Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

Ömrü boyu əzab çəkirsən, doğduğun uşaqlar ölü çıxır


Gündüz Ağayev
Gündüz Ağayev

Rəssam Gündüz Ağayevin yazısı

-

Bir rəssama ki rəsmindəki cinsi orqana görə onu himayəyə götürənlər irad tutur, rəssam da bu irada boyun əyib rəsmini sərgidən götürür, burada müasir incəsənətdən söz gedə bilməz.

Gündüz Ağayev

Karikaturaçı rəssam

İBTİDAİ ŞƏRTLƏR ALTINDA YARANAN MÜASİR İNCƏSƏNƏT

Yaradıcılıq prosesində heç də hamının təsəvvür etdiyi kimi həmişə həzz anları olmur.

Ola bilər kimsə işlədiyi vaxt həzz alsın, sevinsin ki, yaratdığı əsər istədiyi kimi uğurlu olsa, ona dünya şöhrəti qazandıracaq, maddi gəliri artacaq və yenidən işləməyə həm zamanı, həm imkanı olacaq, həm də dediyimiz ilham pərisi öz ayaqları ilə yanına gələcək.

Amma bilirəm ki, bu yaradıcı sevinc, həzz alma, orqazm bizim ölkədə baş verə bilməz. Hə, o zaman deyə bilərsiniz, ətrafımız doludur yaradıcılığından həzz alanlarla, bəs onlar nece olsun?

Deyə bilərəm ki, sizin ətrafınızdakı yaradıcılığından həzz alanların çoxu artistlik edir.

Çünki sadaladığım ardıcıllıq yalnız və yalnız azad mühitdə baş verir.

Bizdə isə hər şey bəllidir. Əlbəttə ki, söhbət müasir dövrdən, müasir incəsənətdən gedir.

Burada sizə bir təsəlli verim.

Eyni vəziyyət Avropanın özündə də cərəyan edib. Pikasso, Salvador Dali, Modilyani, Şaqal və başqaları Parisə öz xoşları ilə gəlməyiblər.

Onları ora cəlb edən Paristəki azad yaradıcı mühit, rəqabət, kolleksionerlərin bolluğu və onlara verilən dəyər idi.

Sovet imperiyası qurulandan sonra bir çox avanqard rəssamlar Avropaya üz tutdu. Yenə də azad mühit.

Azad mühit yaradıcı insana hava, su kimi vacibdir.

Onların filosoflar, siyasətçilər qədər güclü iradələri yoxdur ki, avtoritar, qeyri-demokratik ölkədə qalıb mübarizə aparsınlar.

Qəlbləri incədir, hər an sarsıntı keçirib qırıla bilərlər.

Qapalı mühitdən başını götürüb qaçan qaçır, qaçmayan isə palaza bürünüb el ilə sürünür.

Mənim dediyim toplum üçündür.

İçərilərindən tək-tük adamlar çıxa bilər. Amma ümumi götürsək bu belədir.

Müasir incəsənət dünyada baş verən texniki tərəqqidən, söz azadlığı uğrunda mübarizədən bir addım geridə qalır.

Bunu prosesə dəstək kimi də qiymətləndirə bilərik.

Həm də özünü qoruma instinkti də ola bilər. Bu Avropada baş verdi.

Avtoritar, totalitar rejimdə, vətəndaşın söz və mülkiyyət hüquqlarının pozulduğu, yaradıcı və digər monopoliyalar olan ölkədə müasir incəsənətdən danışmaq gülüncdür.

Stalinin avanqard rəssamları ölkədən qovması, Putinin "Война" qrupunun başına nə oyunlar açdığı buna misaldır. (ardı aşağıda)

Gündüz Ağayevdən karikatura
Gündüz Ağayevdən karikatura

1962-ci ildə Moskvada keçirilən avanqard rəssamların sərgisində Nikita Xruşovun “Выставка говно, Художники пидорасы” təhqiramiz sözləri heç kimi təəcübləndirməmişdi.

Çünki hamı hər şeyi bilirdi, rəssamlar da baş katibdən bu cür reaksiyanı gözləyirdilər.

Nəticə də nə baş verdi? 70 il ərzində minlərlə, Xruşovun təbirincə desək, xalqın pulu ilə təhsil alan, xalqın çörəyini yeyən, xalq üçün çalışmağa məcbur edilən rəssamlardan tarixdə qalanların indi tək-tükünün adını çəkmək olar.

Hansılar ki, sosrealizmdən az da olsa kənara çıxırdılar, amma ona da çalışırdılar ki, başqalarından çox da fərqli görünməsinlər. Kuzma Petrov-Votkini buna misal çəkmək olar.

Təsəvvür edin, görün qapalı mühit prosesi nə qədər ləngidir. Nə qədər istedad məhv olub gedir.

Əvvəl də yazmışdım, yaradıcı prosesdən kimlərsə həzz alır, kimlərsə əzab çəkir. Ümumiyyətlə götürsək bu proses doğuş kimi bir şeydir.

Nəticədən çox şey asılıdır. Biri var ömrü boyu yaradıcı prosesin əzabını çəkəsən, biri də var doğuşdan azad olub dərindən çəkdiyin əzablarının bəhrəsini görüb həzz alasan.

Məsələn, Fransa rəssamı İv Klayn oturub fikirləşib nə edim ki, dünyada yeni söz olsun. Ona məşhurluq gətirsin. Və nəhayət “Göy beynəlmilən Klayn” konsepsiyasını yaradıb.

Alman rəssamı Yozef Boys faşist təyyarəçisi olub. Krım üzərində vurulub, yaralı olub, bir müddət əsirlikdə olub və vətəninə qayıdandan sonra müharibəyə qarşı olan əsərlər yaradıb.

Hər iki rəssam dünyada uğur qazanıb. (ardı aşağıda)

Gündüz Ağayevdən karikatura
Gündüz Ağayevdən karikatura

Bizdə isə birincidir. Ömrü boyu əzab çəkirsən, doğduğun uşaqların ölü çıxır. Çox dəhşətli səhnədir. Anlaya bilmirsən nəyə görə belə olur.

Səbəblər çox, üstəlik özümüzün də günahımız N qədər.

Heç kimin boynuna yük qoymaq fikrim yoxdur. Nümunə olaraq özümü misal çəkəcəm.

Mən aylıq gəlirli işimdən çıxıb gəlirəm kirayə tutduğum emalatxanaya. Başlayıram işləməyə. Birdən sual yaranır.

Bunu nə üçün, kiminçün edirəm?

Məni nə vadar edir ki, hər dəfə yorğun-arğın gəlib burada can qoyum.

Bax burada ömrü boyu çəkilən yaradıcı əzablar düsturu yadıma düşür.

Təsəvvür edin, tək-tənha emalatxananda işləyirsən və eyni zamanda anlayırsan ki, telefonuna zəng vurub səni axtaran nə kurator olacaq, nə də hansısa azad fəaliyyət göstərən təşkilatın üzvü.

Onu da bilirsən ki, qapını açıb içəri girən kolleksioner də olmayacaq. Nə üçün geridə qaldığımızı anlayıram.

Bir dəfə Cordano Bruno haqqında filmə baxırdıq. Min-bir əzabdan, dustaq həyatından sonra ona deyirlər ki, sözündən dönməsə, tonqalda yandırılacaq. Cordano sözünün üstündə durur və tonqalda yandırılır. Qayıdıb dedim ki, məni indi tutub əzab versələr, həmin dəqiqə sözümü geri götürərəm. Adını çəkmək istəmədiyim tanışım mənə bu sözləri dedi. Onun ideyası var idi. Bəs sənin nəyin var?

Bu hər şey deməkdir. Elə deyilmi? Nə ideyamız var, nə də tutduğumuz yolun məqsədi. Sadəcə uşaq bağçası kimi hər şey qaydasındadır deyib özümüz üçün çəkib yaradırıq.

Bax bizim günahımız bundadır. Bir rəssama ki rəsmindəki cinsi orqana görə onu himayəyə götürənlər tərəfindən irad tutulur, rəssam da bu irada boyun əyib rəsmini sərgidən götürür, burada müasir incəsənətdən söz gedə bilməz.

Halbuki bunu Avropa 19-cu əsrdə Qustav Kurbenin “Dünyanın yaradılışı” əsəri ilə artıq həzm edib. Bizdən qat-qat kasıb olan Gürcüstanın paytaxtı Tbilisdə küçə incəsənəti bizdən fərqli olaraq inkişaf etməkdədir. Əcəba nədir bunu sirri?

Xalqdan da çox şey asılıdır. Gərək ənənə olsun. İnsanlar muzeylərə, sərgilərə getsin, maraqlansınlar ki, 20-ci əsrdə bu qədər cərayanın yaranmısının səbəbi nədədir, bu rəssamlar nə istəyirmiş?

Bunun ağrılı tərəfi odur ki, yüksək intellekt tələb edən müasir incəsənət əsərini bilmirsən kiminçün yaradırsan. Əgər antiimperialist, antikapitalist, anarxist rəssam Benksinin qraffitisinin divardan bələdiyyə tərəfindən silinməsinə imkan verməyən cəmiyyət varsa, Benksi kimi cəsarətli rəssamlar da yetişəcək.

Rəssamın, ümumiyyətlə yaradıcı insanın gərək söykəndiyi bir toplum olsun. Anlasın ki, yuxarılar onu qəbul etməsələr də, cəmiyyət onu yaşadacaq. Bunun özü də bir stimuldur.

Dırnaqarası uğur qazanmaq üçünsə gərək sən kimisə tərifləyəsən, avanqard rəsmlərində qırmızı xətti keçməyəsən, daha çox milli ornamentlərdən istifadə edəsən ki, avropalılar səni tanısınlar. Bilsinlər ki, sən Azərbaycanın müasir rəssamısan. Problemləri qabartmayasan, yoxsa biabır olarıq.

İştirak elədiyin sərgilərdə açılışa səndən qabaq kimsə girib bir senzuralı baxış etməlidir. Bunlara əgər etiraz etsən, layihələrdən kənarda qalacaqsan, sənin qapını açıb bir soruşan olmayacaq ki, ay bala nə işlə məşğul olursan? Belə müasir incəsənət olmaz. Bunu müasir incənət kimi dünyaya sırımaq da olmaz.

Vallah olmaz...

Müasir incəsənətin yaranması üçün ilk növbədə azad mühit olmalıdır, yaradıcı insanların fikir azadlığına tolerant yanaşılmalı, onlar maddi asılılıqla sınağa çəkilməməlidir.

Zatən yeni doğulmuş uşaqlardı. Əgər bunlara riayət olunsa dünya müasir incəsənətində ikinci təkər rolunu oynamaq olar.

XS
SM
MD
LG