Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:47

«Leyla Yunusun saxlanma şəraiti çox ağırdır»


Hüquq müdafiəçisi İntiqam Əliyev və Leyla Yunus
Hüquq müdafiəçisi İntiqam Əliyev və Leyla Yunus

-

Avqustun 19-da vəkillər Əlayif HəsənovAnar Qasımlı həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunusİntiqam Əliyevlə görüşüblər. Bu barədə AzadlıqRadiosuna Əlayif Həsənov məlumat verib. Vəkil Leyla Yunusun saxlandığı şəraitin çox ağır olduğunu bildirir.

«Leyla Yunus 6 nəfərlə birgə 12 kvadrat metrlik, nəfəsliyinin yarıyadək açılmasına icazə verilən otaqda saxlanılır. İsti və soyuq su verilməsində problemlər var. Onun saxlandığı kameraya xüsusi bir münasibət var. Həmin kameranın yanında Qobustan həbsxanasından gətirilmiş ömürlük məhbuslar var».

Əlayif Həsənov deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, yaxınları Leyla Yunusa saxlanan gündən indiyədək pəhriz yeməkləri və dərman preparatları çatdıra bilmirlər.

«Ağır şəkər xəstəsi olan bir adam dərman və pəhriz yeməkləri ilə təmin olunmur. Leyla xanım deyir ki, o demək olar ki, ac saxlanılır. Yazışmalara imkan verilmir. Həbsxanaya aparılandan bəri üstündə olan 43 manat pulu belə xərcləməyə qoymurlar. O düşünür ki, fəaliyyətinə görə onu və həyat yoldaşı Arif Yunusu fiziki baxımdan məhv etmək istəyirlər. 20 illik vəkillik fəaliyyətimdə birinci dəfə idi ki, mənim istintaqdan görüşlə bağlı aldığım məktubu bir sıra yerlərə zəng edəndən sonra qəbul etdilər. Halbuki həmin məktub xüsusi blankda, möhürlü bir sənəddir və ona görə əlavə harasa zəng eləməyə ehtiyac yoxdur. Bundan başqa Leyla Yunus vəkilləri ilə görüşə çox ciddi şəkildə yoxlanılaraq gətirilir».

Vəkil İntiqam Əliyevin səhhətində problemlər olsa da əhvalının yaxşı olduğunu bildirir. Onun sözlərinə görə, İntiqam Əliyev yenə də ona və Anar Qasımlıya digər siyasi məhbusların hüquqlarının müdafiəsinə ehtiyac olduğunu bildirib.

«İntiqam Əliyev də bu günədək ailə üzvləri ilə görüşə bilməyib. Cəmi bir dəfə telefonla evlə danışa bilib. İntiqam Əliyev Avropa Məhkəməsinə göndərilən və yarımçıq qalan işlərlə bağlı narahatdır. Beləki, o işlərlə bağlı bütün sənədlər qeydiyyata alınmadan aparılıb. Halbuki o sənədlərin İntiqam Əliyevlə bağlı aparılan istintaq işinə heç bir aidiyyəti yoxdur».

Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir neçə gün əvvəl, Leyla Yunus və digər hüquq müdafiəçilərinin saxlanma şəraitinin pis olması ilə bağlı xəbərlərin doğru olmadığını bəyan edib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da, İntiqam Əliyev avqustun 8-də həbs edilib. Leyla Yunus cinayət məcəlləsinin dövlətə xəyanət maddəsi də daxil olmaqla 6, İntiqam Əliyev isə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur. Hər iki hüquq müdafiəçisi ittihamları qəbul etmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

XS
SM
MD
LG