Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

«Müasir raketləri separatçılara vermiş Moskvadan haqq-hesab tələb olunmalıdır»


-

Tanınmış Britaniya hərbi təhlilçisi, Royal United Services İnstitute analitik-informasiya mərkəzinin hərbi təhlilçisi Justin Bronk hesab edir ki, Malayziyaya məxsus MH17 təyyarəsinin rusiyayönlü separatçılar tərəfindən vurulması nəinki Ukrayna münaqişəsində, hətta qlobal terror dünyasında yeni və qorxulu bir mərhələnin başlanğıcından xəbər verir.

Layner «Buk» kimi tanınan SA-11 anti-təyyarə raket qurğusundan vurulub və təhlilçinin fikrincə Rusiyanın Ukrayna separatçılarına hərbi-texniki dəstəyinin bu faciə ilə nəticələnəcəyini əvvəlcədən görmək mümkün idi.

TƏKMİL SİLAH NAŞI ƏLDƏ

Təhlilçi yazır ki, Ukraynanın şərqindəki separatçılar çox böyük bir ehtimalla göyərtəsində 300-dək sərnişin olan mülki təyyarəni Ukrayna hərbi hava qüvvələrinə məxsus təyyarə ilə səhv salıblar və bu, tamamilə təbiidir.

Çünki 20 kilometr hündürlükdə olan təyyarələri vurmağa qabil SA-11 ciddi silahdır və o silahdan raket atan şəxslər mülki aviasiya dispetçerləri ilə daimi əlaqələrə malik olmalıdırlar.

Başqa sözlərlə, belə silahlar yalnız qanuni hökumətlərin ixtiyarında ola bilər. Belə silahlar partizan hərəkatı ilə məşğul separatçı qiyamçılara xas silah deyil.

SA-11 SEPARATÇILARA TƏZƏCƏ VERİLİB

Justin Bronk yazır ki, bu raket qurğularının separatçılara yenicə ötürüldüyü şübhə doğurmur. Kəşfiyyat orqanları separatçıların nəzarətində olan ərazilərdə SA-11 tipli qurğuları yalnız son günlərdən müşahidə etməyə başlayıblar.

Təhlilçinin fikrincə, bu, Ukrayna hökumətinin ölkə üzərində nəzarəti bərpa etmək üçün getdikcə daha çox aviasiyadan istifadə etməsi ilə bağlıdır.

Cənab Bronk yazır ki, Malayziya sərnişin təyyarəsindən bir-iki gün əvvəl məhv edilmiş Antonov hərbi nəqliyyat təyyarəsi də güman ki, separatçılar tərəfindən «Buk»la vurulub.

SEPARATÇILARIN SOSİAL MEDİA FƏALLIĞI ONLARI ƏLƏ VERİB

Bu hadisəyə qədər separatçıların ixtiyarında yalnız əllə daşına bilən SA-18 və SA-24 sistemli raket qurğuları vardı. Bu qurğular isə 7-8 kilometrdən yüksəkdə uçan təyyarələri vura bilmir.

Bu qurğular həmçinin Ukrayna hərbi hava donanmasının ixtiyarında olan zirehli Su-25 qırıcılarının qarşısında da acizdir.

Justin Bronk-un fikrincə separatçılara daha uzaqvuran qurğular verilməsi barədə qərarı Moskvada çox güman ki, Slavyanskın yenidən Kiyevin əlinə keçməsindən sonra veriblər.

Təhlilçi yazır ki, sosial media Malayziya təyyarəsinin vurulmasından sonra daha bir An-26-nın vurulub salınması barədə lovğalanan postlarla dolu idi.

Separatçıların səhv etdikləri bəlli olan kimi bu postlar sosial media şəbəkələrindən yığışdırıldı.

İŞLƏRİ RADAR KORLAYIB

Hərbi analitik qeyd edir ki, SA-11 raket sistemi adətən bir neçə maşınla daşınan hissədən ibarət olur.

Bu əsasən raketi atan qurğunun özü və ona xidmət göstərən nəhəng radardan ibarətdir.

Bronkun fikrincə, ruslar iri radarların görünməməsi üçün daha kiçik və daha az mükəmməl radarlardan istifadə ediblər. Belə radarlar isə Boeing layneri ilə Antonov təyyarəsini «səhv sala» bilərdi.

Ekspert yazır ki, MH17-nin «Buk» raketi ilə vurulduğu şübhə doğurmur və indi əsas diqqət kimin məsuliyyət daşıdığına yönəlməlidir.

«Bütünlükdə vəziyyətin gərginləşməsində rəsmi Kiyev hökumətini ittiham etmək absurddur» - yazır Bronk.

RUSLARIN İPİNİ BOŞ BURAXMAMALI

SA-11-dən Ukrayna hərbçilərinin istifadə etdiyi barədə Moskvadan gələn bəzi iddialar da əsassızdır.

Ukrayna bu qırğın-qiyamətdə Rusiyaya məxsus hərbi təyyarələri vurmaq istəməzdi.

Təhlilçi diqqəti belə bir məqama çəkir ki, Moskva ötən həftə Rusiya ərazisinə düşmüş kiçik mərmi parçasına görə həşir qaldırmışdı. Justin Bronk-un fikrincə, indi növbə Dünya Birliyinindir.

Qərb təkmil raket sistemlərinin separatçıların əlinə düşməsinə görə Moskvanı sözün əsil mənasında sıxışdırmalıdır.

XS
SM
MD
LG