Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:51

Şah İsmayılın soyqırımda suçlanmasına Türkiyədən etiraz


Qurban Əzimi
Qurban Əzimi

-

Əgər Şah İsmayıl bütün xalqın məzhəbini soyqırım edərək dəyişdirmiş olsaydı, günümüzdə İranda sadəcə Ələvilik olardı.

Türklər Səfəvilərdən çox öncə də məzar ziyarəti edən, onlara qurbanlar kəsən, acılarını ağlayaraq göstərən bir millət olmuşlar.

Iran Azərbaycanından olan və hazırda Türkiyədə yaşayan Qurban Əzimi də Azadlıq Radiosunun “Oxu zalı”nda Çaldıran döyüşünün 500 illiyi ilə bağlı keçirilən debata qoşuldu. O öz məqaləsində Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalpın yazısına etiraz edir.

Qurban Əzimi

ÇALDIRAN DÖYÜŞÜ: MƏZHƏB DAVASI, YOXSA GÜC MÜCADİLƏSİ?

Güntay Gəncalpın "Çaldıran savaşı üzərinə düşüncələr və incələmələr" adlı yazısına cavab

Tarixi olayları incələmək və tarixin qaranlıq məsələlərinə işıq tutmaq, əlbəttə, hər millət üçün gərəkli bir mövzüdür.

Ancaq sözügedən incələmələr səhv informasiya əsasında edilirsə, qaranlıqların heç biri aydınlığa qovuşmaz, əksinə daha da qaranlıq hala gələ bilər.

Göründüyü kimi Güntay bəy özünün tarixşünas olduğunu iddia etsə də, mövzuya yanaşması əskik və səhv informasiyalar əsasında olmuşdur.

Bu günlərdə İslam coğrafiyası məzhəb savaşları ilə çalxantılı bir dövrə girmişkən, tarixi soyqırımlardan bəhs etmək heç də duyarlı bir davranış deyildir.

Ayrıca Güntay bəyin Səfəvilərə yanaşması, iddiasının əksinə, problemlərin kökünə enmədən, üzdən və səthi bir informasiya ilə olmuşdur.

Çünki qızılbaşlıq inamı ve fəlsəfəsi ilə qızılbaşlığın tarixi inkişafı haqqında yetərincə bilgisi olmayan birindən mövzunun dərinliyinə enməsi gözlənilə bilməz.

Güntay Gəncalp
Güntay Gəncalp

Güntay bəyin yazısının başlığı başqa, giriş-gəlişmə və nəticə bambaşqa.

Yazının bütövü bir-biriylə uyumlu olmadığı kimi, möhtəvasında iddia edilən (özü də bu iddialarda çox qəti kəlmələr istifadə olunur. Məsələn, “heç bir” kimi) bəzi informasiyalar da gərçək bir əsasa dayanmır.

O, hətta bununla da kifayətlənməmiş; "Yəni Çaldıranda Osmanlı deyil, Səfəvi qalib olsaydı, Şah İsmayılın yardımı ilə Vatikan İstanbulu geri alacaq və Anadoluda nə qədər müsəlman Türk var, hamısını Şah İsmayılla bir yerdə qətl edəcəkdilər, Ankaraya qədər də İran olacaqdı." kimi bəzı qəti tarixi “öncəgörmələr” və ya falçılıqlar etmişdir.

Yazının digər böyük qüsuru isə iki cümləyə göstərilən qaynaq xaricində heç bir qaynağın istifadə edilməməsidir.

Yazıda qüsurlu və ya səhv gördüyümüz informasiyalara gələk. Güntay bəy yazır ki:

"Səfəvilərə qədər bizim millət (Türklər) Dədə Qorqud nağıllarını oxuyurdu, Səfəvilərdən sonra məzarları ziyarət edən, başına döyüb ağlayan fərqli bir xalq ortaya çıxdı."

Türklərin qurduğu, bilinən ilk böyük dövlət olan Hun İmperatorluğunun (MÖ.209-MS.216) ənənələri haqqında Çinlilər bu informasiyaları vermişdir: “İlin ilk ayında bütün bəylər Şanyünün otağında toplanaraq dini ayin icra edərdilər. Beşinci ayda Lung-chengdəki böyük toplantıda atalarına, göyə, yerə, ruhlara ve tanrılara qurban təqdim edərdilər”.*

______

*Prof. Dr. Ayşe Onat, Han Hanedanlığı Tarihi-Hsiung-nu (Hun) Monografisi, TTK, Ankara 2004, s.8.

Yenə qədim Türklərdə ölünün xatirəsinə icra edilən yox olmaqdan gələn "yuğ" mərasimləri tərtib edilərdi. Bu arada acılarını dilə gətirmək üçün bağrışaraq üzlərini, gözlərini didərdilər. Daha sonra da ölü üçün yemək verərdilər.*

__________

*Prof. Dr. Saadettin Gömeç, Türk Kültürünün Ana Hatları, Akçağ, Ankara 2006, s.137.

Şah İsmayıl dövründə Səfəvi bayrağı
Şah İsmayıl dövründə Səfəvi bayrağı

Bu informasiyalardan da başa düşüləcəyi kimi Türklər Səfəvilərdən çox öncə də məzar ziyarəti edən, onlara qurbanlar kəsən, acılarını ağlayaraq göstərən bir millət olmuşlar.

Bir başqa cümlədə isə doğru-düzgün bir məntiqlə bağdaşmayan bir iddia edib belə deyir:

"Səfəvi Dövlətinin quruluşu ilə böyük soyqırımlar nəticəsində xalqımız məzhəb dəyişikliyinə məruz qaldı."

Birincisi, Güntay Bəyin məzhəb dəyişikliyindən öncə Türklərin İslamı qəbullanmasını görməzdən gəlməsi heç də məntiqli bir yanaşma deyildir.

Çünki Türk kültürünə daban-dabana zidd olan bir ərəb kültürü məhsulu olan İslamın Türklər arasında yayılması məzhəb dəyişikliyindən daha önəmlidir. Zatən İslam daha başlanğıcda bir çox məzhəbə bölünmüşdü.

Türklər də özlərini bu qolların içində buldular və öz kültürlərinə ən yaxın olan Qızılbaşlığı/Ələviliyi qəbul etdilər. Ancaq siyasi çıxarlardan ötrü (Böyük Səlcuqluların quruluşunda olduğu kimi) bir qismi Ələviliyi buraxıb Sünniliyə və Şiəliyə keçdi. Yəni İslamdakı məzhəb fərqlilikləri Səfəvilərdən çox öncəki bir problemdir.

Günümüzdə də Orta Asiyadaki Türk dövlətləri başda olmaqla bir çox Sünni Türk dövləti var. Maraqlıdır, onlardan hansı keçmişdə Şah İsmayılın vətəni olan bugünkü Azərbaycan dövlətindən daha yaxşı durumdadır və hansı demokratiya ilə idarə edilməkdədir?

İkincisi, Səfəvi Dövləti qurulduğu sırada İranda yaşayan bütün insanların sünni olduğunu söyləmək tarixi gərçəklərlə uyuşmamaqdadır, çünki Şiəlik daha 7-ci əsrdən etibarən İran coğrafiyasında yerləşməyə başlamışdır*. Səfəvilərin qurulduğu dönəmdə ən azından rəsmən xalqın çoxu Sünnidir deyə bilərik.

_________

*Yasin İpek, Şiadan Kızılbaşlığa Türklerde Alevilik, Ekim Yay., İstanbul 2014, s.23-27.

Əgər Şah İsmayıl bütün xalqın məzhəbini soyqırım edərək dəyişdirmiş olsaydı, günümüzdə İranda sadəcə Ələvilik olardı. Çünki Şah İsmayılın yazdığı nəfəslərdən Onun Ələvi inancına bağlı olduğu açıqdır.

Səfəvi qızılbaş əsgəri
Səfəvi qızılbaş əsgəri

Şiəlik yaklaşık (təqribən ) bir əsr sonra Səfəvi Dövlətində Fars kültürüylə birlikdə rəsmiləşmişdir (Yuxarıda da bəhs etdiyimiz kimi Şiəlik İran coğrafiyasında 7-ci əsrdan etibarən yerləşmişdi).

Ayrıca Güntay bəyin soyqırım olduğunu iddia etdiyi Əfqanıstan və Orta Asiya kimi coğrafiyalarda (Səfəvi Dövləti sərhədləri içində olan coğrafiya) Sünnilik və digər məzhəblər olmazdı. O günkü Səfəvi-Osmanlı qardaş savaşları isə bir məzhəb savaşından çox bir güc mücadiləsidir. Əgər məzhəb basqısı varıydısa, hər iki tərəfdə vardı. Əks halda Anadoluda yaşayan Qızılbaşlar özlərinə edilən basqı və zulmdən qaçaraq Şah İsmayıl ətrafında Səfəvi Dövlətinin qurulması üçün toplanmazdılar.

Güntay bəy tarixi qaynaqları araşdırmadan, məqsədli bir yanaşmayla Şah İsmayılın keçmişini qaralamağa çalışır və bu sualı verir:

"İsmayıl kimdir? Niyə ondan böyük dörd qardaşı haqqında heç bir məlumat yoxdur?"

Şah İsmayılın (1487-1524) kim olduğunu hardasa hamı bilməkdədir.

O ki qaldı onun Xətai təxəllüsüylə yazmış olduğu şeirlərə, onlar sadəcə Anadoluda və İranda deyil, Avropada da bilinməkdədir. Bu şeirlərin yazılmış olduğu əlyazma nüsxələrindən biri London Muzeyində durur.

Bunlardan başqa Daşkənd və Millət Kitabxanası (İstanbul) nusxələri də mövcuddur.

Bu nüsxələrdəki şeirlər qarşılaşdırıldığında, bir qismi bilinməyən şairlərə aid olsa da, çoxunun Şah İsmayılın yazdığı şeirlər olduğu mütəxəssislərcə isbat edilmişdir.*

_____________

*Şah Hüseyin Şah, Şah İsmail Hatâyî Divanı ve Diğer Hatâyî Şiirleri, Pir Sultan Abdal 2 Temmuz Kültür ve Eğitim Vakfı Yay., Ankara 2011, s.9-10.

Şah İsmayılın qardaşları haqqında heç məlumat olmadığı da doğru bir ifadə deyildir. Çünki Türkiyədə yazılan kitabların çoxunda Şah İsmayılın böyük qardaşı Sultan Əlidən bəhs edilməkdədir.

Ağqoyunlu hökmdarı Yaqubun oğlu Rüstəm bəy hakimiyyət mücadiləsinə girişdiyi əmisi oğlu Baysungura qarşı mübarizə zamanı Şah İsmayıl və iki qardaşını (Sultan Əli və Seyyid İbrahim) həbsdən çıxartdırır.

(Bu qardaşları daha öncə Sultan Yaqub həbsə atdırmışdı). Sultan Əli, Baysunguru məğlub edib güclənincə bu səfər Rüstəm onu öldürmə planları hazırlar. Sultan Əli də iki qardaşını çox güvəndiyi yeddi müridi ilə Ərdəbilə göndərir.* Sultan Əli ölmədən öncə tacını İsmayılın başına qoymuşdur.**

_________

* Tahsin Yazıcı, "Şah İsmail Mad.", İslam Ans. (MEB.), c.11, s.275.

**Şah Hüseyin Şah, Şah İsmail Hatâyî Divanı ve Diğer Hatâyî Şiirleri, s.13; Yasin İpek, Şiadan Kızılbaşlığa Türklerde Alevilik, s.75,77.

Digər bir cümlədə yenə tarixi bənzər örnəkləri görməzdən gələrək qaralamağa dəvam edir:

"14 yaşında bir uşağın din biliyi və dövlətçilik təcrübəsi yetərincə ola bilməzdi."

Şah İsmayıl
Şah İsmayıl

Bütün əsərlərdə Şah İsmayılın uşaqlıqdan etibarən yoğun bir təlimə tabe tutulduğundan bəhs edilməkdədir. Ayrıca tarixdə kiçik yaşda dövlətin başına keçib uğurlara imza atan şəxsiyyətlər də vardır. Misal üçün, Fatih Sultan Məhəmməd taxta ilk çıxdığında 12 yaşındaydı və atası Sultan 2-ci Murad taxtı öz istəyilə ona buraxmışdı. Sonrasında düşmənlərin Osmanlıya qarşı tamamən birləşmələrinə qarşılık, Sultan Murad geri qayıtsa da, 19 yaşında yenə taxta çıxmış və İstanbulu 21 yaşında fəth etmişdir.*

_________

*İsmail Hakkı Uzunçarşılı, Osmanlı Tarihi, c.I, TTK, Ankara 2003, s.430-433,452.

Bu da istedad və zəkanın çox gənc yaşda da təsirli ola biləcəyini bizə göstərməkdədir. Bundan başqa Şah İsmayılın atası və dədəsinə qarşı hörmət bəsləyən xalq, yuxarıda bəhs edildiyi kimi, böyük qardaşı Sultan Əli tərəfindən başına tac qoyularaq öz yerinə təyin edilən Şah İsmayıla da eyni hörməti göstərmişdir. Şah İsmayıl da istər yazdığı nəfəslərlə, istərsə də savaşlardakı uğurlarıyla bu hörmətə layiq olduğunu isbat etmişdir.

Yenə Güntay bəy tarixi gərçəkləri görmədən, Şah İsmayıl'ə bu sözlərlə qaralamağa çalışır:

"Təbrizdə, Ərdəbildə, Heratda Şah İsmayıl Türk soyqırımı həyata keçirdi."

Türkcəni rəsmi dil elan edən və danışan, nəfəslərini Türkcə yazan Şah İsmayıl necə ola bilərdi ki, Türk soyqırımı etsin?

Şah İsmayıl dövrü Türk dilinin bir dövlət dili olaraq istifadə edilməsi baxımından önəmlidir. Rus şərqşünas V.V. Bartold, bu haqda bunları yazmışdır: "Səfəvi silsiləsinin qurulduğu bölgə olan Azərbaycandakı xalq Türkcə danışırdı. Türk dili sonradan Səfəvilər Dövlətinin saray və qoşun dili olaraq istifadə ediləcəkdi."

M. Cavadovaya görə isə, "Ağqoyunlu və qaraqoyunlu hakimiyyəti dönəmində Türk dilinin əhəmiyyəti artmış, rəsmi dil Farscayla birlikdə sarayda yaşayan Azərbaycan şairləri öz dillərində şeirlər yazmaqda və ədəbi mərasimlər təşkil etməkdəydilər… Bu dilin dövlət dili səviyyəsinə yüksəlməsində isə Şah İsmayıl dövrünün rolu çox büyükdür."

Şah İsmayılın Türkcəyə verdiyi önəm iranlı tarixçilərin də diqqətindən qaçmamışdır. Bunlardan Abdullah Razi belə deyir: "İsmayılın ilk icraatı Şiəliyi İranın dövlət məzhəbi etmək olduysa, ikinci icraatı isə Türkcəni dövlətin dili elan etmək olmuşdu."

Səfəvi İmperiyası ən güclü vaxtlarında
Səfəvi İmperiyası ən güclü vaxtlarında

Türkiyəli tarixçilərdən Faruk Sumer isə bu haqda bunları yazmışdır: "Türkcə yalnız əmrlərin dili deyil, silsilənin də ana dili idi. Şah İsmayılın Farscadan çox Türkcə şeirlər yazması və Əlişir Nəvainin əsərlərinə düşgünlüyü ana dilinin Türkcə olmasından irəli gəlirdi." *

_______

*Prof. Dr. Aygün Attar, "Şah İsmail'in Kültür Mirası", Birinci Uluslararası Şah İsmail Hatai Sempozyum Bildirileri, (Haz. Gülağ Öz), Ankara 2004, 1-12, s.5-6.

Şah İsmayıl yuxarıda da yazıldığı kimi məzhəb dəyişikliyi sırasında bir qism Sünniləri öldürmüşdür. Türklərə soyqırım etməsi isə məntiqsiz bir iddiadır. Ayrıca Güntayın yazısında Anadoludakı küskün Türklərin Səfəvi Dövlətinə qatıldığı yazılmaqdadır.

Türklərə dayanaraq dövlətini qurmuş bir dövlət adamı Türklərə qarşı soyqırımı necə həyata keçirə bilərdi? Ancaq bir gerçək vardır ki o da, tarixdən günümüzədək hər dönəmdə və hər cəmiyyətdə siyasi gücü əldə etmə mərhələsində muxalif ünsürlər müxtəlif yollarla sıradan çıxarılmışdır.

Yəni bu durum Şah İsmayıl ilə məhdud deyildir. Əgər keçmişdəki olaylar modern huquq anlayışıyla muqayisə edilirsə, Güntay bəyin məntiqilə, dünya tarixini soyqırımlar tarixi olaraq adlandırmamız gərəkəcəkdir.

Güntay bəy öz hədəfi doğrultusunda tarixi təhrif edərək bu iddianı edir:

"Qızılbaşlar Bayındırlı Türk Dövlətini tarixdən silib, İran-Səfəvi Dövlətini qurdular."

Halbuki Bayındır boyuna mənsub Ağqoyunlu Dövləti Fatihin Uzun Həsənı məğlub etdiyi 1473-ci il Otluqbeli Savaşı sonrasında yıxılmışdır. Bu savaşda aldığı zərbə ilə yaxşıca zəifləyən və sonrasında taxt boğuşmaları ilə çöküşə gedən Ağqoyunlulara, ancaq son zərbəni Səfəvilər vurmuşdur*.

Başqa bir yerdə qəti bir iddia ilə bunu söyləməkdədir:

"Çaldıran (1514) məğlubiyyətindən sonra Varsaqlar kimi Anadoludan gələn Türkmənlər geri qayıtdılar."

Halbuki Türkmənlərin bir qısmı qayıtmış olsa belə, böyük bölümü qalmış və günümüzdə də Əhli-Həq qızılbaşlar olaraq öz inanclarını Türk dilində o coğrafyada yerinə gətirərək yaşamaqdadırlar. Əyər Varsaqların çoxu qayıtmış olsaydı, Səfəvi saraylarında bir Varsaq şeir kültürü oluşa bilməzdi. Ayrıca Varsaq Suca Bəy 1564 tarixində Xorasanda dirlik sahibi olaraq görünməkdədir. Varsaqların da digər Türkmən boyları kimi Səfəvi Dövlətinin quruluşuna qatıldıqları bilinməkdədir**.

____________

* İsmail Hakkı Uzunçarşılı, Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri, TTK, Ankara 2003, s.193-197; Yasin İpek, Şiadan Kızılbaşlığa Türklerde Alevilik, s.79

** Ahmet Gökbel, "Osmanlı-Safevi Münasebetlerinde Varsak Türkmenleri'nin Konumu", Birinci Uluslararası Şah İsmail Hatai Sempozyum Bildirileri, (Haz. Gülağ Öz), Ankara 2004, 115-124, s.120.

Digər bir yerdə Osmanlı ilə bağlı deyir ki:

"Osmanlının içindən milli Türk dövləti çıxdı."

Osmanlı Çaldıran Savaşı ilə, daha doğrusu Yavuz ilə birlikdə milli Türk dövlətindən çıxıb Sünni və Ərəb kültürünün hakim olduğu bir dövlət olmuşdur.

Milli Türk dövlətini quranlar zatən, Ərəbcə, Farsca və Türkcə'dən təşkil olunan Osmanlıcanı ölkənin hâkim dili halına gətirməzdi. Keçmişdən günümüzə Türk kültürünü qoruyanlar isə əksəriyyətlə Qızılbaş/Ələvi Türkmənlərdir. Türkmənlər də ancaq dövlət otoritəsinin az ve ya heç çata bilmədiyi dağlıq yerlərdə yaşayaraq bu kültürü qoruya bilmişlərdir. Bu gün Türk kültürünün Anadoluda canlılığını qoruması onlar sayəsində olmuşdur.

SON

___________________________________

Türkiyədə təhsil əhli-haqq cəmiyyətinə mənsub Azərbaycan türkü Qurban Əzimi 1980-ci ildə Marağa şəhərində dünyaya gəlib. Beynəlxalq münasibətlər üzrə təhsil alıb. Hazırda İranda Azərbaycan türklərinin milli-mədəni haqları üçün çalışan fəal olaraq Türkiyədə yaşamaqdadır.

XS
SM
MD
LG