Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Əbdül Əbilovun məhkəmədə son sözü


Əbdül Əbilov
Əbdül Əbilov
Mayın 27-də Ağır Cinayətlər Məhkəməsində gənc bloqqer Əbdül Əbilova 5 il yarım azadlıqdan məhrumetmə cəzası verilib.

Bloqqerin vəkili Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, onlar hökmü ədalətsiz sayırlar və apellyasiya şikayəti verəcəklər.

Əbdül Əbilov keçən ilin noyabrında həbs olunub. O, külli miqdarda narkotik maddə saxlamaqda, satmaqda ittiham olunur.

Əbilov «Facebook»da «Yaltaqlara dur deyək» səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.

Əbdül Əbilovun məhkəmədə "soz söz" çıxışının tam mətnini təqdim edirik:

«Möhtərəm hakim!
Hörmətli Məhkəmə Kollegiyası!
Hörmətli məhkəmə iştirakçıları!
Hörmətli vəkil!
Hörmətli Prokuror!

İttiham olunduğum «milli» maddə ilə həbs olunduqdan sonra, yaxınlarımdan, tanışlarımdan bəziləri mənə irad tutdular ki, sənə bu lazım idi, çətin şərtlərdə də pis yaşamırdın. Həbs olunmağınla ən böyük zərbəni anana, ailənə vurmuş oldun. Həbsxana həyatı elə bir məkandır ki, düşünmək üçün kifayət qədər vaxt vardır. Ağlım kəsdiyim vaxtdan bəri yaşadığım bu həyatda elə bir hərəkət eləməmişəm ki, keçmişə baxıb onun peşmançılığını çəkim. Zamanı geri qaytarmaq mümkün olsaydı və zaman, mənə yaltaqlıq və ona qarşı mübarizə aparmaq seçimini tanısaydı, sonu nə olursa olsun, tərəddüd etmədən yaltaqlığın müqabilində olardım.

Kiçik yaşımdan bəri atasız böyüdüyüm bu həyatda, həyatın bütün çətinliklərini yaşamışam. Bu yaşıma kimi haram tikə yeməmişəm. Haram tikə ilə bəslənsəydim, haqq sözünü demək cəsarətini özümdə tapa bilməzdim. Mövcud olan idarəetmə sisteminin, xüsəsən də məmur səriştəsizliyi ailəmin bir üzvünün ölümünə səbəb oldu, min bir əziyyətlə aldığım avtomabilimə və sağlamlığıma vurulmuş ziyan hüquq mühafizə orqanları əməkdaşlarının «səyi» ucbatından bu günə qədər də ödəniliməyib.

Mən zindanda cəkdiyim əzablardan daha ağır əzablar cəkmişəm. Amma, anam və ailəmə əzab verməmişəm. Mənim həbsimə görə anamın və ailəmin çəkdiyi əzabalar mənə əzab verir. Bu əzabları bizə yaşadanlar bu dünyada da, olmasa axirətdə mütləq cəzalarını çəkəcəklər. Həqiqətdən yüksək, qanun yoxdur.

Babam İmaməliyev Əbülvəz, rayonunun böyük ruhanilərindən olmuşdur. Sovet idarəetmə sistemində haqq sözünü dediyi üçün, 1937-ci ildə böyük şair Mikayıl Müşviq ilə bir yerdə güllələnmişdir. O represiyalar dövründə yaltaqlıq edib, represiyaları alqışlayanların törəmələridir ki, bügün ki, gəncliyi boğaraq, söz azadlığımızı əlimizdən alaraq, bizlərə 37-ci illləri yaşatmaqdadırlar. Yaltaqlığa qarşı çıxıb, haqq sözünü demək mənim qanımda vardır. Müstəqillik dövründə represiyalara məruz qalmağımız faciədir. Bu represiyaları milli represiyalar adlandırardım.

Ölkədə bugün baş verən bu milli represiyalara göz yummaq yaltaqlıqdır, ikiüzlülükdür, laqeyidlikdir, qorxaqlıqdır. Şəxsiyyəti olan insan, haqsızlığa susmamalıdır. Yaltaqların, qorxaqların ucbatından mən bugünə kimi həbsdəyəm. Mənim də yaltaqlıqla yaxşı yaşamaq imkanım olduğu halda bunu özümə ar hesab etdim Allahın verdiyi bir ömürü bu abırla keçirtməyi özümə rəva bilmədim.

Bu milli represiyaların nəticəsi, insanları həbslərlə bezdirmək və ölkəni tərk etdirməyə hesablanıb. Rejimin isdədiyi də, budur ki, biz ya avtoritar idarəetmə sistemi ilə razılaşıb onlar üçün qul kimi işləməliyik, ya da ki, ölkəni tərk etməliyik. Xalqın haqqını tələb edən xalqın düşməni ola bilməz. Xalqın düşməni, onun haqqını tapdalayanlardır.

Cəmiyyətimizdə, xüsusən vəzifəli şəxslər səviyyəsində yaltaqlıq o həddədir ki, hətta mərhum prezident Heydər Əliyevin qızı Sevil Əliyeva müsahiblərinin birində qeyd edib ki, «Atam Moskvada işlədiyi zaman vəzifəyə çəkdiyi adamlar, atam pensiya çıxanda ondan üz döndərdilər. Həmin adamlar öz sifətlərini göstərdilər. Biz artıq bunları görmüşük, bu mərhələni keçmişik. Ancaq bu gün görəndə ki həmin adamlar necə yaltaqlanır, kitablar yazır, onun adından istifadə edib özlərinə piar qururlar». Sevil Əliyevanın müsahibəsi cəmiyyətə mesaj kimi qiymətləndirilməlidir. Yəni, Prezident İlham Əliyevin bacısı, hakimyətin daxilində olan bir çox məmurların, onun atasinin adından istifadə etdiyini, zəhməti, işgüzarliği və tələbkarlığı ilə vəzifəyə yüksələ bilmədiyini, yaltaqlıqla vəsifəyə yüksəlib xalqa divan tutduğunu, xalqın deyil, öz maraqlarini düşündüyünü, cəmiyyətin isə buna etiraz etməli olduğunun mesajını verir.

Admini olduğum «yaltaqlara dur deyək» səhifəsinin əsas məqsədi, yaltaqları cəmiyyətə tanıtdırmaq və onları ictimai qınağa çəkmək idi. Bizim cəmiyətimizdə xalqa yaraşmayan yaltaqlıq son illərdə adi hal kimi qarşılanmaqdadır. Bir cəmiyyətdə ki, yaltaqlıq baş alıb gedir, demeli o cəmiyyətdə qanunlar işləmir. Ölkədə yaltaqlıq elə bir iyrənc səviyədədir ki, yaltaqlıqla şərəf ordeni alanlar kifayət qədərdir.

Geniş vüsət almiş yaltaqlıq insanları kölləliyə doğru aparmaqdadır. Yaltaq insanlar, həqiqəti deyen insanlarin bir başa düşmənidir Səhifəmdə yaltaq insanlarla mərd sözunü deyə bilən insanları müqahisə də edirdim. Bu müqahisələrdən biridə, youtube.com saytından götürdüyüm, mərhum prezident Əbülfəz Elçibəyin, mərhum prezident Heydər Əliyev haqqında tənqidi fikirləri olan video çarx idi. Hansı ki, saxlandığım Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının ən çox maraqlandıqları, videonu neçə və hansı mənbədən əldə etdiyimi öyrənmək istəyirdilər.

Mən, prosedur qaydalara uyğun olaraq, məhkəmədən mənə bəraət verilməsini istəməliyəm. Nidaçı dostlarımız təbirincə desək, hazırkı məhkəmə prosesində bu rejimin qurbanları təkcə mən deyiləm. Çünki bu sifarişli cinayət işinə sizin hakim və prokuror kimi təyin edilməyiniz sizi də qurbana çevirib. Əslində, biz bu qəfəsdə, siz isə azadlıqda - hamımız özü boyda qəfəsə çevrilmiş Azərbaycanda girov və qurban həyatı yaşayırıq. Ona görə də sizdən, məcbur edildiyinizdən artıq bir şey tələb etmək mənim üçün də çətindir. Dustaq dustağa necə kömək edə bilər ki? Fərqimiz yalnız ondan ibarətdir ki, mən bütün bu gerçəklikləri görürəm, anlayıram, lakin qəbul etmirəm. Amma, siz bu rejimin girovunda olan şəxslər kimi, mənim şərlənərək həbs olunumağım və burda sizin qarşınızda qondarma «milli» maddə ilə ittiham olunmağım sizin mərhəmmət hissinizə təsir edə bilməz.

Peyğəmbər balası imam Hüseyni qətlə yetirmək istəyənlərə, imam etdiyi nəsihətlərin sonunda belə dedi. «Mənim haqq sözüm sizə ona görə təsir qoymur ki, sizin bədənininiz haram tikələrlə bəslənilib». Lənətlik Yezidin əmrini yerinə yetirirək İmamı qətlə yetirən dəstənin başçısı, Ömər ibn Səədə vədd olunan vilayət rəhbərlyi belə ona verilmədi. Axirətindən məhrum olunmuş, Ömərin bü dünyası da puç oldu. Sizlər, bugün bu rejimin qanunsuz əmrlərini yerinə yetirməklə mən və mənim timsalımda şərlənərək həbs olunan Nidaçılar başda olmaqla, İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, Qurban Məmmədov, Anar Məmmədli, Taleh Bağırzadə, Abgül Süleymanov, Əvəz Zeynalllı, Hilal Məmmədov, Ömər Məmmədov, Elsevər Mürsəlli, Rəşad Ramazanlı, Rauf Mirqədirov, Pərviz Həşimli kimilərin barəsində hökm verməklə, bu dünyanızı abad etdiyinizi düşünürsünüz? Amma Ömər ibn Səədin aqibətini unutmamağınızı diqqətinizə çatdırıram. Gün gələcək sizlər də Fərhad Əliyevin, Əli İnsanovun aqibətini yaşayanda, hakimiyyətin sizi ittiham edəcəyi əməllərdən biri də şərlənərək həbs olunmuş şəxslər barəsində verdiyiniz hökmlər olacaqdır.

Həbs olunduqdan sonra ictimaiyyətə göndərdiyim ilk qisa müraciətimi bir daha xatirlatmaq isteyirəm. Vicdani, əqidəsi, mənliyi olan hər bir insandan dəstək gözləyiəm, mən günahsizam məni şərliyiblər. Bu müraciətimdən sonra müdafiəmə qalxan və qalxmağa calişan hər bir insana minnətdarlığımı bildirirəm.

Məhkəmələr millətin vicdanıdı. Mənə oxuyacağınız hökm, sizə görə bir neçə səyifəlik, kağızdan ibarət ola bilər, amma tarix baxımından, verəcəyiniz hökm millətin vicdanına, namusuna yazılacaq qara ləkədir. Bu ləkədə imza sahibi olmaqdansa dəmir barmaqlıqlar arasında olmaq şərəfdir».
XS
SM
MD
LG