Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Siçovullar arasında yaşayan köçkünlər... [Video]


Siçovullar arasında yaşayan köçkünlər...
Gözlə

No media source currently available

0:00 0:06:52 0:00

Siçovullar arasında yaşayan köçkünlər... [Video]

-

Qonaq gəlib deyə, bir-birlərinə müjdə verər kimi sevincək qaçışırlar... Uşaqlıqları bu binada keçib, elə məktəbləri də, oyun meydançaları da, evləri də buradır... Söhbət Binəqədi rayonu, 9-cu mirkorayon, Həmzə Babaşov ünvanında yerləşən binadan gedir. El arasında «skorı» binası (təcili yardım) kimi tanınan bu yarımtikili 20 ildir məcburi köçkün ailələrinin sığınacağına çevrilib. Niyə yarımtikili? Az sonra biləcəksiniz...

«QƏRAR NECƏ VERİLİB Kİ, KİM KÖÇÜRÜLÜR, KİM YOX?»

Nəhayət, ötən il bu ailələrin üzü gülüb. Müjdə gəlib ki, ailələr məcburi köçkünlər üçün Masazırda tikilən yeni binalara köçürüləcək. Beləcə, 2013-cü ilin iyununda binada məskunlaşan ailələr köçürülür. Amma yarısı. Qalanlara da deyilir ki, ikinci mərhələdə də onlar köçürüləcək. İndi bu vəddən, nə az-nə çox, bir il ötür. Xocalı köçkünü Cəmalə Musayeva yaşadığı otaqdakı siçan-siçovul yuvalarını göstərib, söhbətə başlayır:

«Kimin köçürülüb, kimin köçürülməməsi qərarı necə verilibsə, bizə məlum deyil. Himayəmdə azyaşlı uşaqlarım var. 1996-cı ildən burada məskunlaşmışıq və 18 ildir burada yaşayırıq. Amma yeni mənzillərin hansı şərtlərlə paylandığı açıqlanmır. Kim pul veribsə, onu da köçürüblər. Pulu olmayan, əslində bu mənzillərə kəskin ehtiyacı duyanlarsa köçürülməyib».

DÜNYANIN UNUDULMUŞ YERİ...

Elektrik naqilləri, su xətləri, qaz boruları... Hamısı bir-birinin yanındadır. Qopub-qırılmış, sınmış su borularından tökülən su üstü açıq elektrik naqillərinə damcılayır... Hörümçək yuvasını xatırladan elektrik naqillərinin altında oynamaq bina sakinləri üçün adi hala çevrilib. Hər saniyəsi qəza və təhlükə xofu yaşadan bu binada tez-tez yanğın xəbərləri çıxır. İyunda baş verən güclü külək binanın çardağını da qoparıb. Sakinlər burada özlərini müharibədəki kimi hiss edirlər:

«Burada həyatımız hər an təhlükədədir. Hökumət qaçqın və məcburi köçkünlərə qayğıdan danışır, amma biz burada TV-də göstərdikləri dünyanın ən unudulmuş yerlərindən pis vəziyyətdə yaşayırıq».

Yarımçıq binanın sakinləri sürahısız-tutğacsız, pilləsiz pilləkənləri göstərib deyirlər ki, bura neçə uşağın həyatına son qoyub:

«Təkcə bu pilləkən, elektrik naqilləri yox, qəzalı binada yaşamağın özü göz görə-görə dövlətin öz vətəndaşını təhlükəyə atmasıdır».

Sakinlər danışmağa çox da həvəsli deyillər. Əllərini yarımçıq tikili binaya tuşlayıb, yerlə uzanan su xəttini, havadan asılı elektrik naqillərini, üfunət qoxan dəhlizləri, yanından ötmək də əzaba çevrilən ayaqyolunu göstərib, əlavə şərhə ehtiyac olmadığını bildirirlər.

QAÇQINKOM: «İNDİYƏDƏK NECƏ YAŞAYIBLARSA...»

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov bildirir ki, binada qalan sakinlər yeni bina tikiləndən sonra köçürülə bilər:

«Gərək yeni bina tikilə ki, yerdə qalan sakinlər də köçürülə. Yeni binanın tikintisi barədə Nazirlər Kabineti qərar verməlidir. O sakinlər indiyəcən necə yaşayıblarsa, indən sonra da elə yaşasınlar. Bu məsələni həll etməyə çalışırıq».

Sənan Hüseynov məcburi köçkünlərə burada yaşamağı tövsiyə edir, məcburi köçkünlərsə şöbə rəisinə bircə gün gəlib burada qalmağı:

«Burada heç kim yaşaya bilməz. Hökumət hər il büdcədən milyonlar ayırır. Bizə o puldən nəsə çatmır. Çatsaydı, bizə belə vəziyyətdə yaşamağı tövsiyə etməzdilər».

10 İLƏ 3.6 MİLYARD MANAT...

Nazirlər Kabinetinin 2013-cü ilin yekunlarına dair parlamentə hesabatında baş nazir Artur Rasizadə ölkədə qaçqın və məcburi köçkünlərin vəziyyətinə də toxunub. Bildirib ki, təkcə ötən il bu kateqoriyadan olan ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına 2003-2013-cü illərdə 3 milyard 600 milyon manat xərclənib:

«2013-cü ildə 29 min nəfər məcburi köçkün yeni mənzillərə köçürülüb. İl ərzində məcburi köçkünlərin sosial vəziyyətlərinin həllinə 637 milyon manat xərclənib».

«Skorı» - təcili tibbi yardım xəstəxanası üçün tikilən, amma yarımçıq qalan, sonradan məcburi köçkünlərin sığınacağına çevrilən bu bina bəlkə də zamanın acı zarafatıdır. Sakinlər deyir ki, elə yaşadıqları binanın adı kimi onların da təcili yardıma ehtiyacları var. Ümidlidirlər... Ümid edirlər ki, prezident onların vəziyyətindən xəbərdar olsa, problemləri tezliklə həllini tapar və... Və büdcədən ayrılan milyonlardan onlara da pay düşər...

XS
SM
MD
LG