Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:29

Bakıda Fransa prezidentinin əmlakını soruşdular


Francois Hollande
Francois Hollande
-
Mayın 12-də Fransanın Azərbaycanda səfərdə olan prezidenti Francois Hollande müxalifət liderləri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşüb.
«Fransa prezidenti ilə görüşdə Azərbaycanla bağlı mühüm məsələlərin, demək olar, hamısını müzakirə etdik. İlk növbədə ölkədəki vəziyyətlə bağlı müzakirələr apardıq».

Bunu AzadlıqRadiosuna mayın 12-də Fransa prezidenti Francois Hollande ilə görüşdən sonra AXCP sədri Əli Kərimli deyib.

O bildirib ki, Fransa prezidenti ilə yetərincə geniş müzakirələr aparılıb:

«Azərbaycanın Avropa Birliyinə inteqrasiyası və ölkədə seçki islahatlarıyla bağlı məsələlər müzakirəyə çıxarıldı. Fundamental hüquq və azadlıqların təmin olunması, mətbuat azadlığı ilə bağlı məsələləri də müzakirə etdik. Eyni zamanda Ukraynada baş verənlərlə, Azərbaycanın ərazi bütövlüyünə olan təhlükələrlə, Qarabağ problemi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı».

Mayın 12-də Fransanın Azərbaycanda səfərdə olan prezidenti Francois Hollande müxalifət liderləri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, «Turan» İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı-jurnalist Xədicə İsmayıl iştirak edib.
LEYLA YUNUSUN FRANSA PREZİDENTİNƏ TƏŞƏKKÜRÜ
«Ölkədə 130 siyasi dustaq var. Onlardan 40 nəfəri vicdan məhbusudur. Hollande bizdən siyahını səfirliyə verib-vermədiyimizi soruşdu. Dedim ki, çoxdan vermişik, aprelin 15-nin siyahısıdır. Bu həftə siyahını təzələyəcəyik. Əsas məsələ ondadır ki, Azərbaycanda repressiyalar güclənir, qərbyönümlü siyasətçilər, jurnalistlər, bloqqerlər, hüquq müdafiəçiləri təzyiq altındadır. Rauf Mirqədirovun həbsi isə qırmızı xətti keçməkdir».

Bunu AzadlıqRadiosuna Fransa prezidenti ilə görüşdən sonra Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib.

O, Fransa prezidentinə təşəkkürünü belə dilə gətirib:

«Birinci sözüm o oldu ki, çox sağ olun, mən 100 faiz əminəm ki, siz bura gəldiyiniz üçün mən bu gün azadlıqdayam. Dedim, siz bura gəlmisiniz, mən sizinlə görüşürəm. Ona görə məni, həyat yoldaşımı həbs etməyiblər».
MEHMAN ƏLİYEV: «FRANSA PREZİDENTİ DEDİ Kİ...»

Görüşdə iştirak edən Mehman Əliyev AzadlıqRadiosuna bunları dedi:

«Görüşdə bildirildi ki, Azərbaycan cəmiyyəti Avropa ilə sıx əlaqələr yaratmaqda maraqlıdır, Avropa Birliyi ilə intensiv dialoqa hazırdır. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bunu etmir, xalqın iradəsini nəzərə almır. Azərbaycanda totalitar sistem yaradılır və inkişaf edir... Azərbaycanın demokratik istiqamətdə inkişafını dəstəklədiyi üçün Fransa tərəfinə minnətdarlıq bildirildi. Hollande dedi ki, Azərbaycanda ikitərəfli və Avropa Birliyi çərçivəsində demokratik inkişafa daha çox diqqət yetiriləcək».
HOLLANDE AZƏRBAYCANDA PREZİDENT OLMAQ İSTƏMİR

Jurnalist Xədicə İsmayıl deyir ki, hamının Francois Hollande ilə danışmaq və əsas problemləri diqqətə çatdırmaq imkanı olub:

«Söhbətə Leyla Yunus siyasi məhbuslar məsələsi ilə başladı. Siyasi repressiyalar mövzusunu Əli Kərimli davam etdirdi və ölkədə seçki saxtakarlıqlarından, siyasi partiyaların repressiyalarla üzləşməsindən danışdı. Mən sözə başlayanda dedim ki, yəqin, Francois Hollande bu söhbətləri eşidəndə, fikirləşir ki, bu ölkədə prezident olmaq nə yaxşıdır. Nə seçki var, nə müxalifət sərbəstdir, çünki basqı altındadır, səsini çıxara bilmir, kommunikasiya imkanları da yoxdur. Hollande-ə «mən də bu ölkədə prezident olardım deyə, düşündünüzmü» sualını verdim. O da «yox, yox» cavabını verdi. Soruşdum ki, o hər il əmlak deklarasiyası verirmi, əmlakını bəyan edirmi? Dedi, əlbəttə edirəm. Dedim ki, ancaq İlham Əliyev etmir. Dedim ki, biz hətta məhkəmələrə müraciət edərək bu məlumatları ala bilmirik. Hökumət qanunları sərtləşdirir, informasiyaya çıxışımız çətinləşir. Amma heç əsas məsələmiz bu da deyil. Əsas məsələmiz jurnalistlərin sağ və azadlıqda qalmaq çabalarıdır. Düz söz dediklərinə görə jurnalistlər burda öldürülür, həbsə atılır, şantaj olunur, oğurlanır. Hazırda 14 jurnalist və bloqqer həbsdədir».
XS
SM
MD
LG