Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:38

Katarsis


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


Azər Musaoğlu


KATARSİS


O bir il idi əlinə fırça almırdı... Yox... belə yox... rəsm çəkmirdi yazsaq, daha dəqiq olar.

Çünki bir neçə dəfə molbertin qarşısında əlində fırça saatlarla dayanıb, yəni əlinə fırça alsa da, heç nə çəkməyib, daha doğrusu, çəkə bilməyib. Beləliklə... O bir il idi rəsm çəkə bilmirdi.

Bu gün yenə həmişəki kimi səhər saat altıda yuxudan durub, işlədiyi otağa keçib siqaret yandırdı. Sağ çiyni ilə divara söykənib bir il əvvəl molbertə qoyduğu rəngi saralmış tozlu kətana boylandı. Siqareti yarımçıq söndürüb palitraya rənglər sıxdı. Fırçanı əlinə alıb gözləriylə nəsə çəkirmiş kimi boş kətana xeyli baxdı. Birdən cəld hərəkətlə fırçanı qara rəngə batırıb kətanda iri hərflərlə ÇƏK! yazdı. Sol əlində tutduğu palitranı divara çırpdı. Fırçanı iki əli ilə tutub ortadan sındıranda əlini yaraladı. Əlinin qanı döşəməyə damcılaya-damcılaya palitranı yerdən qaldırdı, stulda oturub siqaret yandırdı. İndi bayaq kətana baxdığı kimi əlinin qanının palitraya damcılayaraq qırmızı rəngin sarı, qara, göy, yaşıl, ağ rəngə qarışmasına baxırdı. Qanlı barmaqları ilə palitradakı rəngləri qarışdırdı. Ayağa qalxıb molbertin qarşısında dayandı.

Barmağındakı qanla qarışmış boya ilə bayaq yazdığı ÇƏK! sözünün önünə ƏL yazdı, sonra yazıya baxıb bir neçə dəfə ƏL ÇƏK! pıçıldadı. Şöhrətinin parladığı vaxtlar çəkdiyi rəsmlərə baxmaq istədi. Hamısını satmışdı. Rəsmləri saxlasaydı, indi iki dəfə artıq qiymətə satacağını fikirləşib pıçıltı ilə söyüş söydü.

İlk fərdi sərgisindən sonra sərgidə iştirak edən Amerika səfirliyinin nümayəndəsi onunla görüşmüş, rəsmlərini bəyəndiyini, bu rəsmlərin Amerikada sərgiya çıxarılsa, böyük marağa səbəb olacağını və çoxlu pul qazanacağını demişdi. Razılaşdı. Və doğrudan da Nyu-Yorkda keçirilən sərgidən sonra həyatı dəyişdi. Ardıcıl bir neçə sərgi keçirdi, sifarişlər aldı, rəsmləri get-gedə baha qiymətə satılmağa başladı. Avropada keçirilən nüfuzlu sərgilərə dəvət aldı. Razılaşmaya bilməzdi, axı gəncliyinin elə bir vaxtı idi ki, həm şöhrət, həm puldan imtina etsəydi, peşman olacaqdı. Amma indi razılaşdığına peşman idi. Amerikaya getməmişdən qabaq hər şeyi var idi: arzuları, ideyaları, rahatlığı, hər gün zövqlə çalışdığı balaca emalatxanası, dostları, nişanlısı, valideynləri yanında idi. Həyatdan zövq ala bildiyi balaca bir dünyası var idi. Bu balaca dünyanı tərk edib böyük dünyaya, şəhərlərə ayaq basdığı gündən məhv oldu hər şey.

Günü eyş-işrət məclislərində, görüşlərdə, sərgilərdə, təyyarələrdə, gəmilərdə keçdi. Unutdu öz dünyasını. Xatırlayanda isə gec oldu. Artıq zaman öz işini görmüşdü. Valideynləri qayıtmasını istəsələr də, onların sözlərini eşitmirdi. Hər dəfə telefonla danışanda anası ağlayırdı. Son vaxtlar atası onunla danışmırdı. Axırıncı dəfə anası ilə danışanda, anası da evə qayıtmasa, daha onunla danışmayacağını dedi. O gündən beş ilə yaxındır ki, nə atasının, nə də anasının səsini eşidib.

Bir il idi hər şeydən bezmişdi, özünə qapanmışdı. Günlərlə evdən çıxmırdı, saatlarla yatırdı. Telefon zənglərinə cavab vermirdi. Vətəninə qayıtmaq qərarına gəlmişdi. Qayıdıb hər şeyi yenidən başlamaq, əvvəlki kimi yaşamaq istəyirdi. Bu bir ildə müflis olmuşdu. Rəsm sifarişləri qəbul etsə də, işləyə bilmirdi, çəkə bilmirdi. İstəyi yalnız bir az pul əldə edib vətənə qayıtmaq idi. Bu barədə qalereya sahibi olan yaxın tanışı ilə danışmışdı. O da yalnız rəsmlərini qalereyasında sərgiləyərək kömək edə biləcəyini demişdi. Bir neçə rəsm, yalnız bir neçə tablo lazım idi ki, sərgiyə çıxarsın.

Rəsmlərindən ibarət kataloqu tapmaq üçün kitab rəfini axtarmağa qalxdı. Çoxdandır evdə heç nəyə toxunmamışdı, qoyduğu əşyaların yerini də unutmuşdu. Kitab rəfində kataloqu tapa bilmədi. Sonra karton qutuları eşələməyə başladı. Şəkil albomu tapdı. Döşəmədə oturub albomu açdı. Keçmişindən yadigar qalmış yeganə əşya idi bu albom. Albomu vərəqlədikcə dodaqlarında çoxdan yadırğadığı təbəssüm əmələ gəldi. Bu təbəssüm kənardan baxana gülməyi yeni öyrənən uşaq təbəssümünü xatırladırdı. Albomun ilk səhifələrində dostları ilə olan fotolar idi. Şəkillərdə dayandırılmış zaman gözləri önündə yenidən canlanmağa başladı. Hadisələri dəqiqliyi ilə xatırladı. Heç nəyi unutmamışdı. Elə bil hər şey dünən baş vermişdi. Elə bil indicə dostları gələcək, yenə şəhəri gəzməyə çıxacaqlar, kinoteatra gedəcəklər. Yenə boyalarını, fırçalarını yığıb vətəninin gözəl mənzərələrini çəkmək üçün kəndlərə gedəcəklər. Yenə futbol oynayacaqlar, axşamlar məhəllədə oturub sevdikləri rəssamlardan, kitablardan, qızlardan danışacaqlar. Səhifəni cevirəndə dodaqlarındakı təbəssüm yox oldu. Novruz bayramı tonqalının ətrafında çəkilmişdi bu foto. Atası, anası, əmisi, bibisi, bir də əmisi oğlu tonqalın ətrafında idi. Şəkili özü çəkmişdi. Həmin il məhəllədə ən böyük tonqalı özü qalamışdı və hər bayramda etdiyi kimi hamını tonqalın ətrafına toplamışdı.

Onuncu dəfə idi ki, Novruz bayramını tək, tonqalsız keçirirdi. Gözlərini şəkildən çəkə bilmirdi. Gözlərini qırpanda şəkilin üstünə göz yaşları damcıladı. Fotonu öpüb səhifəni çevirdi. Nişanlısı ilə yanaşı nişan günü çəkilmiş foto idi. Həmin gün nişanlısından ayrılanda qızın qulaqlarına “bilirsən, bu gün dünyanın şedevri mənim oldu, Tanrının çəkdiyi ən gözəl rəsm” sözlərini pıçıldamışdı. Novruz tonqalı ətrafında çəkilmiş və nişanlısı ilə olan fotoları albomdan çıxarıb divara yapışdırdı. İndi hamısı yenə bir yerdə idi. Xatırlamaq onu özünə qaytardı, elə bil yenidən doğuldu, yüngülləşdi. Vanna otağına keçib duş qəbul etdi. Saat onun yarısı idi. Səhər yeməyini yeyib evdən çıxdı.
Özünü Nyu-Yorkun dəfələrlə gəzdiyi küçələrində, rəsm qalereyalarında, kafelərində ilk dəfəki kimi aparırdı. Hər şeyə yenidən başlayırdı. Marketdən yemək üçün alış-veriş edib evə qayıdanda saat beş olurdu. Aldıqlarını soyuducuda yerbəyer edib kətan və boyalar sifariş etmək üçün zəng etdi. Evi qaydaya salmağa başladı: döşəməni tozsoranla təmizləyib yudu, lazımsız yığılıb qalmış əşyaları zibilə atdı. İşlədiyi otaqda molberti, köhnə rəngləri və palitranı saxlayıb qalan əşyaları da zibil yeşiyinə doldurdu.

Duş qəbul edib şam yeməyi yedi və dərin düşüncələr içində divanda yuxuya getdi.
Dünənki yorğunluqdan bu gün yuxudan gec oyandı. Gözlərini açıb divara yapışdırdığı şəkillərə baxanda saat doqquz olurdu. Siqaret yandırdı, pəncərəni açıb səs-küylü şəhərə baxıb siqaret çəkdi. Bu səs-küydən, bu yad adamlardan, bu maşınlardan, bu hündür binalardan qaçmaq istəyirdi. Asanlıqla gəlib düşdüyü bu şəhər indi onuncün cəhənnəm idi. Həmişəlik qalacağından qorxduğu cəhənnəm. Saat 11-də sifariş verdiyi kətanları və boyaları gətirdilər. Hamısını işlədiyi otağa daşıyıb yerbəyer etdi. Molbertə kətan bərkitdi. Palitraya, əlinin qanı ilə qarışmış rənglərin üstünə tübikdən yeni rənglər sıxdı. Fırçanı əlinə alıb çəkməyə başladı.

***

Palitranı, fırçanı əlindən yerə qoyub, gözlərini rəsmdən ayırmadan asta-asta arxaya çəkildi. Yorğun gözləri parıldayırdı. Bir illik əzablı vaxtdan sonra nəhayət ki, ilk rəsmini çəkmişdi. Yox... belə yazaq: O, bir ildən sonra rəsm çəkə bildi. Stulda oturub siqaret yandırdı. Özünü lələk kimi yüngül hiss edirdi. Elə bil çiyinlərindən ağır yük götürülmüşdü. Bu yüngüllüyü o, səhər evdən çıxıb qalereyaçı tanışı ilə görüşüb ondan sərgi üçün kömək istəyəndə də, küçələri gəzəndə də, evə qayıdarkən yolda çoxdan xətrinə dəydiyi tanışından üzr istəyəndə də, yaşadığı binanın yanında qonşusunun yükünü qaldırıb furqona qoymaqda kömək edəndə də, evi təmizləyəndə də hiss etdi.
Birdən başı fırlandı, gözləri qaraldı. Saata baxdı. Altı saat rəsm çəkmişdi. Ağzına bir tikə yemək almamışdı. Stuldan qalxmaq istəyirdi başı yenə fırlandı, gözləri qaraldı, yenə oturdu. Rəsmə baxdı, çəkdikləri canlanmışdı, hərəkət edirdi. Əjdahaya oxşayan xırda gözlü, iri ağızlı qırmızı bədənli varlıq iynəli quyruğunu tərpədərək iblisanə təbəssümlə gülümsəyirdi. Gülümsədikcə iri iti dişləri nazik uzun dodaqları arasından görsənirdi. Başını asta-asta sağa-sola hərəkət etdirdikcə xırda gözlərini yumub açırdı. Nəfəs alıb-verdikcə qara burun deşiklərindən otağa acı, gözyaşardan tüstü yayılırdı.

O, stuldan qalxa bilmirdi, tüstüdən öskürməyə başladı. Bütün qüvvəsini yığıb qalxmaq istəyirdi, əjdahaya bənzər rəsm exolu səslə uzadaraq, – Oootuuur, – dedi. Gözlərindəki bayaqkı parıltı indi qorxuya çevrilmişdi. Yerində donub qaldı. Əjdahaya bənzər rəsm:

– Qorrrxmaaa, – deyəndə, o, pıçıltı ilə, – Sən kimsən? – deyə soruşdu.

– Tanımadın? Mən sənin təkəbbürünəm. Neçə ildir mən sənin içində idim. Mən sənin gözlərini haqqa yumdum, qulaqlarını haqqa qapadım, dilin yalnız mənimlə çox danışdı. Sən yalnız özünü gördün, özünü düşündün, özünü hamıdan üstün bildin. Səni hamıya böyük rəssam göstərdim. Təriflərdən başın gicəllənəndə mən içində daha da böyüdüm. Keçmişini, sevdiklərini, dostlarını unutdurdum sənə. Beləcə səni zəlil və alcaq bir insana çevirdim. Sən bu gün məni içindən çıxardın. Məni azad etdin. Mən sənin təkəbürünəəəəəəm. Ha, ha, ha.

Əjdahaya bənzər rəsm güləndə rəngləri axıb döşəməyə süzülməyə başladı. O, tez stuldan qalxıb mastixinlə rəsmi deşik-deşik elədi. Çaxmağı yandırıb rəsmi alışdırdı, yanıb qurtarana kimi oturub baxdı. Otağı tüstü bürümüşdü. Tez pəncərələri açdı, köynəyini çıxarıb yelləyərək tüstünü qovmağa başladı. Divana uzanan kimi yuxuya getdi.

Oyananda başına gələnlərin yuxu, ya real olduğunu aydınlaşdırmağa çalışdı. Gözlərini tavandan çəkmədən xeyli fikirləşdi. Özünə gələ bilmirdi, bədəni keyimişdi. Dikəlib divanda oturdu. Gözləri divara yapışdırdığı fotolara sataşanda baş verənlərin real olduğunu anladı. Yuxu olmadığına əmin olmaq üçün qalxıb işlədiyi otağa baxdı. Yanmış kətanın qara külü döşəmədə idi. Fırçalar dağılmışdı. Köynəyini geyinib evdən çıxdı.

Bilmirdi hara getsin. Beləcə gəzə-gəzə gəlib parkda oturdu. Sevgili cütlüklərə baxıb nişanlısını xatırladı. Axırıncı dəfə telefonla danışanda nişanlısının dediyi son cümləni yadına saldı. Qız, “Tanrının çəkdiyi ən gözəl rəsm belə, tamaşaçısı olmayanda, şedevr də olsa dəyərsizdi. Səninçün yüzlərlə tamaşaçısı olan rəsmlərin məndən daha dəyərlidir. Daha sənin kolleksiyanda olmaq istəmirəm. Əlvida.” – deyib dəstəyi asanda özünü məsuliyyətdən azad olmuş kimi hiss etmişdi. Bu neçə ildə bir dəfə də olsun nişanlısını xatırlamamışdı. İstədiyi qızı asan əldə edə bilirdi və indi bütün bunlar ona mənasız gəldi. Nişanlısına olan doğmalıq hissi bütün bədənini bürüdü. Siqaret yandırmaq istəyirdi ki, köhnə dostlarından olan, sonra içindəki həsəd və paxıllıqdan əlaqəni kəsdiyi rəssamı gördü. Əvvəllər lap yaxın dost idilər. Sərgilərə, tədbirlərə bərabər gedərdilər. Sonradan dostuna olan diqqət və sevgi onda qısqanclıq yaratdı. Get-gedə qısqanclıq paxıllığa çevrildi. Dostunun uğurlarına olan paxıllıq hissi ayrılmalarına səbəb oldu.

Oturacaqdan durub tez dostuna tərəf qaçdı, onu arxadan səslədi. Dostu arxaya dönüb:

– Sənsən?.. Az qala tanımadım. Necəsən? Haralardasan?.. – deyə təəccüblü baxışlarla baxdı.

– Mənsə səni görən kimi tanıdım. Burda oturmuşdum... Gördüm gedirsən. Görən kimi... dedim görüm necəsən...

– Yaxşı elədin. Xeyli zaman keçib. Əvvəllər tez-tez sərgilər edərdin. Səni televiziyada görərdim... Sonra birdən-birə yox oldun... Telefonuna bir-iki dəfə zəng də etdim... bağlı idi.

– Hə... Bağışla... Bağışla ki, bir dəfə də olsun zəng etmədim, əlaqə yaratmadım.

– Bəlkə oturaq bir yerdə?..

– Hə... belə daha rahat olar...

O, danışarkən dostunun gözlərinə baxa bilmirdi. Onlar kafedə oturub xeyli söhbət etdilər. Keçmiş günlərini xatırladılar. O, dostluqlarının pozulmasında günahkar olduğunu, həmişə ona həsəd apardığını danışdı. Vəziyyətinin ağır olduğunu, rəsm çəkə bilmədiyi üçün əziyyət çəkdiyini, işlərinin pis olduğunu dedi. Dostu ona təsəlli vermək üçün əlindən gələni etdi. Tez-tez görüşmələrinin yaxşı olmasını dedi. Nə kömək lazım olsa çəkinmədən ona müraciət edə biləcəyini təkrar-təkrar xatırlatdı. Ayrılanda bir-birinə telefon nömrələrini və ünvanlarını verdilər.

Evə girən kimi işlədiyi otağa keçdi. Molbertə kətan bərkidib çəkməyə başladı. Rəsmi axşama yaxın çəkib bitirdi. Duş qəbul edib özünə şam yeməyi hazırladı. Şam yeməyini köhnə dostu haqqında fikirləşə-fikirləşə yeyib bitirdi və rəsmə baxmaq üçün molbertin önünə keçdi. İmza qoymağı unutmuşdu. Fırçanı əlinə alıb rəsmi imzalamaq istəyirdi, başı dünənki kimi fırlandı və gözləri qaraldı. Stulu altına çəkib oturmaq istəyəndə yıxıldı. Döşəmə üzərində sol tərəfinə çevrilib rəsmə baxdı. Başı qurbağa başına, bədəni ilan kimi uzun və sürüşkən, kərtənkələ ayaqlarına oxşar çoxlu ayaqları olan birgözlü varlığın geniş açılmış gözündən otağa qaranlıq yayılırdı. Bir-birinə yapışmış uzun nazik dodaqlarını güclə aralayaraq zorla eşidilən səslə nəsə pıçıldayırdı. O, yaxşı eşitsin deyə molbertə yaxınlaşmaq üçün döşəmədə süründü. Qurbağa başlı rəsm dayanmadan pıçıldayırdı:

– Onun hər şeyi var: arvadı, uşaqları, evi, maşını, pulu, şöhrəti... Sənin heç nəyin yoxdur. O daha da məşhurlaşdı, o ən yaxşı rəssamdı, onu hamı sevir... Sən məhv oldun. Sən hər şeyini itirdin. Səni heç kim sevmir, heç kim tanımır artıq. Səni unutdular. Bu günkü görüşdə onun sənə yazığı gəldi, dərdini ona danışanda içində gülürdü sənə, sənə yazığı gəlirdi. O səndən yaxşıdır. O səndən yaxşıdır. O səndən yaxşıdır...

Rəsmdən gələn pıçıltı qulağını deşirdi. Beyni qurğuşun kimi ağırlaşırdı. Gözləri həlqəsindən çıxacaqdı sanki. Tablonu götürüb divara çırpdı. Hamama keçib vannanın içində yandırdı. Buxar çəkəni işə salıb hamamdan çıxıb qapını örtdü. Qapının ağzında domuşaraq dəli olduğunu, mütləq psixoloqun yanına getməli olduğunu düşündü. Hamama girib yanıb kül olmuş rəsmin qalıqlarını sellofan torbaya yığıb zibil qutusuna atdı. Əllərini yuyub çarpayısına uzandı və yuxuya getdi.

Adəti üzrə səhər yuxudan tez oyanıb siqaret yandırdı. İki gündə başına gələnləri analiz etməyə çalışsa da, heç nə anlamadı. Çəkməyə yeni başladığı vaxt baş verənlər onu qəzəbləndirdi. Qarşısındakı stulu təpiklə vurdu. Heç nə anlamırdı, heç nə... Bilmirdi nə etsin. Axı bu nə olan şeydir. Gözləri ilə gördükləri, qulaqları ilə eşitdiklərini kimə danışsa onu dəli hesab edərlər. Stəkana su doldurub içdi. Bir ildən sonra çəkdiyi... daha dəqiq yazsaq, istədiyi kimi çəkə bildiyi rəsmləri öz əlləri ilə yandırması onu özündən çıxarırdı. Əlindəki stəkanı divara çırpanda gözləri divardakı şəkillərə sataşdı. Yaxınlaşıb fotolara xeyli baxdı. Evlərinə zəng edib anası ilə danışmaq istədi, amma bacarmadı. Əvvəllər bir neçə dəfə etdiyi kimi indi də telefonu əlinə alıb nömrəni yığsa da “Yes” düyməsinə basa bilmədi. Hələ də valideylərinə onunla əlaqəni kəsdikləri üçün qəzəblənirdi.

Başının fırlanmasında vaxtlı-vaxtında yemək yeməməsi üçün özünü günahlandırmamaqdan ötrü doyunca səhər yeməyi yedi. İşlədiyi otağa keçib yeni rəsm çəkməyə başladı.

Günortaya qədər işləyib nahar etdikdən sonra çəkməyə davam etdi. Rəsmi tamamlayan kimi emalatxanadan çıxdı.

Saat axşam doqquz olurdu. Şam yeməyi yemək üçün kafeyə düşdü. Yol boyu şöhrətinin parladığı günləri xatırlayıb, onu bu kökə salan günahkarı söyməyə başladı. Gah özünə qəzəblənir, gah da onu aldadıb rəsmlərini ucuz qiymətə satdıran köməkçisini söyürdü. Şam yeməyindən sonra bir az təmiz havada... yox... burada havanın təmizliyindən söhbət ola bilməz, bilirik ki, şəhərlərdə, xüsusən də böyük şəhərlərdə hava çox çirkli olur, sadəcə onun bir az küçədə gəzindiyini ifadə etmək üçün belə yazırıq... hə, bir az təmiz havada gəzib evə qayıtdı.

İşlədiyi otağa keçib çəkdiyi rəsmə baxdı. Birdən otağın qapısı bərk örtüldü. Elə bil kimsə qəzəblə qapını çırpdı. Stolun üstundəki fırçalar, boyalar otağa dağıldı. O, özünü itirərək otağın küncünə qısılmışdı. Qapını açıb çıxmaq istədi, qapı açılmadı. Birdən rəsmdən çığırtı gəldi. Çığırtının səsindən otaqdakı kağızlar dağıldı, pərdələr tavana qalxdı. O, əlləri ilə qulaqlarını tutub rəsmə baxırdı. Tablodan irəli çıxıb ağzını geniş açaraq çığıran canavar başına oxşar, bədəni xallı kaftar bədənini xatırladan, at quyruğu kimi saçlı uzun quyruğu olan varlıq, dəvəquşu ayaqlarına oxşayan ayaqları ilə kətanı eşirdi. Hər çığırtıdan sonra başını irəli dartaraq tablodan çıxmaq istəyirdi. O, küncə çəkilib baxırdı. Gözləri ilə mastixini axtaranda canavar başlı rəsm dedi:

– Məni deşik-deşik etmək istəyirsən?! Bacarmazsan, axı mən səndə olmasam, sən bunu edə bilməzsən. Ha, ha, ha...

– Sən kimsən, nəsən?

– Mən?.. Ola bilməz! Tanımadın?.. Mən səni hər dəfə özündən çıxaran, səni vəhşiyə çevirən, başından ağlı, ürəyindən mərhəmət hissini alanam. Tanımadın?! Sənə ən pis söyüşləri, lənətləri mən söydürürəm. Qoymuram kimsəyə rəhm edəsən, hər dəfə valideynlərini yad edərkən mən onlara qəzəbləndirirəm səni. Hamıya düşmən edirəm səni. Mən içində çığırandan, oyanandan sonra çəkdiyin peşmançılıq hissin mənə həzz verir. Səni qula çevirmişəm, mən istəyəndə hətta evdəki əşyaları da sındırırsan. Mən sənin qəzəbinəm. Ha, ha, ha. Mən sənin qəzəbinəm. Sən məni içindən azad etdin və indi məni məhv edə bilməzsən. Bunun üçün mən artıq səndə yoxam. Amma indi mən səni məhv edəcəm.

Tablodakı canavar başlı varlıq kətandan çıxmaq üçün özünə güc verirdi. O, fırçanı götürüb sarı boyaya batırdı və rəsmin üzərinə sürtdü. Kətanı sarı boya ilə örtdü. Artıq canavar başlı rəsm yox idi. O, rəsmi götürüb vanna otağına apardı və yandırdı. Yanmış kətan qalıqlarını torbaya yığıb atdı. Vannanı təmizlədi və duş qəbul etdikdən sonra çarpayısına uzandı.

Artıq get-gedə hər şeyi başa düşməyə başlayırdı. Daha çəkdiyi rəsmləri yandırmağına görə peşman deyildi. Bu rəsmləri özünün ən dahiyanə əsərləri hesab edirdi. Hətta başına gələnlər onu əyləndirməyə başlamışdı yazsaq yanılmarıq. Sona qədər getməyi, sonuncu rəsmə qədər çəkməyi qərara aldı və qabaqcadan hər şeyə hazır olmaq üçün sabahdan otaqda bəzi hazırlıqlar görəcəyini fikirləşərək yuxuya getdi.
Səhər yuxudan tez oyansa da, gözlərini tavana dikib xeyli fikirləşdi. Əgər hər şey belə davam edərsə, rəsmləri çəkib sonra da yandırarsa sərgi aça bilməyəcək, vətənə qayıtmaq üçün lazım olan pulu əldə edə bilməyəcək və yenə də düşdüyü bu cəhənnəmdən xilas olmayacaqdı. Rəsmləri çəkib sonra da yandırmağı ona mənasız gəldi. Bu cür o, vaxt qazanmaq əvəzinə vaxt itirirdi. Bütün bu çəkib-yandırmaların nə vaxta qədər davam edəcəyini isə bilmirdi. Növbəti rəsmin nə olacağını fikirləşirdi. Bu maraq onu yerindən durğuzub, yemək yeyib işləməyə həvəsləndirdi. Belə də etdi.
Palitraya tübiklərdən rəngləri sıxanda sarı rəngin olmadığını görüb kefi qaçdı. Dünən bütün sarını canavar başlı rəsmin üzərinə çəkmişdi. İndi sarı rəng almaq üçün mağazaya getməli idi. Bu ən azı iki saat vaxtını aparacaqdı. Pəncərədən küçəyə baxdı. Hava tutqun, buludlu idi. Son bir ildə evdən bayıra çıxmaq onunçün sevmədiyi işə çevrilmişdi. Ərincəkliyindən dəvət olunduğu sərgilərə də getmirdi. Rəsm çəkmək işini sabaha saxlaya-saxlaya bir il heç nə çəkə bilmədi. Pəncərənin qarşısında siqaret yandırıb çəkdi. Rəngi sabah alacağı qərarına gəldi. Birdən siqaretini yarımçıq söndürüb evdən çıxdı.

Sarı və digər rənglərlə dolu paket əlində evə girəndə saat günorta üç olurdu. Yağan yağışdan islanmışdı. Naharını da kafedə yemişdi. Əynini dəyişib, başını qurulayıb rəsm çəkmək üçün molbertin önünə keçdi.

Əvvəlcə pişik başına oxşar baş çəkdi, gözləri yarıaçıq idi, yuxulu kimi. Bədəni qırışlarla örtülmüş anlaşılmaz heyvan bədəninə oxşasa da beli tısbağa çanağını xatırladan gövdə çəkdi. Ayaqları və əlləri yox idi. Çanağın arxa tərəfindən uzanıb sonra kətanın aşağısı ilə başı tərəfə əyilmiş timsah quyruğuna oxşayan quyruq çəkdi. Pişik başlı varlığın yarı açıq gözləri canlı idi, parıldayırdı. Rəsmi imzalayıb sağ əlindəki fırçanı və sol əlindəki palitranı yerinə qoydu. Arxaya çəkilib rəsmin canlanmasını gözlədi. On dəqiqə ayaq üstə durub gözlərini tabloya zilləsə də heç nə baş vermədi. Stulu çəkib oturdu və siqaret yandırdı. Başını çevirib pəncərədən yağışın yağmasına baxaraq xəyallara dalmışdı. Vətənində yağan yağışları xatırlayırdı. O yağışların bu yağışdan fərqi haqqında düşünürdü. O yağışlar evlərinin damına, həyətlərinə, bağlarındakı ağaclara, güllərə yağırdı; nişanlısının saçlarına yağırdı. Bu yağışlardan o yağışların fərqi bu idi onun fikrincə.

Rəsmdəki pişik başlı varlıq əsnəyəndə onun gözləri pəncərədən, fikri vətənindən tabloya yönəldi. Pişik başlı rəsm əsnəyib tənbəl-tənbəl danışmağa başladı:

– Belə yağışlı havada evdən bayıra çıxanlar yalnız axmaqlardır... Sən məni yaxşı çəkmisən, amma bəzi şeyləri unutmusan. Məsələn, məni sobanın yanında isti və yumşaq xalçanın üstündə çəksəydin yaxşı olardı, yanımda da sevdiyim yeməklər. Hə, bir də televizor. Bütün günü uzanıb sevdiyim proqramlara baxmaq üçün.

– Sonra nə arzulayırsan?..

– Sonra... heç nə. Arada bir məni masaj etsən pis olmaz. Bir də, mən yatanda məni heç kəs narahat etməsin.

– Axı mən saat altıda öz istəyimlə yuxudan dururam, – deyə o, öz-özünə pıçıldadı. Pişik başlı rəsm əsnəyərək:

– Nolsun ki, saat altıda durursan. Bəs saat neçədə yatırsan? Sən axı normadan artıq yatırsan.

– Sən mənim tənbəlliyimsən?..

– Hə. Nolub ki?

– Daha bundan artıq nə olasıdı. Düz bir il sən məni rəsm çəkməyə qoymamısan. Mən sənin ucbatından hətta su töküb içməyə də ərinirdim. Səni lənətə gələsən. Həyatımı alt-üst etdin, məni işlərimdən, dostlarımdan, yaşamaq həvəsindən məhrum etdin. Sənə görə bir il əlimə fırça almadım. Bütün işlərimi sabaha saxlada-saxlada məni müflis, avara, bacarıqsız adama... yox, yox, adama yox lazımsız bir əşyaya çevirdin. Əlvida, – deyib rəsmi molbertdən götürdü və yandırmaq üçün hamama apardı.

Pişik başlı rəsm yanarkən müqavimət göstərməyə, çığır-bağır salmağa da ərinirdi. Rəsm yanıb qurtarandan sonra külü yığıb atdı və duş qəbul etdi. İndi tənbəlliyindən xilas olmuşdu. Yatmamışdan əvvəl rəsmlərinin kataloqunu axtarıb tapdı, onlarla birlikdə köhnə fotolara baxdı. Bu cür çəkib yandırmaqla vətəninə dönməsi üçün lazım olan məbləği əldə edə bilməyəcəyindən, sabahdan əməkdaşlıq etdiyi köhnə tanışlara baş çəkib iş üçün xahiş edəcəyi qərarına gəldi və gözlərini inamla yumub yuxuya getdi.

Belə də etdi. Əməkdaşlıq etdiyi tanışları ilə görüşüb vəziyyətinin ağır olduğunu deyib onlarla yenidən işləmək istədiyini bildirdi. Bir-ikisi söz versə də, qalanları qapının ağzından rədd etdilər. O, bu verilən sözlərə də inanmırdı. Vaxtilə bu adamları pis vəziyyətdə qoymuşdu. Sifarişlər alıb pulları havaya sovursa da heç nə etməmişdi. Adının məşhur jurnallardan düşmədiyi vaxtlarda çoxlu sifarişlər alırdı. Tamahını saxlaya bilməyib hamısını qəbul edir, nəticədə isə heç birini də başa çatdırmırdı. Hətta bir dəfə işi məhkəməyə qədər gedib çıxdı. Sifarişçidən qabaqcadan aldığı pulların cəriməsini ikiqat ödəməli oldu. Çox tamahkar idi. Təkcə pul məsələsində deyil, ətrafındakılar yeni nə əldə edirdilərsə hamısına tamah salırdı: evə, maşına, qadınlara. Müflisləşməsinin bir səbəbi də bu oldu. Bir dəfə sərgidə tanış olduğu italiyalı rəssamın gənc sevgilisinə göz qoydu. Qızı əldə edib yatağa salmaq üçün dəridən-qabıqdan çıxırdı. Qadın sarıdan bəxti həmişə gətirsə də, bu mübarizəsi düz iki ilə yaxın davam etdi. Bu iki ildə bəlkə də onlarla qızı yatağına sala bilmişdi. Nəyə tamah saldısa onu mütləq əldə etməli idi. Nəhayət qızın italiyalı rəssamdan ayrıldığını öyrənib onunla görüşə bilmişdi. Bir müddət bərabər yaşayıb ayrılmışdılar. Ayrılmalarına səbəb yenə də başqa qadınlara göz qoyması olmuşdu.

İndi evə girəndə də onun haqqında fikirləşirdi. Bəlkə o qız ona kömək edə bilər. Bəlkə zəng edə, görüşə onunla. Özünü çıxılmaz vəziyyətdə hesab edirdi. Bilmirdi nə etsin, necə etsin ki, bu cəhənnəmdən çıxa bilsin. Hər şeyə razı idi, dilənməyə də, oğurluq etməyə də, təki vətəninə qayıda bilsin. Artıq burada onun heç kimi yox idi. Dostluq etdiyi adamlar ondan üz çevirmişdilər. Puluna görə ətrafında pərvanə olmuş qadınlar yox olmuşdu. Rəsmlərini, maşınlarını, dəyərli nəyi vardısa hər şeyi satmışdı. Axı böyük şəhərlərdə yaşamaq üçün böyük pullar lazımdır. Bircə evi qalmışdı, bütün bu səs-küydən, qaç-qovdan daldalandığı, sığındığı evi. Onu da qara gün üçün saxlayırdı.
Telefonu götürüb köhnə sevgilisinə zəng elədi, cavab verən olmadı. Bir neçə dəfə dalbadal zəng etsə də heç kəs cavab vermədi. Bütün günü küçələrdə keçdiyindən yorulmuşdu. Şam yeməyini yeyib işlədiyi otağa keçdi.

Rəsmi bitirib imzalayanda saat gecə dördü göstərirdi. Yuxu göz qapaqlarında qurğuşun olmuşdu. Döşəmədə oturub belini divara söykəyib rəsmə baxa-baxa yuxuya getmişdi. Siçan cıyıltısına oyandı. Yuxulu olduğu üçün otaqda siçanların peyda olduğunu fikirləşdi. Gözü çəkdiyi rəsmə sataşanda isə yuxudan tam ayıldı. Cıyıltı səsi tablodan gəlirmiş. Çəkdiyi tülkü quyruqlu iri gövdəli siçovul gah qara nəmli burnunu kətandan irəli çıxararaq otağı iyləyir, gah da kətanın taxta çərçivəsini gəmirirdi. Siçovulun on ayağı vardı və hər ayaqda on caynaqlı barmağını sıxanda kətan az qalırdı cırılsın. Otağı bu yırtıcının dişlərinin səsi götürmüşdü. Səs onun tüklərini ürpətsə də sakit durub rəsmə baxırdı. Siçovulun yanında tələ çəkmədiyinə görə özünə acığı tutdu. Ayağa qalxanda siçovul ona tərəf baxdı və cıyıltılı səslə yeməyə bir şeylər istədi. O:

– Sən... sən nəsən axı?.. – deyib öz-özünə danışırmış kimi fikirli-fikirli soruşdu.

– Mən?.. Özün tap!

– Xəsis-lik... yox, yox! Hiyləgər-lik... o da yox.

– Hi, hi, hiii. Yox bir məhəbbət. Hi, hi, hiii.

– Bəs nə?

– Özün tap, deməyəcəm. Desəm məni yandıracaqsan. Sən axmağın yekəsisən. Məni içindən çıxarmaqla sən daha heç nə əldə edə bilməyəcəksən. Mənim hesabıma ən yaxşı maşınlar, ən gözəl qadınlar sənin olurdu. Mənim hesabıma dollarlar başından tökülürdü. Hər şeyin olurdu, özü də çoxlu-çoxlu olurdu. Qoymurdum doyasan, səni ən gözəl şeylərə acdırırdım.

– Sonra nə oldu?! Sənin hesabına əldə etdiyim hər şey elə sənin hesabına da əlimdən çıxdı. Səni lənətə gələsən. Bildim sən nəsən. Sən mənim tamahkarlığımsan. Nəfs... nəfs... məni özünə qul etmişdin, indi mən səni yandırıb kül edəcəm.

– Mənə yeməyə nəsə ver. Pendir olsun, kolbasa olsun, lap quru çörək olsun... hiiiiiiiiii...

O, fırçanı ağ boyaya batırıb sicovulun ağzına sürtdü. Rəsm daha danışa və cıyıldaya bilmirdi...

Vannadakı yanmış kətanın külünü təmizləyib, əllərinin boyasını yuyub çarpayısına uzanan kimi yuxuya getdi.

Yuxudan günorta durdu. Yuxudan gec oyanmağa öyrənməmişdi deyə bilmirdi nə etsin, gah otaqda o yan-bu yana gəzinir, gah da köhnə rəsmlərinin kataloqlarını vərəqləyirdi. Bu bir neçə gündə tamam dəyişmişdi, özünə qayıtmışdı. İndi əvvəlki kimi düşünürdü. Beş gün idi dilinə bir qram da spirtli içki dəyməmişdi, siqareti də az çəkirdi. Özündəki bu dəyişikliklər haqqında fikirləşə-fikirləşə gəlib divara yapışdırdığı fotoların qarşısında dayandı. Telefonu götürüb evlərinə zəng etmək istəsə də fikrini dəyişdi. İstəyirdi vətəninə qayıtmağını heç kəs bilməsin, hər şey birdən olsun. Düzü, valideynlərinin telefona cavab verməmələrindən də qorxurdu. Birdən zəng edər, cavab verməzlər, lap cavab versələr də pis xəbər eşitməkdən qorxurdu. Atasının, ya anasının sağ olub-olmamasından xəbəri yox idi, bu haqda düşünmək belə onu qorxudur, əzab verirdi. Ona görə də gedib evlərinə çıxana kimi zəng etməmək qərarına gəldi.

Nömrəni yığıb “Yes” düyməsini basdı. Kömək üçün ağız açacağı bircə köhnə sevgilisi qalmışdı. O da cavab vermirdi. Telefonu divanın üstünə atıb işlədiyi otağa keçdi. İndi çəkməyə başlasaydı, axşama bitirərdi. Palitraya rənglər sıxıb fırçanı əlinə aldı. Rəsmi bitirib bir saat qarşısında onun canlanmasını gözlədi. Heç nə baş vermədi. Acmışdı, şam yeməyi yemək üçün kafeyə getdi.

Yeməyini yeyib bitirdikdən sonra çay istədi. Çay içə-içə anasının bişirdiyi yeməkləri xatırladı. Buranın yeməkləri necə də dadsız imiş, hələ çayından danışmağa dəymir. Bu neçə ildə heç fikir verməmişdi, qarşısına nə qoymuşdular yemişdi. Düzü, bu vərdiş yeni gələn günlərdən qalmışdı. O zamanlar yeməklərin adını, dadını bilmirdi deyə menyuda ağlına gələni sifariş edirdi. Amma lap dadlı yemək də olsa anasının yeməklərinə çata bilməzdi.

Kafedən çıxıb evə qayıdarkən yolda rəsmin canlanmaması haqqında fikirləşirdi. Bəlkə hər şey bitdi. Bu çəkib-yandırmaların sonu çatdı. Bəlkə təmizləndi, arındı. Axı hər şey belə asan bitməzdi. Bəlkə yenə çəkə bilməməyinə qayıdır. Ola bilməz. Çəkib yandırdığı rəsmlərin adlarını saydı: təkəbbür, paxıllıq, qəzəb, tənbəllik, tamahkarlıq... O, bütün bunları içindən çıxarıb kətana köçürmüşdü, üz-üzə durub danışmışdı, təmizlənmişdi, yüngülləşmişdi. Yox... bu son deyil, axı o, hələ də narahatdır, hələ tam təmizlənməyib.

Qapının ağzında dayananda otaqdan donuz səsləri gəlirdi. Elə bil otağa bir sürü donuz dolub hər yanı selikli burunları ilə eşib dağıdır, soyuducunu açıb bir-birini dişləyə-dişləyə, çığırıb, xoruldayıb yeməkləri yeyirlər. Qapını açıb itələdi, hər şey öz yerində idi. Səs işlədiyi otaqdan gəlirdi. Yavaş addımlarla otağa sarı getdi, açıq qapıdan otağa boylandı. Çəkdiyi rəsm canlanmışdı. Şişmiş iri tükləri olan milçək bədəninə oxşar iri bədənin üç başı vardı. Başların üçü də donuz başı idi. Boyaya bulaşmış burunları ilə kətandakı rəngləri bir-birinə qarışdıra-qarışdıra xoruldayır, bir-birini dişləyib çığırırdılar. O, rəsmin qarşısına gəlib onlara baxırdı. Başlar onu görən kimi kətanı eşələməyi dayandırdılar. Altı vahiməli göz ona zillənmişdi, elə bil indi kətandan çıxıb onu sümüklərinə kimi gəmirəcəkdilər. Donuzların adam yediyini filmdə görmüşdü və indi bu səhnə yadına düşdü. Otaqdan qaçaraq çıxmaq istədi. Ayağını geri atıb özünü düzəldirdi ki, başlardan biri xoruldayıb – Tərpənmə! – əmrini verdi. Sonra başlar hərəsi bir söz deyərək danışmağa başladılar:

– Sən
– kim
– sən?
– Mən... sizi çəkmişəm...
– Sən
– bizi
– çəkməmisən. Biz
– özümüzü
– çəkmişik.
– Siz, kim? Nə?
– Biz
– ac
– göz
– lük.

– Deməli hələ son deyilmiş. Mən hər şeyi başa düşdüm. Bundan sonra bir rəsm qalır, o da... o da şəhvət. Və beləliklə də mən ən böyük günahardan azad oluram. Mən hər dəfə sizləri çəkib tamaşa etdikcə, sonra da yandırdıqca özümə gəlirdim, yenidən özüm olurdum, bu neçə ildə bulaşdığım bu palçıqdan təmizlənirdim. Bir il rəsm çəkə bilməməyimin səbəbini indi anladım. Mən çəksəydim hər şey daha da pis olacaqdı, olduğu kimi qalacaqdım, sonum... sonum isə ölüm olacaqdı. İndi isə mən sizləri yandırmaqla yanan ruhumu söndürürəm.

Yaxınlaşıb rəsmi götürmək istədi. Quduzlaşmış başlar kətandan irəli dartılaraq onu dişləməyə çalışırdılar. Geri çəkildi, mətbəxdən ən uzun bıcağı götürüb rəsmi kəsik-kəsik etdi. Hər bıçaq zərbəsində başlar çığırırdı. Donuz başlarının çığırtısı evi götürmüşdü. Rəsmi tez vanna otağına aparıb yandırdı. Yanıb sönənə kimi başlar çığırtılarını kəsmədi. Vannanı təmizləyib düş qəbul etdikdən sonra çarpayısına uzanıb yatdı.

Yuxudan qapının zənginin səsinə oyandı. Stolun üsündəki saata baxdı, saat 09:30 a.m. göstərirdi. Qapının zəngi çalırdı. Əynini geyinib köynəyini düymələyə-düymələyə qapıya sarı getdi. Qapını açanda gözlərinə inanmadı. İtaliyalı rəssamın ürəyindən çıxarıb öz yatağına saldığı, bir müddət ər-arvad kimi bərabər yaşayıb sonra ayrıldığı qadın qapının ağzında dayanmışdı. O, indi daha da gözəl idi, gözəl qızlar yaşlaşdıqca daha da gözəlləşirlər deyə fikirləşdi. Onu içəri dəvət edib oturması üçün stul verdi. Qadın oturdu. Bilmirdi söhbətə necə başlasın. Ondan içməyə nəsə istəyirmi deyə soruşdu.

– Su. – Bir stəkan su gətirib ona verdi.
– Çox sağ ol.
– Bağışla gəlməyin birdən oldu... Otaq bir az səliqəsizdi...
– Eybi yox. Rəssamları tanıyıram.
– Zəng...
– Hələ də sənə acıqlı olduğum üçün... zənglərinə cavab vermirdim. Sonra dedim bəlkə başına bir qəza gəlib. Gözlədim ki, yenə zəng edəsən, etmədin, mən də bura gəldim.
– Yaxşı eləmisən. Bilirsən... keçmişdəkilərə görə məni bağışla. Günah məndə idi. Mən indi tamam dəyişmişəm. Əməllərimə görə peşmanam. Mən düzgün yaşamamışam... Mən sənin həyatına da soxulmuşam...
– Yox. Səni sevməsəydim rədd edərdim, amma... amma mənim sevgim sənin üçün oyun imiş. Sənə inanmışdım. Sonra... başqa qadınlar kimi məni də saqqız kimi çeynəyib dadını alandan sonra atdın.
– Mən...
– Səndən ayrılan gündən inandım, inandım ki, gələcəksən... Sənsə gəlmirdin və birdən zəng etdin...

– Bağışla. Mən... vəziyyətim çox pisdir. Mən müflis olmuşam, neçə ildir bir eskiz də çəkməmişəm. Mən məhv oluram. Hamı məndən üz döndərib. Son ümidim sən olduğun üçün zəng etdim. Səndən kömək istəmək üçün zəng etdim, – deyib pəncərənin yanına getdi. Sonuncu cümlələri deyəndə üzündəki xəcaləti gizlətmək üçün başını aşağı əymişdi.

Qadın durub getmək istədi. Qalxıb qapıya yaxınlaşsa da, getmədi. Onu həqiqətən də sevirdi. Ayrıldıqları müddətdə bir neçə dəfə buraya gəlmək, boynuna sarılıb doyunca öpmək istəsə də bunu etməmişdi. O, onu çox incitmişdi, sevgisinin qarşılığında onu aldatmış, saymazlıq etmişdi. Ayrılıqları birdən-birə olmuşdu, davasız-söyüşsüz. Heç bir-birlərinə ayrılmaq istədiklərini də deməmişdilər. Sadəcə olaraq, bir-birlərini axtarıb-aramamışdılar. Və onlar indi yenə də bir yerdə idilər. Belə səssiz durub getmək yenə ona iztirab verəcəkdi. Heç olmasa hər şeyi aydınlaşdırıb birdəfəlik ayrılsalar onunçün rahat olardı. Əlini qapının dəstəyinə qoyub geri döndü və onun boynuna sarılıb dodaqlarından öpdü.

Qadın divanda oturub siqaret yandırdı. O isə – qəhvə hazılayım, – deyib mətbəxə keçdi. Əlində iki fincan qəhvə onunla qarşı-qarşıya oturdu.

– Mən vətənimə qayıtmaq istəyirəm. Burda artıq qala bilmərəm. Artıq heç kiməm burda.

– Bəs mən?.. Axı burda səninçün mən varam. Bilirəm... sevmirsən. Heç olmasa yanımda ol.

– Bağışla... qala bilmərəm. Əgər yaşamağımı istəyirsənsə getməyimi istəməlisən... Biz bərabər gedə bilərik...

– Yox... yox... Sən özünü burda necə hiss edirsənsə, mən də orda elə olacam. Yox... gedə bilmərəm. Səni başa düşürəm... Qalsan hər şeyi yenidən başlaya bilərik.

– Bağışla...

Onlar qəhvə içə-içə xeyli söhbət etdilər. O, başına gələnlərin hamısını danışdı, bircə rəsmlərin canlanmasından başqa. O, xatirə olaraq qadının portretini çəkmək istədiyini dedi. Bərabər yaşadıqları zaman bunu tez-tez edərdi. Qadının da ən sevdiyi iş onunla sevişib sonra da müxtəlif pozalarda portretini çəkdirmək üçün model rolunu oynamaq idi. Razılaşdı. O, molberti və lazım olan əşyaları yataq otağına gətirəndə qadın artıq soyunub çarpayıda uzanmışdı. Bir neçə dəqiqə sakit durub hər cizgisini yaxşı tanıdığı bədənə baxdı. Bu dəfə əvvəllər etdiyi kimi onun üzərinə tullanmadı. Hər şeyi yerbəyer edib çəkməyə başladı.

Rəsmi tamamlayanda artıq hava qaralırdı. Qadın paltarını geyinib portretinə baxdı.

– Sən dahisən... Məni belə xatırlayacaqsan, gözəl, cavan, ehtiraslı... Mənsə burda qocalacam, dərim qırış-qırış olacaq, amma sən də... sən də yaddaşımda belə qalacaqsan.

– Mən sənə zəng edəcəm.

Onlar qapının ağzında sağollaşıb ayrıldılar. Bu dəfə ayrıldıqlarını çox yaxşı bilirdilər, özü də həmişəlik. O, qayıtması üçün ondan pul istəmişdi. Qayıdan kimi qaytaracağını demişdi. Qadın lazım olan məbləği götürməsi üçün ona qəbz yazıb imzalamışdı.
Evə girib qapını örtdü. Divara yapışdırdığı fotolara baxdı. Birdən yadına çəkdiyi portret düşdü. Yataq otağına keçdi, portretin qarşısında durub ona baxırdı. Ayaq üstə çox durduğundan yorulmuşdu. Molberti çarpayıya tərəf çevirib çarpayısına uzandı. Birdən qadının portreti gözlərini qırpdı. O, rəsmin canlandığını görüb çarpayıda dikəldi. Qadının çılpaq portreti əlləri ilə bədənini sığallayır, döşlərini sıxır, sağ əlinin orta barmağı ilə masturbasiya edirdi.

O, rəsmin məqsədini başa düşüb tez-tez ondan üzünü çevirsə də bədəni təsirlənir, az qalırdı zəng edib qadını geri çağıra və onunla sabaha kimi sevişə. Rəsmdəki qadın onu yoldan çıxarmaq üçün əlindən gələni edir, ehtiraslı səslər çıxarırdı. O, bir neçə dəfə əlini şalvarının içinə salsa da fikrindən daşındı. Tez çarpayıdan durub portreti yandırmağa apardı. Qadın rəsmi vannada yanarkən molberti və digər əşyaları işlədiyi otağa daşıdı. Otaqları səliqəyə salıb duş qəbul etdikdən sonra divanda yuxuya getdi.

Yuxudan duran kimi rəssam dostu ilə görüşmək üçün evdən çıxdı. İndi bir məsələ qalırdı, evi satmaq. Kafedə görüşüb söhbətləşdilər. Dostunun bu işlə məşğul olan tanışları olduğu üçün işi tez həll etdilər. Hava limanına zəng edib axşam reysinə bilet sifariş etdi. Axşama yaxın evin sənədlərini həll edib, açarlarını təhvil verib, üzərində evin qiyməti yazılmış qəbzi pencəyinin cibinə qoyub hava limanına yollandı.
Rəssam dostu ilə qucaqlaşıb sağollaşdıqdan sonra təyyarədə biletində yazılmış 12 nömrəli yeri tapıb oturdu. Çox həyəcanlı idi. Özünü ilk dəfə təyyarəyə minib Amerikaya gəldiyi kimi hiss edirdi. Bir neçə saatdan sonra vətənində, evlərində, valideynlərinin yanında olacaqdı. Axı bu qədər asan olduğu halda niyə indiyə kimi təyyarəyə minib qayıtmamışdı. Onu saxlayan nə idi. Axı vətəni ilə onu yalnız bir neçə saat vaxt ayırırdı. Məsələ burasında idi ki, onu bu səs-küylü şəhərə bağlayan heç nə yox idi. Bəs onda niyə indiyə kimi bu cəhənnəmdə yanmağa məcbur olmuşdu. Yandırdığı rəsmlər bir-bir gözləri önündə canlanırdı. Bu rəsmlər onun ən yaxşı rəsmləri idi. Bundan sonra rəsm çəkə biləcəyinə inanmırdı.

Taksi evlərinin yanında dayandı. Maşından düşüb çantasını çiynindən asdı. Qapını açıb yavaş addımlarla həyətə girdi. Heç nə dəyişməmişdi, evləri, həyətləri yaddaşındakı kimi idi. Mətbəxin işığı yanırdı, içəridə stol arxasında iki nəfər oturmuşdu. Yavaş-yavaş pəncərəyə yaxınlaşıb içəri boylandı. Atası ilə anası oturub çay içirdilər. Saçları tamam ağarmışdı, qocalmışdılar. Gəldiyini bilsələr, görəsən, onunla necə davranacaqdılar. Bilmirdi içəri necə keçsin. Həyatının sonuna qədər bu pəncərənin qarşısında durub çay içən valideylərinə tamaşa eləməyə razı idi. Valideyləri işığı söndürüb başqa otağa keçənə qədər gözlərində yaş onlara tamaşa etdi. Tez qapıya tərəf gedib evə girdi. Yanaşı dayanmış anası və atası heykəl kimi tərpənməyib ona baxırdılar. Oğlanlarını görən kimi tanısalar da gözlərinə inanmırdılar.

– Ana, ata, mən qayıtdım, – deyib onların ayaqlarına atıldı.

***

Qayıtmasından bir neçə ay keçmişdi. Köhnə dostları ilə görüşmüş, darıxdığı yerləri gəzmişdi. Gününün çox hissəsini balaca emalatxanasında rəsm çəkməklə keçirirdi. On ildən çox vaxt keçsə də kəndlərində çox şey olduğu kimi qalırdı. Qocaların çoxusu dünyasını dəyişmiş, əvəzində isə yeni uşaqlar böyüyürdü. Həyat dəyirmanı öz tempi ilə fırlanırdı.

Mənzərə çəkmək üçün tez-tez təbiəti gəzib-dolaşırdı. Belə gəzintilərin birində qarşısına o çıxdı – fotosunu divara yapışdırdığı, Tanrının çəkdiyi ən gözəl rəsm. Onlar bir-birini görəndə bir kəlmə də söz demədilər. Nişanlısının gözlərindən yaş axırdı. Onun ən çox yandırdığı rəsm o idi, hələ də yanırdı. Onu görəndə daha da alışmağa başladı. İndi bu odu yalnız ölüm söndürə bilərdi.

Nişanlısı – ana,– deyib yanına qaçan dörd-beş yaşında uşağın əlindən tutub getdi. O, arxaya baxmayıb molbertini çiyinlərinə keçirib yoluna davam etdi.
XS
SM
MD
LG