Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

Azərbaycanda azad iqtisadi zona yaratmağın perspektivləri


Azad iqtisadi zona yeni iş yerlərinin açılmasına səbəb olur
Azad iqtisadi zona yeni iş yerlərinin açılmasına səbəb olur

Azad iqtisadi zona üçün ayrılan ərazidə işləyən şirkətlərə ölkənin başqa bölgələriylə müqayisədə gömrük rüsumlarında, vergilərdə güzəştlər olunur. Yaxud vergilər tamam ləğv edilir. Burda biznes quranlar güzəştli kreditlər də ala bilərlər. Adətən bütün bu güzəştlər ona görə edilir ki, həm yerli şirkətlər dünya bazarlarında rəqabət gücünə malik məhsul istehsal edə bilsinlər. Həm də güzəştlər regiona marağı olan xarici şirkətləri cəlb etsin. Beləliklə də azad iqtisadi zona yeni iş yerlərinin açılmasına səbəb olur. İqtisadi İnkişaf Nazirliyinin investisiya və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin müdiri Elşən Məmmədzadə deyir ki, Azərbaycan üçün bu qeyri-neft sektorunun inkişafı üçün görülən kompleks tədbirlərdən biridir. O, hökumətin Ələt zonasında sənaye müəssisələrinin açılmasında maraqlı olduğunu bildirir: «Məqsədəuyğun olan sənaye sahələri ilk növbədə kənd təsərrüfatı məhsullarının emalıdır. Kənd təsərrüfatı məhsullarının emalı üçün hansısa avadanlıqların istehsalı, neft maşınqayırması müəssisələri də mümkün variantlardır. Əlbəttə ki, bura turizm sahəsi də daxildir».


Elşən Məmmədzadə deyir ki, onlar dünyanın bir çox ölkələrindəki azad iqtisadi zonaların təcrübəsini də öyrəniblər.


Ümumiyyətlə dünyada çox uğurlu azad iqtisadi zona nümunələri var. Məsələn, 1985-ci ildə azad iqtisadi zonaların yaradılmasına başlanması Dubayın sürətli inkişafına təkan verdi və Şərqdən Qərbə yolun üzərində yerləşən bu ölkədə indi məşhur şirkətlər həm hökumətin güzəştlərindən istifadə edib zavod-fabriklər tikirlər, həm də dünyanın müxtəlif bölgələrinə mal paylamaq məntəqəsi kimi Dubayın ərazisindən istifadə edirlər».


Milli Məclisin İqtisadi Siyasət daimi Komissiyasının üzvü Vahid Əhmədov deyir ki, Azərbaycan da Şərqdən Qərbə yolun üzərində yerləşir və bu, coğrafi şərait ölkədə azad iqtisadi zonaların yaradılması üçün əlavə imkanlar açır. Vahid Əhmədov Ələtin dənizə yaxın yerləşməsinin, orada gələcəkdə yol, rabitə və başqa infrastruktur layihələrinin həyata keçirilməsi, müəssisələrin, mehmanxanaların tikilməsi üçün boş yerlərin olmasının və başqa cəhətlərinin azad iqtisadi zona üçün əlverişli olduğunu deyir: «Azad iqtisadi zonaların yaradılması üçün ucuz işçi qüvvəsinin olması da vacibdir. Ələtdə və onun ətrafında işsizliyin səviyyəsi indi yüksəkdir və bu, Qaradağ rayonunda yaşayan insanlar üçün yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər».


Amma Vahid Əhmədovdan fərqli olaraq İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu o qədər də nikbin deyil, o deyir ki, azad iqtisadi zona ideyası alqışlanmalıdır, amma Azərbaycan iqtisadiyyatı buna tam hazır deyil. Onun fikrincə, buna ölkədə korrupsiyanın səviyyəsinin yüksək olması və ölkə infrastrukturunun xarici şirkətlər üçün az cəlbedici olması mane ola bilər.


Qubad İbadoğlu: «Nəzərə alsaq ki, ölkənin ən böyük inhisarçılığı idxaldadır, ölkənin gömrük və vergi proseduraları beynəlxalq standartlara cavab vermir, şəffaf deyil, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil deyil, onda güman etmək olar ki, beynəlxalq səviyyəli azad iqtisadi zonanın yaradılması elə də real deyil. Amma ola bilər ki, lokal şəkildə ixrac sənaye zonası yarada bilərik».


İqtisadi İnkişaf Nazirliyindən isə bildirdilər ki, azad iqtisadi zonanın fəaliyyəti üçün zəruri qanunların qəbulu və infrastrukturun qaydaya salınması il yarım-iki il çəkə bilər. Hökumət nümayəndələri deyirlər ki, əgər biznesmenlərin marağı olarsa, hökumət gələcəkdə Ələtdə dəniz limanı da tikə bilər.


XS
SM
MD
LG