Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:34

«Məktəb illəri» mahnısı kədərdən, ölümdən yaranıbmış - Müəllifi danışır


Kəmalə Abıyeva
Kəmalə Abıyeva

-

"OxuZalı"nda ən çox oxunan


"Düşünürdüm ki, Validə ən azı məktəb direktoru olar, incəsənətə getsə, tanınmış bir aktrisa olar. Amma qarşımda kasıb, səsi batmış, olduqca aciz adam dayanmışdı".


"Oxu zalı"nda başladığımız "Məktəb illəri" layihəsində ilk həmsöhbətimiz məzunların son zəng himninə çevrilən məşhur "Məktəb illəri" mahnısının sözlərinin müəllifi, şairə, fizika müəlliməsi Kəmalə Abiyevadır..


- Kəmalə xanım, bir müddət öncə məktəblərdə məzunların son zəngi çalındı. Bir müəllimə kimi şagirdlərinizi həyatın yeni mərhələsinə uğurladınız. Bəs öz məktəb illərinizi necə xatırlayırsınız?

- Çox yaxşı xatırlayıram. Məktəbdə sevilən, seçilən şagird olmuşam. Tərifləmək kimi çıxmasın, məndən sonra qohumlarımdan o məktəbdə kim oxuyubsa, məni nümunə gətiriblər. Əlaçı olmuşam, ədəbiyyata xüsusi marağım olub. Dilçi, ədəbiyyatçı olmaq istəmişəm. Elə olub ki,dərsdə müəllimi mən əvəz etmişəm. Müəllimlərimin sevimlisi olmuşam.

Nədənsə anam istəyimə qarşı çıxdı. Mən ədəbiyyata hazırlaşdığım halda, sənədlərimi fizika-riyaziyyat üzrə verdim.

Uşaqlıqdan məktəbi çox sevmişəm. Bəlkə də bu, müəllim ailəsində böyüməyimdən irəli gəlirdi. İlk şeirimi də müəllimə, anama həsr etmişəm. Bizə o zaman cəza verəndə böyüklərimiz deyərdilər ki, "sabah məktəbə getməyəcəksən!". Bizim üçün cəza bu idi. Dərsə getmək bizim üçün çox vacib idi.

- Artıq uzun illərdir məktəblərin son zəngi müəllifi olduğunuz "Məktəb illəri"nin müşayiəti ilə keçir. Mahnı haqqında danışardınız, necə oldu yarandı?

Kəmalə Abıyeva
Kəmalə Abıyeva



-Həqiqətən də o hissləri yaşayıb yazmışam şeiri. O zaman məktəb indiki kimi deyildi. Hiss etmək olurdu ki,məktəblisən, məktəbdəsən. Bütün yayı düşünərdik ki, məktəbli çantamız, formamız, önlüyümüz, qalstukumuz qəşəng olsun. İndi ümumi məktəb forması olsa da, məktəb havası yaratmır. Qızların saç düzümü, çantaları, ayaqqabıları qəribədir. Biz o zaman savadımızla seçilirdik. Şagird idik. Həqiqətən geyimimiz, hüququmuz eyni idi. Xoşbəxt idik.

Mənimlə eyni vaxtda oxuyan bir sinif yoldaşım vardı. Çox ədalı qız idi, gözəl saçları və səs tembri vardı. Gözəl qəzəl oxuyardı. Ədəbiyyat müəllimi ona beş verərdi, səsinə, qəzəli hamıdan gözəl oxuduğuna görə. İncəsənət universitetinə daxil olmaq, aktrisa olmaq istəyirdi. Alınmadı, sonra ədəbiyyat üzrə sənəd verdi.

İllər sonra onunla rastlaşdım. Gördüm ki tanış simadır. Onun qəribə gözləri vardı, tanımamaq olmazdı.O mənə müraciət edirdi, amma mən onu eşitmirdim. Sən demə əməliyyat zamanı səs tellərinə toxunublarmış. Şəxsi həyatı da uğursuz alınmışdı. Məktəb vaxtı ona elə gəlirdi ki, o, dünyanın ən gözəl qızıdır, ən gözəl fakültədə oxuyacaq, nə bilim, nazir olacaq. Bəlkə də bu xəyallarla yaşayırdı. O isə güclə eşidiləcək səslə danışırdı. Uzun saçları var idi, çox qəribə idi. Yaşımıza görə çox yaşlı görünürdü. O mənə baxıb soruşdu: "Tanımadın məni?" Dedim: "Tanıdım". Çox məyus oldum əslində. O ədalı qız, gözəl səsli qız hardadı indi? Yoxdur o qız.

Kəmalə Abıyeva
Kəmalə Abıyeva



Məktəbdən sonra, tələbəlik illərində münasibətimiz bir müddət davam etmişdi, ailə qurandan sonra əlaqəmiz kəsilmişdi. Onun çox kasib yaşadığını, çətinlik çəkdiyini bilirdim. Adı Validə idi. Düşünürdüm ki, Validə ən azı məktəb direktoru olar, incəsənətə getsə, tanınmış bir aktrisa olar. Amma qarşımda kasıb, səsi batmış,olduqca aciz adam dayanmışdı. Heç həmənki qız yox idi. O zaman mən "Məktəb illəri"nin birinci bəndini yazdım. Səhnə mənə çox təsir etmişdi.

Sonra başqa şagird yoldaşlarım yadıma düşdü. Xəbər tutdum ki, bir şagird yoldaşım da avtomobil qəzasına düşüb. Fikirləşdim, məktəbdə necə xoşbəxt olmuşuq. Amma bilmməmişik ki, həyat başımıza sonralar nələr gətirəcək. O hisslər şeri yazmağa məcbur etdi məni. Şeir əslində bitməmişdi, yazılsaydı kiçik lirik bir poema alınacaqdı. Aygün xanım (bəstəkar Aygün Səmədzadə - G.A.) şeir dəftərimi özüylə aparmışdı. Bu şeiri görəndə mənə zəng vurdu, söhbət etdik. Əhvalatı ona danışanda maraqlı gəldi, dedi mahnı yazmaq istəyir. Mən də dedim, "Aygün, axı buna necə mahnı yazıla bilər, başdan ayağa kədərdir". O dedi "mən yazaram, sən bu şeiri tamamla". Yazdı. Çox keçmədi, bir neçə gün... Aygüngilin bağlarında, Buzovnada gecələr biz mahnını oxuyardıq. Aygün xanım oxuyardı, biz də ona qoşulub oxuyardıq. İkimiz də bilirdik ki, mahnı dillər əzbəri olacaq. Mahnı şeirə elə hopmuşdu ki.. Ötən il 15 yaşı oldu mahnının.

- Lalə Məmmədovadan sonra bu mahnını heç kim o qədər təsirli oxumayıb. Təkrarolunmaz ifadır.

-Lalə "Məktəb illəri"ni oxuyanda təxminən 20 yaşı olardı. Danışanda, deyir bəlkə o vaxtkı kimi indi oxuya bilməzdim.

Söhbət düşəndə bəstəkarlar da deyirlər ki, bu mahnıdan sonra məktəb mövzusunda nəsə yazmaq çox çətindir. Mahnımız çox sevildi. (ardı aşağıda)



-Şagirdləriniz haqda nə düşünürsüz?

-Dərsdə şagirdlərin üzünə baxıram, düşünürəm, onlar xoşbəxt olduqlarını niyə başa düşmürlər?! Birinə gec cavab verəndə, acıqlananda küsür, inciyir.Bu onlar üçün böyük dərdə çevrilir. Hamımız belə olmuşuq. Doğrudan da bir müəllim töhmətindən necə için-için yanırdıq.. Həyatdan xəbərimiz olmayıb. Məktəbdə yazı lövhəsindəkiləri bir silgiylə pozmaq asan idi bizim üçün. Amma insanın başına elə şeylər gəlir ki, onları heç vaxt pozmaq olmur.

Həqiqətən insan yalnız uşaq vaxtı xoşbəxt olur. Böyüyəndən sonra qayğıları, məsuliyyəti artır.Şagird olanda hamı sənin qayğını çəkir. Məktəbi bitirəndən sonra sən də qayğı çəkən bir adam olursan. Məsuliyyəti çəkilən yox, məsuliyyət çəkən olursan. Mənim ürəyim çox istəyir ki, yelləncəkdə yellənim. Amma edə bilmirəm. Uşaq olanda bunu etməyə nə var?! Yaşlı vaxtında bunu uşaqdan da çox istəyirsən.

- Bəlkə cəmiyyətimiz özünü çox komleksə salıb, ondan irəli gəlir?

-Mən xarici ölkələrdən birinə gedəndə sərhədi keçərkən çoxlu yelləncəkləri olan park gördüm. Qaçdım o yelləncəklərə doğru.Yelləncəyə minib, başladım yellənməyə. Sevinirdim, gülürdüm. Onda avtobusda gələn digər qadınlar da baxıb mənə qoşuldular. Hamını gülmək tutdu. Hamımızın içində bu istək vardı.

-Özünüzü xoşbəxt hiss etdiz?

-Xoşbəxt hiss etdim.

-Yəqin biz öz istədiklərimizi edə bilmədiyimiz üçün xoşbəxt ola bilmirik.

-Doğrudur, biz həmişə fikirləşirik qohum-qonşu nə deyər? Bəzən çox şişirdirik. İnsan həyata bir dəfə gəlir.Məncə, heç kəsi mühakimə etmək olmaz əslində. Biz isə yaxşılıq etməkdən daha çox kimisə qınamağa, mühakimə etməyə hazırıq.

XS
SM
MD
LG