Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

Əmlak qeydiyyatına görə Azərbaycan dünya liderləri sırasındadır


Əmlak qeydiyyatına görə, Azərbaycan dünyada 7-ci yerdədir
Əmlak qeydiyyatına görə, Azərbaycan dünyada 7-ci yerdədir

Tanzaniyada hamı bilir ki, hansı əmlak kiminkidir, ancaq 10 əmlakdan cəmi birinin rəsmi sənədi var. Rəşid adlı yerli biznesmen Dünya Bankının (DB) sorğu aparan əməkdaşlarına bunun səbəbini belə izah edir ki, əmlakı öz adına qeydiyyata aldırmaq üçün çoxlu sənəd verməlisən, ancaq bu, o demək deyil ki, cavab alacaqsan, ən əsası isə sənədi icra edə bilən məmurların qəbuluna düşə bilmirsən. Tanzaniya paytaxtı Dar əs Salamda əmlakı qeydiyyata aldırmağa 123 gün gedir.


DB-nin və Beynəlxalq Maliyyə Korporasiyasının «Biznes etmək-2007-cı il» hesabatında əmlak qeydiyyatının asanlığına görə, dünyada birinci yer Yeni Zelandiyaya, ikinci yer isə Ermənistana verilir. Müqayisə üçün Amerika 10-cu yerdədir.


Bankın izahına görə, Ermənistanda əmlakı qeydə aldırmağa həm sənəd azdır, həm də buna görə cüzi haqq alınır. Bəzi ödəmələri də banka getmədən birbaşa notariusun yanında etmək olar.


Hesabatda Azərbaycanda bir sahə var ki, dünya liderləri sırasındadır. Əmlak qeydiyyatına görə, Azərbaycanda bu əmlakın qiymətinin cəmi 0,3 faizi ödənir. Bu da Azərbaycana dünyada 7-ci yeri qazandırıb.


Bu sahədə dünya liderləri isə Butan və Səudiyyə Ərəbistanıdır, burda qeydiyyata görə pul alınmır. Əmlak qeydiyyatında Azərbaycanın problemi qaydalardadır. Vaşinqton Universitetinin məzunu, İqtisad Universitetinin müəllimi Vüqar Bayramov deyir ki, Azərbaycanda əmlakı rəsmiləşdirmək yolu çox uzundur, əmlakı bir nəfərin adından başqasının adına keçirmək də çox uzun proseduralardan ibarətdir. Ancaq Azərbaycanın başqa bir problemi də var - əmlak bəzən birinin adına olur, halbuki sahibi başqasıdır, bununla əmlakın bir adamın əlində cəmləndiyini gizlədirlər. Bu sahədə dünyada axırıncı yerdə olan Sakit Okean ölkəsi Timor-Lestedə əmlak, ümumiyyətlə, başqasının adına keçirilə bilməz. Yəni nə satıla, nə də bağışlana bilər.


Maldiv adalarında da əmlakı başqasına verməyə şirkətin ixtiyarı yoxdur, təkcə icarəyə verə bilər.


Hesabatda axırdan 3-cü yerdə olan Marşall adalarında son illər yalnız bir dəfə yeni əmlak qeydiyyatı olub. Bu da iki il məhkəmə çəkişmələrindən sonra baş tutub.


Son bir ildə əmlak məsələsində ən böyük irəliləyiş edən isə Nigeriyadır. Bir il bundan qabaq Nigeriyada əmlakı öz adına keçirməyə 21 prosedura, 274 gün lazım idi. Üstəlik əmlakın qiymətinin 27 faizi vergiyə, rüsuma gedirdi. Ən böyük əngəl isə paytaxt Laqosda istənilən əmlak qeydiyyatına mütləq paytaxt merinin icazəsinin tələb olunması idi.


Bəs Nigeriyada vəziyyət necə düzəldi? İslahatlar yeni merin seçilməsindən başlandı, 5 vergi bir vergidə cəmləndi, bu iş kompyuterləşdirildi, nəticədə vergi qeydiyyatına gedən vaxt 274 gündən 80 günə düşdü.


On Afrika ölkəsi də bu sahədə irəliləyiş etsə də, Dünya Bankı yazır ki, bütün Afrika boyu əmlakın cəmi 2 faizinin rəsmi sənədi var.


Dünyada dörd ölkə də var ki, əmlak qeydiyyatını bu bir ildə çətinləşdirib. Afrika ölkəsi Toqo yeni əmlak alandan milliyəti haqqında əlavə sənəd tələb edir, Uqanda isə şəffaflığa görə tələb edir ki, bütün köçürmələr yalnız bankdan olsun.


XS
SM
MD
LG