Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:44

Ədəbiyyatdan uzaq siyasətçidən nə gözləyəsən?..


Azerbaijan -- Azeri author Seymur Baycan, undated
Azerbaijan -- Azeri author Seymur Baycan, undated

-

İsa Qəmbər bədii ədəbiyyat oxumuş siyasətçi kimi tanınsa da, İsa bəyin də müsahibələrində, açıqlamalarında biz ədəbiyyat görmürük...

Fazil Qəzənfəroğlu özünü mütaliəli göstərsə də, Fazil bəydə bədii təfəkkür yoxdur...

İlqar Məmmdov müsahibəsində açıq-aşkar demişdi ki, mən ədəbiyyat oxumuram...

Seymur Baycan

OXUCUNUN SƏVİYYƏSİ

Vəziyyət elə gətirib ki, yazarlığa, yazıya bir balaca ciddi yanaşan adam yazmaqdan əlavə həm də ədəbiyyatın missionerliyi ilə məşğul olmaq məcburiyyətindədi. Vəziyyət bunu tələb edir. Oxucularımızın səviyyəsi çox aşağıdı.

Oxucuların səviyyəsinin aşağı olması yazıların da səviyyəsinə təsir edir.

Məsələn, lap bu yaxınlarda iki hissədən ibarət “Pul və karyera qazanmaq haqqında fəlsəfi esse” adında yazı yazdım. Əslində həmin yazı necə olmaq haqqında deyil, necə olmamaq haqqında idi.

Lakin bir-iki adamı çıxmaq şərti ilə oxucuların demək olar ki, hamısı təkərə düşdü. Başladılar müəllifə mənəviyyat, əxlaq dərsi keçməyə. Onlar oldu mənəvviyyatlı, müəllif oldu mənəviyyatsız. Guya bunlar hədsiz dərəcədə əxlaqlı, mənəviyyatlı həyat yaşayırlar və yazarın adamları bir balaca mənəviyyatsızlığa səsləməsi bunlara dəhşətli dərəcədə pis təsir edib.

Əslində "Pul və karyera qazanmaq haqqında fəlsəfi esse" yazısında istifadə etdiyim üslub çox geniş yayılmış bir üslubdu. Zaman-zaman bu üslubdan xeyli qələm adamı istifadə edib. Məsələn, Svift öz pamfletlərindən birində təklif edirdi ki, yoxsulların uşaqlarını öldürüb doğramaq, ətini duzlayıb küpələrə yığmaq və satışa çıxarmaq lazımdır. Bununla həm yoxsulluğun qarşısını birdəfəlik almaq, həm də ölkəni inkişaf etdirmək olar. Mən bu haqda alman şairi və dramaturqu Bertold Brextin “Həqiqəti yazmağın beş çətinliyi” adlı məqaləsində oxumuşdum.

Brext yazır ki, burada Svift bilərəkdən özünü axmaq yerinə qoyub, əslində isə oxuyanlar onun nə demək istədiyini yaxşı başa düşürdü. Yoxsul uşaqlarını lazımsız döyüşlərdə aparıb qırdırmaq Sviftin verdiyi təkliflə nəticə etibarilə fərqlənmir. Sadəcə, Svift yoxsulları agah edir ki, xəbəriniz olsun, ölkəyə çarəsiz aclıq üz versə, varlılar, hətta sizin balalarınızı kəsib yeyəcək qədər amansızdılar.

Bizim oxucuların çoxu narahat adamlardı. Onlar yazının məzmununa, mövzusuna deyil, tamam lazımsız şeylərə diqqət edirlər. Yazıda hərf səhvi tapdıqda hədsiz dərəcədə sevinirlər. Yazarın gülünc vəziyyətə düşməsini arzulayırlar.

Jonathan Swift
Jonathan Swift

Bu da onların natamamlığına, paxıllığına dəlalət edir. Xətirlərinə dəysə də, dəyməsə də bunu yazmalıyam. Müşahidələrim bunu qətiyyətlə yazmağa tam əsas verir. Niyə onlar yazarın gülünc vəziyyətə düşməsini arzu edirlər?

Bu suala cavabı “Bir tikə zəhər” adlı yazımda tapa bilərsiniz.

Bircə onu qeyd edə bilərəm ki, təhqir olunmuş cəmiyyətdə yazar olmaq çətin məsələdi. O cəmiyyətdə ki, adamlar özləri də təhqir olunduqlarını dərk edirlər. Başqasının bir balaca azadlığı onlarda narahatçılıq doğurur, o niyə mənim kimi olmadı və yaxud mən niyə onun kimi ola bilmədim sualı oxuculara başağrısı verir.

Yazarın bəstəkardan, rəssamdan, müğənnidən, rejissordan fərqli olaraq işi daha ağırdı. Çünki hər bir adam özlüyündə rəsm çəkə, musiqi bəstələyə bilmədiyini dərk edir.

Bizim insanlara məktəbdə ancaq yazıb oxumaq öyrədiblər. Rəsm, musiqi yaddan çıxıb. Adam dəqiq bilir ki, səsi yoxdu. Opera səhnəsinə çıxmaq onluq deyil. Film çəkə bilməz. Amma hər kəs aşağı-yuxarı nəsə yaza bilir. Yazmaq hər bir adama mümkün bir iş kimi görünür.

Məhz buna görə biz yazarlar tez-tez vaxtım yoxdu, həvəsim yoxdu, yoxsa səndən yaxşı yazaram sözlərini eşitməkdəyik. Rəssamlardan qorxurlar, bəstəkarlardan qorxurlar, yazarları isə addımbaşı tənqid etmək, ağıl öyrətmək, mövzu vermək az qala onların hobbisinə çevrilib.

Rəsm əsərini başa düşmədisə, bunu dilə gətirməkdən çəkinir. Yazı isə ona edə biləcəyi iş kimi göründüyündən yazarı yerli-yersiz sorğu-sual etməkdən bir növ zövq alır. Əslində isə yazı yazmaq üzücü bir prosesdi. Adamın bütün enerjisini çəkib aparır. Yazı yazandan sonra adam özünü sıxılmış limon kimi hiss edir.

Ümumiyyətlə, kim deyirsə ki, mən yaradıcı prosesdən həzz alıram, ondan saxtakar adam yoxdu. Yalnız boşboğaz, artist adamlar bu sözü deyə bilərlər. Yazı yazmağın mümkün bir iş kimi görünməsi adamları aldadır. Yazının da elə sehri bundadı.

Bir nəfər vardı. Anar müəllim demişkən, adını çəkmirəm, məşhurlaşar. İllərlə yazarlara ağıl verməklə məşğul oldu. İşin-gücün atıb bütün günü yazılarda səhvlər axtarırdı. Bütün günü ona buna məsləhət verirdi. Elə yazın, belə yazın, elə yazsanız belə olar, belə yazsanız elə olar...

Tenardye, fransız rəssamı Gustave Brion-un çəkdiyi illüstrasiya
Tenardye, fransız rəssamı Gustave Brion-un çəkdiyi illüstrasiya

İş elə gətirdi ki, özü də yazdı. Üç yazı yazandan sonra dizi yerə gəldi. Başa düşdü ki, yazı yazmaq o qədər də asan iş deyil. Yaxşı ki, yazı yazmağın nə qədər çətin iş olduğunu etiraf etməyə mərifəti çatdı və onun bunun yazısına uzun-uzadı fikir bildirməyi, ona buna ağıl öyrətməyi tərgitdi.

Oxucuların bədii ədəbiyyatdan xəbərsiz olmaları və yaxud az xəbərsiz olmaları yazar üçün ciddi problemdi. Bu problem yazının səviyyəsinə ən çox təsir edən amillərdən biridi. Müasir ədəbiyyatı qoyaq kənara, oxucuların çoxunun klassikadan, dünya ədəbiyyatının ən güclü nümunələrindən, şedevr əsərlərdən xəbərləri yoxdu.

Məsələn, tutaq ki, sən yazında kimisə Tenardye ilə müqayisə edirsən. Yazırsan ki, filankəs eynən Tenardyeyə oxşayır. Oxucu Tenardyeni tanımadığı üçün bu pası tuta bilmir.

Gərək sən söhbətə əvvəldən başlayasan. Yazasan ki, Fransa adlı bir ölkə var. O ölkənin çox böyük yazıçısı var. O yazıçının adı Viktor Hüqodu. Həmin bu Viktor Hüqonun "Səfillər" adlı möhtəşəm bir əsəri var. O qədər möhtəşəm bir əsərdi ki, hər bir şüurlu məxluq mütəq və mütləq bu əsəri oxumalıdı. Mənə desələr ki, əlini qoy bir kitabın üstünə, and iç ki, sözün düzünü deyirsən, heç tərəddüd etmədən minlərlə kitabın arasından "Səfillər"i seçib əlimi o kitabın üstünə qoyub and içərəm. Həmin bu "Səfillər" əsərində Tenardye adında bir obraz var. Bu Tenardye Vaterloo döyüşündən sonra döyüş meydanında ölmüş əsgərlərin üst-başını yoxlayıb onları soyur. Sonra özünə bir aşxana açıb həyasızcasına aşxanaya “Vaterloo serjantı” adı qoyur...

Yazıda Tenardyenin adını çəkməklə nə demək istədiyini çatdırmaq üçün gərək bütün bunları yazasan. Bəzən paralellər apardığın əsərin süjetini yazmağa məcbur olursan. Bu zaman yazı böyüyüb olur palaz boyda. Bizim adamlarımız da çox tənbəldirlər, yazı oxumağa canları çıxır. Onlardan olsa utanmadan deyərlər ki, yazar özü gəlib yazının məzmununu, nə demək istədiyini bizlərə danışmalıdı.

Əsərin məzmununu, süjetini, obrazın kimliyini, nə qədər geniş yazsan da, əgər oxucu həmin əsəri oxumayıbsa, yenə də yazarın ötürdüyü pası tam tuta bilməyəcək.

Məsələn, tutaq ki, sən yazırsan ki, bizim ölkə Çexovun “6 nömrəli palata”sına bənzəyir. Hərçənd bənzəmir. Çexovun 6 nömrəli palatası bizim ölkədən daha yaxışdı, daha abırlıdı. Söhbətdi eləyirik özümüz üçün. Əgər oxucu Çexovun “6 nömrəli palata” əsərini oxumayıbsa, yazarın nə demək istədiyini anlamayacaq.

Müasir ədəbiyyatdan isə ümumiyyətlə danışmasaq yaxşıdı. Məhz oxucuların mütailəsinin zəifliyi yazarla oxucu arasında ədəbiyyat müstəvisində paslaşmaya imkan vermir. Bu mənada rus yazarlarına sadəcə və sadəcə qibtə etmək olar.

Dünya ədəbiyyatından danışdıq, keçək öz ədəbiyyatımıza. Oxucular hətta yerli ədəbiyyatdan da pas ötürəndə də çox vaxt tuta bilmirlər.

Köhnə nəsil məktəbdə, universitetdə qiymət almaq üçün yenə heç olmasa Axundovu, Mirzə Cəlili, Haqverdiyevi, Sabiri və digərlərini oxuyublar. Hərçənd onların çoxu indiki həyat tərzləri və həyat fəlsəfələri ilə Axundova, Mirzə Cəlilə, Haqverdiyevə və digərlərinə xəyanət etmiş adamlardı. Bu heç. Bu öz yerində.

Azerbaijan -- Rashid Sherif's cartoon (press survey), 25Jul2011
Azerbaijan -- Rashid Sherif's cartoon (press survey), 25Jul2011

Onlar ya oxuduqlarını başa düşməyiblər, ya da hər dövrün tələbatına uyğun yaşamağı, hər dövrün tələbinə uyğunlaşmağa öyrəşiblər. Sovet dövründə elmi ateizmdən dərs deyən, sonradan vəziyyət dəyişən kimi həcc ziyarətinə gedən adamların yaşadığı ölkədə yəqin ki, belə hallara təəccüblənməməliyik.

Bununla belə, məsələn, götürüb yazsan ki, hökumətimiz Qarabağı almağa hər zaman hazırdı, sadəcə gərək adamlar meymunu yada salmasınlar, köhnə nəslin bir çox nümayəndələri söhbətin nədən getdiyini, yazarın Axundovun hansı əsərinə işarə vurduğunu anlayacaqlar. Təzə nəslin bir çox nümayəndələri isə “Meymunu yada salma” ifadəsinin hardan gəldiyini, bu ifadənin nə məna daşıdığını tuta bilməyəcəklər.

Ən çox istifadə olunan obrazlardan biri Novruzəlidi. Bununla belə inanın ki, adamların çoxu Novruzəlinin kim olduğunu, hansı hekayədən gəldiyini bilmir. Eləcə də olsun Usta Zeynal. Sən desən ki, filankəs eynən Usta Zeynala oxşayır, adamlar Usta Zeynalın kim olduğunu, nə istədiyini, nə istəmədiyini bilməyəcək. Bilmədiyinə görə də yazıdakı mesaj ona çatmayacaq.

Ümumiyyətlə, bizim ölkədə ədəbi paslaşmalar yox dərəcəsindədi.

Siyasətçilərin müsahibələrində ədəbiyyatın izi-tozu belə görünmür. Ölkədəki vəziyyətlə hansısa bir əsərin məzmunu, süjeti arasında paralellər aparmaq, öz fikirlərini ifadə etmək üçün bədii əsərlərdən istifadə etmək siyasətçilərin heç ağıllarına da gəlmir.

İsa Qəmbər bədii ədəbiyyat oxumuş siyasətçi kimi tanınsa da, İsa bəyin də müsahibələrində, açıqlamalarında biz ədəbiyyat görmürük. Hərçənd öz mütaliəsini yerində nümayiş etdirməklə, ədəbiyyatdan istifadə etməklə xeyli divident əldə edə bilər. Burda yalnız fayda var, zərər yoxdu.

Fazil Qəzənfəroğlu özünü mütaliəli göstərsə də, Fazil bəydə bədii təfəkkür yoxdur. İnsanın bədii təfəkkürə malik olması onun çox böyük üstünlüyüdü.

İlqar Məmmdov müsahibəsində açıq-aşkar demişdi ki, mən ədəbiyyat oxumuram. Heç olmasa bu haqda danışmasaydı, yenə də günahından keçmək olardı, lakin bir siyasətçinin mən ədəbiyyat oxumuram deməsini heç bir halda bağışlamaq olmaz. Ona görə də İlqar Məmmədovun nə vaxtsa siyasətçi olacağına inamım azdı.

Ümumiyyətlə, REAL-da toplaşanların böyük çoxluğu ədəbiyyatdan uzaq adamlardı. Məhz buna görə REAL-ın nə vaxsa reallaşacağına inanmaq bir az çətindi. Erkin Qədirli də ədəbiyyatdan uzaq adamdı.

Azərbaycan xalqının formalaşmasında, təşəkkül tapmasında ədəbiyyatın müstəsna rolu olub. Bu xalqın ədəbiyyatını bilməyən adam bu xalqın necə yarandığını da bilə bilməyəcək. Xalqı tanımaqda, xaqla dil tapmaqda, xalqla münasibət qurmaqda çətinlik çəkəcək.

Bir çox məşhur siyasətçilər ədəbiyyatı çox gözəl biliblər. Çörçillin ədəbiyyat üzrə Nobel mükafatı almasını xatırlasaq yerinə düşər.

Məşhur siyasətçilərin əksəriyyəti ədəbiyyatdan maksimum istifadə ediblər. AZTV demişkən, uzağa getməyək, götürək Lenini. Bir faktı deyim, söhbəti bitirək.

Lenin öz əsərlərində Saltıkov Şedrinin adını nə az, nə çox, dörd yüz dəfə çəkmişdi. Rus və dünya ədəbiyyatının ayrı-ayrı nümayəndələri haqqında məqalələr yazmışdı. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bu məqalələrin çoxu öz aktuallığını saxlayır.

Trotski də ədəbiyyatı çox gözəl bilirdi. Əgər Trotski siyasətlə deyil, ədəbiyyatla, yazıçılıqla məşğul olsaydı, şəksiz dünyanın ən güclü yazıçılarından biri olacaqdı. Ədəbiyyatda uşaqlığı yazmaq çox çətindi. Uşaqlıq kosmosdur. Heç kim öz uşaqlığını sona qədər başqasına danışıb qurtara bilməz, Trotski “Mənim həyatım” adlı memuarında öz uşaqlıq illərini o qədər ustalıqla yazıb ki, hətta ən güclü yazıçılar belə bu ustalığa qibtə edə bilər.

Bizim siyasətçilər arasında ən mütaliəli adamlardan biri də Zərdüşt bəydi. Zərdüşt bəy xüsusən klassik Azərbaycan ədəbiyyatını yaxşı bilir. Lakin Zərdüşt bəyin də müsahibələrində, açıqlamalarında biz az hallarda ədəbiyyat görürük. Amma bununla belə Zərdüşt bəy başqalarından fərqli olaraq, heç olmasa kitab yazıb, davamlı olaraq publisistik məqalələrlə mətbuatda çıxış edir.

Din xadimlərimizin də ədəbiyyat haqqında məlumatları azdı. Mütaliələri zəifdi. Onların mütaliələri birxətlidi. Yəni, yalnız dini ədəbiyyat oxuduqları bəllidi. Məhz bu səbəbdən adamlarla dil tapmaqda, ünsiyyət qurmaqda çətinlik çəkirlər. Öz təbəqələrindən bir az kənara çıxdıqda danışmağa mövzu tapmırlar.

Həkimlərimizin də ədəbiyyat bilgisi çox zəifdi. Vəkillərimizin də ədəbiyyat mütaliəsi zəifdi. (Xalid Şürük (Bağırov) vəkilliklə məşğul olmazdan əvvəl ədəbiyyat aləmində idi. Yazırdı. Hətta onun yazdığı “Metrodan çıxan adamlar” hekayəsi o vaxtlar “Azadlıq” qəzetinin hekayə müsabiqəsində yer tutmuşdu. Bəli, düz oxudunuz. Azadlıq qəzeti. Bir vaxtlar Azadlıq qəzeti hekayə müsabiqəsi keçirirdi. Belə vaxtlar olub, buna indi inanmaq nə qədər çətindirsə, inanmaq lazımdı).

Biz o sahələrin adını çəkirik ki, bu sahənin adamları mütləq ədəbiyyat oxumalıdırlar. Siyasətçilər, vəkillər, həkimlər, din xadimləri... O sahənin adamları ki, danışmağı, inandırmağı bacarmalıdırlar. İnsanlarla ünsiyyət qurmaqda, insanları tanımaqda ədəbiyyat onlara hədsiz kömək edə bilər. Ədəbiyyatın gücü çox böyükdü.

Ədəbiyyatın gücü o qədər böyükdür ki, hətta bu gücün nədən ibarət olduğunu izah etməyə belə gərək yoxdu. Ədəbiyyatın gücünü bilənlər bilir. Bilməyənlərin və bilmək istəməyənlərin halına təəssüf etməkdən savayı əlacımız qalmır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG