Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

Qlobal rəy sorğusu: yəhudiləri sevənlər və sevməyənlər


arxiv foto
arxiv foto
-
Anti-Defamasiya Liqası (Anti-Defamation League - ADL) dünya boyunca anti-semit və ya yəhudilərə qarşı yönəlmiş münasibəti araşdıran misli görünməmiş rəy sorğusunun nəticələrini açıqlayıb.

ADL-in “Qlobal 100-lük: Anti-semitizm indeksi” (Global 100: İndex of anti-semitism) adlı sorğusu 102 ölkədə 53 min 100 nəfər arasında aparılıb.

Təşkilat bildirir ki, bu sorğuda əsas məqsəd ilk dəfə olaraq bütün dünyada anti-yəhudi duyğuların səviyyəsini və intensivliyini araşdırmaq olub.

HƏR DÖRD NƏFƏRDƏN BİRİ ANTİ-SEMİT MÜNASİBƏTƏ MALİKDİR

Rəy sorğusunun nəticələri anti-semit münasibətlərin bütün dünyada güclü olduğunu və genişləndiyini aşkara çıxarıb.

Rəy sorğusunda iştirak edənlərin bütün dünya boyunca 1 milyard 900 min insanı təmsil etdiyi qeyd olunur və bildirilir ki, onların 26 faizi və ya hər dörd nəfərdən biri güclü anti-semit münasibətə malikdir.
Yəhudilərə qarşı nifrətin yayıldığı ölkələrin arasında, ümumiyyətlə yəhudilərin yaşamadıqları yerlər də var
Bu 26 faizi təmsil edənlər yəhudilərə qarşı münasibəti əks etdirən 11 sualdan 6-na “yəqin ki, doğrudur” cavabını veriblər.

O da bildirilir ki, ADL anti-yəhudi münasibətləri müəyyən etmək üçün tərtib etdiyi 11 sualla ABŞ-da son 50 il müddətində rəy sorğuları keçirib.

ADL-in milli direktoru Abraham H. Foxman bildirib ki, rəy sorğusunun nəticələri anti-semitizmin ölkəbəölkə nə şəkildə yayıldığını aşkara çıxarıb. O deyib ki, yəhudilərə qarşı nifrətin yayıldığı ölkələrin arasında, ümumiyyətlə yəhudilərin yaşamadıqları yerlər də var.

Xəbər verilir ki, Nyu Yorklu xeyriyyəçi Leonard Stern-in səxavətli ianəsi nəticəsində mümkün olmuş bu rəy sorğusu dünya əhalisinin 88 faizinin yaşadığı 7 əsas regionda aparılıb.

QƏZZADAN LAOSADƏK

Sorğu nəticələrində həmçinin ölkələrin yerlərini əks etdirən cədvəl də verilib. Bu cədvəldə dünya ölkələri anti-semitizmin az və ya çox yayılmasına görə yerləşdirilib. Məsələn, cədvəldən bəlli olur ki, Laosda əhalinin yalnız 0,2 faizi arasında anti-yəhudi hissləri mövcuddur. Bu hisslərin ən güclü olduğu yer isə İordan çayının qərbi və Qəzza zolağıdır. Burada anti-semitizmin yayılma göstəricisi 93 faizdir.

ADL-in milli sədri Barry Curtiss-Lusher deyir ki, anti-semitizmin yəhudilərin yaşamadıqları bəzi ölkələrdə yayılması sarsıdıcı nəticədir.

O ümid etdiyini bildirib ki, hazırkı sorğu hökumətlər və beynəlxalq təşkilatlar üçün həyəcan təbili olacaq.

Bununla belə, ADL-in rəy sorğusunda ümidverici məqamlar da yer alıb.
Məsələn, ingilisdilli ölkələrdə anti-semit duyğuların yayılma faizi 13-dür ki, bu da ümumi faizdən qat-qat azdır.
Rəyi soruşulanların 54 faizi Holokost barədə heç nə bilmir
Xristian protestantizminin yayıldığı ölkələrdə anti-semitizm başqa dinə aid ölkələrə nisbətdə xeyli zəifdir.

Bundan əlavə rəyi sorşulanların 28 faizi bildirib ki, yəhudilər barədə yayılmış iddiaları əks etdirən 11 bəyanatdan heç biri doğru deyil.

ANTİ-YƏHUDİLİYİ AŞKARLAYAN 11 SUAL

Ölkələr üzrə anti-semitizmin yayılması dərəcəsi məhz bu 11 sual vasitəsilə müəyyənləşdirilib. 11 iddiadan azı 6-nın doğru olduğuna inanan ölkələr yəhidlərə qarşı mənfi münasibətdə olanlar kateqoriyasına aid edilib.

Digər maraqlı tapıntı bundan ibarətdir ki, rəyi soruşulanların 54 faizi Holokost barədə heç nə bilmir. Bu da bəlli olub ki, hər üç nəfərdən biri Holokost haqqında ya heç nə eşitməyib, ya da bu barədə məlumatın səhih olmasına inanmır.

Yəhudilər barədə ən geniş yayılmış xürafat və ya stereotip bundan ibarətdir ki, onlar İsrailə yaşadıqları ölkədən daha sadiqdirlər. Rəyi soruşulanların 41 faizi bu iddianın “yəqin ki, doğru” olduğuna inanır.

İkinci iddia budur ki, “yəhudilər biznes dünayasında həddən aşırı qüdrətə malikdirlər”. Rəyi soruşulanların 35 faizi bu iddiaya inanır və bu stereotip ən çox Şərqi Avropada yayılıb.
Hər 10 nəfərindən 3-ü inanır ki, yəhudilər dünya əhalisinin 1 faizindən 10 faizinə qədərini təşkil edirlər
Sorğuda iştirak edənlərin 74 faizi həyatında yəhudi görmədiyini bildirsə də, onların 25 faizi anti-semit hisslərə malikdir.

Rəyi soruşulanların hər 10 nəfərindən 3-ü və ya 30 faizi inanır ki, yəhudilər dünya əhalisinin 1 faizindən 10 faizinə qədərini təşkil edirlər. 18 faiz bu rəqəmin 10 faizdən artıq olduğuna inanır. Əslində isə, yəhudilər dünya əhalisinin yalnız 0,19 faizini təmsil edirlər.

ANTİSEMİTİZM REGİONLAR ÜZRƏ

Anti-semit hisslərə malik olanların əksəriyyəti Yaxın Şərq və Şimali Afrika regionunda yaşayanlardır. Yəhudilər barədə 11 iddianın doğruluğuna inananların 74 faizi bu regionun payına düşür. Bu regiondan kənarda adamların 23 faizi iddiaları qəbul edir. Anti-semit hisslərə malik olanlar regionlar üzrə belə bölünüblər:

Şərqi Avropa: 34 faiz
Qərbi Avropa: 24 faiz
Sub-Sahara Afrikası: 23 faiz
Asiya: 22 faiz
Amerika materiki: 19 faiz
Okeaniya: 14 faiz

Ölkələr və dinlər üzrə də anti-semitizmin dərəcəsi müxtəlifdir. Artıq qeyd olunduğu kimi protestant xristian ölkələrdə - Danimarka (9%), Hollandiya (5 %) və Britaniyada (8%) anti-semit hisslər az yayılıb. Skandinaviya ölkələrində isə bu hiss yox dərəcəsindədir. Lakin əvəzində Fransada (37 faiz) anti-semit münasibətlər daha geniş yayılıb.

Rəy sorğusu göstərib ki, pravoslav xristian ölkələrdə anti-semitlərin sayı protestant ölkələrdəkindən nəzərəçarpacaq dərəcədə çoxdur.
Anti-semit münasibətlər ən çox müsəlman ölkələrində yayılıb
Şərqi Avropada ən az anti-semit hisslərə malik ölkə Çexiyadır (13%). Müqayisə üçün deyək ki, Polşada bu rəqəm 45 faiz təşkil edir.

Xristian ölkələri arasında anti-semitizmə görə ən yüksək göstəriciyə Yunanıstan (69%) malikdir.

SORĞU TOLERANTLIQ MİFLƏRİNİ DAĞIDIR

Anti-semit münasibətlər ən çox müsəlman ölkələrində yayılıb. İraqda əhalinin 92, Yəməndə 88, Əlcəzairdə 87, Liviyada 87, Küveytdə 82 faizi yəhudilərə qarşı mənfi münasibətdədir.
Azərbaycan, dünya bir yana, ən azı Cənubi Qafqazda yəhudilərə ən tolerant ölkə deyil
Maraqlıdır ki, anti-semitizm Türkiyədə (69%) İranda olduğundan (56%) çoxdur.
Rəy sorğusunun nəticələri göstərib ki, Yaxın Şərq regionundan kənardakı müsəlman ölkələrində anti-semitizm daha az yayılıb.

Bu mühakimə Azərbaycana da aiddir. Hərçənd, Azərbaycan üçün anti-semitizmin faizi 37 olub.

Bu, Gürcüstanda olduğundan (32%) çox, Ermənistanda olduğundan (58%) azdır. Beləliklə də, İsraillə müttəfiq sayılan və yəhudilərə yaxşı münasibətilə öyünən Azərbaycan, dünya bir yana, ən azı Cənubi Qafqazda yəhudilərə ən tolerant ölkə deyil.

Rusiya və Moldovada bu rəqəm 30, Qazaxıstanda 32, Belarus və Ukraynada, Litvada olduğu kimi 38-dir.
XS
SM
MD
LG