Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:23

Marquez-in siyirməsindən çıxan əsərdən parça çap edildi


Gabriel Garcia Marquez, 6 mart, 2014
Gabriel Garcia Marquez, 6 mart, 2014
-

İspaniyanın “La Vanguardia” qəzeti ötən ay vəfat etmiş dünya şöhrətli yazıçı Gabriel Garcia Marquez-in indiyəcən üzə çıxarılmayan əsərindən parça çap edib.

“Avqustda görüşərik” adlanan əsərin 52 yaşlı qəhrəmanı Ana Magdalena Bach tropik adaya, anasının qəbrini ziyarət etməyə gəlir. O bunu hər il eyni gündə edir. Adadakı oteldə o, təxminən özü yaşda bir kişi ilə tanış olur. Elə bir görüş ki onların bir yatağa girməsi ilə nəticələnir…

Qəzet yazır ki, Marquez əsəri tamamlamayıb. Çünki sonluğu ilə bağlı qərar verməyib.

Həmin əlyazmanın çap edilib-edilməməsinə yazıçının ailəsi qərar verəcək.

“Associated Press” agentliyi yazır ki, əsərin erotik tonunu adanın tropik əsrarəngizliyi daha da gücləndirir. Qızmar günəş, gözoxşayan mənzərələr, musiqi, adanın sakinləri, yerli kolorit…

Marquez son əsəri olan “Mənim kədərli fahişələrim”i 2004-cü ildə çap etdirmişdi. “Avqustda görüşərik”in də təxminən həmin dövrdə yazıldığı güman edilir.

Əsərdən parçanı oxuyan yazıçı və tənqidçilər onun haqda xoş sözlər deyiblər.

Onlardan biri hətta Ana Magdalena-nı “Garcia Marquez-in əsərlərinin səhifələrini bəzəyən qeyri-adi qadın obrazları qalereyasında daha bir füsunkar xanım” adlandırıb.

García Márquez-in bioqrafı Gerald Martin deyib ki, onun məlumatına görə, sözgüdən əsər ilk olaraq hekayə həcmində nəzərdə tutulubmuş.

O, sonuncu dəfə yazıçı ilə görüşəndə də bu barədə soruşub və Marquez ona bildirib ki, 3 hekayə yazıb kitab şəklində çap etdirmək istəyir.

Amma indi, bioqrafın sözlərinə görə, söhbət bir-biri ilə bağlı epizodlardan gedir. Yəni qadın adaya hər gəlişində bir macəra yaşayır.

Bioqraf güman edir ki, Marquez bir neçə dəfə əsərə qayıdaraq onun üzərində işləyib.

“Guardian”, “Associated Press”in məlumatları əsasında oxuzali.az
XS
SM
MD
LG