Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:31

Kitab oğrusu


Azad Qaradərəli
Azad Qaradərəli

-

Başımdan duman qalxdı: kitab dükanının yerində massaj salonu vardı! O biri tinə buruldum ki, yəqin səhv gəlmişəm... Bu birisinə..?

Boynumun damarı atırdı. Massaja ehtiyacım vardı...

Azad Qaradərəli


KİTAB OĞRUSU

Bu adda bir film var. 41-45-ci illər Almaniyasından, orada yəhudilərin təqib olunmasından... bəhs edir. Kasıb, amma mənən çox varlı bir ailə və bu ailənin İzel adlı bir qızı. Ailə Maks adlı yəhudi oğlanı zirzəmilərində gizlədib. Üstəlik də, ailənin başçısı faşist partiyasına qəbuldan imtina edib. Qızları İzel də dostları ilə çay kənarına gedərək əllərini ağızlarına tutaraq bağırırlar:”Biz Hitlerə nifrət edirik!”

Zirzəmidəki Maks isə ağır xəstədir. İzel onu xilas etmək üçün varlı qonşunun evinə girib zəngin ailə kitabxanasından kitab oğurlayır, gətirib ucadan Maksa oxuyur. Bir həftə sonra həmin yerə qayıdıb kitabı yerinə qoyub, başqasını götürür...

Maks sağalanda İzel ondan soruşur ki, sənə çoxlu kitab oxuyurdum, eşidirdin? Maks deyir, nəinki eşidirdim, hətta bu kitablara sonacan qulaq asmaq üçün özümə söz verdim ki, ölməyəcəyəm.

Beləcə, kitablar bir gənci xilas edir...(Ardı aşağıda)

***

Mən ilk ailə kitabxanasını 9-10-cu sinifləri oxumaqçün kəndimizdən gəldiyim Mincivan qəsəbəsində görmüşəm. İndi Amerikada yaşayan dostum Mirqələmgildə. Və özümə söz verdim ki, mənim də belə bir kitabxanam olacaq. Oldu da. Zəngilanın ən zəngin ailə kitabxanalarından biri mənimki idi. Müharibəyə lənət olsun!

***

Boynumun damarı atırdı. Massaja ehtiyacım vardı...Son vaxtlar “Əli və Nino” kitab mağazalarından sonra ən çox getdiyim mağaza Azadlıq prospekti 57-də (məncə ünvan beləydi) yerləşən kitab marketi idi. Zirzəmidə yerləşsə də buranın qəribə aurası vardı. Köhnə bukinistlər kimi bir duyğu yaşadırdı adama. Ən azından iki kitab almamış burdan çıxmazdım. Dünən getdim ora və başımdan duman qalxdı: yerində massaj salonu vardı! O biri tinə buruldum ki, yəqin səhv gəlmişəm... Bu birisinə..?

***

“Burada kişi var?” kitabımın təqdimatında hamı “Zero”ya uzun ömür arzuladı. Zahirlə şəkil çəkdirdik. Arzularımızı bildirdik... Dostlarla yeyib içəndə də “Zero” mövzusu tükənmədi. Axı kitabı da elə “Zero” buraxmışdı...

İndi eşidirəm ki, “Zero” bağlanır!? Elə bil ermənilər Qaradərədəki evimi, ailə kitabxanamı yenidən yağmaladı!

Biz kitab oğrusuyuq! İzel kimi oğurlayan yox...

Hə, az qala unutmuşdum: müharibədə İzelin ailəsi, dostları məhv olur, həmin ziyalı ailə - kitablarını oğurladığı ər-arvad İzeli götürüb saxlayırlar. Bir də Makas gəlib çıxır!

Kitabın gücü misilsizdir! Onu hətta oğurlamağa da icazə var: amma İzel kimi...

***

Daha bir acınacaqlı fakt: indi səyyar kitab satanları polislər tutmağa başlayıb. Bu da Azadlıq radiosundan götürdüyüm fakt:

“Polislər mənlə kobud davrandı, təhqir etdilər. Əvvəlcə dedilər ki, sən qanunsuz sahibkarlıq edirsən, daha sonra dedilər ki, küçə ticarəti ilə məşğulsan. Polis rəisi kitablardan birini - Çe Gevaranın kitabını əlinə götürdü. Üstündəki şəklə baxıb dedi ki, bu dindardır, sən dini kitablar satırsan. Orda bir MTN əməkdaşı vardı, dedi sən əslində yaxşı işlə məşğulsan, amma etmə. Gecə 1-də məni buraxdılar. Cərimə edildim. Onsuz da yaxşı olmayan maddi durumuma 80 manat da zərər dəydi”.

Bu sözlər kitab satışıyla məşğul olan Qurban Məmmədova məxsusdur. Daha heç nə yazmaq istəmirəm. Qorx ki, kitab oxuyanlara da iş açsınlar.

XS
SM
MD
LG