Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:31

«Rövşən Əliyev və Elmar Hüseynov eyni plan üzrə qətlə yetirilib»


Fasiləyə qədərki məhkəmə prosesində Hacı Məmmədov daha bir neçə qətl və adam oğurluğu epizodları üzrə prokurorun suallarına cavab verdi
Fasiləyə qədərki məhkəmə prosesində Hacı Məmmədov daha bir neçə qətl və adam oğurluğu epizodları üzrə prokurorun suallarına cavab verdi

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili polkovnik-leytenant Hacı Məmmədovun və daha 26 nəfərin avqustun 9-da keçirilən məhkəmə prosesində Hacı Məmmədov «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu onun dəstəsinin qətlə yetirməsinə bir daha təsdiqlədi. Hacı Məmmədov budəfəki prosesdə Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Rövşən Əliyevlə Elmar Hüseynovu eyni plan üzrə öldürüldüyünü, həmin planı isə özü hazırladığını dedi.


Amma Hacı Məmmədov Elmar Hüseynovu necə, hansı səbəbdən qətlə yetirdiyi barədə hələlik ətraflı məlumat verməyib. Bugünə qədər yalnız onu bildirib ki, jurnalisti keçmiş iqtisadi inkişaf naziri, hazırda dövlət çevrilişinə cəhd ittihamıyla həbsdə saxlanan Fərhad Əliyevin sifarişi ilə qətlə yetirib. Fərhad Əliyev isə bu ifadədən dərhal sonra xalqa müraciət edərək Hacı Məmmədovun dediklərini rədd edib və bildirib ki, hansısa cinayətləri boynuna alması üçün ona bu cür üsullarla təzyiq edilir.


Hacı Məmmədov isə avqustun 9-da məhkəmədə bildirdi ki, onu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə dəstəsinin üzvü Şirxan Albıyev biznes işiylə bağlı tanış edib. (O sonradan Şirxan Albıyevi də qətlə yetirib).


Hacı Məmmədov avqustun 9-da keçirilən məhkəmədə Rövşən Əliyevlə yaxın dost olduğunu, onu qətlə yetirməkdən peşmançılıq keçirdiyini söylədi. O, AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovu pula görə qətlə yetirdiyini, Beynəlxalq Bankın direktoru Cahangir Hüseynovun həyat yoldaşını isə bankirdən 2 milyon dollar pul almaq ümidiylə oğurladığını dedi.


Hacı Məmmədov yenə də mühüm saydığı ifadələri dar dairədə vermək istədiyini bildirirdi. Amma hakim onun bu istəyinin yerinə yetirilməsi üçün baş prokurorluğa müraciət etdiyini deyir.


Məhkəmə prosesi avqustun 10-da davam edəcək.


Hacı Məmmədovun rəhbərlik etdiyi bildirilən dəstə ötən il martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində tutulub. Dəstə çoxsaylı adam oğurluqları və qətllər törətməkdə təqsirləndirilir.



XS
SM
MD
LG