. Oturub-durub kəndlərini arzulayardı. Hər yaz gələndə kənd yolunun ayağındakı bulağın suyundan söz açar, ağacların oralarda başqa cür oyandığını, çəmənlərin tamam başqa cür yaşıllaşdığını deyərdi. Bircə arzusu vardı - o yerlərə qayıdıb sonra ölmək. Qismət olmadı. Atasını isə zorla xatırlayırdı, Səməd hələ uşaqkən ölmüşdü. Məzarı Orda qalmışdı. Anası ən çox o məzarın dərdini çəkirdi.

Səmədi dərd aldı. Anasının məzarını burda qoyub getməli olacaqdılar. İndi də anası uzaq düşəcəkdi. Amma heç nə olmaz, buralara əli çatacaqdı, arabir gəlib baş çəkə bilərdilər. Təki öz yurd-yuvalarına qayıtsınlar...

Müharibənin bitməsi və barış müqaviləsi ilə yayılan xəbərlər internet portallarını, qəzetləri, telekanalları bir başqa cür silkələmişdi. Prezidentin və hakim partiyanın uzun sürən ardıcıl mübarizəsi, itirilənlərin dinc yolla geri qaytarma siyasəti qələbə çalmışdı. Torpaqlar qaytarılmışdı - bir insanın da qanı tökülmədən. Orda-burda müharibə çağırışıyla yanıb-tutuşan təəssübkeşlərin, özgə və düşmən dəyirmanına su tökən satqınların səs-səmiri eşidilmirdi. Əvəzində konsertlər təşkil olunur, müğənnilər Vətən haqda mahnılarını ifa edir, şairlər, yazıçılar təzə, yurd sevgisiylə ərsəyə gələn yazılarını çap etdirirdilər...

Səməd paytaxtın ən gözəl meydanında təşkil olunan qələbə konsertinə yollandı. Adamlar bir-birini itələyə-itələyə müğənnilərin illərdən bəri ifa edib yorulduqları deyil, təzə-tər ortaya çıxan mahnılarını dinləyir, arabir də başlarının üstündə dolanıb bayram coşqusunu birbaşa yayımlayan telekanalların kameralarına əl edir, öpücük yollayırdılar. Səməd ətrafa göz gəzdirdi, ona elə gəldi ki, bu bayramda iştirak edənlərin arasında onun kimi yurdundan-yuvasından perik düşüb illərlə qaçqın adının ağırlığı altında əzilən çox az adam var. Elə bil başqaları onların sevincinə daha çox sevinirdilər...

Konsertdə çox dayanammadı, müharibədən qalma zədələr ayaq üstündə dayanmağına imkan vermirdi...

Yavaş-yavaş metroya düşdü. Yenə həmişəki kimi sıxlıq idi. Vaqonlarda əvvəlki susqunluq, laqeydlik çəkilmişdi. Adamlar barış müqaviləsinin sevincini yaşayırdılar. Yaşlı bir qadın başının üstündə dayanan kişiyə dedi:

- Görəsən indi evimizi geri qaytaracaqlar? İki günlük rayona getmişdim, qayıdıb gördüm qapını qırıb yerləşiblər. Nə deyəydim, çıxası da deyildilər, ortada abrımı itirəcəkdim. Məhkəmə də işimə baxmadı. Əşyalarımı min zülmlə çıxardım evimdən, çoxu da o qohumun, bu qohumun evində itdi-batdı.

Kişi ona təsəlli verirdi:

-Hər halda qaytaracaqlar. Neçə ildir öz yerlərinin həsrətini çəkirlər, neynirlər özgənin evini?..

Səməd başını aşağı saldı. Utanırdı, amma o, qaçqın düşüb Bakıya gələndən küçələrdə yatmış, məktəb dəhlizlərində gecələmiş, amma kimsənin qapısının qıfılını qırmamışdı. Bir anası idi, bir də özü. Birtəhər başlarını saxlamışdılar. Sonra rayonlardan birində salınan çadır şəhərciyinə getmiş, illərlə ilan mələyən düzlərdə it günündə yaşamışdılar. Sonra yenə bura qayıtmış, ana-bala iş tapıb işləmiş, kirayədə yaşamışdılar. Sonra o, evlənmiş, uşaqları doğulmuşdu. Günlərin bir günü də indi yaşadıqları qəsəbədəki mənzillərinə köçmüşdülər...

Asta-asta irəliləyib vaqonun digər tərəfinə keçdi. Burada da iki cavan oğlan söhbət edirdi:

-Atam deyir bu qaçqınlar çıxıb getsələr iş yeri tapmaq asan olacaq. Hər yer bunların əlindədir, təkcə öz adamlarını işə götürürlər..

Yoldaşı ona lağ elədi:

-Deyəsən atan inanır ki, burada yaratdıqları dəbdəbəni bizə qoyub gedəcəklər?

Qatar stansiyada dayanan kimi özünü çölə atdı. Paytaxt həqiqətən sevinc içindəydi...

Eskalatorda qarşısında dayanan iki gənc qız hadisəni müzakirə edirdilər:

-İndi necə olacaq, qayıdacaqsınız?

Müsahibi üzünü bozartdı:

-Nə qayıtmaq? Dəlisən nədir? Gedib neyləyəcəyəm orda, inək sağacağam?

Rəfiqəsi təslim olmaq istəmirdi:

-Papangil qayıtsalar neyləyecen ki? Atkaz edəcən?

-Lazım gəlsə atkaz da edərəm. Mənim yaşım imkan verir, bəbə deyiləm ki, onların sözüylə oturub durum. Həm də burda ev də var, qalıb işləyərəm...

Avtobus dayanacağında da mövzu eyni idi, iki kişi işgüzar söhbətlərini edirdilər:

-Evlər ucuzlaşacaq, yaxşı məqamdır, alıb atmaq olar dar günə

-İnanma, heç kim burdakı evini satıb kəndə qayıdan deyil. Neyləyəcəklər oralarda? Bir də ki, o yerlər bir-iki qocanın yadında qalardı, onlar da ölüb getdilər...

Səməd istədi söhbətə qarışsın, desin ki, mən unutmamışam, mən orda döyüşmüşəm, orda yoldaşlarımı, bacımı, qohumlarımı, sevdiyim qızı itirmişəm, mən qayıdacam o yerlərə - vaz keçdi. Ürək üzməyə dəyməzdi. Elə bil hamı illərdən bəri abrına qısılıb susduğu şeyləri danışmağa, ürəyini boşaltmağa məqam axtarırmış.

-3-

Avtobus qəsəbənin yanındakı dayanacaqda saxladı. Düşdü. Axşamtərəfi şaxtası özünü göstərirdi. Ayaqları keyimişdi. Bayram şənliyinə getdiyinə peşman olmuşdu. Sevincini yaşaya bilməmişdi.

Qəsəbənin sakitliyi, səssizliyi onu təəccübləndirdi. Bayram-əhval ruhiyyəsi yox idi. Adicə suları bir saatlıq kəsiləndə, işıqları sönəndə, qazları yanmayanda yol bağlayan, etirazını dilə gətirən sakinlərin qələbə əhvalları susmuşdu. Binaların arasındakı sırayla düzülmüş dükanlardan birinə, daha doğrusu çay evinə yönəldi. Mənzilinə getməmişdən əvvəl kimsə özlərindən birini görmək, fərəhini bölmək istəyirdi.

İçəridə yarıqaranlıqda gözləri uzun müddət adamları axtardı. Səs həmişəki kimi çox deyildi, içəridə adam azdı. “Camaatın başı yır-yığışamı qarışıb?” deyə düşündü. Amma hələ tez idi, o yerlərin soyuğu, şaxtası buralarınki kimi olmur. Sular, torpaq donur. Yır-yığış eləmək, evlərin təmirinə başlamaq, bəlkə də yenilərinin tikintisinə başlamalı olacaqdılar. Dovlət buna söz vermişdi.

Küncdəki masada oturdu. Ona fikir verən olmadı. Sadəcə, bəziləri başını qaldırıb salamını aldı. İstədi ürəkdən gələn bir “necəsiniz?” deyə soruşsun. Eləmədi, içəridəkilərin çoxu cavanlar idilər, öz dünyaları vardı, hər adama baş qoşmurdular, salamı da təzə qaydayla, minnətlə alıb-verirdilər. Paytaxt uşağı olmuşdular. Hansı torpaqların hesabına ev alıb buralı olduqları onların nəyinə lazım idi ki... Necəsiniz? Həqiqətən istəyirdi bilsin necədirlər. Nə fikirləşirlər?

Çox oturammadı, bir fincan çayını içib çıxdı.

Qapı arxadan bağlı idi. Kədərlə açarlarını çıxardı. Orda, qayıdacaqları o uzaq kənddə belə şeylər olmazdı. Kim idi qapı-baca bağlayan? Bəzən günlərlə eləcə qapıları açıq qoyub gedərdilər harasa gedəndə də. Mal-qaraya qonşular baxardılar, necə olsa gündə bircə dəfə çəpər qonşuları bir yerə yığılıb bir-birindən, bir birinin xəstəsindən-sağından xəbər tutardılar. Yazın ilk göyərən günlərində qadınlar bir yerə yığılıb qutab salar, dovğa bulayar, Novruzda səməni bişirər, isti günlərdə yığılıb növbəylə yun çirpar, yorğan-döşək təzələyər, ev təmizləyər, gəbə toxuyar, cehiz düzəldərdilər. Bir yerdə qışa ehtiyat görər, kompotlar, şorabalar hazırlayar, mürəbbə, bəhməz bişirərdilər, turşu qaynadar, pendir, axtarma tutardılar.

Kişilər bir yerədə kol qırar, çəpər basar, ot çalar, taya yığar, talvar düzəldər, heyvan kəsər, hasar çəkər, ev üstü çevirərdilər. Kimsə bu işlərdə qazanc, pul gözləməzdi. Hamı bir-birinə əl tutar, haya çatardı. Xeyir-şərdə hamı bacardığını edər, təzə ailə qurub, ev tikib bağ salanların ağacları bar verincə vedrə-vedrə meyvə daşıyar, körpəsi olanlara süd-qatıq çatdırardılar. İndi burda bir çimdik duzu bir-birinə borc verir, qapı bağlayır, qonşudan xəbər tutmurdular. Keçən il qonşudakı tək qarı evində ölmüş, üç gün sonra bilinmişdi. Yazıq qarı bəlkı kimsə gələr deyib heç qapısını da bağlamayıbmış...

Ailəsi böyük otağa yığılıb hansısa serialı izləyirdi. Uşaqları onun gəlişinə fikir vermədilər, arvadı onlara baxıb başını buladı, durub mətbəxtə keçdi. Bu baxışların mənasını bilirdi, “bunları pis böyüdürsən, adam da saymırlar” deyirdi. Arvadının arxasıyca keçdi. Küncdəki masanın kətilini çəkib oturdu. Qarşısındakı çayı əlinə aldı, iylədi. Nəlbəkiyə qoydu: “Dağların iyi gəlmir”.... Ürəkdən bir ah çəkdi. Bir azdan havalar isinəndə çıxıb gedəcəkdilər.. Yenə çaylarından dağ ətri gələcəkdi. Daha adları qaçqın olmayacaqdı. Öz yerlərində binə salıb yurd quracaqdılar. Qoyun saxlayacaqdı, ağ-ağ quzular sabahın təmiz havasında dağın döşünə ağ çiçəklər kimi yayılacaqdılar, bağçalarındakı ağacların dava-dərmansız meyvələri ayrı cür dadacaqdı. Uzun illərdir o dadı axtarır.

-Hardaydın bu soyuqda?

Diksindi. Xəyaldan ayrıldı. Arvadının üzünə baxdı:

-Konsertə getmişdim. Camaat bayram edir - belə dedi və səhərdən eşitdiyi söhbətləri beynuində dolandırdı – bizim bayramımızı.

Arvadı sözündəki istehzaya fikir vermədi. Kətili çəkib üzbəüz oturdu:

-Hə, bu gün böyüklərdən gəlmişdilər, bir-iki də telekanaldan. Camaatı da danışdırdılar, özləri də danışdılar.

-Nə danışdılar?

-Dedilər eliniz qayıdıb, siz də qayıdacaqsınız - bir az susdu - hə, dedilər bunu istəsəniz, əlbəttə. Heç kim sizə get demir, amma gedənlər üçün hər imkan yaradılacaq...

Bizimkilər nə dedilər?
Nə deyəcəklər? Həmişəki kimi.. Bircə Laləzar arvadla, Kərəm kişi müsahibə verdi..
-Həmişəki kimi-arvadının sözünü tamamladı- ömürlərini yenə kəsib doğradılar?

Arvadı gülümsədi:

-Hə...

Susdu. Arvadının üzünə baxdı. Yaşlanmağa doğru gedirdi. Onun da ömrü orda-burda, o küncdə, bu küncdə əriyib getmişdi bu mənzilə köçüncə. Arvadı onların kəndini tanımırdı, hardan tanıyacaqdı ki? O da qaynatasıgilin yerini-yurdunu görməmişdi. Hər ailə bir yerdən didərgin düşüb burda rastlaşmışdı. O zaman kirayədə qaldıqları zirzəmi mənzilə elçi göndərib şirin çaylarını orda içmişdilər, toydan sonra yenə zirzəmi kimi bir mənzilə daşınmışdılar, əvvəlkindən bir az geniş idi, sonra da uşaqlar...

Birdəncə düşündü ki, maraqlı olacaq, o, qaynatasıgilə, onlar da bunların kəndinə gəlib gedəcəklər. Neçə ildən bəri perik düşüb bir birini itirmiş qonşular qayıdacaqlar, bir-birindən ayrı yaşadıqları illərdə doğulub böyümüş övladlarıyla, nəvələriylə... Təkcə bir şeyləri ortaq idi - o uzaq keçmişdə tökülən qanlar, itirilən insanlar, birlikdə keçən günlərin xatirəsi. Bunun oğlü onun kürəkəni, bunun qızı onun gəlini idi. Ölənlər hamısı bir-birinə qohum idilər, elə qalanlar da.. Qalanların çoxu elə qəriblikdə də bir-birini axtarıb sormuş, bağlı qalmağa çalışmış, qaçqınlıqda da bir biriylə qohum olmağa çalışmışdılar. Başqaları da bir yerə yığılanda yenidən tanış olacaqdılar, qohum olacaqdılar, qız verib-qız alacaqdılar, yeni nəvələr doğulacaqdı və ən gözəli də o uşaqların doğum ünvanında yenidən kəndlərinin adı yazılacaqdı...

-3-

Evdə dava-haray qopdu. Bunu gözləmirdi. Qızı donub qalmış, oğlu bərəlmiş gözlərini atasının üzünə zilləmişdi:

-Həqiqətən bütün bunlara inanırsan? Həqiqətən fikrin bizi o yerə qaytarmaqdır? Mən, bax mən - əlini sinəsinə çırpırdı - neyləyəcəm orda? Hə, neyləyəcəm? İdman olacaq? Yox! Kafe olacaq? Yox! Məktəb? O da yox!

-Məktəb niyə olmur? Məktəb tikəcəklər

-Tikəcəklər? Əla! Bəs orda kim dərs deyəcək? Bəs kurs? Bəs hazırlıq? O boyda əziyyət çək, indi də get otur dağ başında? Bütün dostlarım burdadır, mən get-mə-yə-cəm!

-Dostların qalacaqlar güya, hamısı ora qayıdacaq

-Kim deyir? Heç biri qayıtmayacaq, danışmışıq, heç kim! Həm də hamının atası da sən fikirdə deyil. Bir də ki...

Oğlan qızardı. Anası tərəfə baxdı. Məktəblərindən bir qızı sevirdi və qadın bilirdi ki, əslində dava-dalaş o qızı qoyub getməməyə görədir. Qanı qaynar gənc indi sevdiyi qızdan başqa heç kimi görmürdü və üstəlik qız da çıxıb heç yerə getməyəcəkdi, bakılı idi...

Ürəyi sıxılırdı. Amma istəyirdi oğlunu razı salsın. Zor edə bilməzdi, amma istəyirdi o da bu illərdə böyüyüb kişi olmuş oğlunu həmkəndliləri ilə görüşdürsün, tanış eləsin.. Oğlan sakitləşə bilmirdi:

-Mən gedib cuşka-muşka ilə dostlaşacam?

Acı-acı gülümsədi:

-Sən özün kimsən ki? Şəhər uşağı?

-Hə, mən burda doğulmuşam, burda böyümüşəm, mən buralıyam, ölərəm, getmərəm

-Ora qayıdan uşaqların elə hamısı sənin kimi “şəhər uşaqları“ olacaqlar. Hansınız orda doğulmusunuz ki? - gözləri yaşardı. Həqiqət iti tikan kimi qəlbini dəlib keçməkdəydi. Gücsüzlüyündən daha çox, həqiqətən uşaqlarının, qohum-qonşu uşaqlarının o yerlərdə doğulmadıqlarına yanırdı. “Yaxşı ki, bu barış onların sağlığında əldə olundu. Oralarda doğulub o yerləri tanıyanların hamısı öləndən sonra heç kim görmədiyi yerlərə qayıtmaq üçün uşaqlarını dilə tutmayacaqdı” - düşündü...

Qızı qorxa-qorxa pıçıldadı:

-Bəs deyirlər onlar hər yeri minalayıblar?

-Kim deyir?

Uşaqlar deyirlər, deyirlər həmişə belə olur, torpağa mina basdırıb gedirlər ki, bir az da çox ölək
Qızının başını özünə sıxdı-Yalan deyirlər, hamsı təmizlənib

-Bəs birdən müharibə yenidən başlasa? Axı deyirlər onlar yenə bizimlə qonşuluqda yaşayacaqlar?

Bilmədi qızına nə desin. Söz versinmi ki, bir də elə olmayacaq? Bunu kim bilərdi ki? Buna kim söz verərdi? Qızını yenidən özünə sıxıb üzündən öpdü:

-Ata sizi qoruyacaq, heç nə olmaz, sizi də, sizin övladlarınızı da..

Oğlu söz atdı:

-Hə, sonra bizim uşaqlar böyüyəndə o müharibənin biri də başlayacaq, bu dəfə də onların uşaqlarını öldürəcəklər! Mən getməyəcəm, mən uşaqlarımı, onların uşaqlarını öldürmək istəmirəm...

Oğlu açıq -aşkar üsyan edirdi, üsyanı heç də səbəbsiz, ya da dost-taniş uzaqlığı kimi adi səbəblər deyildi. Söylədikləri əslində daha məlumatlı, daha dayaqlı səbəblərin üstünə çəkilmiş pərdə idi. Tarix öz dərsini keçmişdi...

Əsəbindən, yanğısından içi göynəyirdi. Gödəkçəsini əlinə alıb evdən çıxdı, aşağı, qonşuların bir yerə toplandığı çayxanaya getdi. İçəridə siqaret tüstüsü hamını görünməz etmişdi. Əli kişi uzaqdan onu səslədi. Keçib bir neçə qonşunun başına yığışdığı masanın bir küncündə özünə yer elədi. O biri qonşusu, Mahir nəsə pərtliyini anlamışdı, başını yellədi:

-Səninkilər nə deyir?

Bu sualın altındakı sual “səninkilər də qayıtmaq istəmir?” idi.. Deməli, tək deyildi. Əli kişi əlindəki stəkanı masanın üstünə qoydu:

-Mən qınamıram, görməyiblər, tanımırlar, onlar üçün hər şey burda başlayıb, lap harda doğulsalar da, min əziyyət görsələr də, uşaq olublar, gənc olublar, üç ildir bu qəsəbə onları rahatlayıb, arxayınlaşdırıb. Getmək istəmirlər. Cavanlara nə deyəsən, heç bəzi yaşlılar qayıtmaq istəmirlər. İşləri burda, iş yerləri burda. Yaş ötüb, hələ bilinmir oralar nə haldadır, hər şey yandırılıb, dağıdılıb, gedib hər şeyi yoluna qoymağa ömür çatacaqmı? Nəylə dolanacaqlar, harda işləyəcəklər... Hamısı problemdir. Yorulub millət, yorulub, hərə bir yolla min əziyyətlə çörək yeri tapıb, söz deməli deyil…
Qınayıcı baxışlarını Əli kişinin üzünə zillədi. Əli kişi dünyagörmüş adam idi, O yerlərdən döyüşə-döyüşə çıxmışdı. Hamı bilirdi ki, son anda on altı yaşlı oğlu gülləyə tuş gəlib, meyiti də qalıb o tərəfdə... “O tərəf” əslində elə öz şəhərləri idi, amma uzun illər qarşı tərəfin əlində qalıb “o tərəfə” çevrilmişdi.
Əslində indi burda yığılanların hamısının ailəsindən kimsə elə “o tərəfdə” qalmışdı. Məzarları, özləri… kökləri o tərəfdə idi.. Burda göyərən təzə toxumlardı. Həyatın tufanı gətirib bu yerlərə səpələmişdi, onlar da asta-asta, orda-burda göyərməyə başlamışdılar. Göyərən kimi də kök atmağa torpaq gərək olmuşdu, seçim yox idi, harda göyərmişdilərsə kökləri də o torpaqdan yapışırdı..

Elə bu masanın ətrafındakı insanların hərəsi bir kənddən, bir obadan, bir tayfadan, soydan idi. Burda rastlaşıb, burda yoldaşlaşmışdılar. Bir-birinə öyrənmişdilər. Amma onlar üçün ayrılmaq daha asan idi-bu adamların hər şeyi- kökləri Orda qalmışdı...

-4-

Arvadı tək getməyinə razı olmadı. Evə bir neçə günlük yemək hazırladı qoydu, pal-paltar yığışdırdı, bilirdi ki, oralar hələ çox soyuq olmalıdır. Hər şey dağılmışdısa da, təbiətə dəxli yoxdur bunun. Küləklər sərhəd tanımır, yağışlar kimliyindən asılı olmayaraq hamını isladır, şimşəklər hər kəsin səmasını kəsib keçir, gunəş hər yeri öz bildiyi kimi isidirdi. İnsanların yer üzündə nə etdiyi, niyə etdiyi, necə etdiyi onların dərdi deyildi. Heç kim buludlara “sərhədi pozmusan”, ya da “düşmən tərəfə keçmisən“ deyə bilməzdi. Bu, insanların işi idi...

Avtovağzal hələ tikilib qurtarmamışdı. Taksilər bir-birinə aman vermədən müştəri ovlayırdı. Barış çörək ağacını çiçəkləndirmişdi. Marketlər, kafelər, kiçik bazar adam daşdırırdı. Bu qaynaşmanı görüb dərindən nəfəs aldı - insanlar qayıdırdılar.

Yay gəlmişdisə də kəndlərinə dağ yuxarı qalxan yolun palçığı qurumamışdı. İş başlamışdı, deyəsən, yeni yol salınacaqdı. Texnika bir tərəfdən qazır, bir tərəfdən qum tökülür, işçilər alətlərini yol boyu düzürdülər

Səhərdən neçə dəfə dərman içmişdi, ürəyinin döyüntüsünü kəsəmmirdi. Yol davam etdikcə acgözlüklə hər yerə boylanır, qarşı aşırımın bitib kəndlərinin görünməsini istəyirdi. Ona elə gəlirdi ki, taksi heç irəliləmir, utanmasaydı düşüb yüyürə-yüyürə gedərdi..

Aşırımın başında maşın dayandı. Dağların ovcuna sıxılmış kənd bütün mənzərəsi ilə qarşısında açıldı. Dizləri əsdi, arvadı qolundan yapışsa da, özünü saxlaya bilmədi, taksi sürücüsü əl yetirib onu tutdu, qoymadı yıxılsın. Astaca yerə oturdu. Əllərini torpağın üstündə gəzdirib bir ovuc torpaq xışmaladı, dodaqlarına yaxınlaşdırdı. İçinə bir hönkürtü doldu ki, heç zaman bunun kimisini xatırlamırdı. Sürücü onun yanında oturdu, eynilə onun kimi, onunla çiyin-çiyinə:

-Hamı belə edir... Hamı...

Sürücünün “hamı” deməsinə sevindi:

-Hamı qayıdırmı?

-Sağ qalanlar qayıdır, cavanlar da gəlirlər. Hələlik burda yaşamaq olmaz, evlərdən quru divarlar qalıb, lap yaxşı olanlarında da heç nə qalmayıb. Aparıb gediblər. Yaşayırdılar burda, amma təzə heç nə tikməmişdilər, köhnə məktəbi təmir edibmişlər, yaxşı haldadır. Amma deyirlər onu söküb təzəsini tikəcəklər. Odur ha - əlini kəndin orta yerinə uzatdı - orda tikirlər. Başqa binalar da tikirlər, bələdiyyə- filan.

Amma sürücünün göstərdiyi tərəfə deyil, evlərinin olduğu tərəfə boylandı. Qorxa-qorxa boylandı. Bilmirdi nə vəziyyətdə görəcək evlərini. Yaşıllıqların arasından evin kirəmitləri qızarırdı. Sevindi, damı durursa deməli elə də çox dağılmayıb...

Ayağa qalxdı. Sürücünün üzünə yazıq-yazıq baxdı:

- Burdan o yana özümüz gedərik

Sürücü başını yellədi, gülümsündü:

-Hara gedirsən, bu vəziyyətdə, çantalar da var...

Çantalar yadına düşdü, arvadı qorxmuşdu buralarda yeməyə heç nə tapmazlar, əlinə keçəndən götürmüşdü. Bir də pal-paltar. Amma bilirdilər ki, gedib qayıtmalıdırlar, dağılmış evlərdə yaşamaqmı olardı. Soraqlaşmışdı, bilirdi qonşularından, kənd adamlarından çoxları gəlib-gedir, amma hələ heç kim köçüb yaşamırdı...

Sürücü onu ürəkləndirdi:

-Getmək istəyirsən piyada get, arxanızca gələrəm, harda yoruldun oturarsan maşına.

Arvadı üzünə yalvarıcı nəzərlərlə baxdı. Bilirdi ki, gücü elə görünüşündədir, ürəyi bükülüb bir yarpaq qalıb, hər yeldən qopub düşəcək haldadır. Razılaşdı. Kəndə tərəf yelləndi..

Kənd eynən tikinti meydançası idi. Hər tərəfdə qızğın iş gedirdi. Yollar qaydaya salınır, səkilər düzülür, binalar tikilirdi. Evlərin çoxu yox idi, heç dağıntıları da qalmamışdı, yəqin təmiri mümkün olmayan evləri yerindən kürüyür, yenisini tikirdilər.

Sürücü kənd ortasındakı meydanın qabağında maşını saxladı. Başını çıxarıb “Day mən getmirəm, sizi burda gözləyəcəm“-dedi. Əliylə sürücünü çağırdı:

-Yemək var, gedək bir şey yeyərik

Sürücü başını buladı, sıra ilə tikilib hazırlanmış dükanlara işarə elədi:

-Burda hər şey var, kafe də var, yeyərəm, siz gedin gəzin...

Sürücünün “gəzin” deməyi qəlbinə toxunsa da səsini çıxarmadı. Yad adamlar üçün bu, sadəcə, gəzinti idi. Həm də əslində bu qayıdış deyildi ki, haqlıydı...
Ara yola döndülər. Müharibənin izləri qalmışdısa da sanki hansısa sehrli əl onları silib atmaqda idi. Bəzi həyətlərdə həyat susmuşdusa da, bəzi həyətlərdə qızğın iş gedirdi. Hamının qapısından boylanır, tanış adam tapmaq ümüdüylə göz gəzdirirdi. İşləyən ustalar, fəhlələr başlarını qaldırıb salamını alır, işlərinə davam edirdilər. Hamısı ətrafdan gələn işçilər idi, tanış adam azdı. Onu tanıyan insanlarla bərk-bərk qucaqlaşır, gözləri yaşarır, əllərini bir-birindən ayırmaq istəmirdilər.

Amma illər işini görmüşdü, bu insanlar uzaq düşmüşdülər, bir-iki qohum-qonşunun, oğul-uşağın hal əhvalından sonra hər kəs danışmağa söz axtarırdı.. Hamıya “xeyirli olsun” deyirdi. Barı bundan sonrası xeyirli olsun...
Evinə yaxınlaşdıqca həyəcanı artırdı. Döngəni döndü və hələ də yıxılmayıb duran, amma rəngi tanınmaz halda olan dəmir qapının qarşısında dayandı. Əlini kiçik qapı tayının dəstəyində gəzdirdi. Amma birdəncə ilan vurmuş kimi geri çəkdi-hələ bu yaxınlaracan o qapını kimsə, yad bir adam, “düşmən” açıb girirmiş bəlkə? Bilirdi ki, ev salamata qalıbsa bu o deməkdir ki, orda kimsə yaşayıb. Ayağı ilə itələyib qapını açdı..

Həminki həyət idi.. Öz fikirləşdiyinə gülümsədi acı-acı.. Həyət necə dəyişəcəkdi ki? Sadəcə baxımsız qalmışdı. İkimərtəbəli eyvanlı evin bir tərəfi top mərmisindən dağılıb tökülmüşdü. Elə dağıldığı kimi də dururdu. Daşlar, kərpiclər, taxta qırıntıları elə töküldüyü yerdə qarışıq təpəcik yaratmışdı, dağıntıların içindən metal çarpayının paslanmış hissələri görünürdü... Gözləri doldu, anası yuxarı otaqda, bu dəmir çarpayıda yatardı...

Çömbəlib dağıntı qalağının üstündə oturdu. Arvadı su şüşəsini ona uzatdı. Açıb bir qurtum aldı. Su uzaq yolda dadını dəyişmişdi. Şüşənin qalan suyunu daşların üstünə tökdü.

Kədərli idi, bilmirdi nə eləsin, hardan başlasın.. Hara baxsın, haranı gəzsin. Evdə həqiqətən yaşanıldığı hiss olunurdu. Bir tərəfdə paltar ipinin üstündə balaca bir uşaq şalvarı atılıb qalmışdı. Yəqin kiçik uşaqları varmış. Ürəyi yenidən sıxıldı. Deməli, onlardan sonra kimsə də doğulmuşdu bu evdə. Deməli, hansısa körpənin səsi onun evinin divarlarına hopmuş, kimsə onun evində ayaq açmış, onun pəncərəsindən dünyaya boylanmışdı... Deməli, o uşağın doğum yeri onun evi, onun ünvanı idi. Deməli o uşaq bütün indiyədək olan izlərini bu evdə qoyub gedib.. Onun evində oynayıb, onun meyvə ağaclarının meyvəsindən dadıb, hələ bəlkə bu ağaclardan birindən yelləncək də asıb yellənib. Yəqin onun da anası “yıxılarsan” deyib qorxub, oğlunun onun hovuzunun içindəki suya düşüb islanmasından ehtiyat edib. Paltarından görünürdü ki, uşaq burdan gedəndə elə də kiçik deyilmiş.. Deməli yaddaşında nələrisə aparıb gedib. Üşəndi, birdən o uşaq qayıtmaq istəsəydi? Ya da bir gün tanımadığı biri onun qapısını, bəli, onun qapısını döyüb “bu bizim evimiz olub, mən burda doğulmuşam” desəydi. Ya da bu ev yuxularına girsəydi o uşağın...

Hər şey ola bilərdi...

Ayağa qalxdı. Pilləkənləri qalxdı. Otaqların qapısı açıq idi. Hər tərəfə lazımsız əşyalar səpələnmişdi. Otaqlardan ikisi yaxşı vəziyyətdə idi, deyəsən, əl gəzdirib yaşamışdılar. Eyvanın bir tərəfini kəsib şüşəbənd eləmişdilər, kiçik mətbəx düzəltmişdilər. Su kranı qoyulmuşdu. Gülümsündü, “özlərinə şərait yaradıblar”...
Otaqlardan birinin döşəməsinə atılıb qalan kağızların içində gözünə bir şəkil dəydi, cavan ailənin fotosuydu - ana, ata, qız və oğlan. Uşaqlar gülümsər gözlərini ona dikmişdilər, valideynləri uşaqlara baxırdılar, hər ikisi gənc idi. Düşündü, bu ana-ata heç müharibəni görməmişdilər bəlkə də.. Bəlkə də o illərdə körpə uşaqlar olmuşdular. Bəklə də öz ölkələrində iş tapmamışdı, bəlkə onları köçüb burda yaşamağa məcbur eləmişdilər, ya da bəlkə onlar da elə bu evi bu hala salan, yarısını xarabalığa çevirən, yoldaşlarını, bacısını hasarın dibindəcə, onun gözlərinin önündə gülləyə tutub öldürən, özünü ömürlük şikəst qoyan düşmənin övladları, bu gülümsəyərək ona baxan uşaqlar da nəvələri idilər?...
Yorulmuşdu… Bu, fiziki yorğunluq deyildi. Anlayırdı ki, oğlunun o axşam dediklərindən hardasa bir həqiqət boylanır - bunlar bir daha başlasa? Ya da elə yenidən onlarla, “düşmənlərlə” qaynayıb qarışsalar, ya elə indi kiçik şalvarı onun həyətindəki ipdə asılıb qalan o oğlan böyüyüb yenidən onun nəvələrinə güllə atsa?
...Qapının qabağında maşın dayandı. Elə bildi taksi sürücüsüdür, ondan narahat qalıb, axtara-axtara gəlib çıxıb. İrəli getdi. Yox, başqa biri, çox da tanış sima idi. Bənzədirdi kiməsə, amma bənzətdiyi adam bu qədər gənc qalammazdı.
Adam yaxınlaşıb əl uzatdı:

-Xoş gəlmisiniz, həmişə evinizdə, eşiyinizdə

Doluxsundu. Əlləri titrədi. Gənc yaşına yaraşmayan ərklə əlini onun çiyinlərinə vurdu:
-Nə olub ay kişi, niyə ağlayırsan, hər şey düzəlib. Şükür, hökumət hər şeyimizi qaytarıb, bir adamın da burnu qanamayıb...

“Qanamayıb?”- soruşdu öz içində. Bu adam buralardan olsaydı, belə deməzdi. Bilərdi ki, bu torpaqlar üçün burunları deyil, hər yerləri qanayıb, hər yerdə qan izi var. Gözü hasarın bir küncünə sataşıb qaldı. Bacısı elə orda gülləyə tuş gəlib qalmışdı. Sürünə-sürünə özünü ona çatdırmaq istəyəndə. Güllə kürəyindən dəymişdi, gözlərini qardaşının gözlərinin içinə hopdürüb yıxılmışdı. Gör neçə ildi o baxışlar onun gözlərində gəzirdi? Köks ötürdü. Adamda günah yoxdu. O bunları yaşamamışdı, biləmməzdi..

Özünü ələ aldı. Sual dolu baxışlarını gəncə zillədi. O hələ indi özünü tanıtmağı lazım bildi:

-Mən Sahibəm, elə bu kənddənəm, Xası kişinin oğlu, indi icra nümayəndəsiyəm, mənə tapşırıblar ki, kim qayıtsa, qeydə alım, söhbət aparım, məlumat verim...
Oğlan danışdıqca o uzaq illəri xatırladı. Hə, odur, Xasi kişinin oğlu. O illərdə uşaq idilər. Ataları elə o zaman da kənd sovetinin sədri idi. Elə təzəlikcə athaat başlayanda ailəsini yığışdırıb gözdən uzaq rayonlara göndərmişdi. Evini boşaltdırıb özü elə idarə binasında qalırdı. Oğlanlarının iki böyüyü Rusiyada idilər, biri nəsə institutda oxuyur, biri isə ərə gedib Peterburqda yaşayan qızının yanında qalırdı. Camaat demiş, uşaqlarını gizlətmişdi. Kənd tutulmağa bir ay qalmış, elə özü də yoxa çıxmışdı. Sonra sorağını Bakıda almışdı, eşitmişdi burda yaxşı dükanları var, oğlanlarının da hərəsinin öz cəh-cəlalı. Bu indi yanında dayananı, lap kiçiyi onda uşaq idi, Bakıda qohumlarının evində olurdu. Bilirdi ki, Xası kişi uzun müddət hansısa bir kəndin məktəbində yaşayıb, həm özü, həm arvadı elə o məktəbdə işləyirmiş. Bakıda evləri olsa da, yeni qəsəbələrin birində ev almamış tutduğu sinif otaqlarından çıxmayıbmış...

Ürəyi yenə sıxıldı. İcra nümayəndəsi... Heç kimin burnu qanamadan... Düz deyirdi, onlardan heç birinin burnu da qanamamışdı

-Hə, nə buyurursan? - səsində aşkar əsəbilik duyulurdu. Amma adam sanki bunu eşitmirmiş kimi evə sarı boylandı:

-Yaxşı qalıb, çox dağılmayıb, bir cavan ailə yaşayırdı… - Utanmaz bir həyasızlıqla ona göz vurdu - bir arvadı vardı bunun!-evə sarı işarə elədi. İçinə qəzəb doldu, haqqında danışdığı yad qadın olsa da işarə etdiyi ev onunku idi... Sahib gəvələyib tökürdü - adama üz vermirdi. Yığıb-yığışdırıb getdilər. Uşaqları da ağlaşırdı..-ağzını marçıldatdı. Bu səsdən iyrındiyi qədər heç nədən iyrənməzdi...

Sahib onun sərt baxışlarını hiss edib özünü yığışdırdı, kim olduğunu, vəzifəsini xatırladı deyəsən, rəsmi, quru tərzdə dilləndi:

-Kağız-kuğuzunu imzalayın, elə sabahdan başlasınlar söküntüyə..

Mat qaldı:

-Sökmək niyə? Təmir edəcəm...

Adam üz-gözünü turşutdu. Sanki kimsə onu xoşagəlməz bir söhbəti yenidən başlamağa məcbur edirdi:

-Dövlətin qərarı var, hamısını uçurub yeni, standart evlər tikəcəklər. Dövlət filan qədər vəsait ayırıb

Gözləri doldu. Yuxularında həmişə bu evə qayıtdığını, bu evdə yaşadığını görmüşdü. Necə yanı qərar var?

-Bu nə deməkdir, icazə verməsəm necə?

Adam uğunub getdi, əlini ona uzatdı:

-Ay kişi kefin olsun! Torpaq almısan ki, hələ danışırsan da? Torpağı kim qaytarıb sənə? - gözlərindən həyasızlıq yağırdı - Onun da qərarı var, yeni, təzə tipli qəsəbə salınacaq. Həm də bura tezliklə vacib turizm nöqtəsi olacaq. O yuxarılar var ha, dağların döşü, orda böyük otellər filan tikiləcək.. Hamısı satılıb.

Adamın sözünü kəsdi:

-Bəs qoyun-quzunu harda otaracağıq?

-Ay kişi, nə-qoyun quzu? Hər ailəyə əkin üçün, bostan üçün torpaq veriləcək, köhnə əkin yerlərində, orda saxlarsan qoyun-quzunu.

Köhnə əkin yerləri çox uzaq, dağların o üzündə idi. Hamı mal-heyvanını, qoyun-quzusunu otarmağa dağların döşünə aparardı. Köhnə əkin yerinə hər gün heyvan aparıb-gətirməkmi olardı?

Gənc onun düşündüklərini indiyəcən yüz dəfə eşitmiş kimi görünürdü. Yəqin öyrəncəli olmuşdu. Ürəyindən onun həyasız sifətinə bir yumruq ilişdirmək keçdisə də, özünü sıxıb saxladı. Səsinə bir az istehza qatdı:

-Deməli, böyüklər belə məsləhət biliblər?

Gənc onun istehzasını anladı, o yan-bu yana boylandı. Ətrafda heç kim görünmürdü:

-Kişi, araqarışdıran söhbətlər lazım deyil! Torpaqlarınıza qayıtmaq istəmirdiniz, qaytarırlar, gəlin yaşayın, ev tikirlər, həm də təzə qaydayla, hər şəraiti yerli-yerində, standart. İstəyirsən nəsə əlavə edəsən, tikinti başlayanda gəl, bir az da görüm-baxım elə, istədiyin kimi tikdir, lap nəsə əlavə də elə. Hələlik hər ailəyə iki otaq tikilir, bu qədər!

-Mən şikayət edəcəm!

Gənc gülümsündü, onun bu adama yazığı gəlməyə başlamışdı:

-Day-day, ağrımayan başına dəsmal bağlama. Həm də hələ sənədlərini gətir görək bu ev səniniydimi, bu həyət səniniydimi, burdan bəlkə evini satıb çıxmısan?

Matı-mutu qurudu. Bu, aşkar hədə idi. Bir çox ailələr kimi onun da demək olar bütün sənədləri itib batmışdı. Kimdi o qarmaqarışıqlıqda ev sənədi, torpaq sənədi güdən. Heç təzə evlərin sənədi filan da yox idi. Hamı bir-birini tanıyırdı, bu kəndin adamını tanıyırdı, buralı olduğunumu danacaqdılar. Gülümsədi:

-Hamı bilir ki, mən buralıyam

-Hamı bilən işə keçmir - gənc sözünü kobudluqla kəsdi - sənəd gərəkdir. Sənədiniz yoxdursa da imkan verin işimizi görək, təzə evlərə təzə də sənədlər veriləcək

Anladı ki, bu - “daha danışmağının adı yoxdur”- deməkdir. Oglan həyət qapısına yönəldi. Gedə-gedə də sözlərini havaya səpələdi:

-Arada idarəyə gəlin, qol çəkin, fəhlələr işə başlasınlar, ev hazır olanda xəbər verəcəyik, təntənəli açılış-filan olacaq. Bəlkə “Özü” də gəldi...

Yüyürüb oğlanı qapının qabağında saxladı. Geri addım atmaq istəmirdi:

-Birdən mən qayıtmaq istəmədim?

-Qayıtmaq istəməyənlərin evlərini alırlar, iş adamları, aralarında bu kənddən olanlar da var, turistlər üçün kotteclər tikirlər, o daha yaxşı, istəsən deyərsən, tanış edərəm səni. Kalan da pul veirlər, mənə də görüm-baxım edərsən...

-Birdən mən qol çəkmədim, gec, lap elə on ildən sonra qayıtdım?
İcra nümayəndəsi halını dəyişmədi:

-A kişi, sən bu hökuməti nə hesab edirsən? Altı aya sahibi gəlib qol çəkməyən ev sahibsiz sayılacaq, bələdiyyənin balansına veriləcək, sonra istəsən də gəlib o evi pulla almalı olacaqsan. Bu qədər “qayıdaq, qayıdaq“ demisiniz, indi əziyyət çəkin, altı aya gəlin evlərinizə yiyə çıxın...

-5-

Dağıdılıb viran olmuş kənd qəbristanlığının yolundan birbaşa rayon mərkəzinə gedən yola çıxdılar. Taksi sürücüsü heç nə soruşmadı, artıq neçənci dəfəydi ki, eyni mənzərəni yaşayırdı. Susurdular. Arvadı onun qəzəb və yaş dolu gözlərinə baxmaq istəmirdi, elə o da bu baxışları gizlətmək üçün alnını avtomobilin şüşəsinə söykəmişdi. Daha ötüb-keçən mənzərələr onu həyəcanlandırmırdı. Qulağında icra nümayəndəsinin cümləsi səslənib dururdu: “Hər yer satılıb”... “Hər yer satılıb”...

27 mart-3 aprel, 2014
XS
SM
MD
LG