Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Koreyalıları Azərbaycana nə cəlb edir?


Azərbaycan-Koreya biznes forumu əməkdaşlığın qurulmasında yeni mərhələ ola bilər
Azərbaycan-Koreya biznes forumu əməkdaşlığın qurulmasında yeni mərhələ ola bilər

Avqustun 28-də Bakıda keçirilən Azərbaycan-Koreya biznes forumuna qatılan Koreya Ticarət və Sənaye Palatasının rəhbəri Conq Sanq Lii hesab edir ki, Azərbaycanla onun ölkəsi arasında iqtisadi əməkdaşlıq perspektivi var və bu forumda ölkənin iqtisadi potensialı barədə daha çox informasiya almaq imkanı yaranıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu isə koreyalıların diqqətini ölkənin aqrar və telekommunikasiya sahəsinə də yönəltmək istəyir.


Koreya Ticarət və Sənaye Palatasının rəhbəri Conq Sanq Lii «Azadlıq» radiosuna bildirib ki, onlar Azərbaycanın aqrar və informasiya texnologiyaları sahəsindəki imkanları barədə məlumatsızdılar.



Azərbaycanın iqtisadi poten - sialını dünya biznes mühitinə tanıtmaq üçün 2006-cı ilin sonuna qədər 15-ə yaxın ölkə ilə biznes-forumlar keçiriləcək. Bu ölkələr sırasında Hindistan, Misir, Almaniya İtaliya, Rumıniya və digər dövlətlər də var.


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehdiyevin fikrincə, koreyalı iş adamının məlumatsızlığı Azərbaycanın öz iqtisadi potensialını dünya biznes mühitinə planlı şəkildə təqdim etməməsi ilə əlaqədardır. Ekspertin fikrincə, əcnəbi sərmayədarların bu ölkənin qeyri-neft sahəsində inkişaf strategiyası haqqında məlumatı olması üçün investisiya xəritəsi hazırlamalıdır: «Xəritədə ölkənin beynəlxalq əmək bölgüsündə hansı məhsul və ya xidmət növü ilə təmsil olunması öz əksini tapmalıdır».

Ölkənin iqtisadi informasiya siyasətini qurmaq üçün artıq bir sıra addımlar atdıqlarını deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidovun sözlərinə görə, onlar xarici media orqanlarında Azərbaycanın qeyri-neft sektorundakı mövcud imkanları haqqında yazılarla çıxış edirlər.


Ekspert Azər Mehdiyev hesab edir ki, xarici ölkələrlə iqtisadi əməkdaşlıq qurulması üçün müxtəlif tədbirlər keçirilməsində kortəbiilik var: «Bunun belə olmamasını demək üçün bizim əlimizdə Azərbaycan iqtisadiyyatının strateji sənədi olmalıdır ki, bu dövlət 30 ildən sonra öz iqtisadiyyatını necə görür, hansı ölkələrin təcrübəsini bölüşür». Emil Məcidov isə deyir ki, onlar tərəfdaş ölkə seçimində iki dövlət arasında dostluq münasibətlərinə söykənirlər: «Biz ölkə seçəndə Azərbaycanlı sahibkarlarla məsləhətləşirik ki, onlar forumda hansı şirkətləri görmək istəyirlər».


O ki qaldı Azərbaycan-Koreya biznes forumunun nəticələrinə, tədbir yeni başladığından hələlik əməkdaşlıq qurulacaq sahələr və bu sahələrə yatırılacaq investisiya məbləği məlum deyil. Bircə onu deyə bilərik ki, Koreya nümayəndə heyətinin tərkibində təkcə enerji və tikinti sahələriylə məşğul olan iş adamları deyil, həm də aqrar və telekommunikasiya sahəsinə mənsub sahibkarlar da təmsil olunur. Emil Məcidov vəd edir ki, ilin sonuna qədər 4-5 Koreya şirkətini investor kimi Azərbaycanda gələcək.


XS
SM
MD
LG