Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:34

Naxçıvanda əlillərə avtomobil paylandı, narazı qalanlar var...


Əlillərə verilən «NAZ Lifan 320» avtomobilinin qiyməti 7200 manatdır.
Əlillərə verilən «NAZ Lifan 320» avtomobilinin qiyməti 7200 manatdır.

-

Bu günlərdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov daha 20 nəfər əlilə «NAZ-Lifan-320» markalı avtomobilinin açarlarını təqdim edib.

Bu haqda Ali Məclisin Mətbuat xidməti məlumat yayıb.

Avtomobil alanlardan 10-unun müharibə iştirakçısı, 3-ünün Çernobıl əlili, 7-sinin isə müharibə əlilinə bərabər tutulan şəxslər olduğu bildirilir.

«NAXÇIVANDA İNSAN AMİLİNƏ YÜKSƏK QİYMƏT VERİLİR»

Vasif Talıbov çıxışında bunu insan amilinə göstərilən diqqət adlandırıb:

«Naxçıvanda insan amilinə yüksək qiymət verilir. Müxtəlif sahələrdə xidmət göstərmiş şəxslərə avtomobillərin təqdim olunması da bunun ifa­dəsidir. Bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir».

Hissələri Çindən gətirilən «NAZ Lifan» markalı minik avtomobilləri Naxçıvan Avtomobil Zavodunda yığılır. Bəzi yerli sakinlərin bildirdiyinə görə, bu zavod Naxçıvandakı yüksəkvəzifəli məmurlardan birinə məxsusdur.

Bir sıra müxalif və müstəqil qəzetlərdə yazılanlara görə isə, 2011-ci ildən bəri Naxçıvanda taksi fəaliyyəti üçün yalnız «NAZ Lifan» markalı avtomobillərə icazə verilir. Taksi sürücüləri şikayət edirlər ki, bazarda yetərli alıcı tapa bilmədiklərinə görə bu avtomobilləri onlara satırlar.

«BAXDILAR Kİ, ALICISI YOXDUR...»

Naxçıvan sakini Rüfət Qasımov da AzadlıqRadiosuna deyib ki, bir vaxtlar taksi fəaliyyəti ilə məşğul olmaq üçün o da məcbur olub «NAZ-Lifan» avtomobili alıb. Bir müddət sonra isə taksi fəaliyyətinə son qoyub:

«Bu maşını özləri buraxır. Baxdılar ki, alıcısı yoxdur, qanun çıxardılar ki, taksi fəaliyyəti ilə yalnız «Lifan» avtomobili alanlar məşğul ola bilər. Taksi fəaliyyətinə icazə ilə birlikdə avtomobilə 20 min manat xərcim çıxdı. Cəmi bircə il işlədim. Sən demə keyfiyyətsiz imiş. Baxdım ki, xeyir etməyəcək, dəyər-dəyməzinə satdım. Taksi limiti dolub, indi də öz avtomobillərini büdcənin pulu ilə alıb əlillərə sırıyır».

«KİM BU HÖKUMƏTƏ DAHA ÇOX YALTAQLANIRSA...»

Ancaq bu avtomobillərə həsəd aparanlar da var. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən bir sakin isə Naxçıvan Muxtar Respublika Sosial Təminat Nazirliyinin əlillər arasında ayrıseçkilik etdiyini bildirir:

«Baxırlar, kim bu hökumətə daha çox yaltaqlanırsa, kimin qohum-əqrəbası vəzifədə işləyirsə, avtomobili də ona verirlər. Əsl döyüşçülər, əsl əlillər qalıb kənarda. Döyüşdə aldığım travmadan sağ ayağım iflic olub. Bu maşın əslində mənim kimilərə lazımdır. Dəfələrlə nazirliyə müraciət etmişəm, fikir verən olmayıb. İndi avtomobil alanlar arasında elələri var ki, nəinki əlildir, heç, müharibənin üzünü də görməyib».

ŞİKAYƏTLƏRƏ RƏSMİLƏRİN CAVABI...

Naxçıvan Muxtar Respublika Sosial Təminat Nazirliyindən müharibə əlilləri arasında ayrıseçkiliyə yol vermələri haqda deyilənləri təkzib etdilər.

Naxçıvan rəsmiləri avtomobil zavodunun yüksəkvəzifəli məmurlardan birinə məxsus olması ilə bağlı deyilənləri də qəbul etmirlər. Onlar digər avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulmasını, əksinə, «NAZ Lifan»ın rahat və bu xidmətə yararlı olması ilə əsaslandırırlar. Üstəlik, müəssisə rəhbərliyi də sürücülərin iradların böhtan adlandırır.

Əlillərə verilən «NAZ Lifan 320» avtomobilinin qiyməti 7200 manatdır.

XS
SM
MD
LG