Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:39

«Azərbaycanlıların problemlərinin həllinə mane olan Gürcüstanın düşmənləridir»


Gürcüstanın Dovlət naziri Georgi Baramidze «Azadlıq» radiosunun qonağıdır, 21 sentyabr 2006
Gürcüstanın Dovlət naziri Georgi Baramidze «Azadlıq» radiosunun qonağıdır, 21 sentyabr 2006
«NATO-ya üzvlük yaxına nəzərdə tutulur, ortamüddətli prioritetdir. Alyansa üzvlük daha çox təhlükəsizlik baxımından vacibdir. Həm də tək üzvlük yox, üzvlüyə doğru prosesin özü ərazimizdəki münaqişələrin dinc həlli üçün mühümdür. Bir gün ruslar bu qənaətə gələcəklər ki, Gürcüstan dönmədən irəliləməkdədir. Ona görə də gürcülərlə razılığa gəlmək daha yaxşı ideyadır. Gürcüstan daha da güclənəcək, nəhayət Avropa Birliyilə, Amerikayla bir səslə danışıb, Rusiyanı daha konsruktiv, daha praqmatik düşünməyə vadar edəcək». «Azadlıq» radiosuna müsahibəsində Gürcüstanın Dovlət naziri Georgi Baramidze belə deyib. O, demək olar ki, bütün suallara cavabında Rusiyadan danışıb, problemlərin Moskvadan gəldiyini deyib.


« Mən Azərbaycan və Ermənistan arasında münaqişə haqda danışa bilmərəm, fərqli problemlərdir. Azərbaycan haqqında nə isə deyə bilməsəm də, Gürcüstanla bağlı ümidliyik. Bu, bir siyasi çıxış deyil, biz real perspektiv görürük»
Gürcüstan hökumətinin xarici siyasətində iki əsas prioritetdən danışan cənab Baramidze, bildirib ki, Avropa Birliyinə üzv olmaq xarici siyasətdə uzunmüddətli prioritetdir, çünki Gürcüstan kiməsə başağrısı yox, yaxşı partnyor olmaq istəyir. NATO-ya gəldikdə isə, o, vurğulayır ki, alyansa üzv olmaq əsas məqsəddir, bunun da səbəbi var. Tbilisi Moskvanı başqa dillə danışmağa məcbur etmək istəyir.


Sentyabrın 22-də Gürcüstan NATO-ya doğru daha bir addım atdı – alyansa üzv ölkələrin Xarici İşlər nazirləri Gürcüstanın NATO ilə fərdi əməkdaşlığının intensiv dialoq mərhələsinə keçməsini təsdiqlədi. Bundan sonra prezident Mixail Saakaşvili dedi ki, ölkənin NATO-ya üzvlüyü məsələsi qaçılmazdır.


Tbilisihesab edir ki, Gürcüstanın NATO-ya üzv olması Rusiyanın da xeyrinədir, çünki təhlükəsiz, iqtisadi cəhətdən inkişaf etmiş qonşu Moskvaya daha çox sərf edər. Amma hələ ki, Dövlət naziri Georgi Baramidzenin diliylə desək, Rusiya səhv yoldadır, separatçı rejimlər - Cənubi Osetiya və Abxaziyanın arxasında durmaqla özünə ziyan vurur: «Biz Rusiyanı ərazimizdə separatçılığa dəstək olduğu, separatçı hissləri qızışdırdığı üçün qınayırıq. Rusiyayla Gürcüstandakı rejimlər fərqlidir. Biz dəyərlərə, qanuna, beynəlxalq normalara inanır, hörmət edirik. Və biz Rusiyanın ərazi bütövlüyünü tanıdığımızı deyəndə, səmimiyik. Bu, bizim dövlətin xarakteridir. Barmağı Rusiyanın gözünə dirəməyi kimsə yaxşı manevr hesab edə bilər. Amma bu, bir çox səbəbdən yaxşı ideya deyil. Bu, itirməkdir. Bizim qazanacağımız yeganə yol odur ki, göstərək ki, Gürcüstan təkcə coğrafi baxımdan yox, həm də siyasi ruhu, mədəniyyətiylə Avropa ölkəsidir».


Dağlıq Qarabağ münaqişəsinə toxunan gürcü nazir, problemin sülh yolu ilə həllinin vacib olduğunu, amma bu barədə nə isə deyə bilməyəcəyini, Gürcüstanla bağlı daha optimist olduğunu deyir.


«Təəssüf ki, bütün keçmiş sovet ölkələrində olduğu kimi, Gürcüstanda da yenə belə bir meyl qalır ki, başqası-səndən fərqlisi təhlükədir. Amma gürcü hökuməti problemi gizlətmir, milli azlıqlarla bağlı görülməli çox iş var. Azərbaycanlılara dilini, mədəniyyətini, vərdişlərini unutdurmuruq, biz bütün bunları qoruyuruq»
Halbuki bu günlərdə Gürcüstanın separatçı regionlarından Cənubi Osetiyanın prezidenti Eduard Kokoyta deyib ki, noyabrda referendum keçirəcəklər. Georgi Baramidze deyir ki, referendum bir tərəfdən onun hökumətinin xeyrinədir: «Bu, separatçı rejimin zəifliyidir. Bu, bir daha münaqişənin həllinin zəruriliyini, dünya ictimaiyyətinin problemin dinc həllinə daha yaxından cəlb olunmasının vacibliyini göstərir. Referendum, həm də Rusiyaya arxalanan separatçıların üzünü, onların nə qədər qeyri-konstruktiv olduğunu göstərir. Bu, onların yox, bizim mövqeyimizi gücləndirir. Münaqişənin sülhlə həlli hərblə həllindən həmişə yaxşıdır. Bunun üçün çoxlu imkanlar var, ən azı Gürcüstan üçün. Mən Azərbaycan və Ermənistan arasında münaqişə haqda danışa bilmərəm, fərqli problemlərdir. Azərbaycan haqqında nə isə deyə bilməsəm də, Gürcüstanla bağlı ümidliyik. Bu, bir siyasi çıxış deyil, biz real perspektiv görürük».


Gürcüstandakı azərbaycanlıların problemlərindən danışan cənab Baramidze bunu, ölkəsinin hələ keçid dövrünü yaşamasıyla izah edir. O, düşünür ki, azərbaycanlıların problemlərini aradan qaldırmağa mane olan da Gürcüstanın düşmənləridir. Əslində, Tbilisiməhz milli azlıqlarla problemin olduğunu etiraf edir: «Təəssüf ki, bütün keçmiş sovet ölkələrində olduğu kimi, Gürcüstanda da yenə belə bir meyl qalır ki, başqası-səndən fərqlisi təhlükədir. Amma gürcü hökuməti problemi gizlətmir, milli azlıqlarla bağlı görülməli çox iş var. Azərbaycanlılara dilini, mədəniyyətini, vərdişlərini unutdurmuruq, biz bütün bunları qoruyuruq. Gürcüstanda 160 Azərbaycan məktəbi var, təəssüf ki, bildiyimə görə, Azərbaycanda bir dənə də olsun gürcü məktəbi yoxdur. Amma biz inanırıq ki, Gürcüstan vətəndaşı olan azərbaycanlı və ermənilər gürcü hökuməti üçün problem olmayacaq, bu, hökumətin gücüdür».


Rəsmi məlumata görə, Gürcüstanda 250, qeyri-rəsmi rəqəmlərə görəsə, 400 min azərbaycanlı yaşayır. Azərbaycanda isə təqribən 15 min gürcü var. Azərbaycan Təhsil Nazirliyinin məlumatına görə, ölkədə gürcü bölmələri olan 12 məktəb fəaliyyət göstərir.


XS
SM
MD
LG