Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:49

Beynəlxalq təşkilatlar Leyla Yunusun həbsini pisləyir [Video]


Leyla Yunus 6, Arif Yunus 2 maddə ilə ittiham olunur
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

Leyla Yunus 6, Arif Yunus 2 maddə ilə ittiham olunur

-

Yazı yenilənir. Ən sonuncu reaksiya yazının əvvəlindədir.

Gözlə

No media source currently available

0:00 0:05:28 0:00
Direct-ə keçid

«O, QANUNSUZ HƏBS OLUNANLARI MÜDAFİƏ ETDİYİ ÜÇÜN HƏBS OLUNUB»

AXCP sədri Əli Kərimli Leyla Yunusun həbsinə münasibət bildirib. O, AzadlıqRadiosuna müsahibəsində bu həbsi mənəvi terror adlandırıb:

«Leyla xanım Azərbaycanda və beynəlxalq aləmdə prinsipial mövqeyi ilə tanınan bir hüquq müdafiəçisidir. Hakimiyyət görəndə ki, o, öz prinsipial mövqeyindən geri çəkilmir, onu susdurmaqdan ötrü bu cinayət işini quraşdırıb. Sadə insanları aldatmaq üçün ona qarşı mənəvi terror həyata keçirirlər. Onu Ermənistana işləməkdə ittiham edirlər. Hansı ki, Azərbaycan hökumətinin bütün strukturları, nazirləri, səfirləri müxtəlif beynəlxalq proqramlar çərçivəsində Ermənistanla birgə müəyyən layihələr həyata keçirirlər. Açığı, mən bunu təqdir etmirəm. Ancaq, bir halda ki, hökumət özü bu layihələri həyata keçirir, Leyla xanımın da analoji addım atması vətənə xəyanət kimi qiymətləndirilə bilməz. Leyla xanımın həbsdən əvvəl İlham Əliyevə iki müraciəti olub. Həmin müraciətlərdə də bildirib ki, istənilən halda öz mövqeyini dəyişməyəcəyik. Biz də onu sona kimi müdafiə edəcəyik. O, başqa qanunsuz həbs olunanları müdafiə etdiyi üçün həbs olunub. Buna görə də cəmiyyət də onu müdafiə etməlidir».

«HƏBS OLUNMASINI GÜMAN ETMİRDİM»

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə Leyla Yunusun həbsinə münasibət bildirib. O, AzadlıqRadiosuna müsahibəsində bu həbsi gözləmədiyini bildirib:

«Çox təəssüf edirəm ki, gözləmədiyimiz halda Leyla Yunus həbs olundu. Mən hesab edirdim ki, dünən o, zorla ifadə olunmaq üçün prokurorluğa aparılıb. Həbs olunmasını güman etmirdim. Təəssüf edirəm. Bunu Azərbaycan qanunlarına hörmətsizlik hesab edirəm. İctimai-siyasi bir adam vətənə xəyanət kimi ağır bir cinayətdə ittiham olunursa, bu işin motivləri haqda cəmiyyətə geniş məlumat verilməlidir. Verilən məlumatlar isə vətənə xəyanət yox, heç adi xuliqanlıq maddəsi ilə də üst-üstə düşmür. İstintaq sirridir deyib, ictimaiyyətdən gizləmək doğru deyil. Bu, həbsin şübhəli və siyasi olduğunu sübut edir».

Leyla Yunusun həbsinə siyasilərin münasibəti
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

«İLHAM ƏLİYEV BÜTÜN QIRMIZI XƏTLƏRİ KEÇDİ»

Müsavat Partiyası başqanı İsa Qəmbər Leyla Yunusun həbsinə münasibət bildirib. O, AzadlıqRadiosuna müsahibəsində bu həbsi hakimiyyətin böyük səhvi kimi dəyərləndirir:

«Leyla Yunusun həbsi və onun həyat yoldaşı Arif Yunusa qarşı cinayət işinin qaldırılması siyasi sifarişlə edilən və heç bir hüquqi əsası olmayan bir addımdır. İlham Əliyev Leyla Yunus kimi ölkədə və dünya miqyasında tanınan bir hüquq müdafiəçisini həbs etdi. Səhhətində problemlər olan 60 yaşını ötmüş bir qadını həbs etməklə İlham Əliyev bütün qırmızı xətləri keçdi. Bu həbs İlham Əliyevin özü üçün çox ziyanlıdır. Biz bu haqsızlıqlara qarşı mübarizəmizi davam etdirməliyik. Hakimiyyət anlamalıdır ki, gəncləri, yaşlıları, qadınları həbs etməklə bizim gözümüzü qorxuda bilməyəcək. Azərbaycanda demokratiya uğrunda mübarizə davam edəcək və qələbə Əliyev rejiminin yox, haqq-ədalət uğrunda mübarizə aparanların olacaq. Bunu İlham Əliyev konkret şəkildə başa düşməlidir».

BEYNƏLXALQ AMNESTY INTERNATIONAL BƏYANAT VERİB

Beynəlxalq Amnesty İnternational təşkilatı hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı bəyanat verib. Bəyanatda bu həbsin Azərbaycanda insan hüquqlarının ağır vəziyyətinə yeni nümunə olduğu vurğulanır:

«Leyla Yunus uzun müddət hökumətin təhdid və hədə-qorxu ilə susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olmasına baxmayaraq, ölkədə hüquq müdafiəçilərinin təqib olunması davam edir. Biz hesab edirik ki, Yunuslara qarşı ittihamlar saxtalaşdırılıb. Bu ittihamlar Leyla Yunusun fəaliyyətinə görə təqib olunması prosesinin tərkib hissəsidir».

Bəyanatın sonunda Avropa Şurası üzvlərinə müraciət olunur:

«Bugünkü həbs ölkədə müntəzəm tənqidi səslərin amansız yatırılmasının başqa bir nümunəsidir. Avropa Şurasının üzvləri Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bu ölkənin hakimiyyətinə etiraz etməlidir».

NORVEÇ İNSAN HÜQUQLARI EVİ LEYLA YUNUSUN HƏBSİNİ PİSLƏYƏN ETİRAZ BƏYANATI YAYIB

«Turan»ın məlumatına görə, bəyanatda vurğulanır ki, bu həbs Azərbaycanda fəallara qarşı görünməmiş «repressiya dalğası»nın tərkib hissəsidir:

«Əgər Leyla Yunus və Arif Yunusa qarşı ittihamlar «təsdiqlənərsə», Azərbaycanda daha bir siyasi motivli həbs olacaq».

Sənəd müəllifləri vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı ittihamların Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və mərkəzin icraçı direktoru Bəşir Süleymanlıya qarşı sürülən ittihamlarla eyni olduğunu xatırladıb.

«Ayna»-«Zerkalo» qəzetlərinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsindən sonra, aprelin 28-də gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus xaricə gedərkən Bakı aeroportunda saxlanmışdılar. Onların ölkədən çıxmasına icazə verilməmişdi. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilmişdi.

Ötən gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Leyla Yunus məhkəmədən Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına aparılıb.

Leyla Yunusa qarşı dövlətə xəyanət, dələduzluq, vergidənyayınma və qanunsuz sahibkarlıq, Arif Yunusa qarşı isə dövlətə xəyanət və dələduzluq ittihamları irəli sürülüb. Haqqında həbs-qətimkan tədbiri seçilməsi üçün Leyla Yunus Nəsimi rayon Məhkəməsinə aparılıb.

XS
SM
MD
LG