Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Prokuror Anar Məmmədliyə 9 il iş istədi


Anar Məmmədli
Anar Məmmədli
-
Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmədə prokuror təqsirləndirilən şəxslərə iş istəyib. Dövlət ittihamçısı Anar Məmmədlinin dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədovun 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə həbs cəzası almasını uyğun bilib. Məhkəmədən reportajı və ictimai-siyasi fəalların bu cəzaya münasibətini AzadlıqRadiosunda izlə. Ən son yazılar mətnin yuxarı hissəsindədir.

18:15 – “ƏLİMƏ DƏYMƏYƏN PULU NECƏ MƏNİMSƏYƏ BİLƏRƏM?”

Dövlət ittihamçısının haqqında 8 il 6 ay cəza istədiyi Elnur Məmmədov ittiham olunduğu cinayətlərdə heç bir iştirakının olmadığını bildirir:
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

“Prokuror ittiham aktında nə yazılmışdısa, onu təkrar etdi. Hamının gözünün qarşısında çox ədalətsiz bir cəza istədi. Ona görə ədalətsiz deyirəm ki, mən ittiham aktında göstərilən cinayət əməllərinin heç birini törətməmişəm. Mənim o hərəkətlərdə iştirakım mümkün ola bilməz. İstər mənimsənilmə ilə bağlı, istər vəzifə saxtakarlığı, istərsə də vəzifə səlahiyyətlərini aşma ilə bağlı. Üzünü görmədiyim, əlimə dəyməyən pulu mən necə mənimsəyə bilərəm? Bunu mən istintaqda verdiyim ifadələrdə də, məhkəməyə verdiyim ifadələrdə də bildirmişdim. Prokurorun bu qədər cəza istəyəcəyi gözlənilən olmasa da, bəraət istəyəcəyi də gözlənilən deyildi. Amma yenə də pessimizmə qapılmıram. Nəticənin nə olmağından asılı olmayaraq ümid edirəm ki, yaxşı olacaq”.

18:00 – “BELƏ BİR CƏZA GÖZLƏMİRDİK”

Dövlət ittihamçısının haqqında 8 il 6 ay cəza istədiyi Bəşir Süleymanlı belə bir ağır cəza istənilməsinin gözlənilməz olduğunu deyir:
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

“Açığı biz belə qərar gözləmirdik. Məhkəmə prosesinin gedişində sübutlar təsdiq olunmadı. Zərərçəkmiş kimi tanınan şəxslər də zərər çəkmədiklərini bildirdilər. Digər sənədlər sübut olunmadı. Fikirləşirdik ki, ya şərti həbs, ya da bəraət verilə bilər. Amma həm Anar Məmmədli, həm mənim və Elnur üçün bu cür ağır cəzanın istənilməsi bizim üçün gözlənilməz oldu. Çünki heç bir sübut, ortalıqda heç bir fakt yoxdur. Heç bir fakt, sübut olmadan belə bir ağır cəzanın istənilməsi qəbuledilməzdir. Prokurorluq sisteminin necə fəaliyyət göstərməsinin açıq göstəricisidir. Bu bizim fəaliyyətimizə qarşı olan qərəzli münasibətdir”.

17:20 – "ANAR MƏMMƏDLİNİN HƏBSİ SİYASİLƏŞDİRİLMƏMƏLİDİR"

“Anar Məmmədli və onunla birlikdə olan şəxslərə qarşı yalnız onların törətdikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun ittiham irəli sürülüb”.

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Bunu hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı dövlət ittihamçısının Anar Məmmədli haqqında 9 il cəza istəməsini AzadlıqRadiosuna şərh edərkən deyib.

Mübariz Qurbanlı deyir ki, Anar Məmmədlinin həbsi siyasiləşdirilməməlidir:
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

“Bu tipli məhkəmələri siyasiləşdirməyə cəhd eləmək indiki müxalifətin və həmin radikal qanadın mətbuatının bir növ adətinə çevrilib. Onlar bütün hallarda bu tipli məhkəmələri siyasiləşdirməyə çalışırlar. Qanun pozulub, qanuna müvafiq qaydada da istintaq gedib. Məhkəmə öz hökmünü verəcək. Buna görə də Anar Məmmədli və onunla birlikdə ittiham olunan şəxslərin seçki monitorinqi aparması ilə əlaqədar məsələnin gündəmə gətirilməsi yalnız və yalnız bu hadisədən kiminsə siyasi məqsədlər üçün istifadə etməsidir. Burada onların seçki ilə əlaqədar fəaliyyəti deyil, onların törətdikləri qanun pozuntuları ittihamda öz əksini tapır. Azərbaycanda seçkilər şəffaf, azad, demokratik olub. Həmin monitorinqi aparan yalnız o qrup olmayıb. Digərləri, müxtəlif ictimai qurumlar, Exit-poll olub. Ona görə də bunun Anar Məmmədli və onunla birlikdə olan seçkidə monitorinq aparması ilə əlaqəsi yoxdur. Bu yalnız və yalnız müəyyən qanun pozuntusu ilə bağlı olan məhkəmə prosesi idi. Hesab edirəm ki, bunu kimlərsə siyasi xəttə keçirmək istəyirlərsə, bu yanlışdır”.

17:10 – “ANAR MƏMMƏDLİNİ CƏZALANDIRMAQ LAZIM İDİ”

“Dövlət ittihamçısının Anar Məmmədli haqqında 9 il azadlıqdan məhrumetmə cəzası istəməsi onun ötən prezident seçkilərində obyektiv bir seçki müşahidə sistemi qurması ilə bağlıdır. Seçkidən sonra bir sıra beynəlxalq qurumlar Azərbaycandakı seçkiləri dəyərləndirərkən Anar Məmmədlinin monitorinqinin nəticələrinə istinad etdi. Bu da hakimiyyəti qıcıqlandırdı. Anar Məmmədlini həbs etməklə, bu gün ona 9 il cəza istəməklə hakimiyyət Azərbaycanda sonuncu müstəqil seçki müşahidə təşkilatının fəaliyyətinə xitam vermiş olur”.

Cəmil Həsənli
Cəmil Həsənli
Bunu Milli Şuranın sədri Cəmil Həsənli dövlət ittihamçısının Anar Məmədli haqqında 9 il cəza istəməsini AzadlıqRadiosuna şərh edərkən deyib.

Cəmil Həsənli bildirir ki, bununla hakimiyyət digər müstəqil təşkilatların gözünü qorxutmaq istəyir:
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

“Ötən prezident seçkilərində ATƏT-in Varşava Bürosu Azərbaycanda seçki saxtakarlığının 58 faiz səviyyəyə qalxdığını elan etdi. ATƏT-in bu rəyini Anar Məmmədlinin monitorinq missiyası daha da qüvvətləndirirdi. İndi ATƏT-ə hökumətin əli çatmır, ona görə Anar Məmmədlini cəzalandırmaq lazım idi. Anarın işi nə vergidən yayınmaq işidir, nə qanunsuz biznes fəaliyyətidir. Bu sadəcə olaraq qurama, heç bir hüquqi əsası olmayan bir işdir. Bunu ona görə edirlər ki, cəmiyyətin gözünü qorxutsunlar. Anar Məmmədlini həbs edirlər ki, bundan sonra heç kəs müstəqil seçki müşahidəsi aparmağa cəsarət etməsin”.

15:50 - PROKUROR ANAR MƏMMƏDLİYƏ 9 İL İŞ İSTƏDİ

Mayın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmədə prokuror təqsirləndirilən şəxslərə iş istəyib.

Vəkil Fariz Namazlının bildirdiyinə görə, dövlət ittihamçısı Anar Məmmədliyə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlı və Elnur Məmmədova 2 il dövlət, yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə həbs cəzası istəyib.

Anar Məmmədlinin vəkili İradə Cavadova AzadlıqRadiosuna bildirib ki, dövlət ittihamçısının bu istəyi qanunsuz və əsassızdır:
«Bu qanunsuzdur və əsaslandırılmayıb. Məhkəmə prosesi zamanı işə guya 20 zərərçəkmiş şəxs, bir o qədər də şahid cəlb olunmuşdu. Məhkəmədə bir zərərçəkmiş istisna olmaqla, heç kim zərər çəkmədiyini bildirib. Yaxud 20 şahid nəyin şahidliyini etdiklərini heç özləri də bilmədilər. İttihamda yazılanların həqiqətəuyğun olmadıqlarını dedilər. İstintaq heç bir qanuna əsaslanmadan aparılmışdı. Hamıya məlumdur ki, Anar Məmmədli seçki ilə bağlı hesabat hazırlamışdı, həmin hesabata nüfuzlu beynəlxalq təşkilatlar istinadlar etmişdi. Anar Məmmədli də elə buna görə həbs olundu».
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG