Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:52

Baş redaktor: «Müdafiə Nazirliyi ilə yeni görüşə ehtiyac var»


Aydın Quliyev
Aydın Quliyev

-

Bu il iyulun 18-də Müdafiə Nazirliyi və media rəhbərlərinin qapalı görüşü olub. Sonradan xəbər verilib ki, görüşdə ictimaiyyəti dolğun məlumatlandırmaq baxımından hərbçilərlə jurnalistlərin qarşılıqlı faydalı əməkdaşlığından söhbət gedib. Son günlər cəbhə xəttində döyüş və itkilərlə müşayiət edilən gərginlik, cəmiyyətin xəbərə olan ehtiyacının dolğun ödənməməsi, istər-istəməz, bir sual doğurub: Bəs həmin görüşün nəticəsi niyə hiss olunmayıb? Müdafiə Nazirliyi rəhbərliyi ilə sözügedən görüşə qatılan «Bakı-xəbər» qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev AzadlıqRadiosunun bu və başqa suallarını cavablayıb.

– Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşünüzün nəticəsi necə oldu?

Konkret nəticələrlə bağlı hər hansı bir razılaşmamız yoxdur. Bu elə bir görüş idi ki, onun nəticələri yalnız uzun müddət ərzində şəkildə özünü göstərə bilər. Görüşümüzdən o qədər də çox vaxt keçməyib. Mənə elə gəlir ki, növbəti bir neçə ayda görüş öz nəticəsini göstərəcək. Görünəcək ki, jurnalistlər ölkənin müdafiə sektorunda gedən proseslərə nə dərəcədə peşəkar və vətənpərvər yanaşa bilirlər. Eyni zamanda o da məlum olacaq ki, Müdafiə Nazirliyi jurnalistlərlə nə dərəcədə işgüzar münasibət qura bilir. Nəticə, mənə elə gəlir ki, pis olmaz.

- Ancaq bu günlərdə cəbhə xəttində yaranan gərginlik zamanı Müdafiə Nazirliyinin jurnalistlərlə münasibət qura bilməməsi, itkilər və əməliyyatlarla bağlı operativ açıqlama verməməsi yanlış şayiələrin yayılmasına səbəb oldu...

- Sizin bu fikirlinizə tam razıyam ki, belə hadisələrlə bağlı rəsmi, mötəbər məlumatlar olmayanda jurnalistlər sırf peşə marağı çərçivəsində, amma təəssüf ki, özfəaliyyət qaydasında xəbər yaymağa məcbur qalırlar. Bu da xoşagəlməz hallar yaradır. Bizim görüş zamanı cəbhədə belə bir hadisə baş verməmişdi deyə, müzakirə aparmamışdıq. İndi baş verənlər döyüş və itkilərin miqyasına görə, son 20 ilin ən böyük atəşkəs pozuntusu idi. Belə hallarda medianın davranışı, Müdafiə Nazirliyi ilə peşə prinsipləri əsasında əlaqəsi yenidən müzakirə olunmalıdır. Yeni bir görüşə ehtiyac var ki, bu cür məsələlər müzakirə olunsun. İstər Müdafiə Nazirliyi, istərsə media yanlış təcrübə və çatışmazlıqları təhlil etməlidir.

- Azərbaycan müharibə şəraitindədir. Buna bənzər atəşkəs pozuntuları, itkilər gözləniləndir. Görüşdə bu məsələnin müzakirəsinə nə mane olmuşdu?

- Təkrar edirəm ki, belə genişmiqyaslı atəşkəs pozuntusunun ola biləcəyini heç kim gözləmirdi. Bu hadisə media ilə bağlı yeni bir situasiya yaradıb. Mənə elə gəlir ki, belə hallarda mediamızın fəaliyyət prinsipləri ilə bağlı yeni bir konsepsiyanın işlənməsinə ehtiyac var. Fikir verdinizsə, sosial şəbəkələrdə Azərbaycan ordusunun müxtəlif dislokasiyaları ilə bağlı həvəskar məlumatlar yayılırdı. Ayrı-ayrı şəxslər öz statuslarında bəlkə də çox mühüm dövlət və hərbi sirr sayıla biləcək məlumatları paylaşırdılar. Bəzən Ermənistan tərəfinin məqsədyönlü yanlış məlumatları bizim saytlarda şərhsiz yayılırdı. Buna yol vermək olmaz.

- Bir daha görüşə bilsəniz, jurnalistlərin daha rahat məlumat alması və sadaladığınız halların təkrar olunmaması üçün Müdafiə Nazirliyi qarşısında hansı məsələləri qaldırardınız?

- Belə bir görüş olsa, mənim maraqlı sual və təkliflərim olacaq. Fikrimcə, media orqanlarının dislokasiya barədə məlumatlarına Müdafiə Nazirliyi reaksiya verməlidir. Sual qaldıracağam ki, itkilərlə bağlı şayiələr baş alıb gedəndə, nazirliyin dərhal operativ və dəqiq məlumat verməməsinin səbəbi nədir? Bəlkə burada bilmədiyimiz nə isə var?

XS
SM
MD
LG