Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Özəlləşdirmə prosesinin yeni mərhələsi necə olmalıdır?


Su nəqliyyatı, neft sənayesinə xidmət, emal və s. sahələr hələ özəlləşdirilməyib
Su nəqliyyatı, neft sənayesinə xidmət, emal və s. sahələr hələ özəlləşdirilməyib

Prezident İlham Əliyev bu günlərdə Nazirlər Kabinetinin iclasında hökumətə özəlləşdirmə prosesi sürətləndirilməyi tapşırıb. Amma bu prosesdə bir qədər fasilə yaranıb. Gərək bütün nöqsanlar təhlil olunsun və özəlləşdirmə prosesinin yeni mərhələsi başlasın.


Son 9 ayda özəlləşdirmədə fasilə yaranması sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsi və bundan sonra həmin prosesdə təftiş aparılmasıyla izah edilir. Bu müddətdə cəmi 2 çek hərracı keçirilib və 14 səhmdar cəmiyyətin səhmləri satılıb.


Özəlləşdirmə üzrə ekspert Hafiz Babalı deyir ki, son altı ayda özəlləşdirmə prosesində daha çox canlanma hiss olunur. Hafiz Babalıya görə, əslində özəlləşdirmədə ölkə başçısının dediyi kimi, yeni mərhələ beş il bundan qabaqkı mərhələnin davamı olmalıdır: «2001-ci ilin martında mərhum prezident Heydər Əliyev iki böyük fərman imzaladı və bir çox müəssisələr, maşınqayırma, rabitə, hava nəqliyyatına aid müəssisələr özəlləşdirməyə çıxarıldı. Ancaq indiyədək bu yöndə heç bir addım atılmayıb».


Ancaq hələ indiyədək özəlləşməyə çıxarılmayan müəssisələr də qalır - su nəqliyyatı, neft sənayesinə xidmət, emal və s. bağlı idarələr. Belə ki, hazırda özəlləşdirməyə hazır, səhmdar cəmiyyəti formasında yaradılmış 100-ə qədər müəssisə var. 50-70 müəssisə özəlləşdirilməyə açılıb, yaxın bir neçə ildə özəlləşdirilə bilər (nəqliyyat, maşınqayırma, rabitə), bundan sonra təhsil, səhiyyə, mədəniyyət, idman, neftlə bağlı idarələr də var ki, hələ özəlləşməyə çıxarılmalıdır.


Dövlət özəlləşdirmə proqramı 2008-ci il yanvarın 1-də başa çatır. Ancaq iqtisadçı ekspert Əli Əlirzayevin fikrincə, 2008-ci iləcən, yəni 1 il beş ay müddətinə iri müəssisələr özəlləşdirməyə çıxarılmaya da bilər.


Digər ekspert Hafiz Babalı isə hesab edir ki, özəlləşdirmə prosesini müsbət nəticələrlə yalnız 3 il müddətinə yekunlaşdırmaq olar: «Məncə, Dövlət Neft Fondunun vəsaitlərindən istifadəylə bağlı işlənmiş sistem vasitəsilə bu prosesi sürətləndirmək olar, həmin müəssisələrin özəlləşdirmədən sonra sağlamlaşdırılması istiqamətində də xeyli işlər görmək mümkündür».


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən verilən məlumata görə isə, 1996-cı ildə buraxılan 8 milyon özəlləşdirmə payının bu günə kimi ancaq yarısından istifadə olunub. 1 milyona yaxın insan özəlləşdirmədən bu və ya digər dərəcədə yararlanıb. Bundan başqa, hələ istifadə olunmayan 4 milyona yaxın özəlləşdirmə payı qalır.


XS
SM
MD
LG